Buludxan XƏLİLOV, filologiya üzrə elmlər doktoru, professor
(Əvvəli ötən sayımızda)
Bu söhbətdən sonra Əhməd Fitrət isə deyir ki, mərhum atamız “balıx” desə də, gərək biz “balıq” deyək. Bakıya qonaq gəlmiş ədib isə deyir ki, bunun bir qaydası varmı? Axı niyə “balıx” yox, “balıq” deyək. Hirslənmiş Əhməd Fitrət Bakıya qonaq gəlmiş ədib dostunun sözünü kəsərək deyir: “Xeyr, bağışlayınız, mən heç hirslənmirəm; ancaq hər bir dilin bir qanunu var və o qanuna biz də gərək tabe olaq. Məlumdur ki, biz türk milləti necə ki, hər bir işdə geri qalmışıq, dil barəsində də habelə. Nə bir qanun tanıyırıq, nə bir ahəngə tabe oluruq; elə başımızı aşağı salıb Kabla Məmmədcəfər və Fatma xalalar kimi deyirik.
Elə ata-babalarımız və cici-bacılarımız deyən kimi biz də gərək balığa “balıx” deyək?” Sonra bakılı birinci ədiblə Əhməd Fitrət arasında belə bir söhbət də olur: “Bakılı birinci ədib yoldaşımız da balıqdan bir tikə ağzına qoyub, bir az coşmağa başladı və dedi:
-Əlbəttə, gərək “balıx” deyək. Bəs necə sən ana dilinin tərəfdarısan?
Əhməd Fitrət balığın bir tikəsini götürüb qoydu ağzına və bir az da ucadan və əllərini ölçə-ölçə ağzı göyşəyə-göyşəyə bu cür dedi:
-Qardaş, burada ana dilinin nə dəxli var? Məgər “balıx” deyəndə ana dili olur, “balıq” deyəndə ana dili olmur? Bir də mən qınamıram, biz dörd nəfər adam burada təzə dil yaratmayacağıq ki? Yəqin ki, dünyada hər bir elmin mütəxəssisi olan kimi dilin də qanunlarını vəz edən həyata tətbiq edən var. Asimbəyin (Nəcim Asimbəy Türkiyənin məşhur dilçi alimlərindən biridir-B.X.) dil barəsində tətəbböatını… Əgər bunları…
Dörd nəfər türk ədibləri, yəni mən də onların içində, belə mübahisə etdiyimiz əsnada, on iki girvənkə gələn balığı iki nəfər yeyib az qalmışdılar ki, sümükləri də yesinlər ki, bu arada qapının arasından ev sahibinin qoca anasının başı titrəyən səsi ilə bizə tərəf belə xəbər verdi:
-Qadanız mənə gəlsin, bu qədər “balıx-balıx” deyə-deyə pəs niyə o gözəl sərkəni qoydunuz orada qaldı və ağzını heç açmadız da?” Cəlil Məmmədquluzadə məhz bu cür orfoqrafiya məsələlərinə də bütün incəliklərinə varmaqla yanaşır, oxucunun da, ədibin də, dilçinin də diqqətini bura yönəldirdi.
Cəlil Məmmədquluzadənin yaradıcılığında eyni mövzulara təkrar-təkrar qayıtmaq mövqeyini görməmək olmur. Bunun əsas səbəblərindən biri odur ki, o, əhəmiyyətli, ciddi, məsuliyyətli problemləri tez-tez xatırlamaqla diqqəti onun həllinə doğru yönəldirdi. Bu mənada Əziz Mirəhmədovun fikrinə tamamilə şərikik: “Vaxtilə Azərbaycanın bütün qabaqcıl, tərəqqipərvər sənətkar və mütəfəkkirlərinin, əlbəttə, o cümlədən Məmmədquluzadənin özünün də yaradıcılığında dönə-dönə tənqid olunmuş ictimai tiplərin “Anamın kitabı”nda yenidən gülüş hədəfinə çevrilməsinin, “Azərbaycan” məqaləsindəki vətənpərvər birliyə çağırışın yenidən təkrar edilməsinin böyük əhəmiyyəti və ciddi səbəbi vardı. Əsas səbəb öz tarixi yolunun döyüşlərdə keçən yeni, həlledici mərhələsinə qədəm qoymuş həmvətənlərə artıq çox təhlükəli şəkil alıb təşviş doğuran halları göstərməklə onların necə məsul, ciddi problemlər qarşısında dayandıqlarını bir daha xatırlatmaq, onların diqqətini bu problemlərin həllinə yönəltmək niyyəti idi”.
