Buludxan XƏLİLOV, filologiya üzrə elmlər doktoru, professor
“Yeni Əlifba Komitəsi”nin 1924-cü ildə yaratdığı heyətdə Cəlil Məmmədquluzadə də vardı. 1924-cü il sentyabr ayının 7-də heyət Bakıdan Krım-Türküstan ellərinə səfər edir. Bəli, iri bədənli, hündür boylu, dolğun vücudlu Cəlil Məmmədquluzadə bu heyətə təsadüfi olaraq düşməmişdir. O, ərəb əlifbasının fənalığını bir həqiqət kimi qəbul edən yazıçı-publisist, ədib və redaktor idi. Eyni zamanda bu səfərə qədər 25 illik redaktorluq təcrübəsi olmaqla dil, əlifba, yazı, mədəniyyət və s. məsələlərlə müntəzəm məşğul olmuş, millətin tərəqqisi üçün əlindən gələni əsirgəməmişdir.
“Sizi deyib gəlmişəm” deyən Cəlil Məmmədquluzadə öz müsəlman-türk qardaş və bacılarını ana dilində danışmağa dəvət etmiş, qulağını bağlayanların qulağına həqiqəti söyləmiş, gözünü yumanların gözünü açmaq istəmişdir. “Molla Nəsrəddin” jurnalına gülənləri şaqraq gülüşləri ilə ayıltmış, sözün həqiqi mənasında tərbiyə etmişdir. Cəlil Məmmədquluzadə müsəlman-türk dünyasına “Molla Nəsrəddin” jurnalı vasitəsilə “Sizi deyib gəlmişəm” demişdir. Cəlil Məmmədquluzadəyə qədər müsəlman-türk aləminə bu cür aydın, səlis, məntiqli, mənalı, düşündürücü söz deyən olmamışdır. O, “Sizi deyib gəlmişəm” deyirdi və bunun açıqlamasını da bəyan edirdi: “Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza.
Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eybdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız sizə deyirdi:
-Bala, ağlama, xortdan gələr, səni aparar! – Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz.
Hərdənbir ana dilini danışmaqda keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?!” Məhz müsəlman-türk dünyasının ağrı və acısını Cəlil Məmmədquluzadə daha dərindən duyurdu və bilirdi. O, türk-müsəlman dünyasının nə ilə nəfəs aldığını da heç kəsin bilmədiyindən qat-qat artıq bilirdi və görürdü. Axı o müsəlman dünyasını yazdığı “Lisan bəlası” ilə ayıtmaq istəyirdi:
Ey dil, dəxi dinmə və sükut et, səni tarı, Lal ol və danışma! Sal başını aşağa və heç baxma yuxarı, Mal ol danışma! Axı o, müsəlman-türk-tatar xalqlarının problemlərinə biganə qalmırdı. Müsəlman-türk-tatar xalqlarının hər birini düşündürmək istəyirdi. Onların hər birinə bir ziyalı kimi canı yanırdı. O, “Ana dili” felyetonunda dediyindən artıq nə deməliydi?! “Ana dili” felyetonunda yazırdı: “Tatarlar ana dilində yazdığı qəzetləri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür.
Tatar qəzetlərinin biri İran barəsində söhbət açıb bir yerdə belə yazır:
“Persiyada camaat şaxdan nedavolnudur”, yəni istəyir desin ki, “İranda camaat şahdan narazıdır”.
Yazıq bizim dilimiz: Qafqaz ədiblərimiz “ana” əvəzinə “madər” yazırlar, tatar qəzetçilərimiz də “İranı” “Persiya” yazırlar.
