- Dil, Manşet, Müsahibə

Kim BİLİR: “O cahil ölən kimi çıxaracaqlar…”

Yazının əvvəli bu linklərdə: 

https://kamilinfo.net/?p=4898

https://kamilinfo.net/?p=4970

Kamilinfo-nun qonağı tanınmamış jurnalist, qəzetist, saytist, loqosu və linqvanı fil eləyən, orfoqrafiyanın təəssübkeşi, Orfoqrafiya Komissarlığının təəccübkeşi, varvarzim və makaronizmlərlə mübarizənin təəhhüdkeşi Kim BİLİRdir. Qonağımızla yenə ədəbi dil məsələləri ətrafında var-gəl etdik.

– Salam, Kim bəy.

– Əleyküm salam.

– Harda qalmışdıq?

– Padşah körpüdən keçəndə gözü sataşdı suya, baxıb gördü suda bir qız şəkli görünür. Qız nə qız, yemə, içmə, xəttü xalına, gül camalına tamaşa elə! Elə bil ki, on beş gecəlik bir ay parçası…

– Nə qız, nə padşah? Dildən danışırdıq…

– Hə…, unutmuşdum. Demək, daha bir nəzəriyyə var ki, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə.

– Ay Allah. Çox maraqlandım. O, nə nəzəriyyədi?

Risk-menecment nəzəriyyəsi. Məlumdur ki, bir işə başlayanda bütün ehtimal olunan risklər nəzərə alınmalıdır. Bu məsələdə yanlış fikirlərə gəlməmək üçün riskləri müəyyən etmək hüququ bir nəfərə deyil, bir qrup insana – kollegial idarəetmə orqanına verilir. Bu orqanın yürütdüyü prosesə risk-menecment, həmin işlə məşğul olan hərtərəfli və təcrübəli insanlara risk-menecer deyilir. Aqillər deyir ki, peşəkar risk-menecer saray münəcciminə bənzəyir ki, yalnız özünə məlum olan fəndlərin köməyilə gələcəyi xəbər verir.

– Bunun dilə nə dəxli?

– Demək, yeni orfoqrafiya normalarında yazılıb ki, ölkə adlarında bütün sözlər böyük hərflə yazılır. Cəmiyyətdə çaşqınlıq yaranmışdı ki, aya, Trinidad və Tobaqo, Bosniya və Hersoqovina, Sent-Kits və Nevis, Antiqua və Barbuda, San-Tome və Prinsipi kimi ölkə adlarında böyük hərflə yazılacaq? Lüğətin vücuda gəlməsində əməyi olan bir yoldaş bildirdi ki, o ölkə adlarında bağlayıcısının kiçik hərflə yazılmasını “ölkədəki bütün gerizəkalılar bilir”. Ekspertlər bu bəyanata əsaslanıb aşağıdakı qənaəti bölüşdülər:
1. Ölkədəki gerizəkalılar arasında ölkə adlarında bağlayıcısının böyük yazılma riskini müəyyən etmək üçün tender keçirilib və araşdırma aparılıb.
2. Araşdırma nəticəsində bu ehtimalın sıfır olduğu müəyyən edilib.

3.Böyük ehtimalla, nazirlik adlarında eyni bağlayıcının böyük hərflə yazılma ehtimalı üzrə də tender keçirilib və nəticələri mənfi olub. Ona görə digər bənddə mötərizədə yazılıb ki, bu tipli mürəkkəb adlarda kiçik hərflə yazılır.
Ekspertlərə görə, araşdırma iki lot üzrə olub, amma hər tranşda nə qədər vəsait ayrıldığı bilinmir. Bunu yalnız həmin vəsaitin başına daş salanlar və audit təşkilatı bilər. Bundan əlavə, gerizəkalılar kateqoriyasına daxil olan şəxslərin hansı indikatorla, hansı strukturun rəyi ilə müəyyən edildiyi məlum deyil.

– Doğrudan belə yazılıb?

– İlanqırxan Səfdər müəllimin dəhlizə atdığı qənd haqqı…

– Bir qəndə iki dəfə and içməzlər

– Eləmi? Yaxşı, atmadığı qənd haqqı…

– Amma yaxşı ki, tender keçiriblər

– Əlbəttə, əks halda dünya orfoqrafiya camiəsi bizə gülər, vəhşi, barbar adlandırardı. Çünki akademiklərdən biri demiş, dünyanın hər yerində belədi –  gerizəkalılar bilən sözü lüğətdən çıxarırlar. Ona görə inkişaf etmiş ölkələrdə orfoqarfiya lüğətləri dünya kimidi: bir yandan boşalır, bir yandan dolur…

– Onda ata, ana, beş, on kimi sözləri də çıxarsınlar

– Çıxaracaqlar, amma məlum olub ki, hələ bir cahil onların yazılışını bilmir. O adam bir idarəyə gedəndə şəxsiyyət vəsiqəsini unudubsa, qənşərinə kağız-qələm qoyub, deyirlər, ata, ana yaz. Yaza bilməyəndə bilirlər ki, odur. Həmin şəxs hazırda həbsdədir, Orfoqrafiya Komissarlığı Penitensiar Xidmətlə sıx əlaqədədir, o kişi ölən kimi daha bir neçə sözü orfoqrafiya lüğətindən çıxaracaqlar.

– Başqa nəzəriyyə yoxdu?

– Jurnalist kimi yetişirsən.

– Nəyə görə dedin?

– Qır-saqqız olmağı öyrənirsən. Yaxşı, birini də deyim, bəsdi. Başqa bir nəzəriyyə namərd “QAİ” adlanır. Bu nəzəriyyəyə görə, yeni normalarda və lüğətdə olan səhvlərin əvvəlinci və axırıncı səbəbkarı xalqdır.

– Xalq neyləyib ki?

– Demə, xalq müzakirə zamanı ağzına su alır, namərd DYP işçiləri kimi gizlənir, lüğət hazır olan kimi peyda olub, səhvləri sicilləmə kimi sadalayır.

– Ah-ah, namərd xalq. Kim Bilir də belələrindəndir?

– Kim Bilir müzakirə vaxtı 11 təklif vermişdi, üçü dərhal qəbul edildi, üçü prezidentə şikayət məktubu yazılandan sonra, ikisi, ya üçü isə 2019-cu ildə orfoqrafiya normaları təsdiq edilərkən qəbul olunmadı, amma 2020-ci ildə Nazirlər Kabinetinə təkrar müraciət edib o yanlışı düzəltdilər. Qalanlarını növbəti nəşrlərə saxlayıblar.

– Detalları açıqlaya bilərsən?

– İcazə ver, bir az təvazökar olaq…

—  Çox sağ ol, getdim.

— Sən də sağ ol. Yolun kənarı ilə get…

(ardı var)

Müsahibəni yazdı: Səndən QOKKU