Cəlil Məmmədquluzadə 1917-ci ildə yazdığı “Azərbaycan” felyetonunda vətənin dərdini, taleyini açıq müzakirəyə çıxarır. Hər bir kəsə, hər bir azərbaycanlıya dilini, vətənini tanıtmağa çalışır. Onun düşüncəsi və mövqeyi yaradıcılığının bütün dövrlərində bir tərəfdən milli olmayanların maraqlarına toxunur, digər tərəfdən onların milli olmalarını tələb edirdi. Əslində Cəlil Məmmədquluzadə Azərbaycanın hissələri, parçaları, bölgələri əsasında Vətənin coğrafiyasını cızırdı. Onun mövqeyi öz dövründə “millətçilərə” daha iddialı, bir az da eqoist, müştəbeh təsir bağışlayırdı. Ancaq fakt bundan ibarət idi ki, Cəlil Məmmədquluzadə üslubu bir qrupu və özü də daha böyük qrupu razı salsa da, başqa bir qrupu, məhdud qrupu narazı salırdı. Bunlar üst-üstə yığılaraq Cəlil Məmmədquluzadənin ədəbi mövqeyinə, şəxsi nüfuzuna qısqanclıq yaradırdı. “Azərbaycan” felyetonunda yazırdı: “Ax, gözəl Azərbaycan vətənim! Harada qalmısan?.. Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşginli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı qulibiyaban vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır dünya və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək haradır bizim vətənimiz?!
Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?!
“Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?!” deyən Cəlil Məmmədquluzadə milləti öz taleyi barədə düşünməyə səsləyir, özünü dərk etmək, özünü təhlil etmək istiqamətində səfərbərlik missiyasını yerinə yetirirdi.
Cəlil Məmmədquluzadənin “Yeni Əlifba Komitəsi”nin təşkil etdiyi heyətin tərkibində Krım – Türküstan ellərinə getməsi onun haqqı idi. Onun qədər “Yeni Əlifba Komitəsi”nin məqsəd və vəzifələrini kütləviləşdirən ikinci bir şəxs olmamışdır. Onun bu istiqamətdəki fəaliyyəti isə ziyalılığından, vətəndaşlığından, millətə sevgisindən qaynaqlanırdı. Cəlil Məmmədquluzadə “Molla Nəsrdəddin” jurnalındakı fəaliyyətində də, digər yazdığı əsərlərdə də vətəndən, millətdən, dildən, Azərbaycan-türk-müsəlman xalqının taleyindən yazmışdır. Bu xalqın problemlərini qabartmışdır və problemlərin həlli üçün Azərbaycan-türk-müsəlman dünyasını oyatmağa, hərəkətə gətirməyə çalışmışdır. Onun bir ədib kimi ədəbi fəaliyyətinin əsas məqsədi bundan ibarət olmuşdur. Məhz belə bir şəxsin “Yeni Əlifba Komitəsi”nin Krım-Türküstan ellərinə təşkil etdiyi heyətin tərkibində olması “Yeni Əlifba Komitəsi”nin qazancı idi. Həm də “Yeni Əlifba Komitəsi”nin sədri Səməd Ağamalıoğlunun güvəndiyi, inandığı görkəmli ədib və şəxsiyyət idi. Səməd Ağamalıoğlu ilə onun arasında səmimi yaxınlıq, dostluq münasibəti vardı. Həmidə xanım Cavanşir xatirələrində yazırdı: “Yoldaş S.Ağamalıoğlu torpaqölçmə işlərinə nəzarət edərkən qonşu mülkədarlarla mənim ərazilərim arasında mərəzçəkmə vaxtı (1910-cu ildə – B.X.) iki ay bizim evdə qalmışdı. O, mənim işlərimlə tanış olduqdan və qarşılaşdığım xoşagəlməz hadisələri gördükdən sonra məsləhət gördü ki, bütün mülkiyyətimi satıb şəhərə yerləşim. Rəhmətlik atama onun başladığı mədəni fəaliyyəti davam etdirmək haqqında söz vermsəydim yəqin elə o cür də edərdim”. Yeri gəlmişkən qeyd edək ki, Cəlil Məmmədquluzadənin Səməd Ağamalıoğlu ilə yanaşı, Dadaş Bünyadzadə, Əliheydər Qarayev, Nəriman Nərimanov, Mircəfər Bağırov və digərləri ilə də xoş münasibəti olubdur. Məsələn, Cəlil Məmmədquluzadə Təbrizdən Bakıya qayıdanda (1921-ci il) o vaxt Bakının Quberniya küçəsi 18-də mənzil tutulmuşdu. Həmidə xanım Cavanşir xatirələrində yazır ki, onlar çox darısqal bir yerdə yaşayırdılar. “Yoldaş Bünyadzadə (Azərbaycan sovet partiya və dövlət xadimi – B.X.) və Əliheydər Qarayev Mirzə Cəlilə baş çəkməyə gəlmişdilər. Onlar bizə yaxşı mənzil, şərait və s. vəd edib getdilər. Beləcə bir həftə keçdi və heç nə dəyişmədi.
