- Manşet, Müsahibə, Xəbərlər

Kim BİLİR: “Canım sənə desin, Vanka-vstanka nəzəriyyəsi var…”

Yazının əvvəli bu linklərdə: 

https://kamilinfo.net/?p=4898

https://kamilinfo.net/?p=4970

https://kamilinfo.net/?p=5021

https://kamilinfo.net/?p=5085

Kamilinfo-nun qonağı tanınmamış jurnalist, qəzetist, saytist, loqosu və linqvanı fil eləyən, orfoqrafiyanın təəssübkeşi, Orfoqrafiya Komissarlığının təəccübkeşi, varvarzim və makaronizmlərlə mübarizənin təəhhüdkeşi Kim BİLİRdir. Qonağımızla yenə ədəbi dil məsələləri ətrafında var-gəl etdik.

Salam, Kim bəy.

– Əleyküm salam.

– Harda qalmışdıq?

– Belə olanda birinci qoca sözünə davam edib dedi: “Ay cin, bil və agah ol, bunu eşidən dayım qızı hirsli-hirsli dedi: “O mərhəmətli, şəfqətli, böyük Allaha and olsun ki, bu əziz gündə sən o buzovu kəsəcəksən, yoxsa nə sən mənim ərimsən, nə də mən sənin arvadın!”. Mən onun əsl məqsədini bilmirdim, odur ki, ondan bu ağır sözləri eşidəndə buzova yaxınlaşdım, bıçağı götürdüm…”. Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımçıq qoydu…”

– Dildən danışırdıq…

– Yenə sözümü kəsib məni “nerviləndirmək” istəyirsən?

– Mənə elə gəlir ki, “nervilənəndə” daha yaxşı danışırsan. Özün demişdin axı, hərənin bir şakəri var. Müsahibi danışdırmağı bacarmaq lazımdır. Sonrası necə idi? “İmruul-Qeys qəzəblənəndə, Nabiğə qorxanda, Zuheyr nə isə arzulayanda,  Əl-Ə`şə isə şənlənəndə yaxşı yazır”.

– Bıy, həəə. Ekspertlərin qeyd etdiyi bir nəzəriyyə isə Vanka-vstanka nəzəriyyəsi adlanır. Bu ad rus şairi Yevgeni Yevtuşenkonun “Rus oyuncağı haqqında nağıl” əsərindən götürülüb. Deyir, Batı xan Rusiyanı asayi-kome vəziyyətinə salmışdı. Rusiya Ordanın altında əzilirdi, yox kimi idi. Bir gün Batı xan yenə özüyçün çorta getmişdi. Bir də dedilər ki, bir rus gəlib, oyuncaq satır. Batı dedi, gəlsin, görək nəyi var?  Vanka Sidorov oyuncaqları göstərdi: taxta ayı, xoruz… Onların içində matryoşka Batı xanın diqqətini cəlb etdi. Bir qədər fikrə getdi: bunları qırıram, amma yerin deşiyindən çıxan kimi yenə əmələ gəlirlər. Vankaya dedi ki, sabaha bir dürüst oyuncaq düzəlt, bunlar xoşuma gəlmir. Oyuncaq ustası fikirləşib Vanka-vstanka adlanan oyuncağı düzəldir. Xan oyuncağa baxır, sonra barmağı ilə onu keçəyə sıxır, əlini buraxanda Vanka yenə qalxır. Batı xan qəzəblənir, bu dəfə oyuncağı ayağının altına alır, amma ayağını çəkəndə Vanka-vstanka yenə ayağa qalxır. Batı xan başa düşür ki, bu rus xalqının rəmzidir, onu məhv etmək olmaz. Ona görə qoşununu çəkib gedir.

– Bunun dilə nə dəxli?

– Orfoqrafiya Komissarlığı həmin fəndi işlədir. Dilə sitəm edir, yıxırlar yerə, yenə qalxır, yıxırlar yerə, yenə qalxır…  Əslində bunu xalq etməli idi, amma xalq etinasız olduğu üçün Orfoqrafiya Komissarlığı bu ağır yükün altına özü girməli olub. Deyir, nə vaxtsa əcnəbilər də Batı xan kimi ağıllanacaq, bu dili məhv etməyin mümkün olmadığını görüb, sözlərini, suffiks, prefiks, infiks və sirkumfikslərini (şəkilçinin bir hissəsi kökdən əvvəl, bir hissəsi isə sonra gəlir) götürüb rədd olacaqlar.

– Yıxılıb qalxmaq şərtdir?

– Əlbəttə, yunan mifologiyasında Antey obrazı var. Poseydonun oğlu olan Anteyi heç kəs məğlub edə bilmirmiş, bilirsən niyə?

– Niyə?

– Çünki anası yer tanrısı Geya idi. Ayağı torpaqda olanda ondan güc alırdı. Herakl bu sirri öyrənəndə onun ayağını yerdən üzür və boğub öldürür. Dil də gücünü torpaqdan alır. Ona görə güclənmək üçün yıxılmalı, torpaqdan güc alıb qalxmalıdır.

—  Çox sağ ol, getdim.

— Sən də. Yolun kənarı ilə get…

(ardı var)
 

Müsahibəni yazdı: Səndən QOKKU