Əlirza Balayev, əməkdar jurnalist
İslamda Allah-Təala başqa dinlərdə olduğundan tamamilə fərqli şəkildə dərk edilir, daha dəqiqi, dərk edilir ki, dərkolunmazdır. Bu, Qur`ani-Kərimdə, Məhəmməd peyğəmbərin hədislərində, həzrət Əlinin “Nəchül-bəlağə” kitabında, islam övliya və alimlərinin əsərlərində təsbit edilmişdir. İslamda Allahın varlığı məhz belə tanınmış və tanınır; müvafiq olaraq elm, təhsil, mədəniyyət və ədəbiyyatda bu ehkam hakim olmuşdur və hakimdir.
Universal dəyərlər daşıyıcısı olması etibarilə islam dininə sıx bağlı olan Şərq, o cümlədən klassik Azərbaycan ədəbiyyatında Allah-Təalanın mədhü sənası xüsusi yer tutur və ciddi surətdə yuxarıda göstərilən ehkama əsaslanır. Bir qayda olaraq, bütün iri həcmli əsərlər, divanlar, elmi-fəlsəfi traktatlar Allahın adı ilə başlanır. Poeziyada xüsusi lirik şeir növü – Allaha xitabən yazılan, əsasən məsnəvi və qəsidə formalarında olan münacat formalaşmışdı və bütün divan və poemalarda, habelə bəzi elmi əsərlərdə vacib bir giriş kimi verilirdi. Əksər şairlər münacatla kifayətlənməyib, əsərlərinin əvvəlində Allah-Təalanı mədh edən başqa şeir parçaları da əlavə etmişlər. Və ustad şairlər məhz mövzuca eyni olan bu şeir parçalarında poetik qüdrətlərini daha çox göstərməyə çalışmış, sanki bir-birilə yarışmışlar. Divanlarda Allahın mədhi, adətən, dibaçədən başlanır, sonra bir, yaxud bir neçə qəzəl Allaha xitabən yazılırdı.
Nizaminin bütün əsərləri Allahın mədhi ilə başlanır. Sonra, adətən, münacat gəlir. Bəzən başqa parçalar da əlavə olunur. Misal üçün, “Xosrov və Şirin”də “Allahın mədhi”, “Yaradanın təkliyi haqqında”, “Yaradılışı dərk etmək haqqında söz”, sonra “Münacat” gəlir. Dahi şairin “Xəmsə”sində üst-üstə min misradan çox olan belə şeir parçalarından bir nümunə:
Bütün varlıqların fövqündə durur,
Varlığı hər şeyi yaradıb qurur.
Hikməti gizlindir, hökmü aşikar,
Onun tərifinə dil aciz qalar.
Əsli pak, zatı pak, təkdir vücudu,
Nə oddur, nə torpaq, nə yel, nə də su.
Varlıqlar hamısı onun möhtacı,
Onunsa heç kəsə yox ehtiyacı.
Yeddi qat içində nə var binadan,
Min alqış ona ki, odur yaradan.
Ona qovuşmağa yol yoxdur fəqət,
Əqlə, düşüncəyə sığmaz bu hikmət.
Desək ki, göydədir o pərvərdigar,
Ona təzim edən yer tənha qalar.
Yox, əgər yerdədir, söyləsək, Allah,
Şənini alçaltmaq olmazmı günah?!
Məbudun zatından danışan zaman,
Axtarma nə göydə, nə yerdə məkan.
Digər klassiklərimizin də əsərlərindən müvafiq nümunələri nəzər-diqqətə çatdırıram:
Əvhədinin “Cami-cəm” poemasında əvvəlcə “Tovhid”, sonra “Münacat” gəlir.
O, təkdir, qeyrisi tək ola bilməz,
Həmişə mövcuddur, doğmaz-törəməz.
Adı haqq əhlinə güntək əyandır,
Əbədi yaşayan, qadir olandır.
