Azərbaycan Milli Kitabxanası “Nizami Gəncəvinin əlyazmaları dünya kitabxanalarında” mövzusunda videokonfrans keçirib.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov konfransı açaraq, əvvəlcə 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən və bu dövrdə qardaş Türkiyənin Azərbaycana göstərdiyi böyük dəstəkdən danışıb.
Kərim Tahirov Prezident İlham Əliyevin Sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan edilməsinin mühüm mədəni əhəmiyyət daşıdığını konfrans iştirakçılarının nəzərinə çatdırıb.
O, “Nizami ili”nin önəmindən, böyük mütəfəkkir şairin zəngin yaradıcılıq yolundan danışaraq, Azərbaycan Respublikası Prezidentinin Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamına əsasən, mart ayının əvvəlində Türkiyənin Ankara və İstanbul şəhərlərində geniş kitab sərgisinin təşkil olunduğu vurğulayıb. Bildirilib ki, Milli Kitabxana tərəfindən hələ 2012-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Nizami Gəncəvi biblioqrafiyası nəşr edilib. Bu ilin sonuna kimi daha bir fundamental biblioqrafiya da çap olunacaq.
Sonra Kərim Tahirov bildirib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə artıq iki ildir “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub qiymətli əlyazmaların müəyyən olunaraq, onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini həyata keçirir. Son iki ildə bu layihə çərçivəsində 58 əlyazmanın surətinin Milli Kitabxanaya gətirilməsi təmin olunub ki, bunların içərisində dahi Nizaminin də əlyazmaları yer alıb və Milli Kitabxana bu işi “Nizami Gəncəvi ili” çərçivəsində də davam etdirməkdədir. Artıq Çexiya, Rumıniya, Misir, Rusiya, Türkiyə, Bosniya və Hersoqovina, İran və digər ölkələrin milli kitabxanaları ilə danışıqlar gedir və bu kitabxanalarda olan əlyazmaların digital nüsxələrinin Azərbaycana gətirilməsi istiqamətində addımlar atılır.
Daha sonra Türkiyənin Kastamonu Universitetinin professoru Vüsalə Musalı çıxış edərək, Milli Kitabxananın fəaliyyətindən, ziyalılara, alimlərə göstərdiyi xidmətdən danışıb. O, Milli Kitabxana tərəfindən tərtib olunan biblioqrafiyaları dəyərləndirərək, onların tədqiqatçılar üçün mühüm informasiya mənbəyi olduğunu bildirib. Daha sonra o, öz axtarışları nəticəsində əldə etdiyi dünyanın müxtəlif kitabxanalarında saxlanılan əlyazmalar barədə məlumatları Milli Kitabxana ilə bölüşüb. Vüsalə Musalı Nizami əlyazmalarının Mançestr nüsxəsini də Milli Kitabxanaya elektron versiyada göndərəcəyini bildirib. O, çıxışı zamanı bir sıra dünya kitabxanalarından əldə etdiyi Azərbaycan ədəbiyyatının klassiklərinə və eləcə də Nizami Gəncəviyə dair əlyazmaların videogörüntülərini nümayiş etdirib.
Videokonfransın davamında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin dekan vəzifəsini icra edən dosent Ələmdar Cabbarlı çıxış edərək Nizami Gəncəvinin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatında tutduğu mövqedən danışaraq, bu ilin dahi Azərbaycan şairinə həsr olunmasının əhəmiyyətini vurğulayıb. O, Nizami Gəncəvi ilə bağlı universitetdə də tədbirlərin təşkilini qeyd edərək, bu istiqamətdə Milli Kitabxananın həyata keçirdiyi layihələri alqışladığını bildirib. Həmçinin dahi Nizamiyə dair həm fundamental biblioqrafiyanın tərtibi, həm də onun dünya kitabxanalarında saxlanılan əlyazmalarının ölkəmizə gətirilməsi layihələrinin ədəbiyyatımıza və mədəniyyətimizə təqdirəlayiq xidmət olduğunu qeyd edib.
Tədbirin sonunda professor Kərim Tahirov çıxış edərək Nizami əlyazmalarının əldə olunmasına göstərdiyi təmənnasız köməyinə görə Milli Kitabxananın kollektivi və oxucuları adından Vüsalə Musalıya dərin təşəkkürünü bildirib və xaricdə yaşayan həmvətənlərimiz olan ziyalıları bu xeyirxah işə qoşulmağa çağırıb.