Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində “TÜRKSOY Media Mükafatı -2020”nin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsinin şəhid jurnalistləri – AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışova həsr olunmuş videoçarx nümayiş olunub.
Təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirib ki, bu gün Azərbaycan öz qədim tarixi ərzində heç vaxt görünməmiş bir yüksəliş yaşayır: “Prezident İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasət nəticəsində qazanılmış uğurlar hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Azərbaycanın böyük Zəfəri bütün türk dünyası üçün önəm daşıyır.
Son 32 il ərzində Dağlıq Qarabağ ətrafinda baş verən hadisələrin məntiqi nəticəsi – 27 sentyabr tarixindən başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi oldu. Azərbaycanın Qələbəsi ilə nəticələnən döyüş əməliyyatları 10 noyabr tarixində üçtərəfli razılaşmanın imzalanmasıyla öz layiqli sonluğunu tapdı. Prezident İlham Əliyevin dediyi kimi, bu savaş xalqımız üçün Vətən müharibəsi idi. Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi”.
Vətən müharibəsi günlərində və sonrakı dövrdə müharibə həqiqətlərini yerli və dünya ictimaiyyətinə operativ çatdıran jurnalistlərimizin son dərəcə böyük peşəkarlıq göstərdiyini söyləyən nazir deyib: “Cəbhə bölgəsinə ezam olunmuş öz peşə fəaliyyətlərini milli vətənpərvər ruhda fədakarlıqla yerinə yetirən KİV nümayəndələri, elektron və yazılı media orqanlarında çalışan jurnalistlərlə yanaşı, bu haqq savaşında xüsusi fədakarlıq göstərmiş və müharibə həqiqətlərin dünyaya çatdırmaqda bizə yardımçı olan xarici media təmsilçilərinin də fəaliyyətini xüsusilə vurğulamaq lazımdır.
Cəbhə bölgəsinə ezam olunmuş yerli və xarici jurnalistlər üzərilərinə düşən işin öhdəsindən layiqincə gələ bildilər. Ən qaynar nöqtələrdə fəaliyyət göstərdilər. Həyatlarını riskə atmaqdan çəkinmədilər.
İşğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirməklə bağlı vəzifələrini icra edərkən AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin əməkdaşı Sirac Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində şəhid oldular”.
A.Kərimov daha sonra mətbuatın inkişafına, eyni zamanda, möhtəşəm Zəfərimizin qazanılmasına öz dəyərli töhfələrini verdiklərinə görə jurnalistlərə təşəkkürünü bildirib: “Azərbaycan Qarabağ müharibəsindən qalib çıxdı. Azərbaycan mediası da qalib ölkənin mediasına çevrildi”.
Bu mühüm tədbirdə iştirak etməsindən məmnunluğunu ifadə edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Baş katibinin müavini Bilal Çakıcı qeyd edib ki, türk xalqlarının tarixi zəfərlərlə doludur. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgəri qanları, canları bahasına düşmən tapdağında olan doğma torpaqlarımızı azad edərək bu Zəfəri bizə yaşatdı.
Tədbir barədə məlumat verən Bilal Çakıcı, mükafatın TÜRKSOY tərəfindən 2009-cu ildən etibarən hər il türk dünyasında baş verən mədəniyyət və incəsənət hadisələrini, ümumtürk mədəniyyətini və təşkilatın fəaliyyətlərini geniş işıqlandıran, dünya mətbuatında təbliğ edən kütləvi informasiya vasitələrinin nümayəndələrinə və mətbuat qurumlarına təqdim edildiyini söyləyib.
Bilal Çakıcı 2020-ci il üçün özəl olaraq “TÜRKSOY Media Mükafatı”nın 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda yaşanan tarixi hadisələri, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə obyektiv çatdıran və yayımlayan yerli və xarici media təmsilçilərinə təqdim olunacağını vurğulayıb.
O həm TÜRKSOY-un, həm də Azərbaycan dövlətinin birgə səyləri nəticəsində dostluq, qardaşlıq körpülərinin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Sonra “TÜRKSOY Media Mükafatı-2020″i təqdim edilib. Mükafat şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvlərinə təqdim olunub. Mükafat alanlar sırasında dünyaca məşhur fotojurnalist Rza Deqati, türkiyəli jurnalist Fulya Öztürk və digər media mənsubları da vardı.
Tədbir “Qarabağ şikəstəsi”nin ifası ilə başa çatıb.