Heç özünüzə sual vermisiniz “niyə kişi haqları ilə bağlı heç nə keçirilmir? Mitinq və ya seminar tipli? Niyə feminizm adlı bir məfhum olduğu halda eynisi kişilər üçün mövcud deyil?”Cavabını öz dünya baxışımla rahatlıqla cavablandıra bilərəm. Çünki qadınlar mövcudluğunu isbatlamaq üçün hər gün həyatın fərqli sahələrində kişilərlə mübarizə aparır. Kişilərin isə belə bir dərdi yoxdur, dünya onsuz da “onlarındır”. Hansı qitə və ya hansı dövrdə olduğumuz fərq etmədən qadınlar əksəriyyət tərəfindən ikinci dərəcəli cinsiyyət kimi qəbul edilir.
Qadının əvvəlcədən təyin edilmiş vəzifələri, məsuliyyəti, ailədə rolu var imiş. Hətta bəzi şeyləri qadınlar bacarmırmış. Ağlı kəsməz, əli yatmaz, cürəti çatmazmış. Məhz buna görə də nəyisə bacarmırsınızsa, qəbul edilməz bir şey edirsinizsə, sizə “arvad kimi … etmə” deyilməsi adi haldır. Misal verim ötən gün taksiçi digər sürücünün maşın sürməsini bəyənməyib “arvad kimi maşın sürür” dedi.
“Qadın”ın nə vaxtdan qarşı cinsin gözündə aşağılayıcı bir ifadə kimi formalaşdığını təyin etmək çətindir. Çünki tarixdən və ədəbiyyatdan bildiyimiz kimi istər qərbdə istərsə də şərqdə qadınlar icazə verilən və itaət edən tərəf kimi çıxış etməyə məcbur buraxılmışdır. Varlısı saraya qapatmış, kasıbı tarlada işlətmişdir. Qadının öz şərəfinə belə sahib çıxa bilməyəcəyinə inanan kişi qadının namus məsələsini də öz boynuna götürmüşdür. Nəsli qadın davam etdirə bilməz, adı ona yetməz deyib, öz soyadını vermişdir. Elm nədir bilməz deyib, elmdən uzaq tutmuşdur. Bunların hamısı paranoya kimi görünmürmü sizə də? Mənə elə görünür. Qorxudan yaranan paranoya.
Olan olub keçən keçib, qədim zamanın nağıllarıdır deyə bilməmək necə acıdır. Çünki günümüzdə hələ də yuxarıda sadalananlar və ondan bətərləri baş verir. Bir insanın üstündə cinsiyyətinə görə hökm sürmək mənim hələ də tam qavraya bilmədiyim bir mövzudur. Bütün bu müsibətlərin təkcə “cahil”, “savadsız” deyə adlandırılan təbəqə arasında baş vermədiyini görmək isə tamam qan dondurucudur. Nə artıq nə əksik sizinlə bir professor ilə söhbətimizi paylaşmaq istəyirəm.
“Fikir vermisiniz yaxşı qadın şairlər, ümumiyyətlə yazıçılar yoxdur”
“Niyə elə deyirsi…”
“Yoxdur da yoxdur. Heç yaxşı qadın rəssam, heykəltəraş, memar da yoxdur”
“Axı..”
“Qadın heç siyasətlə də məşğul ola bilməz, elmlə də. Bunlar qadın peşəsi deyil”
“Bəs nə ilə məşğul ola bilər?”
“Qadın müəllim ola bilər. Hə, müəllimlik qadına ən uyğun peşədir”
“Bəs sadaladığınız peşələri də bir müəllim yetişdirmirmi?”
Söhbət mövzusu dəyişdi.
Qeyd edim ki, həmin şəxsə ədəbiyyatda yapon qadın yazıçıları və qadın azadlıqları haqqında yazdığım çıxışımın azərbaycan dilinə tərcüməsini oxuması və rəy bildirməsi üçün verdim. Oxudu və sadəcə bu cümləni dedi “Qızım, atanın sözündən çıxma. O kiminlə desə elə onunla evlən” məqalə ilə heç bir əlaqəsi olmayan bu fikri söyləməsinin səbəbi nə idi? üstündən 1 il yarım keçib, hələ də bu sirri aça bilmirəm. (Həmin çıxışımın mətni bu yazının sonunda verilmişdir).
Mən misallarımı artıra bilərəm. Qadın bədənində ürəyin fərqli yerdə olduğunu düşünən bir kişi “axı qadınsan, fərqlisən” kimi möhtəşəm izahla da bəzəmişdi fikrini və ya qadınlarda eyni cins münasibətlərin daha rahat olacağını düşünən növbəti bəy “oğlanlarda çətindir, oğlanın “çesti” var, qızda yoxdur” hipotezası ilə məni iki qat təəccübləndirmişdi. Hələ Azərbaycan alimlərindən birinin bir dövlət universitetində tələbə qıza “İxtisasın nədir? Kompüter mühəndisliyi? Qıza yaraşan ixtisas da deyil” deməsi mənə asanlıqla unutmayacağım an yaşatmışdı.