Və bunların adını da qoyurlar “ana dili”. Yazıq analarımız nə “madər” eşidiblər, nə də “Persiya”. Bəli…” Cəlil Məmmədquluzadə daha bundan artıq nə deməliydi?! O, ana dilinin taleyi ilə bağlı təkcə düşünmürdü, həm də düşündürürdü. Məhz belə bir ədibin, publisistin, ziyalının “Yeni
Əlifba Komitəsi”nin yaratdığı heyətin tərkibində Krım-Türküstan ellərinə səfər etməsini bir tələbat, ehtiyac kimi başa düşmək lazımdır. Həm də “Yeni Əlifba Komitəsi”nin müsəlman-türk dünyasının problemlərini billən bir ədibə, publisistə, redaktora, ziyalıya olan ehtiyacı kimi dəyərləndirməliyik. Doğrudan da, “Yeni Əlifba Komitəsi”nin Krım-Türküstan ellərində həll edəcəyi məsələləri (xüsusilə latın qrafikalı yeni əlifba məsələsini) Cəlil Məmmədquluzadə qədər dərindən bilən və onun praktik həlli istiqamətində iş görə bilən, fəallıq göstərən şəxslər çox azıydı. Özü də təkcə Azərbaycanda deyil, keçmiş Sovetlər İttifaqında və onun ayrı-ayrı türk cümhuriyyətlərində Cəlil Məmmədquluzadə düşüncəsində olanlar azlıq təşkil edirdi. Bu bir tərəfdən Cəlil Məmmədquluzadənin canından və qanından irəli gəlirdi, ikinci bir tərəfdən isə onun elmə, təhsilə, mədəniyyətə və tərəqqiyə bağlılığından qaynaqlanırdı. Axı Cəlil Məmmədquluzadə Qori seminariyasını bitirmişdi. Bu seminariya isə onun inkişafında böyük rol oynamışdı. Cəlilin canında və qanında təhsilə olan maraq hər şeyi üstələmişdir. Və həmin maraq onu Qori Seminariyasına gətirmiş və sonralar Cəlil Məmmədquluzadə kimi şöhrətləndirmişdir. Həmidə xanım Cəlilin qardaşı Mirzə Ələkbərin onun (Cəlilin) Qori Seminariyasına oxumağa getməsi ilə bağlı bir əhvalatı danışdığını da qeyd edir: “Cəlilin 12-14 yaşı olardı. Bir gün valideynlərimizə dedi ki, məni Qoriyə oxumağa göndərin. Onlar razılaşmadı. Cəlil də əvəzində əlinə yekə bir çubuq alıb ləmədə səliqə ilə düzülmüş qab-qacağı vurub sındırmağa başladı. Valideynlərimiz onun özündən çıxdığını görüb qorxdular və ona heç bir söz demədən çəkilib getdilər. Uşaqlar da qorxularından qaçıb haradasa gizlənmişdilər. Cəlil meydanda tək qaldı. O, hamıya qalib gəlmişdi. Bundan sonra evdə qərar verdilər ki, onu Qori Seminariyasına oxumağa göndərsinlər”. Deməli, Cəlilin təhsilə olan marağı onu yüksək səviyyəli bir ziyalı kimi formalaşdırdı. Belə bir ziyalıya “Yeni Əlifba Komitəsi”nin ehtiyacı da məhz Cəlil Məmmədquluzadənin təhsili, biliyi, dünyagörüşü, mədəniyyəti və s. ilə bağlı oldu. Cəlil Məmmədquluzadə kamilliyi elə bir zirvəyə yüksəldi ki, o, millətin taleyi ilə bağlı bütün problemləri gündəmə gətirdi. Dil, əlifba məsələsinə gəldikdə isə Cəlil Məmmədquluzadə kimi bu məsələni tutarlı və dəqiq şərh edən yox idi. Bu problemi başqalarından fərqli olaraq Cəlil Məmmədquluzadə kütlənin başa düşəcəyi bir səviyyədə anlatmağa çalışırdı. Cəlil Məmmədquluzadə üslubu hamının başa düşəcəyi bir üslub idi. Ona görə də əlifbanı dəyişmək və əlifba islahatını aparmaq istəyində olanlardan fərqli olaraq Cəlil Məmmədquluzadənin mövqeyi, fikri kütləyə daha tez çatırdı. Onun anlaşıqlı və asan üslubu ilə kütləni daha tez ayıltmaq olurdu. Dil, əlifba ilə bağlı yazdığı felyetonlarda onun aydın və asan üslubu ilə nə dediyini başa düşməmək mümkün deyildir. 