Mirzə Ələkbər (Cəlil Məmmədquluzadənin qardaşı – B.X.) xəstə idi, utanır və həyəcan keçirirdi. Mirzə Cəlil də bu vəziyyətdən əməllicə əsəsbiləşirdi. Nəhayət, o, Nəriman Nərimanovla görüşmək qərarına gəldi. Nərimanov vəziyyəti bilən kimi onu təcili olaraq Köhnə poçt küçəsi 64 (indi 56) nömrəli evə apardı. Üçüncü mərtəbədə yerləşən, ayrıca nökər odası və mətbəxi olan 5 otaqlı mənzil təqdim etdi (bu ünvanda indi Cəlil Məmmədquluzadənin ev muzeyi yerləşir – B.X.)”.
Həmidə xanımın xatirələrindən aydın olur ki, həmin vaxt onların xalça-palaz, qab-qaşıq, stol, stul, bir sözlə, heç nələri yox imiş. O yazırdı: “Biz iyunun 14-də, çərşənbə axşamı, nəhayət, yeni mənzilə yerləşdik. Burada ucuz taxtadan hazırlanmış taxt, masa, oturacaq və kətillərdən başqa heç nə yoxdu. Mirzə Cəlillə birgə Xalq Komissarlığına getdik. Orada bizə təklif etdilər ki, lazım olan əşyaların siyahısını verək. Mən siyahı tutmağa başladım, Mirzə Cəlil isə başımın üstündə durub yazdıqlarıma baxır və deyirdi: “Ən zəruri şeyləri yaz. O əşyaları yaz ki, onlrasız keçinmək mümkün deyil. Bir dənə də artıq şey olmasın!”
O dövrün partiya və dövlət xadimləri Cəlil Məmmədquluzadəni yaxından tanımış və ona hörmət, ehtiram bəsləmişlər. Cəlil Məmmədquluzadənin Mircəfər Bağırov, Səməd Ağamalıoğlu və Əliheydər Qarayevlə yaxın münasibətdə olduğunu 22 mart 1923-cü ildə Həmidə xanımın ona yazdığı məktub da təsdiq edir. Cəlil Məmmədquluzadə o vaxt Həmidə xanımın kənddən şəhərə (Bakıya) getməsini istəyirdi. Həmidə xanım vəsait toplayaraq kəhrizləri təmizlədir və sonra onları icarəyə verir. Ancaq Həmidə xanıma imkan vermirlər ki, o, işi davam etdirsin. Onun kəhrizləri təmizləmək üçün çəkdiyi xərcləri qaytarmır və deyirlər ki, gedə bilərsən. Belə bir münasibət Həmidə xanıma çox pis təsir edir. Və 22 mart 1923-cü il tarixli məktubunda Cəlil Məmmədquluzadəyə yazır: “Sən məni tanıyırsan və başa düşürsən ki, nələr çəkdim və hansı vəziyyətə düşdüm! Burada, mərkəzdən uzaq bu ucqarda nə edəcəyimi, kimə inanacağımı bilmirəm – mühəndis Petrova, yoxsa Siyasi Büronun rəhbərinə! İşi davam etdirimmi, yoxsa dayandırımmı?!
İşi bitirməliyəm, əks halda məsuliyyətə cəlb oluna bilərəm. Neyləyim, necə eləyim, bilmirəm. Məsləhət ver! Sən Bağırovla ( o vaxt Mircəfər Bağırov Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin rəisi olmuşdur – B.X.), Ağamalıoğlu ilə, Qarayevlə danış. Mənə teleqrafla cavab göndər”.
