- Müsahibə, Xəbərlər

Buludxan XƏLİLOV: “Torpaqlarımızı azad etdik, Bakının küçələri də işğaldan azad edilməlldir”

– Sevindirici haldır ki, Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni torpaqlarımızdan qovdu. Paytaxt küçələrində reklamlar, ticarət və xidmət obyektlərinin adları isə hələ də yad dillərin “işğalı”ndadır. Bu barədə bir dilçi mütəxəssis kimi nə deyə bilərsiniz? 

– Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində erməni daşnaklarını Azərbaycan torpaqlarından sözün  həqiqi  mənasında qovdu. Bu, Azərbaycan Ordusunun gücü idi. Təbii ki,  Azərbaycan  Ordusunun gücü Azərbaycan xalqının iradəsinə və Ali Baş Komandanın rəhbərliyinə söykənirdi. Əlbəttə, insanlar mənəvi cəhətdən bir sıxıntı içərisində idilər. İnsanların çiyinlərində sankı ağır bir yük var idi. Azərbaycan torpaqlarının 20 %-i Ermənistan Silahlı Qüvvələri, erməni daşnakları və separatçıları tərəfindən işğal olunmuşdu.

Doğrudan da, torpağın işğalı mənəviyyatın, mədəniyyətin ədəbiyyatın, əxlaqın, ruhun işğalına  gətirib çıxarır. Ona görə də bizim zəfərimiz təkcə torpağımızın azad olması ilə bağlı olan zəfər deyil, həm də ruhumuzun, mənəviyyatımızın, mədəniyyətimizin  zəfəridir. Biz ruhən, mənən yeniləşdik, özümüzü təsdiq edə bildik, tapa bildik.

Mən yeri gəlmişkən, onu demək istəyirəm ki, Azərbaycan xalqı bu son 30 ildə çox böyük mənəvi əziyyət çəkmişdi, hələ mən son 200 ili demirəm. Yadıma “Dədə  Qorqud” filmindən bir hadisə düşür. Yəni, bu hadisə Bakı şəhərinin küçə və bazarlarının  dil baxımından nə dərəcədə işğal altında olduğunu əyani çatdırmaq üçündür. Orda  filmin  sonunda  Dədə Qorqud gəlir və görür ki, Qaraca Çobanla Beyrəyin oğlu torpağı daşlardan təmizləyirlər. Dədə Qorqud soruşur:

– Nə edirsiniz?

Çoban deyir:

–  Torpağı daşlardan təmizləyirik, nə məsləhət görürsən, Dədə?

Bu zaman Dədə Qorqud deyir:

– Məsləhətdir,  biz çoxlu faciələrlə, təlatümlərlə, hadisələrlə rastlaşdıq, çoxlu itkilər verdik. İndi torpağı şumlamaq, əkib-becərmək lazımdır. Əgər torpağı qorumursansa, onu əkib-becərməyə dəyməz, yox, əgər əkib-becərmirsənsə, onu qorumağa dəyməz.

Bu mənada, bax, biz bu gün torpağı qorumaqla mənəviyyatımızı, mədəniyyətimizi, əxlaqımızı, dilimizi qorumuş olduq. Ona görə də belə olan təqdirdə bizim küçə və bazarlarda yad, əcnəbi dillərdə reklamların, yazıların olması dilimizə qarşı hücumdur, dilimizə qarşı işğaldır. Bunun qarşısını almaq lazımdır və Azərbaycan  dili, mən deyərdim ki, elə yolları keçib ki, bu yolların izahını da mən yenə “Dədə Qorqud” filmindəki bir faktla deyəcəm. O fakt ondan ibarətdir ki, Dədə Qorqud deyir, bir ocaq qalanması el-obanın şənliyə yığışmasına işarədir. İki ocağın qalanması basqınlardan qorunmaq üçün insanları, el-obanı, birliyə çağırmaq üçündür. Üç ocağın qalanmağı  isə yeri əkib-becərməkdir, insanları işləməyə çağırmaq deməkdir. İnsanlar kotanla, xışla gəlib yeri əkib-becərməlidirlər.