Adı başlanğıcdır əhdə, inama,
Quran da adıyla yetdi tamama.
Onun xaricində yoxdur bir məkan,
Onun sifətindən yoxdur bir nişan.
Vücudu cövhərdən, ərəzdən uzaq,
Varlığı səhhətdən, mərəzdən uzaq.
Tayı olmamışdır mövcud olalı,
O mövcud olduqca dəyişməz halı.
…Varlığı idrakın fövqündə durur,
Zatına irişməz bu aciz şüur.
…Ağıl dərk eləməz onun zatını,
Düşüncə qavramaz bir sifatını.
Onunla yaranmış gizli, aşikar,
Dünya və dünyada gördüyün nə var.
Xətainin “Dəhnamə” poemasında Allah-Təalanın mədhü sənasına bir neçə hissə həsr olunmuşdur: “Başlanğıc”, “Tovhidi-həq sübhanə Təala” (Allahın birliyi haqqında), “Zikre tələbe rəhmət” (Bağışlanmağı diləmək).
Allah kərimü ləmyəzəldir.
Zati əbəd oldu həm əzəldir.
Var etdi cahanı yox ikən ol,
Kimsə bulamaz bu sirrə heç yol.
… Qüdrət qələmilə yazdı “kaf”i
Ol “kaf”ə ulaşdı “nun”i-safi.
Pəs gəldi vücudə “kun fəkan” həm,
Xətm oldu zaman ilə məkan həm.
Fövq oldu mərami-ərzi-əla,
Təht oldu məqərri-ərşi-sulfa.
Ol buldu mələklərin məkani,
Bu oldu məqami-ünsü cani.
Çün bunlara əqlü dil verdi,
Qur`anı bizə dəlil verdi.
Füzulinin divanlarının dibaçəsində, ilk qəzəllərdə (Azərbaycan divanında beş, fars divanında üç qəzəldə), bütün iri həcmli əsərlərinin başlanğıcında Allah-Təala mədhü səna edilir. “Leyli və Məcnun”da: “Bu həzrəti-izzətdən həmd ilə istimdadi-mətalibdir və asari-şükr ilə istidayi-sətri-laibdir” (ərəb və fars dillərində), “Bu, şükufeyi-gülzari-tovhiddir və novbaveyi-bustani-təmciddir”, “Bu, münacat dəryasından bir cövhərdir və təzərrö mədənindən bir gövhərdir”.
Əhsəntə, zəhi həkimi-kamil!
Nə şükr ola sününə müqabil?
Fitrət rəqəmin çəkən zamanda,
Həqqa ki, bir əmri “kun fəkan”da;
Hökm etdin ki, nə ola əhval,
Nə vəz ilə cizginə məhü sal.
Dövran nə zamanda ola axir,
Hər dövranda nə ola zahir.
Necə ola fərd nəsli-adəm,
Hər fərdi onun nə edə hərdəm.
Əşyaya çox etməzəm təhəyyür,
Səndən yanadır həmin təfəkkür.
Əşya əcəb olmaz olsa zahir,
Çün var sənin kimi məzahir.
Əmma çü sənə qədimdir zat,
İdrak sənə yetərmi, heyhat!
İdrakimizə kəmali-heyrət,
Tovhidinə bəsdurur dəlalət.
Əndişeyi-zat qılmaq olmaz,
Bilmək bu yetər ki, bilmək olmaz.
Seyid Əzim Şirvani “Divan”ının dibaçəsində, ilk iki qəzəlində, “Rəbiül-ətfal” əsərinin “Başlanğıc”ında Allah-Təalaya həmdü səna etmişdir.
Həmdi-bihəd xudayi-sübhanə
Ki, çatıb feyzi kövnü imkanə.
… Kənzi-məxfikən ol ülüvvməkan,
İstədi zati olmağını əyan.
