- Köşə

Gülyaz ƏLİYEVA. Ucalardan ucadır söz…

 

Söz… Nədir söz? Söz təkcə hərflərin bir məna üçün birləşməsindən ibarətmi? Nədir söz? Söz – yoxsa kəlmənin sinonimi? Söz səslərdən əmələ gələn, müəyyən məna və ya hiss-həyəcan bildirən səslərin birləşməsi deyil təkcə. Söz daha geniş və daha canlı bir anlayışdır. Nədir söz?

Söz insanın yaranmasının əsas səbəbimi? Sözmü əvvəl yaranıb, ya insanmı?  Sözmü insanı yaradıb, ya insanmı sözü? Söz, kəlmə insandan əvvəl yaranıb. Bir “ol” sözü ilə yaradılan insan özü də sonradan sözü yaradıb… Söz olmasa, obyektiv gercəklikdəki əşyaları və insan şüurundakı anlayışları adlandırmaq olmaz. Sözə məna, dəyər verib, sözü qiymətə mindirən də, qiymətdən salan da insandır. Dədəm Qorqud sözlə məfhum arasındakı uyğunsuzluğa görə 4 şeydə yanıldığı üçün peşman olsa da, o səhvini düzəldə bilmədiyi üçün dilə gəlib, vaysınıb… Amma çifayda… Çünki söz də quş kimidir, ağzından uçurdunmu, geri qaytara bilməzsən. İynəyə tikən, tikənə sökən, gəlinə ayran, ayrana doyran demədiyi üçün peşman olub, sözlə məfhum arasəndakı uyğunluğu pozduğunu düşünüb Dədə Qorqud, əfsanəyə görə, sözləri  yaradıb, məfhumları adlandırarkən…

Söz də canlıdır, o da doğulur, yaşayır və ölür… Neçə-neçə sözlərimiz olub ki, indi işlənmir, tarixizmə, arxaizmə çevrilib. Neçə-neçə söz var ki, vaxtilə yenicə doğulub, neoligizm olub, sonra böyüyüb ümumişləklik qazanıb…

Bir nadanın ağızından bişməmiş çıxan söz urvatsız olar, dəyərsiz olar, yersiz olar, bir arifin ağzından bişib çıxmış söz dəyərə minər, qiymətli olar, qanadlı olar, ruha qida, cansıza can verər.

Nədir söz? Söz şərəfdir, məsuliyyətdir, Allahın adıdır, ruhun qidasıdır. İnsanın ən ağır yarasıdır söz. İnsanının yarasının ən şəfaverici məlhəmidir bir kəlmə söz. Bir kəlmə söz insanı öldürə də bilər, ümidini itirməkdə, ölməkdə olan insanı dirildə, ona can da verə bilər. Xəlqə ağzın sirrini izhar edəndir söz. Hər bir insan danışdığı kəlmənin – sözün altında gizlənib, yoxdan var olan sözləri söylədikcə, özü də yoxdan var olar, kimliyini, qəlbini, düşüncə və fikirlərini, insanlığını göstərmiş, zühur etmiş olar. Ağzından çıxan sözün üstündə durmayan insan etibarsız olar, gözdən düşmüş olar. Sözü dinlənilməz, özü saya salınmaz. Söz insanın yaradıcısı, yaşadıcısı, əbədi ömür qazandıranıdır. Özü gedib, sözü bu dünyada qalanlar söz vasitəsilə əsrlərdir yaşayırlar,

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz…

M.Füzuli

Söz həm sənin qulun, həm ağandır: nə qədər ki, ağızdan çıxmayıb, ixtiyarı sənin əlindədir, elə ki, ağzından çıxdı, sənin ixtiyatın onun əlindədir. Bir kəlmə sözə görə həyatını qurban verənlər var… “Qarabağ Azərbaycandır” kəlməsinə görə minlərlə oğullarımız həyatını qurban vermədimi?! “Qarabağ Ermənistandır” kəlməsin demədiyi üçün – bir kəlmə söz üçün ata-anasının gözü qarşısənda tikə-tikə doğrananlar, oda atılanlar olmadımı?!… Şərəfdir söz, namusdur, qeyrətdir söz. Vətəndir söz! Candır söz. Canlıdır söz…  Bir kəlmə söz ən qəmli anında dərdinə dərman olub səni sevindirə də bilər, ən şad günündə səni hönkür-hönkür ağlada da bilər… həyatdır söz, ölümdür söz.

