- Mədəniyyət

“Kant fəlsəfəsi: tənqidin tənqidi” adlı kitab işıq üzü görüb

Aprelin 22-si alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri olan İmmanuel Kantın anadan olduğu gündür.
Ən məşhur əsərlərindən biri “Təmiz idrakın tənqidi” olan Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrində böyük təsir göstərməkdə davam edir.

İmmanuel Kantın anadan olmasının 300 illiyi münasibətilə filosof Səlahəddin Xəlilsoyun “Kant fəlsəfəsi: tənqidin tənqidi” adlı yeni kitabı işıq üzü görüb. Qeyd etmək yerinə düşər ki, bu, filosofun Azərbaycanı dünya fəlsəfi fikrinin mərkəzlərindən birinə çevrilmək istiqamətində ciddi addımlarından birirdir. Belə ki, 2004-cü ildə Almaniyadan olan qonaqların iştirakı ilə İ.Kantın vəfatının və L.Feyerbaxın anadan olmasının 200 illiyinə həsr olunmuş Beynəlxalq Konfransın keçirilməsi, bu ənənənin davamı olaraq elə həmin ildə Jan-Pol Sartrın 100 illik yubileyi və Con Lokkun vəfatının 300 illiyinin qeyd edilməsi və “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalında bu filosofların həyat və fəaliyyətinə dair məqalələrin çap edilməsi, David Yumun, Moris Merlo-Pontinin, Karl Popperin, A.N.Uaythedin və digər görkəmli Qərb filosoflarının yubileylərinin qeyd olunması Azərbaycanda Qərb fəlsəfi fikrinin təbliğinə xidmət etmişdir.

Filosof Səlahəddin Xəlilsoyun Şərqin böyük filosofları İbn Sina, Sührəvərdi, İbn Ərəbi, Mövlana, Molla Sədra, Cəmaləddin Əfqani, Məhəmməd İqbal, Cübran və s.-in də yubileylərinin də qeyd edilməsi, onların əsərlərinin tərcüməsi və haqqında konfrans və seminarlar təşkil etməsi Azərbaycan fəlsəfi fikir məkanının həm Şərq, həm də Qərb fəlsəfə məktəbləri hesabına daha da zənginləşməsi üçün şərait yaradıb.

Filosof Səlahəddin Xəlilsoy kitab barədə qeyd edib ki, “Nəzərə çatdırmaq istəyirəm ki, bu kitab Kantın yubileyinə ithaf olunsa da, Kant və onun fəlsəfəsi haqqında məlumat toplusu deyil: burda Kantın deyil, mənim mövqeyim, və bu mövqe işığında Kantın Tənqid fəlsəsəinə tənqidi münasibətim əksini tapıb. Kant təlimini öyrənmək istəyənlər onun öz əsərlərini və onun haqqında məlumat kitablarını oxusalar daha məqsədəuyğun olar.”