Bax, bu misalda da bir simvolik məna var. Azərbaycan dili ocağını qalayıb varlığını dünyaya bəyan etmiş dildir. O ocaq ondan ibarətdir ki, biz Azərbaycan dili vasitəsilə Azərbaycan mədəniyyətini, mənəviyyatını yaratmışıq, nəsillər arasında körpü qurmuşuq. Görün, bizim klassiklərimiz bu dil vasitəsilə nələr yazıb-yaradıblar. Onların yaradıcilığı əcnəbi dillərə tərcümə olunub. Bu əsərləri bizdən qabaqkı nəsillər oxuyub, bizim özümüz də daxil olmaqla bizdən sonrakı nəsil oxuyacaq. Eyni zamanda, Azərbaycan dili iki ocağını da qalayıb. O ocaq ondan ibarətdir ki, Azərbaycan dilinə qarşı tarixin müəyyən mərhələlərində olan hücumların qarşısı alınıb – ərəb, monqol hücumu, rus dilinin təsiri, ərəb-fars dillərinin təsiri. Bax, bu müqavimətlərdən, bu hücumlardan, bu basqınlardan Azərbaycan dili uğurla çıxıb. Nəyin hesabına? Xalqın birliyinin hesabına, onun düşünən beyinlərinin hesabına. Mənə elə gəlir ki, Sizin sualınızın müqabilində bu gün Azərbaycanın küçə və bazarlarında Azərbaycan dilinin qayda-qanunlarının pozulması onu göstərir ki, Azərbaycan dilinin özünü işğaldan azad etmək lazımdır. Bəli, üç ocağı qalamaq, loru desək, üç ocağı çatmaq lazımdır ki, o ocaq insanları səfərbər etsin. Bu səfərbərlik ondan ibarət olsun ki, vəzifəsindən, peşəsindən asılı olmayaraq hər bir insan Azərbaycan dilinin keşiyində dayansın. Dilçi dilçi kimi, müəllim müəllim kimi, tələbə tələbə kimi, şagird şagird kimi. Sözümün canı ondan ibarətdir ki, biz 44 günlük müharibədən sonra işğal altında olan torpaqlarımızı azad elədik. İndi biz işğal altında olan dilimizi azad eləməliyik. Bilirsiniz, torpağın işğal altında olmağı, mən qeyd elədiyim kimi, ruhun, mənəviyyatın, dilin də işğalına gətirib çıxarır. Bizim mənəvi haqqımız yoxdur ki, torpağı işğaldan azad etdikdən sonra Bakının ayrı-ayrı qəsəbələrində, şəhərlərimizin küçə və bazarlarında əcnəbi sözlər, ifadələr, reklamlar bizim küçə və bazarları “bəzəsin”. Bu yolda insanlar səfərbər olmalıdırlar, bir olmalıdırlar. Hərə öz sahəsində  Azərbaycan dilinin imkanlarından istifadə etməlidir.

– Qonşu Gürcüstanda ana dili məsələsinə çox həssas yanaşılır. Hətta beynəlxalq brend – “MakDonalds”ı belə paralel olaraq öz dillərində də yazırlar. Yaxın gələcəkdə bizdə də belə olacağına ümid edirsinizmi? 

– Onu demək istəyirəm ki, ümumiyyətlə, Azərbaycan dili özü həssas bir dildir və bu dilə həssas yanaşmamaq dilin ruhunu incidir. Qonşu Gürcüstanda isə onlar öz doğma ana dillərinə, haqlı olaraq, həssas yanaşırlar.  Hətta mən bir nümunə  gətirə  bilərəm ki, qonşu Gürcüstanda gürcü dilini tədris edən müəllimlərin əmək haqlarında müəyyən dərəcədə stimullaşdırıcı məbləğlər də var, maddi məbləğlər, yəni, gürcü dilini tədris edənlərin əmək haqqı digərlərindən artıq olur. Bu, əlbəttə, dilə hörmət, qayğı və sayğı gətirir. Azərbaycanda da məsələn, “Ana dili” abidəsinin qoyulmağı, hətta toy vaxtı son dövrlərdə bəy və gəlinin o “Ana dili” abidəsinə gedib ziyarət etməyi, şəkil çəkdirməyi müsbət stimullaşdırıcı hallardır. Amma bunu bütövlükdə cəmiyyətin düşüncəsinə çevirmək lazımdır. Bəli, hətta beynəlxalq brendlərin özü də doğma Azərbaycan dilinin imkanlarına uyğunlaşmalıdır: fonetik, leksik və qrammatik imkanına. Bu, belə də olmalıdır. Buna ümid edirəm, ona görə ki, Azərbaycan dili ənənəsi olan bir dildir. O, dünən yaranmış dil deyil. O, neçə minilliklərin sınağından keçib. Lüğət tərkibi, qrammatik quruluşu, fonetik sistemi qaydaya düşmüş bir dildir. Sadəcə olaraq, bu dilə sayğı ilə, hörmətlə, məhəbbətlə yanaşmaq lazımdır.

