- Köşə

Köpək balıqları

Vasif SADIQLI

Bir mövzu var. Nəsə yazmaq istəyirəm. Beynimdə götür-qoy edəndə hiddətlənirəm. Eyvana çıxıb siqaret çəkirəm. Nikotin sinir uclarını kütləşdirir, hiddət azalır, otağa qayıdanda hiddətsiz olduğum üçün yaza bilmirəm. Sonra yenə yada salır, hiddətlənir, eyvana çıxıram… Bir sözlə, siçan-pişik oyunu. Başqa yolu yoxdur: ya gərək kompüteri eyvana çıxaram, ya da gərək siqareti evdə çəkəm. Yoxsa alınmayacaq.

Həri. Deyir, ağıl psixoloji fəaliyyətin beyin vasitəsi ilə həyata keçirilən, çox inkişaf eləmiş və differensasiya olunmuş xüsusi funksiyasıdır. Bilik əldə etmək, toplamaq, yeni biliklər yaratmaq, rasionalcasına əsaslandırılan qərarlar çıxarmaq, məq-sədlər müəyyənləşdirmək, onlara çatmaq üçün çeşidli yolların içindən ən səmərəlisini seçmək, situasiyaları düzgün dəyər-ləndirmək bacarığı olan ağıl intellektual bir fəaliyyətdir. Həm də deyirlər, “ağıl” ərəbcə “üql”dən götürülüb, bağlamaq, əlaqə qurmaq mənası verir. Nəyi nəyə, kimi nəyə bağlamaq isə artıq ağlının varlığı iddia olunan şəxsin öz seçimidir. Bu bağlamaqlıq şəxsin tərbiyəsi, mənəviyyatı, cibiliyyəti, kvint-essensiyası ilə bağlıdır.

İki gün əvvəl FB-daşlardan biri “İydə” ətirlərinin reklam çarxını göndərib. Süjetin qısa məzmunu belədir: Qazan xan şərab içir. Bu vaxt oğlu Tural əlində çiçək daxil olur. Oğlunu görəndə Qazan xanın qanı qaralır. Sizcə, nəyə görə? Qız kimi əzilib-büzüldüyü üçün? (məhz əzilib-büzülür!). İndiyədək qəh-rəmanlıq göstərmədiyi üçün? Yox, tapmadınız… Ona görə ki, Qaragünə və Qarabudaq ətir vurub, o isə yox… Qazan xan Turala deyir: “Bu yaşa gəldin, bir dəfə ətir vurmadın”. Tural isə əzilib-büzülərək və tərbiyəsizcəsinə cavab verir: “Ətir vurmağı oğul atadan öyrənər, yoxsa ata oğuldan? Sən mənə nə vaxt ətir vurmağı öyrətdin?”. Bu sözlər Qazan xanın xoşuna gəlir. Sonra atlanıb “İydə” ətiri almağa gedirlər…

Ey gidi dünya! Görün pul hərisliyi, milli dəyərlərə etina-sızlıq hansı həddə çatıb ki, Qazan xan, Oğuz igidləri kiminsə ətir biznesi üçün ayaqlar altına atılır, ələ salınır.

Hətta kommunizm ideologiyasının hakim olduğu və milli fərqlərin aradan qaldırılmasını hədəfə alan SSRİ-də İkinci Dünya müharibəsi zamanı ölkədə yaşayan xalqların tarixi qəh-rəmanlarının təbliği üzrə partiya tapşırığı verilmişdi. O qəh-rəmanlar ki, daha əvvəl istismarçı, qaçaq-quldur kimi təqdim edilirdi. Məqsəd müharibə edən ölkənin vətəndaşlarında dö-yüşkənlik, qəhrəmanlıq hisslərini akkumulyasiya etmək idi.

Torpaqlarının iyirmi faizi işğal edilmiş Azərbaycanda isə gənclər üçün qürur mənbəyi olacaq dastan qəhrəmanları və tarixi şəxsiyyətlər sistemli şəkildə alçaldılır, rişxənd obyektinə çevrilir. Kimə dil uzatmadılar? Kimə rişxənd etmədilər? Kimisi eqosunu məmnun etmək, kimi pul qazanmaq üçün.

Doğru deyiblər: Dünyada ən xoşbəxt tanrı puldur. Onun “bəndələri” səmimidir. Ona şərik qoşmurlar, vəslinə yetmək üçün isə hər şeyi qurban verirlər…

“Kitabi-Dədə Qorqud”un, onun qəhrəmanlarının ələ salınması yeni hadisə deyil. Oğuz xanlarını məişət pozğunu, nəfsinin əsiri kimi göstərən xalq yazıçısı da gördük, “dastan-kitabın ən kamil bədii obrazı Bamsı Beyrəy”i (akademik Tofiq Hacıyev) öz eqosunu məmnun etmək, daha orijinal, erudisiyalı, kreativ görünmək üçün namərd (kafir qızını aldadıb, onunla evlənmir), “enerji alfonsu”(kafir qızından aldığı güclə gəlib nişanlısı ilə evlənir), “mif qayda-qanununa xilaf çıxan” və bu üzdən ölümə məhkum edilən birisi kimi təqdim edən akademiklər də… Yəni presedent var idi. Bu çarxı çəkənlər də, görünür, “kimin qızından əskiyəm…” məntiqi ilə hərəkət edib.

Təkcə “Kitabi-Dədə Qorqud”mu? Bir dəstə uzun illərdir qardaş Türkiyədə oturub Azərbaycan əlifbasını və dilini sıra-dan çıxarmaq üçün əlindən gələni edir. Digər bir dəstə eyni missiyanı həyata keçirmək üçün iki ölkənin arasını su yoluna döndərib. Üçüncü dəstə isə Bakıda oturub orfoqrafiya və orfo-epiyanı bu və digər istiqamətdə dəyişməklə ədəbi dilimizi nüfuzdan salmağa, sıradan çıxarmağa, yalnız məişətdə işlənən dil səviyyəsinə endirməyə çalışır. Sıralarında akademiklər də var, millət vəkilləri də, xalq şairi də, BDU-nun professoru da…

Heminqueyin “Qoca və dəniz” əsərindən yadımda qalan əsas hissə budur: Qoca dənizin dərinliklərindən hər kəsin həsəd aparacağı nəhəng deyilə biləcək bir balıq tutur. Onu qayığa bağlayıb sahilə gətirmək istəyir. Yolda köpək balıqları hücum edib hərəsi balıqdan bir tikə qoparır. Qoca səhərə qədər qayığın çəpi (avarı) ilə onları qovmağa çalışır, başlarına zərbələr vurur. Amma heyhat. Sahilə çatanda balığın təkcə skeleti qalmışdı.

Azərbaycan xalqı böyük xalqdır. Deyirlər, böyük başların, böyük qəlblərin böyük ağrısı olur. Görəsən, böyük Azərbaycan mədəniyyətindən, Azərbaycan dəyərlərindən, Azərbaycan əxla-qından sahilə nələri çıxara biləcəyik? Kənardakı düşmənlər bir yana, mədəsi və cibindən başqa qibləsi olmayan “özümü-zünkülər” imkan verəcəkmi?

Mirzə Cəlil demiş, ax, yazıq, unudulmuş Vətən…