Olmayan qəvvasi-bəhri-mərifət arif degil,
Kim sədəf tərkibi təndir, lölöi-şəhvar söz…

M.Füzuli

Su kimi lətafətlidir söz, inci kimi safdır söz, sözün də safı, qəlpi var. Həqiqi söz qızıldan qiymətlidir. Sözü danışan kəs onu qiymətə mindirə, eyni zamanda yalanıyla onu alçalda, ucuzlaşdıra, gərəksiz edə də bilər.

Var doğru yazmağa madam ki imkan,
Neyçün gəlsin gərək ortaya yalan.
Qiymətdən salmışdır sözü yalanlar,
Doğrunu danışan möhtəşəm olar.

N.Gəncəvi

Silahdır söz, nadan əlinə düşərsə, ondan doğru istifadə edə bilməz,  öldürər insanı… Sözünü bilməyən adam onu bihörmət edər.

Əmr, göstərişdir söz. Bir kəlmə sözlə dağı dağ üstə qoymaq olar. Müdrükdür söz. Böyük sözündən çıxmazlar, qan salandır söz, qan yatırandır söz. Qanundur söz. Vəddir söz. Vədinə xələf çıxanın el gözündə hörməti olmaz.. Sözünü yerinə yetirməyənlərin etibarı olmaz.  Sözündən qaçanlar el qınağına tuş gələr. Pis söz adama tapança kimi dəyər, yaxşı söz insana qanad verər, onu göylərə qaldırar.

Sözlə bağlı çoxlu birləşmələr var. Söz altında qalmamaq var – nahaq sözün cavabın vermək,  söz aramızda var – danışılan sözün gizli qalmalı olduğunu bildirir. Söz atmaq –  birinin fikrini bilmək üçün bir söz demək, işarə vurmaq, eşitdirmək. Söz atdım, cavab gəlmədi;  üstüörtülü şəkildə söz demək,sataşmaq. Söz çıxartmaq – şayiə yaymaq.

Ay uzana-uzana,
Sözüm düşdü yazana,
Hər adam sözü bilməz,
Söz çıxardar yazana.
Ə.Cavad

Söz (sözü, sözləri) dəymək – sözdən incimək, sözü toxunmaq var. Söz döyüşdürmək – söz güləşdirmək. Söz düşmək – söz açılmaq. Söz eləmək – dedi-qodu, söz-söhbət üçün hədəf olmaq, dedi-qodu salmaq. Söz gəlmək – töhmət olunmaq, töhmət gəlmək. Söz gəzdirmək– xəbərçilik eləmək.

Nə gülündən bülbül ayrılmaz, nə aşiq yardən,
Ortada söz gəzdirən naəhl əğyar olmasa!

Ə.Vahid

Söz güləşdirmək – boş-boşuna, yersiz mübahisə etmək, mübahisəyə girişmək.
Söz qoşmaq – şeir demək, araya qoymaq, lağa qoymaq, məsxərə etmək, dolamaq.Söz qoymaq – sözü bir yerə qoymaq.
Söz olmaq – dedi-qoduya mövzu olmaq.

Bulaq başı toz olar,
Üstü dolu qız olar,
Əyil dəsmalın götür,
Mən götürsəm söz olar.

(bayatı)

Söz salmaq da var, sözü yerə salmaq da, sözü bir yerə qoymaq da var, söz vermək də, sözə baxmaq da sözə gəlmək, sözləşmək də…
Söz yoxdur – şübhəsiz, sözə gəlmək – mübahisəsi çıxmaq, sözləşmək, sözü azdırmaq yayındırmaq. Adam var sözü keçər, hörməti, nüfuzu olar, adam var sözdən söz çıxarar, sözü uzadar…

Söz var, kəsdirər başı,
Söz var, kəsər savaşı,
Bəzən də ağulu aşı
Edər yağilən bal bir söz.

Y.Əmrə

Sözü yerə düşmək də var, söz qaytarmaq da, sözündən çıxmaq da var, sözə baxmaq, sözə qulaq asmaq da, sözü kəsmək, sözü ağızda qoymaq da … 
Bir kəlmə sözün dəyərini bilməyən, sözünə hörmət qoymayanın qədri bilinməz, hörməti olmaz…Nədir söz? Sirdir, müəmmadır söz. Kitabdır söz.

Bu qılınc! Bir də şu mənalı kitab,
İştə kafi sizə… Yoq başqa xitab.
Açar ancaq şu kitab el gözünü,
Siləcəkdir şu qılınc zülm izini.

H.Cavid

Nədir söz?
Ucalardan ucadır söz, kimsə bilməz necədir söz…