Məhəbbət, sayğı deyəndə mənim yadıma görkəmli yazıçımız İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesi düşür. Burda bir detal var. Mən onu müqayisə eləyib Azərbaycan dilinin brendli olmağı ilə bağlı əlaqələndirmək istəyirəm. Orda bir Seyid Hüseyn obrazı var. O deyir ki, ilanı məhv etmək üçün onun başını əzmək lazımdır. Və həm də orada belə bir fikir deyir ki, əl çəkin bu mədhiyyəçilikdən, qəzəlçilikdən. Qəzəlçilik, mədhiyyəçilik dövrü keçib və qul olan insanın mədh olunması isə yolverilməzdir. Çünki onu birinci qul olmaqdan azad eləməlisən. Burda bir dərin məna var. Əgər biz bir dili qul eləyiriksə, hansısa bir dilin kölgəsinə, hansısa bir dilin təsiri altına salırıqsa, biz o dildə nə qədər mükəmməl elmi əsər, bədii əsər, publisustik əsər yazsaq da, onun ruhu azad olmayacaq. Bu mənada, Azərbaycan dilinin yaxasını  başqa dillərin təsirindən qurtarmaq lazımdır. Yenə İ.Əfəndiyevin həmin əsərində bir yer var. Xurşudbanu Natəvan deyir ki, bizim o görkəmli parlaq ulduzlar, yəni, o, Nizamini, Füzulini nəzərdə tutaraq deyir ki, onlar ərəb-fars dillərinin təsiri altında olublar və onların yaradıcılığında bu dillərdə olan sözlər kifayət qədərdir. Nizami fars dilində yazıb. Füzuli türk dilində də yazıb, amma yaradılıcılığında ərəb-fars kəlmələri çoxdur. Onların dövründə ərəb, fars müqaviməti, istilası güclü olub və məcbur olublar ki, ərəb-fars kəlmələriindən istifadə eləsinlər. Başqa bir dilin doğma Azərbaycan dilini istila etməsi yolverilməz bir haldır. Çünki bu, düşüncədə dəyişiklik yaradır. Dilin lüğət tərkibinə yad, əcnəbi sözləri yerli-yersiz gətirməyə çıxarır və biz bu tarixi taleni yaşamışıq. Yenə İ. Əfəndiyevin “Xurşudbanu Natəvan” pyesində Nəvvabın dili ilə bir misal var. Deyir ki, biz indiyə qədər “islam” kəlməsinin nə zaman millət, nə zaman din adı olduğunu qarışdırmışıq. Axı “islam” din adıdır, o, millət adı deyil. Amma biz onu həm millət, həm dil adı kimi işlətmişik. Mən yada salıram 20-ci əsrin əvvəllərinini. “Müsəlman” deyəndə bu söz  həm millət, həm də dil adı kimi işlənib. 20-ci əsrdə C. Məmmədquluzadənin, Ü. Hacıbəyovun, Y. V. Çəmənzəminlinin, N. Nərimanovun və digərlərinin  yaradıcılığında da  “müsəlman” sözü həm din, həm dil adı kimi işlənib – Azərbaycan dilinin adı kimi. Yəni, nəyi demək istəyirəm? Bəzən əcnəbi dillərin, o cümlədən ərəb, fars dillərinin təsiri odur ki, o millətin, hətta dil adına da hücum edə bilib, dilin adını da əlindən ala bilib. Millətin adını da əlindən ala bilib. Ona görə mən yenə İ. Əfəndiyevin “Xurşudbanu  Natəvan” pyesində Xurşudbanu Natəvanın dilindən bir misal demək istəyirəm. O deyir : “Dil milli varlığımızdır. Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan milləti var, öz doğma ana dilimizdə, Azərbaycan dilində mükəmməl danışacağıq. Bunu gənc nəsil sevəcək və öyrənəcək”.

Hətta belə bir misal da deyir: “Homeri, Danteni, Şekspiri, Höteni, Puşkini öz doğma dilimizdə – Azərbaycan dilində oxuyacağıq”.

