MDB-nin mədəniyyət paytaxtı olan Laçındakı Yurd Qalereyasında “Birlik rəngləri” adlı beynəlxalq incəsənət sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, bu sərgi MDB coğrafiyasında zəngin mədəniyyət və incəsənət nümunələrini bir araya gətirərək, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da gücləndirməyi hədəfləyir.
İştirakçı rəssamlar arasında Rusiyadan Yuliya Jukova, Belarusdan Kirill Orsik, Özbəkistandan Bobir Vaxobjanov, Qırğızıstandan Aıyp Alakunov, Qazaxıstandan Oralbek Kaboke, Tacikistandan Abdurahim Caborov, Azərbaycandan Vüqar Əliyev, Azər Abdullayev və Eldar Babazadənin əsərləri sərgilənib.
Sərgi iştirakçı ölkələrinin mədəni irsinin gözəlliyini və müxtəlifliyini nümayiş etdiriblər.
“Art in Action” layihəsi çərçivəsində, fərdi ifadələrin birləşərək necə güclü və ahəngdar bir bütöv yarada biləcəyini araşdırmaq məqsədilə keçirilən “Birlik rəngləri” tədbiri izləyicilərdə dərin təəssürat yaradıb.
Bu sərgidə iştirak edən hər bir rəssam Laçın şəhəri haqqında özünəməxsus üslubunu və baxış bucağını ortaq bir kətana əks etdirib. Bu kollektiv proses sənətçilərin bir-birindən ilham almasına, fərqli texnikaları birləşdirməsinə və vahid bir mövzu ətrafında cəmləşməsinə imkan yaradıb.
Nəticədə, doqquz fərqli rəssamın öz bacarıqlarını birləşdirərək vahid bir əsər yaratdığı möhtəşəm sənət nümunəsi ortaya çıxıb. Yaranan bu əsər tədbirdən xatirə olaraq Laçın şəhərinə hədiyyə ediləcək.