Müslüm Maqomayev və Tofiq Quliyevin heykəllərinin quraşdırılması üçün qeyd olunmuş sahələrdə geoloji işlərin aparılması nəzərdə tutulub.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
“Geoloji işlər tamamlandıqdan sonra sözügedən heykəllərin quraşdırılması prosesinə başlanılacaq”, – məlumatda deyilir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci ildə Müslüm Məhəmməd oğlu Maqomayevin, 2021-ci ildə Tofiq Ələkbər oğlu Quliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Sərəncam imzalayıb. Sərəncama əsasən Tofiq Quliyevin heykəlinin Bakıda, Müslüm Maqomayevin abidəsinin Dənizkənarı Bulvar ərazisində (Abdulla Şaiq adına Kukla Teatrının yanında) ucaldılması nəzərdə tutulub.
Müslüm Maqomayevin abidəsinin hazırlanması Xalq rəssamı Ömər Eldarova, Tofiq Quliyevin heykəlinin hazırlanması isə heykəltəraş Tural Rzaquliyevə tapşırılıb. (apa)