- Mədəniyyət, Xəbərlər

Lia Giqauri: Novruz azərbaycanlıların ən əziz bayramı kimi Gürcüstanda da geniş qeyd olunur

Azərbaycanlıların əziz bayramı olan Novruz bütün dünyada olduğu kimi, Gürcüstanda da hər il geniş qeyd olunur. Bu bayrama gürcülər də qoşulur və baharın gəlişini azərbaycanlılarla birlikdə qeyd edirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Giqauri Tbilisidə keçirilən Novruz şənliyində deyib.

Onun sözlərinə görə, bu gün Gürcüstanda bütün etnik azlıqlara öz mədəniyyətlərini yaşatmaları və inkişaf etdirmələri üçün hər cür şərait yaradılıb. Gürcüstan çoxmillətli ölkədir və bütün milli azlıqlar harmoniya şəklində birgə yaşayırlar. Novruz bayramı şənliklərinə gürcülər də qoşulur və baharın gəlişini birlikdə qeyd edirlər.

Lia Giqauri Azərbaycan xalqını Novruza bayramı münasibətilə təbrik edib, bu bayramın regiondakı bütün xalqlara sülh, bərabərlik və əmin-amanlıq gətirəcəyinə ümidvar olduğunu bildirib.