Qıldı məxluq xəlqi-imkani,
Ta ola zahir aləmə şani.
Kürreyi-ərzi eylədi icad,
Gəldi ondan əyanə səbü şidad.
… Feyzini qıldı aləmə sari,
Qüdrətin zahir oldu asari.
Qıldı bihərfü ləfzü sövtü nida,
Ta ola cümlə masiva peyda.
“Kaf”i-kon “nun”ə olmamış vasil,
Oldu bu ərzü asiman hasil.
Seyid Əzim Şirvanidən sonra qırılmış ənənəni bərpa edərək, XX əsrin birinci divan kitabını yaratmış Şahin Fazil “Divan”ının dibaçəsində Allah-Təalaya həmdü səna etmiş, əvvəlinə səkkiz hissədən ibarət mükəmməl münacat daxil etmişdir. Həm də, klassik münacatlar daha çox mücərrəd səciyyə daşıdığı halda, Şahin Fazilin münacatının bir neşə hissəsi məhz Azərbaycan şairi tərəfindən müasir dövrümüzdə yarandığına dəlalət edir.
Şahin, dəyişib zəmanə indi,
Ver fikri o laməkanə indi.
Quranimə bəsləyib vəfa mən,
Gündüz-gecə eylərəm dua mən.
Əfv et məni, ya İlahi, əfv et,
Bəndəndə olan günahı əfv et.
Düşmən bizi eyləyib mükəddər,
İmdad elə ki, olaq müzəffər.
Yetmiş sənə uyduq iştibahə,
Yetmiş sənə batmışıq günahə.
Yetmiş sənə cəhlə uymuşuq biz,
Yetmiş sənə qalmışıq mədədsiz.
İmdadinə ehtiyacımız var,
İmdad eləsən əlacımız var.
Ərzim bu və məsləhət sənindi,
Düzgün yola düşmüşəm mən indi.
Xətm oldu sözüm “Münacatın”la,
Fəxr eyləyirəm o pak adınla.
Tez-tez deyərək də “La ilahə…”,
“… illəllah”ı eylərəm izafə.
Azərbaycan poeziyasının minillik ənənəsi belədir. Yuxarıdakı şeir parçalarından göründüyü kimi, şerimizin ustad şəxsiyyətləri Allah-Təalanın qüdrətinə heyranlıq və ehtiramlarını tərənnüm etmişlər ki, müsəlmana da bu müvafiqdir.
(Puşkin, Yakov Polonski, Höte, Lev Tolstoy, Aleksandr Fet, İvan Bunin və digərlərinin əsərlərindən də islam dəyərlərinə səmimi münasibətlərini əks etdirən parçalar misal gətirmək olardı).
Lakin son 25-30 il ərzində müasir şeirimizdə Allah obrazına yerli-yersiz müraciət etmək bir növ dəbə çevrilib. Və bəzi şairlər öz təfəkkür səviyyələrinə görə Allah-Təalanı özlərinə bənzər, özlərinə tay məxluq kimi dərk edir və bu cür də qələmə alırlar ki, bu da təbii olaraq hərzəguluğa gətirib çıxarır. Müxtəlif şairlərin şeirlərindən parçaları oxucuların mühakiməsinə verirəm:
Bir qış günü yatdım, ancaq
Durub gördüm, payızdı.
Bu kartları dəyiş, Allah,
Mən bu ömrü uduzdum.
Gecəsini, gündüzünü
Götür, bir də qarışdır.
Düş, gözümün qabağında
Burda, yerdə qarışdır.
Qara günlər arxasından
Bəlkə bir ağ gün çıxa.
Ya çıxa qətlimə fərman,
Ya ölüm hökmün çıxa.
Amma çığallıq eləmə,
Düz oyna, təmiz oyna.
Mən gedirəm cəhənnəmə,
İlahi, mənsiz oyna.
Ramiz Rövşən
Kimsən, nəçisən, Ay Allah,
Heç səndən baş açammadıq.