Bilirsiniz, müqayisələr var. Adını çəkdiyim klassiklərin – Homer, Dante, Şekspir, Höte, Puşkinin yazdıqları orjinal dildə də oxunmaqları yaxşıdır ki, biz əcnəbi dilləri də bilək. Amma bunu öz doğma dilimizdə oxumağımız odur ki, onların yazdıqları doğma ana dilimizin ruhuna uyğunlaşmalıdır. Bu, o deməkdir ki, biz onların yazdıqlarını doğma ana dilimizə uyğunlaşdırmaqla Azərbaycan dilinin imkanlarını ortalığa qoymuş oluruq. Ona görə mən inanıram ki, Azərbaycan dili dünyanın brend markalarının adlarını da doğma ana dilində ifadə etmək üçün bütün imkanlarını ortalığa qoya biləcək və bu da dilə sevgidən keçir. Mən İ. Əfəndiyevin əsərindən misalı əbəs yerə seçmədim. Bu, millətə, xalqa sevgidən keçir, yəni, bu sevgi bu dili bu günə gətirib çıxarıb. Bu sevgi bu dili yaşadıb. Ona görə bizim hər birimiz bu dili sevməli, onun qeydinə qalmalı, keşiyində dayanmalıyıq.

– Təkcə Bakının yox,  bölgələrimizin də bütün ticarət və iaşə obyektlərinin adı, demək olar ki, əcnəbi dillərdədir. Buna bir dilçi alim, ana dili, dövlət dili təəssübkeşi kimi münasibətiniz. 

– Bəli, nəinki bizim Bakı şəhəri, hətta regionlarımız, qəsəbələrmiz, rayonlarımız da yad, əcnəbi dillərin təsiri altına düşüb. Ayrı-ayrı reklamlar, plakatlar, şüarlar əcnəbi dillərdə yazılır və bu da yolverilməz haldır. Mənim yadıma Ş.İ.Xətayi ilə bağı bir misal düşür. Ş.İ.Xətayi üç şeyi bizə əmanət edirdi. Babalarımızdan qalan dilimiz, vicdanımız və vətənimiz. Bunlar ulu babalarımızın bizə əmanət saxladığı dəyərlərdir. Bunların içərisində dilimiz ən güclü dəyərdir. Bu dəyəri heç kəs poza bilməz. Mən dəyər deyəndə bir misalı yada salacam. N. Hikmət  vaxtilə Türkiyədə Bursa qalasında türmədə yatarkən Ədliyyə Nazirliyinin işçilərindən bir müfəttiş gəlir, onunla söhbət edir. Söhbətdən sonra Nazim Hikmət üzünü həmin Ədliyyə Nazirliyinin işçisinə tutub deyir: “Siz deyə bilərsinizmi ki, Ömər Xəyyam yaşadığı dövrdə ədliyyə müşaviri kim  olub?”

Müfəttiş bilmədiyini söyləyir.

– Siz Ö. Xəyyamı tanıyırsınız?

– Bəli.

Onda N. Hikmət ona deyir:

– Vaxt gələcək, N.Hikmətin kim olduğunu hamı biləcək, onun dəyər olduğunu biləcəklər. Amma N.Hikməti danışdıran müfəttişin kim olduğunu, bu dövrdə ədliyyə nazirinin  kim olduğunu bilməyəcəklər.