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında “Dil” adlı felyetonunda yazırdı: “Mən indiyə kimi inciyərdim o müsəlmanlardan ki, öz dillərini bilə-bilə bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimirəm”. Hətta müsəlman yazıçılarından bir dostunun ona həmişə türk dilində kağız yazdığını söyləyir. Ancaq iki həftə qabaq həmin dostundan aldığı kağızın rusca yazıldığını görür. O, dostundan kağızı rusca yazdığının səbəbini soruşanda dostu deyir: “Cənab Molla Nəsrəddin, mən bilirəm ki, şəxs gərək öz dilində danışsın və öz dilində yazsın. Amma mən müsəlman hürufatı ilə yazı-pozu eləməyi dəxi bilməzcə tərgitdim və buna iktifa eləməyib, evladıma da vəsiyyət edəcəyəm ki, müsəlman dili üçün təzə bir hürufat (əlifba – B.X.) icad olunmayınca müsəlmanca bir kəlmə söz də yazmasın”. Açıq-aydın Cəlil Məmmədquluzadə əlifba məsələsini gündəmə gətirir və dostunun yeni əlifba icad olmayınca müsəlmanca bir kəlmə də yazmayacağını söyləyir. Müsəlmanların-türklərin ərəb əlifbası ilə yazdığını və onların yeni əlifbaya ehtiyacları olduğunu deyir. Baş vermiş bir hadisəni təsvir etməklə ərəb əlifbasının yaratdığı çətinlikləri adi bir oxucuya belə başa salır. “Anama de ki, Fatmanın oğlu oldu” cümləsinin “Anama de ki, Fatmanın oğlu öldü” şəklində anlaşılmasının səbəbini ərəb əlifbasının yaratdığı çətinliklə bağlayırdı. Həyat hadisələri ilə ərəb əlifbasının yaratdığı çətinlikləri anlatmağa çalışırdı. Bu cür üsulla ərəb əlifbasının yaratdığı çətinlikləri anlatmaq başqa əlifba islahatçıları üçün xarakterik deyildir.
“Yeni Əlifba Komitəsi”nin əsas məqsədi müsəlman-türk dünyasının vahid əlifba ətrafında birləşməsinə, vahid əlifbadan istifadə etməsinə nail olmaq idi. “Yeni Əlifba Komitəsi” bu birliyi əldə etməyi müsəlman-türk dünyasının inkişafında mühüm amillərdən biri hesab edirdi. Vahid əqidə, məfkurə ətrafında birləşmək Cəlil Məmmədquluzadənin də amalıydı. Ona görə də “Yeni Əlifba Komitəsi”nin mövqeyi ilə Cəlil Məmmədquluzadənin mövqeyi üst-üstə düşürdü. Digər tərəfdən də Cəlil Məmmədquluzadənin mövqeyi “Yeni Əlifba Komitəsi”nin amal və məqsədindən çox-çox qabaq məlum idi.
Cəlil Məmmədquluzadənin mövqeyi belə idi ki, yazmaq, oxumaq, təlim və tərbiyə işləri doğma ana dilində aparılmalıdır. Onların milli maraqları üzərində qurulmalıdır. Bir az dərindən yanaşsaq, görürük ki, “Yeni Əlifba Komitəsi”nin əsas məramı, məqsədi Cəlil Məmmədquluzadənin əqidəsindən qaynaqlanırdı. Bu məsələ barədə Cəlil Məmmədquluzadə hələ 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında “Xanımlar” adlı felyetonunda yazırdı: “… Avropa elmini oxuyanlarımız ana dilimizi yazmağı və danışmağı bacarmırlar. Bunlar gözlərini açan kimi özlərini rus evində görüblər, rus danışığı eşidiblər, rus ibadəti görüblər, rusların içki məclislərini görüblər, xanımların ağalar ilə nəzakət, çəm-xəm və qaş-göz süzdürmə elmlərini görüblər. Söz yox, tərbiyəli rus xanımlarından yaxşı tərbiyə alanlar da olub.
Amma çoxusu qabaqca nağıl elədiyimiz sayaq ilə tərbiyə tapıblar. Bu halımızla, bu qəflətimizlə utanmayıb da deyirik ki, ruslar bizi ruslaşdırırlar.
