Firidun AĞAZADƏ
Əvvəlcə bir sevgi haşiyəsi ya da lirik “mən”in etirafı: “Bütün qadınların sevimli olmaq arzusu var. Həyatımız dramatik olaylarla doludu. Otuz il sonra nənə-baba yaşında vüsala yetən sevgimiz necə qanad açmışdısa, gözümüz heç nə görmürdü. “Gəl, dramatikləşdirməyək… Belə olub da. Belə olub…” – bu sözlər onundur, epistolyar qovluğumda elə məktublar var, Esxildən üzü bəri ən dramatik səhnələrə mizan verər (Esxil dramatik faciənin banisidir, yaddan çıxarmayın). Təsəlli verirdik biri-birimizə: “Belə olub da…”. Demək asandı, Füzuli nahaq yazmır ki, “Yandı canım hicr ilə, vəsli-rüxi yar istərəm, Dərdməndi-firqətəm, dərmanı-didar istərəm… Bülbüli-zarəm, deyil bihudə əfğan etdiyim…”. Amma 30 il əvvəlki sevgini qaytarmaq olurmu? Özü də Baba və Nənə yaşında. Mən ona “Nənəyaşlım” deyirdim, o mənə… Başıma ağıl qoya-qoya özü məndən daha çılğın sevirdi… Ağrıya-ağrıya sevirdi, mənə gecikdiyi üçün ağrıyırdı, mənə yetdiyi üçün xoşbəxt idi… Qorxa-qorxa xoşbəxt idik… İmpressiyalar çoxdur, onları beynimdə yazıram hələ. Amma daha 30 il də gözləməkmi?..”. Yadınızdadır, sizə bir dəftərcədən, Beqbederin səhvindən danışmışdım, ordandır bu sözlər…
Beləliklə, kimdir alfons?
Güman ki, çoxları bu sözü eşitməyib və ya az adam bilir. Maraqlı olacağını düşünüb bu haqda “bir kaç kəlmə” yazmağı qət etdim.
Xarici səfərə gedən xanım həmkarıma ərk edib məhrəm bir şey tapşırmışdım, yəni, oralarda daha yaxşısı olur deyə. Alıb gətirdi, verəndə gülə-gülə dedi: “Bura bax, sən Alfonssan?..”. Sonra axtarıb bu “Alfons”un nə olduğunu bildim.
Rus mənbəyi bu sözü belə tanış verdi mənə: (Альфонс — это мужчина, который влюбляет в себя женщину (как правило, далее вступая и поддерживая с ней интимную связь) с целью получения выгоды, проявляющейся в получении от женщины материальных благ. Такие отношения с его стороны не несут за собой никаких обязательств, кроме поддержания любовных (интимных) отношений”.
Aha!.. Bəs, belə?! – deyə özümü müdafiəyə hazırlaşdım. Fransız yazıçısı Aleksandr Dümanın (oğul) “Müsyö Alfons” komediyası var, orada bu yaraşıqlı zat özünü qadınlara sevdirən və onların hesabına yaşayan bir aşiq obrazıdır. Alfons adı isə 8-ci əsrdən məlumdur.
Avropada səfərdə olarkən Lüksemburqda “Müqəddəs Alfons kilsəsi”nə rast gəldim, həmin maraqla içinə də girdim… Yanında şəkil də çəkdirdim. Ki, görüm, bu Alfons necə alfonsdur, hansı alfons işlər görüb, görünür, alfonsluq yaxşı bir işdir ki, adını da müqəddəsləşdiriblər. Bizim adımıza heç bir hisli-paslı hücrəni də qıymazlar. İndi bizdə də Valentin Günü kimi qeyd edilən gün, deyilənə görə, “Roma İmperiyası dövründə rahib Valentinin bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşamaq” üçün təşkil etdiyi bir gün olub və bu Valentin elə bunun üstündə öldürülüb.
Amma Alfons qorxulu bir zad deyil. Mənbə deyir ki, “Alfons” qot dilindən alınan sözdür və iki qot adının kombinasiyasıdır: “Abalfuns” (nəcib, alicənab) və “funs” (hazır, cəsur, şövqlü) sözlərindən yaranıb. Yəni, “Alfons” nəcib və şövqlü bir kişidir, psixologiyanın sanqvinik tipidir – “emosional, zirək və diribaş”. Bir Azərbaycanlı yazar isə belə demiş: “Satılan (?) və qadının hesabına başını dolandıran kişilərə alfons deyirlər”. Lap cümlənin tərifi kimi sadə. Amma niyə “satılan”? Xanım sonra bizim milli alfonsların tiplərini araşdırır. Özü də dərin bir hirs-hikkə ilə…
Alfons adı 8-ci əsrdən gəlir, İspaniyanın Asturiya vilayətində German qəbilələrinin qot budağına mənsub olan Vestqot çarlığının hökmdarı İ Alfons (739-757) olub. Sonralar, orta əsrlərin son illərində bu adın latınlaşdırılmış variantı “Alphonsus” şəklində Avropa dillərində azacıq fərqlə yayılıb (Alfons, Alphons, Alonso, Alphonse, Afonso) və kral ailələrinin sevimli adına çevrilib.
Hadisələrin məkanını dəyişsək, indi kişilərin işi yoxdur, kişi harada işləyər: zavodda, fabrikdə, tikintidə, ağır işlərdə, cəbhədə vuruşar – Vətəni qoruyar, yağıdan azad edər, “sezona” gedər, pul gətirər, “Talkuçka”da işləyər, alış-veriş yapar… Amma pandemiya səbəbindən bunlar da olmasa, gərək alfonsluq edə… Özgə nə qayıra bilər?.. Odur ki, indi alfonsluq da münasibdir, çünki qadınlara hər zaman iş tapılır… demək, kişiləri də gərək onlar saxlasın. Dövran belə gətirib.
p.s. Tarixdə Alfonslar çox olub. Onlardan biri də Alfons Rotşild adlı bir fransız maliyyə maqnatı, üzüm plantasiyalarının sahibi, bankir və mesenat olub, qardaşı ilə birlikdə 1844-cü ildə Bakıda “Xəzər və Qara Dəniz Neft Sənaye və Ticarət Cəmiyyəti” təsis edib, Bakıda neft çıxarıblar. Bakının lap mərkəzində, M. Muxtarov küçəsində, Respublika Prokurorluğu yerləşən binada bir vaxtlar A. Rotşildin kontoru yerləşirdi (Prokurorluq artıq o binadan köçüb).
p.p.s. Bu Alfonsla məni bircə şey birləşdirir: ikimiz də 1 fevralda anadan olmuşuq. Burası var ki, o məndən 123 il əvvəl anadan olub.