Bunu ona görə deyirdi ki, ədliyyə müşaviri ona yuxarıdan aşağı baxaraq danışırdı. Ona əyləşməyi belə təklif etmirdi. Həmin adam Nazim Hikməti sonradan çağırıb üzrxahlıq etsə də, şair ona məhəl qoymur. Sözümün canı odur ki, dil dəyərdir, onunla oynamaq olmaz, onun ruhuna toxunmaq olmaz. Onun başına oyun açmaq olmaz, onu yad, əcnəbi reklamların təsirinə salmaq olmaz. Çünki insanlar gəldi-gedərdi, gəlib yaşayırlar, dildən istifadə  edirlər, amma dil qalır. Dil bizdən qabaqkı babalarımıza, nənələrimizə, validenlərimizə, ulu əcdadlarımıza da xidmət  edib, bizə də xidmət edir, gələcək nəslə də xidmət  edəcək. Biz hamımız bu dünyada öz işimizi görüb gedirik, amma qalan dildir. Dil dəyərdir, ona  toxunmaq olmaz, onun ruhunu  incitmək olmaz. Bu mənada rayonlarda əcnəbi dillərdə yazılan reklamlar yolverilməzdir, bunun qarşısı alınmalıdır. O reklamlar dilin ruhuna, dəyərinə toxunur. Yeri gəlmişkən, mən bir müqayisəni də deyəcəm. Əcnəbi reklamların olmağı dili həm xaricdən, həm daxildən çökdürən amildir. Dili xaricdən çökdürən amil odur ki, bu gün dünyada dillər arasında rəqabət gedir. Zəif dillər güclü dillərin rəqabəti altında məhv olur. Xaricdə dil siyasətində də bu proseslər  gedir. Güclü dil zəif dili məhv edir. Daxildə dilin çökməsi odur ki, biz bilərəkdən və bilməyərəkdən əcnəbi reklamlar vasitəsilə dilimizi daxildən çökdürürük. Dillərin reklam istiqamətindəki imkanlarına kölgə salırıq, bu da yolverilməzdir. Mənim yenə yadıma dili daxildən və xaricdən çökdürməklə bağlı Türkiyədə baş verən bir analogiya düşür. Mustafa Kamal Atatürk Türkiyə cümhuriyyətini qurarkən onun xarici işlər naziri əcnəbilərlə görüşdə maraqlı bir fikir deyir. Deyir ki, Türkiyəni həm xaricdən, həm daxildən  çökdürmək istəyənlər olub. Amma Türkiyə ayağı üstə dayanaraq, daxilə və xaricə müqavimət göstərərək cümhuriyyətini qurub.Təbii ki, bizi istəməyən dövlətlər də, bizi istəməyən siyasətlər də var. Biz buna müqavimətli olmalııq, xaricdən və daxildən dil adlı dəyərimizə toxunanlara müqavimətli olmalıyıq.

-Yerli telekanallarda bayağılıq, ədəbi dil normalarının pozulması, varvarizmlərdən istifadə, ləhcələşmə get-gedə adi hala çevrilməkdədir. Bu haqda fikrinizi bilmək istəyərdim. 

– Bu, çox geniş sualdır. Bu gün telekanallarda dil normalarının pozulması müxtəlif istiqamətli, müxtəlif çeşidlidir. Əvvəla, bir qrup aparıcılar Azərbaycan ədəbi dilində dürüst, düzgün danışa bilmir, Azərbaycan ədəbi dilinin normalaına riayət edə bilmirlər. Dilin ruhu ilə oynayırlar, loru desək, dilin qol-qabırğasını sındırırlar. Ləhcə sözləri dilə gətirir, sözü düzgün tələffüz edə bilmirlər. Verlişlərə çağırdıqları müsahiblərin özləri Azərbaycan ədəbi dilində danışa bilmir, mövzunu qoya bilmirlər, mövzunu şərh edə bilmirlər, dinləyiciyə çatdıra bilmirlər. Əlbəttə, bu, telekanallarda olan ciddi problemlərdir. Telekanallar isə elə bir güzgüdür ki, ora baxan insanlar elə başa düşürlər ki, telekanallar idealdır və ordan öyrənmək lazımdır. Əslində, telekanallar idealdır, ordan  öyrənmək lazımdır, amma təəssüflər olsun ki, bizim telekalların böyük əksəriyyətindən öyrənməyə ehtiyac yoxdur, çünki orda öyrəniləsi bir şey yoxdur. Ona görə də mənə elə gəlir ki, telekanallar mükəmməl aparıcılarla işləməlidir. Diksiyası yerində olan, ədəbi dil normalarını bilən, lüğət tərkibi zəngin olan, Azərbaycan dilinin qayda-qanunlarını bilən, apardıqları proqramda qoyduqları məsələləri bir tədqiqatçı jurnalist kimi araşdıra bilən adamlar olmalıdır. Telekanallarda görüləcək işlərə çox böyük ehtiyac var. Efirdə qüsurlar o qədər çoxalıb ki, artıq adiləşib. Bəzən telekanallardakı aparıcıların aparıcılq səlahiyyəti məni bir dilçi olaraq narahat edir. Yəni, onların mənəvi haqqı varmı aparıcılıqla məşğul olmağa? Hər şeydən danışırlar, istədikləri mövzunu qoyurlar, amma o mövzunu dərindən öyrənmirlər. Ona görə də Azərbaycan dilinin ruhu incidilir. Azərbaycan dilinin imkanlarını üzə çıxarıla bilmir. Tədqiqatçılar sübut edir ki, hər bir insan doğma ana dilində danışması üçün zəngin lüğət tərkibinə malik olmalıdır. Aparıcıların bir qisminin lüğət tərkibi çox bəsitdir. Ona görə onlar Azərbaycan dilinin qaydalarına riayət etmir, hətta eyni sözləri təkrar edirlər. “Yəni”, “demək olar ki”, “ııı”,  “aaa”, “eee”, bax bu ifadələri işlətməklə göstərirlər ki, onların dilinin lüğət tərkibi bəsitdir. Nəyə görə? Çünki bədii ədəbiyyat oxumurlar. Hələ mən öz sahələri ilə bağlı elmi əsərləri demirəm. Tədqiqatçılar sübut edib ki, ingilislərin dərsliklərində 71 min sözü öyrənmək olur. Yəni, 1-ci sinifdən 11-ci sinfə kimi oxuyan uşaq orta məktəbi qurtardıqdan sonra onun dilinin lüğət tərkibində 71 min söz olur. O, 71 min  sözün imkanlarından istifadə edərək ingilis dilində danışır. Yaponlarda orta məktəbi bitirən uşağın 40 min söz ehtiyatı olur. Yəni, bu 40 min sözü o dərsliklər vasitəsilə öyrənir. İtalyanlarda bu göstərici 32 min, türklərdə bununla müqayisədə çox az – 6 -7 mindir.  Azərbaycanda bu göstərici, bəlkə də, 3-4 min söz ola, ya olmaya. Yəni, biz dərsliklərimizi elə mükəmməl qurmalıyıq ki, orta məktəbi qurtaran uşaqlar o dərsliklərin imkanı daxilində lüğət ehtiyatını zənginləşdirə bilsinlər. Bu zənginlik isə onların sərbəst, mükəmməl danışmağına gətirib çıxarar. Telekanallardakı qüsurların bir çoxu da burdan qaynaqlanır.

