- Manşet, Müsahibə

İsmayıl MƏMMƏDLİ: “Tərcümə Mərkəzinin lüğəti daha mükəmməldir”

Kamilinfo.net-in budəfəki qonağı Bakı Dövlət Universitetinin dosenti  İsmayıl Məmmədlidir. Onunla Dövlət Tərcümə Mərkəzinin yenicə çapdan çıxmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti”  ətrafında söhbət etdik. 

-Bildiyimiz kimi, Dövlət Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni yenidən daha təkmil formada nəşr edib. Bu yeni lüğətlə bizim istinad etdiyimiz Dilçilik İnstitutunun son 2021-ci il nəşri arasında fərq nədədir?

-Əvvəla, onu deyim ki, orfoqrafiya lüğətləri arasında çox ciddi fərq ola bilməz. Təbii olaraq, bir-iki il bundan qabaq çap olunan lüğətlə indikinin sözlərində müəyyən fərqlər nəzərə çarpacaq. Əsas fərq ondan ibarətdir ki, Dilçilik İnstitutunun çap etdiyi lüğətdə olmayan sözlər Dövlət Tərcümə Mərkəzinin cap etdiyi lüğətə əlavə olunub, yazılışı mübahisəli olan sözlər dəqiqləşdirilib və beləliklə, müasir Azərbaycan dilində indiki dövrümüzdə müxtəlif üslublarda işlənən, xüsusilə xalq danışıq dilində istifadə olunan sözlərin küll halında düzgün yazılışını əks etdirən mükəmməl bir lüğət ərsəyə gətirilib. Bu lüğət 2021-ci ildə çap edilmiş versiyanın daha da təkmilləşdirilmiş formasıdır.

-Siz burada bir məqama toxundunuz. Xalqın dilindən gələn sözlər deyəndə dialektizmlər, şivə sözlər və sairə nəzərdə tutulur?

-Xeyr, ümumxalq dilini nəzərdə tuturam. Orfoqrafiya lüğətində dialekt sözləri olmamalıdır. Ola bilməz.

-Bu və ya digər sözün yazılışında sizin lüğətlə 2021-ci ildə nəşr edilən orfoqrafiya lüğəti arasında fərq olarsa, hansına istinad edilməlidir?

-Dediyim kimi, Tərcümə Mərkəzinin buraxdığı lüğət o biri ilə müqayisədə mükəmməl versiyadır. Dilçilik İnstitutunun buraxdığı lüğətdə Azərbaycan dilində olmayan, süni, qondarma sözlər də özünə yer tapmışdı. Bu yeni lüğət isə bütün o sözləri çıxarıb. Burada ancaq müasir Azərbaycan dilində təbii olaraq işlənən və sənin, mənim, bütün oxucuların, müxtəlif peşə sahiblərinin gündəlik fəaliyyətlərində istifadə etdiyi sözlər toplanıb. Ona görə də təbii olaraq yeni lüğətə istinad edilməlidir. Burada hər şey daha dəqiq, daha son və daha mükəmməldir. Buna şübhə ola bilməz.

-Yəni əgər təsadüfən hansısa bir söz bu iki lüğətdə fərqli verilibsə, onda, deməli, biz yalnız son versiyaya – Tərcümə Mərkəzinin nəşr etdiyi lüğətə istinad etməliyik.

-Əvvəla, iki lüğətdə axtarmağı məsləhət görmürəm, çünki bu, sizi çaşdırar. Bəli, hansısa sözün yazılışı sizi maraqlandırsa və siz onu lüğətdə axtarsanız, çaşqınlıq yaranmaması üçün bir lüğətə, yəni Tərcümə Mərkəzinin lüğətinə baxmalısınız. Maraq üçün istəsəniz, 2021-ci il lüğətinə də baxa bilərsiniz, lakin əgər fərqli yazılışlara rast gəlsəniz, təbii ki, sonuncu lüğət əsas istinadgahdır.

-Mətbuatda lüğət haqda gedən informasiyada yüzlərlə “türkkökənli sözlər”in daxil edildiyi bildirilir. Konkretləşdirmə apara bilərsinizmi? Yəni “türkkökənli sözlər daxil edilib” deyəndə son zamanlar əhalinin Türkiyə kanallarında yayımlanan serial və proqramların təsiri altında öz oturuşmuş sözlərimizi unudub yerli-yersiz istifadə etdiyi sözlərmi nəzərdə tutulub? Əgər Azərbaycan dilində bunların qarşılığı varsa, o sözlərin həmin lüğətə daxil edilməsi nə dərəcədə doğrudur?