Yuxarıda çəkdiyim dörd misaldaki kişi obrazlar müxtəlif yaşda, müxtəlif peşədəndirlər və hər biri öz sahəsində yetərincə uğur sahibi və tanınmışdırlar. Harada təhsil almasından ya da ümumiyyətlə təhsilli olub olmamasından, yaşından asılı olmayaraq kişilərin əksəriyyəti ya qadınlar haqda səhv düşüncəyə malikdir, ya da qadınları “qənaətbəxş” görmürlər.
“Qadın
Bəzi mədəniyyətlərə görə qadınlar ətrafda mövcud olan, amma “gözə görünməz” rolunu ifa edən məxluqlardır. Onların cəmiyyətdə yeri varla yox arasındadır. Bu gün mən Yaponiya cəmiyyətində qadının rolundan bəhs etməyə çalışacağam. Mövzumuz çox geniş olduğundan müəyyən bir sahəni seçmişəm və bu sahə ədəbiyyat və incəsənət sahəsidir. Gəlin qadının incəsənətdəki rolunu keçmişdən günümüzə birlikdə nəzərdən keçirdək.
Yapon ədəbiyyatında xüsusi ilə də orta əsr yapon yaradıcılığında qadının rolu əvəzsizdir. Yaponiyada uzun müddət ədəbiyyat və Hiraqana yazısı qadına yaraşdırılmış və kişilər ondan uzaq durmuşdur. Orta əsr yapon ədəbiyyatı saray xanımları tərəfindən yazılmış zadəgan ədəbiyyatıdır. Çox maraqlıdır ki, şedevr əsərlərin müəlliflərinin xanımlar olduğu bilinsə də onlar “gözə görünməz” şəkildə, məxfi təxəllüslə yazırdılar. Çox zaman bu təxəllüs ya kiminsə anası (məs.Miçitsuno haha – Miçitsunonun anası) , ya kiminsə qızı (məs. Takasuenin qızı), ya da atasının adı, vəzifəsi ilə bağlı təxəllüs olurdu (məs. Sey Şonaqon). Sanki bir qadın hansısa bir kişi qohumunun adının arxasına gizlənmədən öz mövcudluğunu sübut edə bilmirdi. Bunun səbəbi nə idi? Yoxsa yapon cəmiyyəti qadının əzəldən mövcud olan danılmaz rolunu qəbullana bilmirdi?
Teatrlarda da qadına qarşı eyni düşüncə davam edirdi. Yaponiyada Kabuki teatrında qadın rolları kişilər tərəfindən ifa edilirdi. Kişilər qadın libası geyinir, qadının xarici görünüşünə bürünür və səhnədə özlərini qadın kimi aparmağa məcbur olurdular. Qadınların səhnəyə buraxılmama səbəbi aktrisaların kişi pərəstişkarlarının arasında düşən davalar olduğu deyilir. Doğurdanmı davanın səbəbi səhnədə yalnızca işini icra edən qadın olmuşdur?
Bəs ümumiyyətlə cəmiyyətdə qadın azad idimi? Qadını məxfi saxlamaq bir çox şərq ölkələrinin qədim zamanlardan adəti olsa da, müasir inkişaf dövründə bu adət bir qədər səngimişdir. Artıq müəyyən dərəcədə qadınlar kişilərlə
bərabər eyni işi görə bilir, amma eyni hörməti görüb görməmələri sual altındadır. Bir dəfə “Qadın üçün karyerada yüksəlmək asandır” deyib gülən bir kişi ilə rastlaşdım. Bu söz mənə çox təsir etmiş və incitmişdir. Günümüzdə üzdə azad olan qadın psixologiyada hələ də azad deyil. Bu azadlıq istəyən qadına “azad olub nə edəcəksən ki?” kimi sualda özünü biruzə verir.
Bəs biz bu kimi halların qarşısını necə ala bilərik? Qadınların təhsil alması və psixoloji olaraq hər an hər şeyə hazır olması ilkin şərtdir. Kişilərin qadınlardan daha artıq olmadığını, hər qadın dilədiyi işi görə biləcəyini unutmamaq lazımdır. Qadınlar bir-birinə təhsil, iş və ictimai həyatda dəstək olmalıdır. Məncə ən vacib həll isə bunu kişilərə anlatmaqdır. Bunu etmək yenə qadınlara düşür. Unutmayaq ki, hər kişini bir qadın – anası böyüdür. Hər ana qadının rolunu öz oğluna uşaqlığından başa salsa, gələcəyimiz üçün sağlam fikirli kişilər yetişər”.