Cəlil Məmmədquluzadə ilə Səməd Ağamalıoğlu arasında olan yaxınlıq, mehribanlıq o səviyyədə idi ki, hətta Səməd Ağamalıoğlunun evində “Molla Nəsrəddin”in yubileyi ilə bağlı hazırlıq işlərinə həsr olunmuş iclaslara Cəlil Məmmədquluzadənin ailə üzvləri də dəvət edilmişdir. Həmidə xanımın xatirələrində bu barədə oxuyuruq: “Mirzə Cəlil yazırdı ki, jurnalın 18 illiyinə hazırlaşır, həm də “Danabaş kəndinin müəllimi” pyesi səhnələşdirilir, ona görə də həm özü, həm də uşaqlar mütləq Bakıya gəlməyimi (həmin vaxt Həmidə xanım Kəhrizli kəndində olurdu – B.X.) xahiş edirlər.
Aprelin 20-də yığışıb Bakıya yola düşdüm. Qəzetlər “Molla Nəsrəddin”in yubileyi ilə bağlı yazır və hazırlıq işləri görülürdü. Bu hadisə ilə bağlı məni və Minanı (Mina xanım İbrahim bəy qızı Davatdarova Həmidə xanımın birinci ərindən olan qızıdır – B.X.) iki dəfə Səməd Ağamalıoğlunun evinə iclasa dəvət etdilər”.
O vaxt – 1924-cü ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri Mircəfər Bağırov nəinki Cəlil Məmmədquluzadə ilə tanışlığı, əlaqəsi vardı, hətta Həmidə xanımı da yaxşı tanıyırdı. Həmidə xanımın xatirələrindən belə bir məqam: “1924-cü ilin yazında Mircəfər Bağırov xidməti vəzifəsi ilə bağlı bizim rayona gəldi. O, mənim də görüşümə gəlmişdi. Bizim toxuculuq emalatxanamıza da baş çəkmişdi. Emalatxana Bağırovun çox xoşuna gəldi. O, söz verdi ki, ən sərfəli şərtlərlə Bakıdan bizə 100 pud iplik göndərmək üçün əlindən gələni edəcək”. Bu faktları qeyd etməkdə məqsəd odur ki, bir daha aydın olsun ki, o vaxt partiya və dövlət xadimləri ilə Cəlil Məmmədquluzadənin, onun ailəsinin yaxın münasibətləri olmuşdur. Həm bu yaxınlıq münasibətləri, həm də Cəlil Məmmədquluzadənin bir ədib, publisist, redaktor, ziyalı kimi fəaliyyəti haqq vermişdir ki, o, “Yeni Əlifba Komitəsi”nin yaratdığı heyətin tərkibində səfərə getsin. Cəlil Məmmədquluzadə 1924-cü ilin sentyabr ayında Krım-Türküstan ellərinə olan səfərdə iştirak etdiyi üçün həmin vaxt Bakıya müalicəyə gələn Həmidə xanım xatirələrində yazırdı: “Mirzə Cəlili evdə tapa bilmədim. O, Ağamalıoğlunun dəvəti ilə yeni əlifba məsələsi ilə bağlı işgüzar səfərə getmişdi”. Cəlil Məməmdquluzadənin “Yeni Əlifba Komitəsi”nin təşkil etdiyi və Ağamalıoğlunun sədrliyi ilə həyata keçən Krım-Türküstan ellərinə olan səfəri 1924-cü ilin noyabr ayında başa çatır. Bu barədə Həmidə xanımın xatirələrində oxuyuruq: “Noyabrda (1924-cü ildə – B.X.) Mirzə Cəlil və Ağamalıoğlu səfərdən qayıtdılar. O, öz səyahətindən məmnun qalmışdı. Onlar Moskva, Leninqrad, Samara, Orenburq, Səmərqənd və başqa şəhərlərdə olmuşdular. Mirzə Cəlil ağızdolusu müşahidələrindən və yol hadisələrindən danışırdı. Çoxlu kitab alıb gətirmişdi. Moskvadan mənim üçün aldığı “Sağlamlıq kitabı”nın üstünə isə bu sözləri yazmışdı: “Ömrü boyu kəndliləri müalicə etmiş Həmidə xanıma”. Bunlardan əlavə, özünə yaz paltosu da almışdı. Ancaq sonrakı illərdə həmin nazik paltonu qışın oğlan çağında belə və ömrünün sonuna qədər geyinməli oldu. Mirzə Cəlil bu səfərdə pulsuzluq ucbatından bizə hədiyyə ala bilməmişdi, buna görə çox üzrxahlıq edirdi”.
Cəlil Məmmədquluzadə 1925-1926-cı illərdə daha qayğılı, dərdli və problemli olub.