– Nəriman müəllim, 44 günlük müharibə əslində xalqimizın 30 illik səbr kasasınin partlayışı idi. Bu müharibə günlərində xalqımız təkcə cəbhə xəttində yox, arxada da topaqlarımızın azad olması uğrunda böyük əzmkarlıq və birlik nümayiş etdirdi. Necə bilisiniz, dilimizin saflığı, ticarət və xidmət obyektlərinin adlarının azərbaycancalaşması sahəsində də nəyəsə nail ola bilərikmi?
– Bu yönümdə atılan addımlar hələ konkret nəticə verməsə də, ümidsiz deyiləm. Bunun üçün dilimizin saflığı uğrunda mübarizəyə daha çox nüfuzlu ziyalıları cəlb eləmək, ümumi və ciddi təsir mexanizmləri olan platforma yaratmaq lazımdır. Milli Məclisin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Jurnalistlər İttifaqı, ictimai təşkilatlar bu məsələyə daha ciddi yanaşmalıdırlar. Təəssüf ki, bu gün kütləvi informasiya vasitələrinin əksəriyyəti – televiziyalar, radiolar, qəzetlər, saytlar, sosial şəbəkələr dil normalarının pozulduğu areala çevrilib. Əgər ortaq və nüfuzlu bir platforma yaradıb dövlət başçısına müraciət etmək mümkün olsa, nəticəsi olar.
– Bəzən azərbaycanca yazılan obyekt adlarında da ciddi orfoqrafik və s. səhvlər olur. Bakı və Sumqayıt dəmiryol vağzallarında “dəmiryol” sözünün fərqli yazılışı barədə sosial şəbəkələrdəki paylaşmanız yadımızdadır. Ədəbi dil normalarının pozulmasına qarşı tədbirlər görməli olan müvafiq qurumların fəaliyyəti niyə gözə dəymir?
– Ağrılı məsələdi. Yolum hər gün işə gələndə və gedəndə dəmiryol qurumlarının (idarə, vağzal, xəstəxana, muzey, müxtəlif xidmətlər) arasından keçir, hər qurumun adında da bu terminin müxtəlif cür yazıldığını görüb təəssüflənirəm. Mənim iradımın nəticəsi idi, ya yox, dəqiq bilmirəm, amma yeni istifadəyə verilən Sumqayıt Dəmiryol Vağzalının adında düzəliş aparılanda sevindim. Mən neçə illərdir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adındakı “yüksək” termininin düzgün olmadığını sübut eləməyə çalışıram. Anadolu türkcəsindən götürülmüş bu anlayış bizdə “ali”, yaxud “mükəmməl” mənasını verir, Azərbaycan türkünün şüurunda “yüksək texnologiya” anlayışı qüsurlu ifadədir. Əslində, bütün bunları dövlətdən, daha doğrusu, xalqın ödədiyi vergidən maaş alan AMEA nəzdindəki Terminologiya Komitəsi, Dil Monitorinq Mərkəzi, Milli Məclisin Mədəniyyət Komitəsi məşğul olmalıdırlar. Artıq vəziyyət böhranlı həddə çatıb. Bakının elə küçələri var ki, özünü Avropa ölkələrinin şəhərlərindəki kimi hiss eləyirsən. Son illər yolum düşən yaxın qonşularımızda – Rusiyada, Türkiyədə, Gürcüstanda, Qazağıstanda… dövlət dilinə bu qədər etinasızlıq görməmişəm…
– Azərbaycan Yazıçılar Birliyi səviyyəsində paytaxtın dil mənzərəsi müzakirə edilibmi? Əgər müzakirə olunmayıbsa, niyə? Cəmiyyət yazıçılardan çox şey gözləyir…
– Azərbaycan Yazıçılar İttifaqı ilə əlaqəm olmadığına görə, bu barədə dəqiq bir söz deyə bilmərəm. Müəyyən bir məsələni istənilən qədər müzakirə eləmək olar, amma onun təsir mexanizmini tapa bilməyəndə bütün cəhdlər boşa çıxır. AYB maliyyələşdirdiyi nəşrlərdə, buraxdığı kitablarda dilimizin normalarını gözləsə, bunu da uğur kimi qəbul eləmək olar. Təəssüf ki, artıq yazıçı sözünün kifayət qədər keçərli olmadığı cəmiyyət formalaşıb. Amma hər halda, xalq yazıçılarımız, xalq şairlərimiz, adlı-sanlı sənətkarlarımız var, bir dəfə yığışıb bu məsələni müzakirə etsələr və dövlət rəhbərliyinin diqqətini çəksələr, məncə, nəticəsi olar.
– Bir çox xalqların, o cümlədən, qonşu gürcü xalqının öz dəyərlərinə, xüsusilə, ana dilinə münasibəti bizdən fərqlənir. Sizcə, bünun səbəbi nədir?