-Əvvəla, türkkökənli deyəndə, bu, Türkiyə kökənli olmalıdır. Bizim dilimiz də türk kökənlidir axı. Bizim kökümüz də türkdür. Ona görə də Azrəbaycan dilinə türkkökənli sözlər deyəndə, belə çıxır ki, biz ancaq lüğətə ərəb-fars dilindən alınmaları salmalıyıq?! Azərbaycan dilində minlərlə söz var. Bəs onlar türkkökənli deyil? Ona görə də bunu dəqiqləşdirmək lazımdır: burada türkkökənli yox, Türkiyə türkcəsində müasir dövrdə işlək olan bəzi sözlər nəzərdə tutulur.

-Elə mən də onu nəzərdə tuturam, amma kitabın mətbuat üçün təıqdimatında məhz “türkkökənli sözlər” yazılmışdı.

-Yanlış yazılıb. Amma məsələ belədir: indi Türkiyə türkcəsində işlənən və bizim Azərbaycan dilində ərəb dilindən alınmaların yerinə işlənən sözlər ki, var, o sözlər əslində o türklərin yaratdığı sözlər deyil. Bunlar türk abidələrinin dilində qədim dövrlərdə işlənən sözlərdir ki, onlar həm də bizim sərvətimizdir. Və əgər biz Türkiyədən hansısa sözü alırıqsa, o sözlər həm də bizim sözlərimizdir. İndi bu dəqiqə yadıma gəlmir, yoxsa misal verərdim. Yadınıza düşürsə, siz deyin. Biz sadəcə olaraq onları unutmuşuq və onların yerinə ərəb dilindən, rus dilindən kalka yolu ilə gələn sözlər işlədirik. Sizin kimi gənc jurnalistlər, mətbuat, ədəbiyyat həmin sözlərin bir qismini

-Türkiyədə işlənən sözlərlə əvəz edərsə, bu, gözəl olar. Çox yaxşıdır. Bizim də sözlərimizdir. Elə də olmalıdır və bunun qabağını almaq olmaz. İkincisi də, bir şey də sizə deyim: dünyada elə bir dil yoxdur ki, onda alınma sözlər olmasın. Bütün dillərdə – dünyada ən inkişaf etmiş dil ingilis dilidir ki, ən çox alınma sözlər elə ondadır. Fransız, alman dillərində də vəziyyət bu cürdür. Ona görə də alınmalardan, özü də qohum dillərdən alınmalardan əsla qorxmaq lazım deyil.

-İsmayıl müəllim, bəzən belə də olur. Bizdə oturuşmuş sözlər var ki, onları Türkiyə türkcəsindən gələn, amma bizdə başqa məna verən sözlərlə əvəz edirlər. Məsələn, götürək, “rəndə” sözünü. Bizdə rəndə taxta yonmaq üçündür. Türkiyə türkcəsində isə bizim sürtgəc deiyimiz sözün əvəzinə işlənir. Yəni, məsələn, artıq bizimkilər belə “kökü sürtgəcdən keçirtdim” yerinə “kökü rəndələdim” deyirlər. İndi sualım budur ki, bu cür sözlərin gətirilməsi nə dərədəcə uyğundur?

-Belə sözlər müzakirə tələb edir. Bunun üçün mütəxəssislər, dilçilər, jurnalistlər, yazıçılar toplaşaraq bu kimi sözlərin gətirilib-gətirilməməsi məsələsini müzakirə etməlidirlər. Bu, lüğətin işi deyil. Məsələn, türklər maşına araba deyirlər, indi biz də araba demişik, araba sözümüz var, amma bu, o demək deyil ki, biz indi durub maşına araba deməliyik. Ona görə də bizim dilimizdə oturuşmuş və Azərbaycanda milli dəyər qazanmış sözləri işlədirik. Nə olsun ki, ərəb-fars sözləridir? Biz o sözləri X-XII əsrlərdə almışıq. Onlar artıq bizim dilimizə yatır və biz onları işlətməliyik. Burada heç bir mübahisə ola bilməz. Amma o ki, qaldı konkret ayrı-ayrı sözləri lüğətə salaq, ya salmayaq, bu, artıq lüğətin problemi deyil. Bunun üçün, dediyim kimi, mütəxəssislər yığışıb qərar çıxartmalıdır. Görsələr ki, həqiqətən buna ehtiyac var, Azərbaycan dilinin təbii inkişaf qanunlarına uyğundur, fonetikasına, qrammatikasına zidd deyil, tələffüz çətinliyi yoxdur, onda gərək bunları işlədək. Yox, varsa, onda biz bunlardan birmənalı olaraq imtina etməliyik.

