- Manşet, Müsahibə

Kim BİLİR: “İki göz hambalın nəyinə lazımdır?…”

Yazının əvvəli bu linklərdə: 

https://kamilinfo.net/?p=4898

https://kamilinfo.net/?p=4970

https://kamilinfo.net/?p=5021

Kamilinfo-nun qonağı tanınmamış jurnalist, qəzetist, saytist, loqosu və linqvanı fil eləyən, orfoqrafiyanın təəssübkeşi, Orfoqrafiya Komissarlığının təəccübkeşi, varvarzim və makaronizmlərlə mübarizənin təəhhüdkeşi Kim BİLİRdir. Qonağımızla yenə ədəbi dil məsələləri ətrafında var-gəl etdik.

– Salam, Kim bəy.

– Əleyküm salam.

– Harda qalmışdıq?

– Xan Kərəm çobanı görəndə ürəyi qübar elədi, sazı köynəyindən çıxarıb aldı, görək nə dedi? Ərz eləyim qulluğunuza, xoşbəxt olun: “Çoban qardaş, qoyunların duruşub…”. Çoban qayıtdı ki, aya, mənim qoyunlarımın dərdi sanamı qalıb? De görüm, nə istəyirsən? Kərəm…

– Nə Kərəm, nə çoban? Dildən danışırdıq…

– Bıy, həəə. Onda bu dəfə iki göz hambalın nəyinə lazımdır nəzəriyyəsindən danışım. Bu nəzəriyyəinin adı bir rəvayətdən götürülüb.

– O rəvayəti bilməyi çox istərdim…

– Deyir ki, bir kişi vətənindən bezibmiş. Deyir, burdan da pis yer olmaz, çıxım gedim başqa məmləkətə. Gedir. Ayağını təzə ölkəyə basanda istəyir ki, əvvəl məscidə getsin. Bu vaxt azan səslənir: «Bu şəhər əhlinin fikrincə, Allahdan başqa Tanrı yoxdur, bu şəhər əhlinin fikrincə, Məhəmməd onun elçisidir». Belə də azan olar? Soraqlaşıb imamı tapır. Məscidə girəndə görür ki, imamın qənşərində Quran, yanında da şərab. And içir ki, bu Quran haqqı, şəraba su qatılmayıb. Dəxi buna nə desin? Gedir şəhər qazısını tapır. Qazı bir zərgəri mühakimə edirmiş. Şəriətlə onun iki gözü çıxarılmalıymış.

– Zərgər neyləyibmiş ki?

– Uzun əhvalatdır, day sənsən, danışım… Demək, bir bənna hasar hörən zaman yıxılıb qılçası sınır…

– Qılça nədi?

– Ayağı… Məsələ düşür məhkəməyə. Əvvəlcə ev sahibini sorğu-sual edirlər: “Bu hündürlükdə hasar sənin nəyinə lazımdı? Ev sahibi deyir, mən 2 metr demişdim, ustadan soruşun, niyə o hündürlükdə tikib? Usta deyir, hər gün burdan bir qadın keçirdi, çox gözəl idi, ona baxmaq üçün işi uzatdım. Gözəl qadını tapırlar: “Ay gözəl qadın, sən niyə hər gün burdan keçirdin, usta sənə baxmaq üçün hasarı hündür tikib, sonra da yıxılıb”. Qadın deyir, zərgərə sifariş vermişdim, hər dəfə deyirdi, get, sabah gəl…”. Amma zərgər rüşvət veribmiş. Qazı deyir, gedin bazardan bir hambal gətirin. Sonra qərar verir ki, zərgərin və hambalın hərəsinin bir gözünü çıxarsınlar. Axırda kişi gedib çıxır baş qazının yanına. Əhvalatı danışıb, izahat istəyir. Baş qazı deyir. «Bizə ucuz qiymətə azan deyən lazım idi. Bu kişini tapdıq. Amma yəhudi olduğu üçün kəlmeyi-şəhadəti deyə bilməz. Desə, avtomatik müsəlman olur. Ona görə belə azan verir». Kişi deyir: İmama şikayət eləmək istədim. O, Qurana and içib deyirdi ki, bu şərab təmizdi. Baş qazı deyir: «O, düz deyir, şərab təmizdi, amma inanan olmurdu. Qurana and içəndən bəri, göz dəyməsin, yaxşı satılır. O ki qaldı, qazının məhkəməsinə, əgər zərgərin iki gözü də çıxarılsa, işləyə bilməzdi. Ona görə hambalın da bir gözünü çıxartdırıb. İki göz hambalın nəiynə lazımdı?

– Bunun dilə nə dəxli?

– Yazılışı sabitləşmiş sözlərdə qoşa samitlərin birini ixtisar edənlər deyir ki, iki eyni samit bir sözün nəyinə lazımdı? Həm də ixtisar etsək, orfiqrafiyamızı bəzi xalqlarla yaxınlaşdırarıq. Üstəlik, Qarğa Mələk elə uşaq vaxtından ədəbiyyatı bir y ilə yazıb. İlanqırxan Səfdər isə hesab edir ki, iki eyni samitin yanaşı olması xətərnakdı. Xaşal Qurban da deyir, gəlin hətta, əlbəttə sözlərində t-nın birini ya ixtisar edək, ya da d ilə əvəz edək. Mən uşaqlıqdan hətda, əlbətdə yazıram. Bunu da saxlayıblar gələn dəfəyə…

– Başqa hansı nəzəriyyələr var?

– Canım sənə desin, boğursa, sevir nəzəriyyəsi var. Deyirlər, dünyada ən çox çobanyastığı ləçəyi yolan xanımlardan biri Dezdemona olub. Çünki Otellonun onu sevib-sevmədiyini qətiləşdirə bilmirmiş. Amma Otello “dua etmisənmi, Dezdemona?” deyib onu boğanda inamı həqq əl-yəqin mərtəbəsinə qalxıb və ürəyində “Boğursa, sevir” deyib, gözlərini əbədi olaraq yumub. Bir sıra ekspertlərə görə, əgər Orfoqrafiya Komussarlığı dilimizə bu qədər sitəm edirsə, dilə sevgisini sübut etmək istəyir. Axı demişdik, Avqust Şleyxerə görə, dil canlı orqanizmdir, onun da sevgiyə, sevginin sübut edilməsinə ehtiyacı var.

—  Çox sağ ol, getdim.

— Sən də. Yolun kənarı ilə get…

(ardı var)

Müsahibəni yazdı: Səndən QOKKU