Mətnsunaslıq sahəsində tanınmış alim Elmira Qasımovanın “Kulis.az” da yayımlanmış “Yanlışlıqlar, həqiqətlər” məqaləsini böyük zövqlə oxudum və mətnsunaslıq məsələlərinin incəliyinin duyumuna bir daha heyran oldum. Elmira xanımla bir şöbədə işləyən Lütfiyyə xanımın mətnsunaslıq sahəsində sonuncu böyük alimlərindən biri olan Qasımovanı plagiatlıqda ittiham etməsi və hədyanlar yağdırması ikrah doğurur.
Elmira xanımın qələmi bu sahədə itidir və kimsənin düşüncələrinə ehtiyacı yoxdur. Çoxumuz ondan öyrənmişik. Bəlkə də, heç Elmira xanımın özünün də xəbəri yoxdur ki, mən onlardan ayrılandan sonra hər dəfə mətn məsələləri ilə bağlı işləyəndə o gözəl siması gəlib gözümün önündə durdu.
Hərdən ürəyim dolanda, heç kimlə danışa bilməyəndə yazılarımda onunla danışdım.
O yazılardan birini oxuculara təqdim edirəm.
– TRANSLİTERASİYA?…
Qaşlarını çatdı:
– Bunu dəyiş, yaz: TRANSFONELİTERASİYA.
– O nə deməkdir? Birinci dəfədir eşidirəm. Axı mən bütün QRAMMATOLOGİYA mənbələrimizdə…
Yenə o baxış: o qıyqacı baxış, dodaqlarında tənqidi təbəssüm… Məni ona cəlb edən də elə bu sirli nəzər idi.
– Qrammatologiya mənbələrimizin üstündən xətt çək, mən deyəni yaz.
Səsindəki qətiyyət mənə daha tərəddüd etməyə imkan vermədi, sanki mən deyil, qələm özü xətt çəkdi “transliterasiya” sözünün üstündən, yazdı: transfoneliterasiya…
– Yazdım, amma izahını da istəyirəm.
– Əlbəttə, istəyəcəksən. İstəməsəydin, yazdırmazdım ki… Qısa şəkildə belə demək olar: Ərəb əlifbalı mətni KİRİLə və ya LATINa çevirdikdə olur transfoneliterasiya, kirildən latına və ya latından kirilə çevirmə isə transliterasiya.
– Anlamadım. Əlifba əlifbadır də… Niyə birindən çevirmə belə, digərindən çevirmə başqa cür adlanmalıdır?
– Ərəb FONOQRAFİKASI KONSONANT YAZI növünə aiddir.Yəni ərəb sözlərində qrafikası olmayan səslər var, onlar QRAFEMLƏRƏ çevrilir, yəni FONETİK YAZInın tələblərinə uyğunlaşdırılır. Məsələn: “Ktab çe şd?” Transfonelitarasiya edilərək belə yazılır: “Ketab çe şod?” Transfoneliterasiyada OMOFONİYA, LİQATUR hadisəsi də nəzərə alınmalıdır.
– Anladım… Demək, mən “Qaraca qız”ı transfoneliterasiya etmişəm?
– Bəli, qızım. Bu, mətnşünaslıqdır. Eh!…
Yenə nəzərləri masasının sol tərəfindən Akademiyanın arxa həyətinə açılan pəncərədən uzaqlara dikildi. Amma bu anda onun nə düşündüyünü artıq təxmin edirdim: Mətnşünaslıq şöbəsinin ləğvi ilə barışa bilmədiyini.
– Amma yaman çətin işdir, – söyləyərək fkrini dağıtmaq istədim.
Qəfildən nəsə xoş bir şey xatırlayıbmış kimi, barmaqlarının ucunda masanın üzərində bir ahəng tutdu. Meyxana ahəngi… Bu da mənim üçün bir mesaj idi: “Molla Nəsrəddin” düşüb yadına.
Yaşına uyğun olmayan məsum uşaq şuxluğu ilə mavi gözlərini gözümə dikdi:
– Nədir çətin olan?
Üzündə bir ömrün ağrı-acılarını silməyə çalışan məcburi təbəssüm vardı:
– Eh!… Nə çətinliklər görməmişdi bu şöbə? İndi, deyəsən, artıq kimsəyə elm lazım deyil. Ədəbiyyatşünaslığın mənbəyi mətnşünaslıqdır. Onun da üstündən xətt çəkdilərsə, demək, ədəbiyyatşünaslıq heç kimə lazım deyil, dedilər. Bax sənin elmi mənbələrinə. Bunlar nə bilsinlər, transliterasiya nədir, transfoneliterasiya nə?!.. Allahdan möhlət istəyirdim ki, “Molla Nəsrəddin”in transfoneliterasiyasının bitdiyi günü görüm, onu da gördüm, şükür… Yeganə təsəllim budur.
Uzaqlardan çəkib gətirdiyi nəzərlərini otağın dörd tərəfinə gəzdirdi:
– Orada … Orada… rəhmətlik filankəs… filankəs otururdu. İçlərindən təkcə mən qalmışam. Mən də Əzrayılla qaçdı-tutdu oynayıram. Bax əynimə rəngli köynək geymişəm, dırnaqlarımı da al boyamışam ki, məni aranızdan seçə bilməsin.
İndicə fikir verdiyim görünüşü güldürdü məni. Özü də mənə qoşulub güldü.
– Yaxşı, sən dur get işlərini gör…
Ustadın “gəl” deməyi sevinc, “get” deməyi əmrdir. Əmrini qəbul edib, ürəyimdə pıçıltıyla “transliteraiya”, “transfoneliterasiya” deyə-deyə bərabər işlədiyimiz günləri xəyalımda vərəqləyərək getdim…