-Yeni lüğətin PDF variantı, yəni elektron versiyası varmı?

-Bu barədə hələ məlumatım yoxdur. Amma mütləq elektron versiyada da təqdim olunacaq.

-Kitabın əvvəlində orfoqrafiya normaları verilibmi? Lüğət hansı orfoqrafiya normaları əsasında hazırlanıb? 2021-ci ildə nəşr edilən orfoqrafiya lüğəti Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş və 3 noyabr 2020-ci il tarixli 438 nömrəli qərarı ilə müəyyən dəyişiklik edilmiş “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanmışdı və o normalarda çox ciddi səhvlər vardı.

-Səhv deməzdim, amma mübahisəli məqamlar vardı. Lüğətlərdə üç prinsip əsasında orfoqrafiya qaydaları tətbiq olunur: fonetik prinsip, morfoloji prinsip, bir də tarixi-ənənəvi prinsip. Yəni bu, o deməkdir ki, söz necə səslənir, söz hansı morfoloji əlamətləri qəbul edir və söz tarixi-ənənəvi prinsiplə uyğun gəlirmi. Məsələn, biz “ictimai” yazırıq, bu, tarixi-ənənəvi prinsipdir. Fonetik prinsipə görə biz bunu “ç” ilə deyirik. Amma tarixi-ənənəvi prinsipi əsas götürərək, “ictimai” sözünün kökünün “icma” sözündən gəldiyini qəbul edərək “ç” ilə tələffüz etsək də, onu “c” ilə yazırıq. Ona görə də o komplekslərin prinsip halında üçü bir yerdə tətbiq olunmalıdır. Və bu lüğətdə də, mən güman edirəm ki, o əvvəlki mübahisələr nəzərə alınıb və səhvlər düzəldilib. Biz o lüğəti tənqid edəndə o lüğətin də dəyərini, əhəmiyyətini aşağılamaq məqsədi güdmürük, sadəcə olaraq onu demək istəyirik ki, o lüğətdə xeyli səhvlər vardı. Həm prinsiplər baxımından, həm sözlərin yığımı, toplusu baxımından. O nöqsanlar Afaq Məsudun çap etdirdiyi lüğətdə demək olar ki, tamamilə aradan qaldırılıb. İndi yenə də bu lüğətlə bağlı hansısa mübahisələr yaranarsa – sözün yazılışında, şəkilçinin yazılışında, bitişik və ayrı yazılan – məsələn, “müəllim idi”, yoxsa “müəllimdi” yazaq – sözlər varsa, bundan təlaşa düşmək lazım deyil. Belə şeylər, belə mübahisələr bütün dillərdə var. Əlbəttə ki, burada da olacaq. Amma bu, gələcək nəslə qalacaq. Gələcək kitablara qalacaq. Gələcək tədqiqatlara qalacaq. Lakin bu lüğətdəki o prinsiplər hal-hazırda ən mükəmməl sayılan pinsiplərdir.

-Dilçilik İnstitutu da müəyyən vaxtdan bir orfoqrafiya lüğəti çap edir. Sonuncu əlimizdə olan 2021-ci ilin lüğətidir. Deyəsən, növbəti lüğətin 2025-ci ildə çap olunması gözlənilir. Dilçilik İnstitutunun yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində işlər hansı mərhələdədir?