– Mən Gürcüstanda doğulub-böyümüşəm, gürcü mədəniyyətinə bələdəm. Gürcü dili, gürcü əlifbası gürcülər üçün vətən və dini dəyərlər qədər müqəddəsdir, hər üç mənəviyyat amilini göz bəbəyi kimi qoruyurlar. Həm də bu tərbiyənin əsası, ailədə qoyulur, sonralar məktəbdə möhkəmləndirilir. Dövlət dilini bilməyən vətəndaşlara münasibət heç də birmənalı deyil. Bu da başa düşüləndir, çünki yaşadığın, vətəndaşı olduğun ölkənin dilini, tarixini, mədəniyyətini və adət-ənənələrini bilməlisən. Gürcüstan artıq Avropanın bir parçasıdır, Şengen müqaviləsinə daxil olan ölkələrlə sərbəst gediş-gəlişi var, amma bu sərbəstlikdən heç vaxt öz dillərinə və mədəniyyətlərinə ziyan vermək hesabına faydalanmağı ağıllarına gətirmirlər. Üstəlik, Gürcüstanda, eləcə də Türkiyədə ictimai fikrin bu cür problemlərin həllinə təsirini hiss eləmişəm. Təəssüf ki, bizdə belə təsir az nəzərə çarpır, yaxud həddən artıq cüzidir.
– Ədəbi dilin inkişafında bədii əsərlərin rolu olduqca əhəmiyyətlidir. Bu mənada bugün ədəbiyyat sahəsində vəziyyəti qənaətbəxş hesab etmək olarmı?
– Elə bədii əsərlərimizdə də vəziyyət reklam sahəsində olduğu kimidir. Texnoloji inkişaf ədəbiyyata da təsirsiz ötüşməyib. Sovet dövründə rus dilindən, rus mədəniyyətindən təsirlənmə aydın nəzərə çarpırdısa, indi ingilis dilinin və Türkiyə türkcəsinin, bununla yanaşı da müvafiq düşüncə tərzinin təsiri aşkar duyulur. Xüsusilə, Türkiyə türkcəsinin təsiri artıq qarşısıalınmaz prosesə çevrilib. Şüurumuzda fərqli məna daşıyan “əlinə sağlıq”, “dəstəkləmək”, “ilk öncə”, “özəl”, “anındaca” və s. kəlmələr yeri gəldi-gəlmədi, gen-bol işlədilir. Üstəlik, sosial şəbəkələrimiz öz “savadını” Türkiyə türkcəsində göstərənlərlə doludur. Hətta Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirməyin mənasızlığını iddia eləyənlər də istənilən qədərdir. Görkəmli türkoloq, filologiya elmləri doktoru professor Əsgər Rəsulovun bu problemlərlə bağlı bütöv bir monoqrafiyası var, bu iddiada olanlara tutarlı cavabdır.
– Ötən il “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” Bakının Rəsulzadə küçəsində monitorinq keçirmişdi. Məlum olub ki, bu küçədəki 42 ticarət və xidmət obyektinin 41-də “Dövlət dili haqqında” Qanunun tələbi pozulub. Bu barədə Siz də daxil, mindən artıq ziyalının müxtəlif strukturlara müraciəti cəmiyyətdə geniş rezonans doğurdu. Amma hələ heç bir tədbir görülməyib. Hansısa nəticə olacağına inanırsınızmı?
– Dilin saflığı uğrunda mübarizə müvəqqəti deyil, davamlı aksiya olmalıdır. Yəni ruhdan düşmədən, ardıcıl olaraq tədbirlər həyata keçirmək lazımdır, çox güman ki, belə addımlar nəticəsiz qalmayacaq. Bir neçə il qabaq hörmətli Xalq şairimiz Sabir Rüstəmxanlının rəhbərlik elədiyi Azərbaycan Dil Qurumu İctimai Birliyi bu yönümdə müəyyən işlər gördü, öz saytını açdı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan dilinin izahlı lüğəti” və “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin elektron variantını yaratdı. Son İllərdə Azərbaycan Dövlət Tərcümə Mərkəzi də “Azərbaycan dilinin işlək orfoqrafiya lüğəti”ni yaratdı, bir sıra dövlət idarələrində və nəşrlərdə, eləcə də kütləvi informasiya vasitələrində dil monitorinqi apardı. Bu proses uzunmüddətli işdir, necə deyərlər, dama-dama göl olar. Məncə, bir nəticəsi olacaq.
– Bəzi tanışlar var, yerli telekanallara məhz ədəbi dil normaları tez-tez pozulduğu üçün baxmadıqlarını deyirlər. Azərbaycan telekanallarından imtina edən vətəndaş nə itirir, nə qazanır?
– Sözün düzü, mən də onların sırasındayam, on ilə yaxındır ki, Azərbaycan telekanallarına baxmıram, çünki dil məsələsində ifrat həssas olduğuma görə, gördüyüm, eşitdiyim səhvləri həzm eləyə bilmirəm. Əlbəttə, belələrinin itkisi qazancından artıq olur. Əvvəla, dilimizlə, mənəviyyatımızla, mədəniyyətimizlə bir təmas imkanını itiririk, ikincisi, dilmizin saflığını qorumaq yolunda aparılmalı olan mübarizədən yaxamızı kənara çəkirik. Mənə elə gəlir, dövlətin dilimizlə bağlı qanunlarının yerinə yetirilməsi üzərində səmərəli nəzarət mexanizmi tapılmalıdır. Yoxsa gələcək nəslə təhrif olunmuş Azərbaycan dili miras qalacaq.
Sima Cəfərova