Özün qurduğun dünyada
Sənə bir iş tapammadıq.
Qulu Ağsəs
Çiyinlərim qabar olub
Allahın tabutunu daşıyıram.
Şəhər-şəhər gəzdirirəm
kimsə yox tabut altına girməyə
şeytan ayağını yumaqda hamı.
Başım dizsiz qalıb
Tanrının dizləri çürüyür çiyinlərimdə.
***
Sevgi namazını qılaram səndə
Canamazım olar sinən
Göbəyin mən möminin möhürü
Səcdə edərəm
3 deyil, 333 kərə öpdüm,
öpdüm…
ilahi, amin!
Emin Piri
Haqsız divanların qurulan vaxtı,
Yerin göy üzünə burulan vaxtı,
Tanrının kar olan, kor olan vaxtı…
Şəhid.
Elçin Məmmədov
Fitnə doğur, insan yaman haldadır,
Şeytan kimi bir-birini aldadır!
Tanrı çaşıb, yaman qeylü-qaldadır
Hey baxıram, adam dəymir gözümə
***
İki cahan dustağısan,
Sulanmaz bostan tağısan,
Sən ki Tanrı qonağısan,
Tanrı üçün tütək, könül
Müzəffər Şükür Məchul
Allah da bezibdir əməllərindən,
Üz tutub deməyə piri azaldı.
Olumlar, ölümlər adiləşibdi,
Deyəsən, Onun da sirri azaldı.
***
Məni yaratdınsa, Özün yarandın.
***
Beləcə, hələlik Səninləyəm mən,
Bilmirəm o yanda varsanmı Özün?!
Sənə yalvarmağı yaman sevirsən,
Qorxudub gözümü bu odun, közün.
Zirəddin Qafarlı
Gücü çatsa, Allah köməyin olsun!
Dilin yatsa, “Şükür” deməyin olsun!
Əjdər Ol
O çöllər, çəmənlər gör nələr deyir ?!
Əyil bu torpağa səcdə qıl, əyil,
Allahın özü də Vətənsiz deyil,
Allahın yolu da Vətəndən keçir.
Rafiq Nazimoğlu
Tərtəmizdi bu səhər,
Bir körpə üzü kimi.
Taxıb Tanrı dünyaya
Gecə bəxt üzüyünü.
Sara Selcan
Ey xudayi ləmyəzəli!
Nə vaxtdı ta Sınaq Günü?!
Sən bu, mən də bu, ta sına.
***
Gedir keçibuynuz şeytanların
fitnə-felindən gedir.
Gedir Allahın Quzusuna,
Tanrı qismətinə,
Haqq ruzisinə gedir.
***
Gecə Tanrı günəşi
alıb cibinə qoyar,
günü pis günə qoyar.
…Tanrı layla çalar hey,
ağaclar hey dincələr.
Tanrı özü dayanar
özünün keşiyində.
***
Gündüz haqqın üstünə
işıqdan kölgə salır.
Tanrının kölgəsini
göylərdən yerə çırpır,
birliyə bölgə salır.
***
Hər zərrədə Tanrının
dodağının izi var.
Əsəd Cahangir
Çoxdan ölüb şair,
Çoxdan ölüb söz
(ancaq fatihəsini oxumağa
Tanrının dili gəlmir).
***
Allah baxır hər gün Yer kürəsinə,
Hərdən gözlərini bağlayıb… baxır.
Əlizadə Nuri
Daş-daş söküldü küçə,
yanlış döyüldü gecə.
qəzəblənmiş yumruqlar
tanrıya ismarıcdı.
Narıngül
Dönüb baş oluram mən yavaş-yavaş,
Qəlbimdə od yoxdu, gözlərimdə yaş.
Bəndəylə yox, daha tanrıyla savaş,
Gözünü yad tökdü, dişini bizlər.