Genə gürcülərə və ermənilərə yazığım gəlir ki, biçarələr bu barədə bizdən çox geri qalıblar”. Göründüyü kimi, Cəlil Məmmədquluzadənin təlim, tərbiyə, təhsillə bağlı mövqeyi 1926-cı ildə Birinci Türkoloji Qurultayda türkoloqların təlim, tərbiyə, təhsillə bağlı qəbul etdikləri qərar və qətnamələrdən qabağa gedir. Odur ki, etiraf etməliyik ki, Cəlil Məmmədquluzadə türkoloji düşüncənin formalaşmasında Birinci Türkoloji Qurultaya qədər əvəzsiz xidmət göstəribdir. Bir daha onu da qeyd etməliyik ki, onun türkoloji düşüncənin formalaşmasındakı xidmətlərinin özünəməxsusluğu odur ki, o, bütün kütlənin düşüncəsinə təsir etmək istedadı və qabiliyyəti ilə fərqlənibdir. Məsələn, 1909-cu ildə yazdığı “Tövhid” adlı felyetonundakı belə bir məqama fikir verək: ” “Tərəqqi” ruznaməsinin 152-ci nömrəsindən başlamış bir neçə nömrələrdə baş məqalələrin cərgəsində Bakı rus-müsəlman şkolalar və müəllimləri barədə bir neçə uzun məqalə dərc olunub. Məqalələri yazan bir nəfər “Sabiq müəllim”dir. Məlumdur ki, “Tərəqqi” qəzeti “Molla Nəsrəddin” kimi məzhəkəli cəridə deyil və bu qəzetdə yazılan baş məqalədə zarafatnan yazılmış bir söz və söhbət gərək olmaya. Lakin yuxarıda ad verdiyimiz şkolaları mübahisəsinin bir yeri bizim üçün məzəli və gülməli nəzərə gəldi”. Cəlil Məmmədquluzadə “Sabiq müəllim”in də, “Tərəqqi” qəzetinin də, “Molla Nəsrəddin” jurnalının da həqiqəti yazdığını hər kəsdən yaxşı bilir. Ancaq yenə də “Molla Nəsrəddin” sayağı bir üslubla öz mövqeyini oxucuya çatdırır. Oxucu söhbətin nədən getdiyini, əsas mətləbin nədən ibarət olduğunu yaxşı anlayır. Hər kəsin əsas mətləbi başa düşəcəyini bilən Cəlil Məmmədquluzadə “Tövhid” felyetonunda davam edərək yazır: “Ruznamənin 153-cü nömrəsində məqalənin mabədində cənab “Sabiq müəllim” yazır ki: “Tamam Qafqazda türk dilini bir şəxs vardır ki, o cənab da bu dili İstanbulda öyrənibdir. Bu cənabı ortalıqdan çıxandan sonra görərik ki, tamam altı milyon Qafqaz müsəlmanları hamı ürəfa qismi ilə bir yerdə ana dilini necə ki, lazımdır, bilmirlər. Doğrudur, bəzi yazı-pozu bilənlərimiz bu iddiaya düşüblər ki, guya onlar türk dilinə aşinadırlar; lakin bu bir xam xəyaldır… Nə
mollalarımız türk dilini necə ki, lazımdır bilirlər, nə mühərirlərimiz, nə müəllimlərimiz və nə də qeyri savadlılarımız… Türk dilini bilmək üçün gərək onun sərf və nəhvinə, ədəbiyyatına, əruzuna, tarixinə, dilin təbiətinə və bir çox lüğəvi kəlmələrinə bələd olasan…” Cəlil Məmmədquluzadə cənab “Sabiq müəllim”in sözünün canı nədən ibarətdir? sualına cavab axtarırdı. Yəni “Sabiq müəllim”in sözündən belə çıxır ki, mollalar, axundlar, mühərrirlər, müəllimlər türk dilini bilmir. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” sayağı yazırdı: “Cənab “Sabiq müəllim”in fərmayişindən belə başa düşmək lazımdır: qeyri mollaların da heç biri türk dilini bilmir: nə quranı türk dilinə tərcümə edən axund Mir Məmmədkərim və axund molla Məhəmmədhəsən, nə İrəvanda Mirzə Abdulla Qazızadə, nə Axalsixdə Əli Əfəndi Əfəndizadə, nə molla Həsən Tahirzadə, nə Talıbzadə və bunlardan savayı neçə-neçə qələm sahibləri mollalarımız.
Sonra mühərrirlərimizdən nə Əhməd bəy Ağayev türk dilini bilir, nə Haqverdiyev, nə Məmmədəmin Rəsulzadə, nə Nərimanov, nə Əliskəndər Cəfərzadə, nə Üzeyir cənabları, nə Faiq Nemanzadə (hərçənd İstanbulda təhsil eləyib, amma görünür ki, məqalə sahibi Nemanzadəni də bilməyənlər cərgəsinə qatır).
(Davamı var)