- Köşə

İmarət CƏLİLQIZI. İnsan

Sən, bəlkə də, güclüsən,
Sən, bəlkə də, gözəlsən,
ağıllısan, ustasan,
çox şeylərə qadirsən,
amma  nolsun,
yenə də
özün özünə sirsən.

Sən kimsən ki?
Allahın bir günahkar bəndəsi,
sən heç bir şey olardın,
olmasaydı üstündə
Yaradanın kölgəsi.

Bu kölgədən qıraqda
sən atəşlər içində
qıvrılarsan, yanarsan,
çəkdiyin iztirablar
gözündə yaşa dönər,
bir ümid axtararsan,
bir təsəlli gəzərsən,
ümidin, təsəllinin
ürəyi daşa dönər,
anlaşılmaz bir qorxu
heybətli kabus kimi
sarılar vücuduna,
zəhərli caynağını
batırar ürəyinə,
ürəyin qopub düşər
ayağının altına,
ürəksiz vücudunu
arxasınca sürüyər,
cəhənnəmin ən dərin,
ən dəhşətli qatına.

Bu kölgədən qıraqda
nə ağıllı, nə dəli,
nə ölü, nə dirisən,
ölərsən, dirilərsən
gündə neçə yüz kərə,
bir kimsə də bacarmaz,
bir kimsə də tapılmaz
könlünə dinclik verə…

…Qaytar, İlahi, qaytar
kölgəni dananları,
kölgəndən sapanları
kölgən düşdüyü yerə.