Cavanşir
Görən tezmi düşər güzarın bəri,
Bir gör neyniyirsən…
Bir düşün, Allah!
Tez götür üstündən bəd nəzərləri,
Əlinə keçməsin qurd-quşun Allah!
Vasif Süleyman
Yalqızam, Tanrım,
Sən də yalqızların
Tanrısı ola bilmədin,
Özün də
Yalqız olduğun üçün.
Əyyub Qiyas
Güləmməz yaxşıya səhv oğlu səhvlər
Qılınc davasından bu günə kimi.
İzləyər həmişə bizi bu səhvlər
İzləyər Allahın evinə kimi.
Elman Həbib
Özümü harda öldürüm,
Allah, xəbərin olmasın?!
Qara xəbər əl-qol açıb
Bəyaz telləri yolmasın.
Sabir Yusifoğlu
Tanrı bizə bəlkə qarğış eyləyib,
Qarğışa düşmüşük, qarğışa, qardaş.
Zənn etdik, qış gedib, bahar gəlibdir,
Sərt qışa düşmüşük, sərt qışa, qardaş.
Coşqun İbrahimli
İstəyirəm dua edəm,
vücudumun sağ vaxtında.
Tərs kimi, yatmış oluram
Allahın oyaq vaxtında.
Elşad Ərşadoğlu
Ya Rəbb, deyəcəyim söz də qalmadı,
Nə mən danışanam,
Nə sən duyansan.
“Ömürdü, həyatdı…”, – dedim,
Olmadı –
Hər nədir, adını özün qoyarsan.
***
Dərələr çöllər düzlər bizsiz almaz mənasın
tutduq bu xərabədə biz allahların yasın
ən şah budaqlar verib ən iri al almasın
qaralar geyinmişik biz ona ağ gəlmişik
Xanəmir Telmanoğlu
Qarşıla məni, ilahi,
Yanına kəsə gəlirəm.
Faiq Hüseynbəyli
Ən böyük demokrat elə – Tanrıdır.
İlk müxalifəti də özünə qarşı O yaradıb – Şeytanı.
Rahid Ulusel
Tanrım, bir azca ütülə,
Pal-paltarı qırışdı…
Bircə nəydi, İlahi,
Onun adı tapılmaz…
Bircə səni yandıran
Odun adı tapılmaz.
***
O bulud Allahın ahı, öfkəsi,
İldırım Allahın sözüdü bəlkə,
Quzeylər min illik həsrət içində,
O günəş Allahın gözüdü bəlkə.
Seyran İsmayıl
Çiçək qoxusundan, ulduz sayından
Sükut yelləncəyi hörmüşdü tanrı.
Səfər Rzasoylu
Dünyanın haqq nəziriyəm,
Nə qızılı, nə zəriyəm.
Mən Tanrının nəzəriyəm,
Sözə gedən yolun üstə.
Vüsal Hicran
Unudasan bəzən,
Tanrının unutduğu kimi
müharibənin orta yerində,
tankın düz qarşısında dayanmış uşağı.
Qurudasan göz yaşını.
Tanrı kimi
sonra da tökəsən
bütün duyğuları səmadan aşağı.
Cahan Gülsün
De ki, bu yer üzündə
ən seviləsi kəsəm,
insandan daha ali,
tanrıdan müqəddəsəm.
***
Mən Tanrıdan əl üzmüşəm,
O, çətin öldürsün bizi!
Tanıdığın biri varsa,
De, gəlsin, öldürsün bizi..
Orxan Bahadırsoy
Allah, məni bütöv öldür, –
Göz yaşım yox ağlamağa…
(Axa bilər araq çaxır)
Vaqif Nəsib Sarıhüseynoğlu
Mən qadın olsaydım Allah doğardım,
qoy olsun Allaha günah, doğardım,
Allahı azacıq uşaq doğardım,
qoy bir az anlasın ac uşaqları.
