Qarabağ döyüşlərinin qəhrəman şəhidlərinə və qazilərinə ithaf
Bu da bir taledir payıma düşüb –
Şuşasız günləri yaşamaqdayam,
özüm öz dərdimin hayına düşüb
hüceyrə-hüceyrə aşınmaqdayam.
Ağzım dualıdır, ürəyim dolu,
zillənib gözlərim o uca taxta.
Tanrı dərgahına uzanan yolu,
onsuz necə gedim bu qara baxtla?
Baxışı cığıra, yola dikili
Şuşam səni bəklər bozqurdum mənim,
di atıl qabağa cumaq irəli,
itirib səmtini başsız bədənim.
Şuşasız qalmışam mən günüqara,
nə yaxşı susmayır, sızlayır yaram.
Qoymaram ürəyim dönə məzara,
qoymaram bu dərdi ölə basdıram.
Bu yanğı sönməz də köz olub qalar
içimdə, bu dərddir məni isidən.
Şuşa bir xitabət kürsüsü olar,
söylərəm son sözü həmin kürsüdən.
1993
Közərdi, sönmədi bu dərd, ölmədi
küllənən könlümdə illərdən bəri.
Üfürdün, alışdı, yaxdı zülməti,
ilıq nəfəsinlə açdım səhəri.
İlahi, həmd olsun, danışan məndim,
məndəydi o kürsü, bu mənə şükür.
Ayəti-kürsünə qarışan məndim,
enmişdim Şuşaya, kəlmənə şükür.
Dan yeri nuruna qarışdı haləm,
məsh çəkdi gözlərdə yazılan himnə.
Müdhiş bir mənzərə… zilləndi aləm
hüceyrə-hüceyrə hərflənən mənə.
Yazıydım, duaydım… bilmədim necə
qəfil havalandı söz güllələrim,
durduğum kürsüdə məni müstəcəb
eylədi avtomat zəngulələri.
…Hər hərfim qayıtmış indi özümə,
hüzur içindəyəm, şükür Allaha.
Şuşalı çağımdır, o son sözümə
nə yaxşı ehtiyac yoxdur, yox daha!
2021