M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası Düşənbədə keçirilən “Müstəqil Dövlətlər Birliyi kitabxanalarının üç onillik tərəfdaşlığı: istinadlar və inkişaf strategiyaları” adlı kitabxanaçıların beynəlxalq konfransında iştirak edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, konfrans Düşənbə şəhərinə “Birliyin Mədəniyyət Paytaxtı – 2021” statusu verilməsi və Müstəqil Dövlətlər Birliyinin yaranmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilib.
Beynəlxalq konfrans Düşənbə şəhəri Dövlət İcra Hakimiyyəti orqanının, Rusiya Dövlət Kitabxanasının, Tacikistan Milli Kitabxanasının, Avrasiya Kitabxanalar Assambleyasının, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun (IFES) dəstəyi ilə baş tutub.
Konfransda MDB ölkələrinin kitabxanalarının rəhbərləri və mütəxəssisləri iştirak ediblər.
Konfransın əsas məqsədi 30 illik tərəfdaşlıq kontekstində MDB ölkələri kitabxanalarının nailiyyətlərini və təcrübələrini ümumiləşdirmək, perspektivli əməkdaşlıq strategiyaları təklif etməkdən ibarət olub.
Beynəlxalq konfransda Tacikistan Milli Kitabxanasının direktoru Fayzalizoda Jumaxon Xoloviç, Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova, Belarus Milli Kitabxanasının baş direktoru Oksana Yurevna Knijnikova, Uşaqların mütaliəyə cəlb edilməsi üçün mədəni-maarif və incəsənət işçilərinin “Oxucunu maarifləndiririk” Birliyinin icraçı direktoru Lebedeva Anjela Eduardovna, Rusiya Milli Kitabxanasının Beynəlxalq fəaliyyətlər şöbəsinin müdiri Morozova Kseniya Borisovna, Rusiya Dövlət Kitabxanasının Beynəlxalq şöbəsinin müdir müavini, Avrasiya Kitabxanalar Assambleyasının baş direktoru Neryuyeva Mariya Vladimirovna və digərləri çıxış ediblər.
Beynəlxalq konfransda Azərbaycan Milli Kitabxanasını Beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova təmsil edib. O, konfransda “Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri MDB ölkələri kontekstində” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Azərbaycan Milli Kitabxanasının MDB-yə üzv ölkələrin kitabxanaları ilə apardığı elmi, mədəni və təşkilati fəaliyyətin əsas istiqamətlərindən danışıb. Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin ən əyani nümunələrindən biri olan professional beynəlxalq təşkilatlarda təmsil olunmasından, Milli Kitabxananın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri olan Avrasiya Kitabxanalar Assambleyası ilə keçirilən tədbirlərdən və yaxın gələcəkdə həyata keçiriləcək layihələrdən, Azərbaycan Milli Kitabxanasının bütün MDB ölkələrinin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq barədə ikitərəfli müqavilə imzaladığından da bəhs edib.
Direktor müavini Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrinin genişlənməsində beynəlxalq kitab mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq Milli Kitabxananın dünyanın 70 ölkəsinin kitabxanası ilə beynəlxalq kitab mübadiləsi həyata keçirdiyini iştirakçıların diqqətinə çatdırıb. O deyib: “Azərbaycan Milli Kitabxanası MDB ölkələri Milli Kitabxanaları ilə geniş kitab mübadiləsi həyata keçirir və Milli Kitabxanamız bu yolla kitabxanalara Azərbaycanın mədəniyyətinə, iqtisadiyyatına və iqtisadi uğurlarına, tarixinə, coğrafiyasına, ədəbiyyatına, ayrı-ayrı yazıçı və şairlərinə dair ədəbiyyat göndərir. Kitabxanalar bu əməkdaşlıq sayəsində beynəlxalq informasiya mühitinə inteqrasiya imkanları əldə etmiş olurlar”.
Ə.İsmayılova Milli Kitabxananın Ehtiyat mübadilə fonduna məxsus “Salam Azərbaycan” və “Əbdürrəhman Cami. Seçilmiş əsərləri” kitablarını Tacikistan Milli Kitabxanasının fonduna bağışlayıb.