Rəvan Cavid
Beləliklə də, Allah cığallıq edən kart oyunçusudur; işsizdir, ona iş də tapılmır; tabutu çiyində şəhər-şəhər gəzdirilir; kar olan, kor olan vaxtı da olur; çaşdığından yaman qeylü-qala düşür; könül onun tütəyi olur; Allah da əməllərindən bezir; insanı yaratmaqla özü də yaranıb; yolu da vətəndən keçir; onun da vətəni var; gücünün çatmadığı işlər də var; gecə dünyaya bəxt üzüyü də taxır; kimsə allahın quzusuna – haqq ruzisinə gedir; tanrı gecə günəşi cibinə qoyur; keşikçisi də yoxdur; kölgəsi göylərdən yerə çırpılır; hər zərrədə də dodağının izi var; fatihə oxumağa da dili gəlmir; yer kürəsinə də gözlərini bağlayıb baxır; qəzəblənmiş yumruqlar da ona bir xəbərdarlıqdır; onunla savaşmaq da olar; yadına salmadan düşünmək də istəmir; yalqızların tanrısı ola bilmir; səhvlər insanı allahın evinə kimi izləyir; şair özünü elə öldürmək istəyir ki, allahın xəbəri olmasın; tanrı qarğış eləyəndir; şair, tərs kimi, allahın oyaq vaxtında yatmış olur; allah duyan deyil; xərabədə allahlar üçün yas tutulur; şair kəsə gəldiyi üçün allah onu qarşılamalıdır; allah şeytanı özünə müxalifət yaratdığı üçün ən böyük demokratdır; paltar ütüləyəndir; yelləncək hörəndir; unutqandır; şair tanrının nəzəridir; şair tanrıdan müqəddəsdir, qadınlar allah doğmalıdır və s.
Qeyd edim ki, belə misalların sayını dəfələrlə artırmaq olar.
Bütün bu hərzəguluğa və küfr dağarcığına “poeziyada obrazlılıqdır” – deyə, bəraət qazandıran tapılar. Ədəbiyyat nəzəriyyəsinə baş vurmadan soruşmaq olar: əgər obrazlılıq budursa, yuxarıda klassiklərdən gətirdiyimiz misallardakı nədir?
Sual doğa bilər: naşirlər bu əsərləri niyə çap edirlər? Ona görə ki, onların da mənsub olduğu ədəbi mühit bu hərzəguluqları poeziya kimi qəbul edir. Və elə bu səbəbdən tanınmış ədəbiyyat tənqidçiləri də bu əsərlər haqqında məqalələr yazır, onları araşdırır, modernizm, postmodernizm və daha hansısa “izm”lərə əl ataraq, onları təqdir edirlər.
Qur`ani-Kərimdə buyurulur: “… Şeytan sizinlə açıq-açığına düşməndir… O… Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edər.[2 (əl-Bəqərə): 168, 169]; “(Ya Məhəmməd) De ki: Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar”. [10 (Yunus): 69];
“Nəchül-bəlağə”də: “Bilin ki, məndən sonra sizə elə bir zaman gəlib çatacaq ki, o zaman Allah haqqında yalan söyləməkdən daha çox bir şey ortaya çıxmayacaq.” (Hazret-i Emir Ali ibn-i Ebitalib. Nech´ül-belaga. Hazırlayan Abdülbaki Gölpınarlı. Qum, İran, Ansariyan Publication, s. 115).
Şeyx Nizami sanki “xələf”lərinin bu gününü görürmüş kimi, küfrdən çəkindirirdi, Allah-Təalaya müraciətlə belə yazırdı:
Mümkünmüdür bənzədək varlığını bir şeyə?
Kimsə sənə bənzəməz, bənzəməzsən kimsəyə.
Və:
Yararmı söz açmaq səninlə məndən,
“Sən” demək, sonra da söyləmək ki, “mən”.