-Mən düşünürəm ki, orfoqrafiya lüğətlərini tez-tez dəyişmək düzgün məsələ deyil. Orfoqrafiya lüğəti, heç olmasa, 10 ildən bir dəyişilməlidir. Bu, mənim fikrimdir. Mübahisələr olur ki, “Füzuli” yazaq, yoxsa “Fizuli” və qərara alınır ki, “I” ilə yazaq. İnsanlar, şagirdlər, tələbələr, müəllimlər bunu qəbul edirlər və növbəti lüğətdə isə qərar verilir ki, gəlin “ü” ilə yazaq. Bu da insanlar arasında praktik cəhətdən çox çətinlik yaradır. İkincisi də, o lüğətin yenidən nə vaxt çap olunması ilə bağlı məlumatım yoxdur, amma sizə bir xəbər deyim ki, ümumiyyətlə, Azərbaycan Dilçilik İnstitutuna Nadir müəllim yeni müdir təyin olunub və işgüzar insandır. Əvvəlki direktor böyük alim idi, akademik idi, amma o, mətnşünas idi, dilçi deyildi. Dilçi olmayan adam da dilçilik məsələlərini dərindən bilə bilməz. Ona görə də indi Dilçilik İnstitutunda görülməli nə qədər işlər var. İzahlı lüğət bizdə 4 cilddə çap olunub, özbək dilində 10 cilddir. Rus dilində isə 21 cilddir. Azərbaycan dilinin dörd cildlik izahlı lüğəti 80-ci illərdə çap olunub. Bu, bizim üçün böyük hadisə idi. Ondan bəri Azərbaycan Dilçilik İnstitutunda həmin o lüğətin mükəmməl nəşri ortalıqda yoxdur. O, çap olunmalıdır. Bütün lüğət tərkibində olan həm dialekt sözləri, həm ümumi danışıq dilində olan sözləri toplamalı və 15-20 cildlik izahlı lüğət çap olunmalıdır. Azərbaycan dilində orfoepik lüğət olmalıdır. Tələffüz lüğəti yoxdur. Azərbaycan dilində neologizmlər lüğəti yoxdur.

Dilə son illərdə internetlə, texnologiya ilə, elmin inkişafı ilə bağlı minlərlə söz gəlib. Bəs belə olan halda niyə neologizmlər lüğəti hələ də yoxdur. Ona görə də indi Azərbaycan Dilçilik İnstitutu bu qədər həlli vacib işləri kənara qoyub və gəlib təzədən orfoqrafiya lüğətini yenidən çap eləmək istəyirsə, bu, ancaq ajiotaj yaratmaq üçündür. Mən buna ciddi və praktik ehtiyac görmürəm. Afaq xanım bundan əvvəl də çap olunmuşdu. Xeyli yersiz mübahisələr qalxdı. Əslinə qalsa, orfoqrafiya lüğəti Nazirlər Kabinetinin əmri ilə çap olunan dövlət sənədidir. Bu, həm də hesab edin qanun məcəlləsi olan Konstitusiya kimidir. Yəni, bu da dilin konstitusiyasıdır. Dilin qanun məcəlləsidir. Ona görə Nazirlər Kabineti təsdiq edir ki, o, nüfuzlu və hüquqi sənəd olsun. Əslində bu, onların işləridir. Onlar çap olunan lüğəti gözdən salmalı deyillər. Təşəkkür etməlidirlər ki, Tərcümə Mərkəzinin sahəsi olmadığı halda bu boyda əziyyət çəkib iş ərsəyə gətiriblər. Götürün istifadə edin. Və bir də plagiat deyirlər, orfoqrafiya lüğəti plagiat ola bilməz, oğuluq ola bilməz. Orfoqrafiya lüğətində Azərbaycan dilinin sözləridir. Bunu hər ikisi çap eləsə, eyni sözləri çap edəcəklər. Onları dəyişə bilməzlər ki. “A” hərfi ilə başlayan sözləri bu da yığacaq, o biri də. Ola bilər mən orada on söz artıq çap edim, sən az çap edəsən. Sən bir sözü belə yazacaqsan, mən belə yazam. Amma sözləri dəyişə bilməzsən ki. Özündən söz düzəldə bilməzsən ki, sənin lüğətin orijinal lüğət olsun. Ona görə lüğətin orijinallığı onunla ölçüləcək ki, bu lüğətdə o həmin sözlər indi Azərbaycan dilində işlənən sözlərdimi, yoxsa deyilmi.

Son olaraq onu qeyd edim ki, mən Azərbaycanda çap olunan bütün orfoqrafiya lüğətləri ilə tanışam. Çox obyektiv şəkildə və səmimiyyətlə deyirəm ki, bu lüğətlərin içərisində Tərcümə Mərkəzinin buraxdığı lüğət ən mükəmməli, ən əhatəlisi və ən peşəkarcasına hazırlanmışıdır.

-Yəni biz bundan sonra birnənalı olaraq bu son lüğətə – Dövlət Tərcümə Mərkəzinin çap etdiyi lüğətə istinad etməliyik?

-Əlbəttə.

-Çox təşəkkür edirəm, İsmayıl müəllim. Vaxtınızı ayırıb suallarımızı ətraflı cavablandırdığınız üçün sizə təşəkkür edirəm.

-Buyurun

Aygün Əziz söhbətləşdi