Ukraynada paytaxt Kiyevdə Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı musiqi gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə Azərbaycanın Ukraynada səfiri Elmira Axundova, səfirliyin əməkdaşları, Ukrayna Prezidenti yanında Milli İslahat Şurasının rəsmisi Vladislav Antipin, Ukrayna Xalq artisti Raisa Nedaşkovskaya, ali təhsil ocaqlarının təmsilçiləri, diaspor və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 44 günlük Vətən müharibəsinə həsr olunan qısametrajlı sənədli film nümayiş etdirilib.
Gecənin açılışında çıxış edən səfir Elmira Axundovanın sözlərinə görə, artıq neçə gündür ki, bütün dünya azərbaycanlıları, o cümlədən də Ukraynada yaşayan azərbaycanlılar 30 illik işğala son qoyan Vətən müharibəsinin ildönümünü qeyd edirlər.
“Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək, işğal altındakı ərazilərimizi azad edib. Bu müharibədə şəhid olanların əziz xatirəsini yad edirik. Onlar ən müqəddəs amal uğrunda həyatlarını itiriblər”, – deyə səfir əlavə edib.
Daha sonra Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukrayna Xalq artisti Qurban Abbasovun, müğənni Natalya Kudryaşevanın, Ukraynanın tanınmış ifaçılarının, mərkəzin solistlərinin ifasında rekviem, Azərbaycan və Ukrayna musiqi nömrələrindən ibarət həzin əsərlər dinlənilib.