- Köşə

Pərvanə BAYRAMQIZI. Hippokratın andını “sən öl”ə döndərənlər

İllərdir: “Nizam-intizamla sırada dayanıb növbəmizi gözləmək mədəniyyətimiz yoxdur” deyə həm deyinənlərlə, həm də yaranan mübahisəyə görə şikayət məktubu yazanlarla qarşılaşırıq. Hansı sahəyə baxsaq, qəbula yazılmaq üçün səbri tükəndirən sıxlıq görürük. Son vaxtlarsa xəstəxanalarda “növbə mədəniyyəti” formalaşdırıblar, amma adam buna  sevinə bilmir. Sevinməməyimizə səbəb təkcə xəstələnənlərin sayının çox olması deyil. Yersiz söz-söhbətlərin, “gətir-götür”lərin, texniki nasazlıqların, bilərəkdən işin çətinə salınması saysız-hesabsız insanların, uşaqların saatlarla sırada növbə gözləməsi nizam-intizamlıqdan irəli gəlmir. “Növbə mədəniyyəti”ni ona görə dırnaq işarəsində yazdım ki, arzulanan şəkildə yaradılmayıb.

Ürəkaçan, inkişafdan xəbər verən növbə olsaydı nə vardı. Xəstəxanaya lazım olan süni növbə “mədəniyyətidir”.

İcbari Tibbi Sığorta qaydalarıyla müayinə olunanlardan bu yolla “intiqam” alırlar. Xəstələri saatlarla gözlədirlər. Həkimin qəbuluna düşmək üçün bir saat sırada dayanırsan. Ayaqların, belin ağrıyandan, sıxlıqda havasızlıqdan ürəyin gedəndən sonra növbən çatır. Qeydiyyat aparan qıza yaxınlaşıb qəbul üçün qəbz alırsan. Sevinib gedirsən həkimin yanına. Həkim qəbzi görəndə qutuda ilan görmüş kimi olmur, özü ilana dönüb xəstəni çalmağa cəhd göstərənləri də var. Təkcə maaşla işləməyə həvəsi olmayan bəzi həkimlər sonda pul ala bilməyəcəklər deyə müayinə etməyə könülsüz yaxınlaşırlar. Acı sözlərini sinirmək olmur. Adam onun pula görə belə davrandığını müşahidə etdikcə insanlığa, həkimlik peşəsinə rəğbəti itir. Görəsən, həmin an kisədəki bütün pulları stollarının üstünə qoysaq, xəcalət çəkərlərmi?

Həkim qəbzi əlinə alandan sonra təzədən səni xəstəlik tarixçəsi açdırmağa göndərir. Gedib yenidən bir saat da (çox da ola bilər) burda növbə gözləyirsən. Həkimin, tibb bacılarının öz tanışlarını növbədən kənar içəri saldıqlarının üstündə qopan davalar da bir ayrı zəhlətökən prosesdir. Nə isə, burdan da birtəhər qurtulub qayıdırsan həkimin yanına. Təzədən yazıb-pozur, göndərir analiz verməyə. Gözləmə prosesinin ömrü burda uzanıb bir saatdan bir günə keçir. Sonuncu xəstənin növbəsi çatanadək iş saatı bitir. Saat üçdən sonra analiz götürmürlər. Sabah eyni qayda yenə təkrarlanır. Nəzərə alanda ki, xəstə iş adamıdır, demək, bu süründürməçi müayinə üçün özü də iş yerində icazə almaq üçün sürünməlidir. Qürurunu qoruyanlar icazə almamaq üçün bülleten götürürlər. Günü xəstəxanada keçən adamın ovqatı necə olar?

Süni növbə mədəniyyətində mədəniyyətsizlik edənlərdən yazmaqla qurtarmaz. Həyasız, əsəbi (fərqli şeylərdir) adamlar evində kimə acıqlanıb çıxıbsa, onun hirsini tökür sırada dayananların üstünə. Qışqıran özü də bilmir nə üçün qışqırır. Barı etiraf edə ki, fikir verməyin, gərginliyimi çıxarmaq üçün bağırıram biz də birtəhər dözək. Zülümlə gözləyirsən, növbən çatıb qeydiyyat guşəsinə yaxınlaşanda qız deyir, gedin o biri korpusa. Vəssalam. Gedirsən o biri korpusa eyni proses təzədən başlayır. Bəzən elə məqam olur, o biri korpusa getmək daha asan varianta dönür. “Bizdə filan müayinə aparılmır” deyib ya uzaqdakı dövlət xəstəxanasına, ya da özəl klinikalara göndərilirsən.

