- Cəmiyyət, Manşet

“Molla Nəsrəddin” jurnalı – 117

“Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin nəşrindən 117 il keçir. Jurnalın ilk nömrəsi 1906-cı il aprel ayının 7-də (yeni təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb. 1906–1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–1931-ci illərdə Bakıda nəşr edilib. Təsisçiləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə, müdiri və baş mühərriri (redaktoru) Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək “Molla Nəsrəddin” adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istəmişdi. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri bəyənib, bu barədə xəbərlər yayıblar. “İrşad”, “Həyat”, “Tərcüman”, “Vozrojdeniye”, “Kaspi”, “Baku”, “Novoye obozreniye”, “Kavkazskoye utro”, “Na povorote” qəzetləri “Molla Nəsrəddin”i çıxarmaq təşəbbüsü barədə oxuculara xəbər vermişdilər.
Jurnalın nəşrinə icazə verilməsi haqqında xəbəri ilk dəfə 1906-cı il fevralın 24-də “Novoye obozreniye” qəzeti, fevralın 26-da “Kavkazskoye utro” qəzeti, martın 1-də isə “Kaspi” qəzeti dərc edib. Martın 4-də jurnalı çıxarmaq üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası tərəfindən şəhadətnamə verilib.