Pis olan məqamlardan biri də həkimin adamı müayinəyə gəldiyi üçün danlamasıdır: “İcbari Sığortadır deyə tökülüb yoxlanmağa gəlirsiniz”. Uşağa baxmırdı ki, sağlamdır, özün müayinə olunmağa gətirmisən. Ona güclə izah etdim ki, uşaq ağrıdığını deyir. Sözün həqiqi mənasında canı çıxa-çıxa baxdı. Pul ala bilməyəcəyini özünə dərd edən həkimdə xəstələrə nifrətli baxış sezilir.

Hər şeyin sünisini, saxtasını yaratmağa qadirik. Qoyulan qaydaları asanlıqla poza bilirik. Çünki mədəniyyət canımızda deyil, nəyəsə görə yaradanda da riayət edə bilmirik. Nə növbəli, nə növbəsiz mədəniyyət anlayışının nə olduğunu bilməyənlər var. İçəridə xəstə ultrasəs müayinəsindən keçirilir, çöldə qapının ağzındakılar bir-bir qapını açıb: “Həkim, noldu bitmədi?” soruşub mane olurlar. Açıq pəncərənin qarşısında (hansı sahənin həkimi olduğunu yazmıram, belə vəziyyətdə qalmaq xəstəyə çətin olur) müayinə etdiyi məqamda telefona cavab verib yarım saat danışan həkimlər də var. Onun qohumu ilə qeybəti bitənədək xəstə əməlli-başlı soyuqlayır.

“İnternet yoxdur, qəbz vermək mümkün deyil, laboratoriya işləmir, analiz götürə bilmirik” deyib xəstələri çətin vəziyyətə salmaq da onlar üçün adi haldır. Körpə uşaqlar ağlaşır, “Sizdə acil durum yoxdur sabah gəlin” deyib yaxınlaşmırlar. Nənə altıaylıq nəvəsinin cəsədini qucağına alıb dayanıb, baba da əlindən tutan altı yaşlı uşaqla gözləyir ki, onu müayinə, müalicə edib sağaldacaqlar, qız isə “sistem işləmir” deyib durur. Axırda nənə dedi, gedim ölümü basdırım, sonra gələrəm. (Bölgədən gəlmişdi.)

Ordan gələnlərə də Bəhram Bağırzadə, Sərxan Sərxan və fikrini gizlədən bir çox tanınmışlar kimi münasibət bəsləyirlər. Onlar rayonda doğulduqları üçün “günahkardırlar”. Amma şəhərin ən həyasızının, mədəniyyətsizinin qüsuru da “imtiyazlı” olur. Bəli, onlar qonşuluqda yaşayan rusun dilində danışırlarsa, demək, “mədənidirlər”, “kübardırlar”. Azərbaycan dilində danışan xəstəyə can yandıran azdır. Pulsuz müayinə etməyə həvəsi olmayan professor da rusca oxuyub.

Söhbət xətalı şəkil aldı. Məqsədim dildən danışmaq deyildi. Xəstəyə yardım etməyin marağını pulda görməkdən, əsəbləri tarıma çəkən süründürməçilikdən, firma dərmanlarını reseptə həvəslə düzməkdən, acıdil həkimlərin zəhərindən danışırdım. Xəstəyə yazdığı əyri-buruq xəttini izah etməyi, dərmanları necə qəbul edəcəyini deməyi böyük iş sayıb, narazılıq yaradan həkim din-imandan danışır, oruc tutur, müqəddəs yerləri ziyarət etməyə gedir. Xəstənin evdə problemi yarananda, yazıb nəsə soruşanda “saat üçə kimi həkiməm” deyib iş saatını xatırladıb telefonunu bağlayır. Özünə nevropatoloq lazım olanlar sinir xəstəlikləri həkimidir. Əgər “günün iyirmi dörd saatı nə vaxt istəsən, yaz soruş” deyən həkim də tapılmasaydı, Hippokrat andı yalançı “özüm ölüm”, “sən öl” andları kimi dəyərini itirərdi.