– Orfoqrafiya qaydalarında tez-tez dəyişiklik edilməsinin fəsadları hər addımbaşı görünməkdədir.  Biri obyektin qarşısına “kompyuter” yazır,  digəri “kompüter”,  bir başqası “komputer”. Müvafiq qurumlar bu məsələyə diqqət yetirmirlər, bu isə orfoqrafik anarxiya yaradır. Bununla bağlı nə deyə bilərsiniz? 

-Orfoqrafiya lüğəti hər 5 ildən bir təkmilləşmiş şəkildə yenidən nəşr olunmalıdır. Yəni, bunun mahiyyəti ondan ibarətdir ki, biz açıq bir cəmiyyətdə yaşayırıq, dünyanın müxtəlif dövlətləri ilə ictimai, iqtisadi, siyasi, sosial, mədəni əlaqələrimiz var. Dünya inkişaf edir, bu inkiaf da istər-istəməz iqtisadi, siyasi, mədəni əlaqələr nəticəsində müəyyən terminləri dilimizin lüğət tərkibinə gətirir. Onların yazılış qaydalarını bilmək lazımdır. Sovetlər dönəmindəki son Orfoqrafiya lüğəti 1975-ci ildə çap olunmuşdu. Ondan sonra bir də 2004-cü ildə çap olundu. Uzun müdət lüğət çap olunmadı. Nəyə görə? Çünki Sovetlər qapalı bir cəmiyyət idi, elmi-texniki tərəqqi indiki kimi deyildi, bir orfoqrafiya lüğəti 10 illərlə kifayət edirdi. Amma biz indi elə cəmiyyətdə yaşayırıq ki, əlaqələrimiz o qədır güclüdür ki, yeni-yeni sözlər gəlir, bunların orfoqrafiyasını bilmək lazımdır. Ona görə hər 5 ildən bir yeni orfoqrafiya lüğəti çap olunmalıdlr ki, yeni gəlmiş sözlər o lüğətə daxil olunsun və onun orfoqrafiya qaydası müəyyən edilsin. Amma burada da ciddi nəzarət olmalıdlr, tez-tez dəyişkənliyə yol vermək olmaz. Yeni orfoqrafiya lüğəti, artıq nəşriyyatdadır, çap olunacaq, mən onun rəyçilərindən biriyəm. İstərdim ki, tirajı çox olsun, insanlar orfoqrafiya qaydalarına riayət etməkdə çətinlik çəkirlər. Həm də ona görə ki, çap olunmuş orfoqrafiya lüğətlərinin sayı azdır. Onu çap edib, müəyyən müəssisələrə göndərirlər. Amma ayrı-ayrı evlərdə, tələbələrdə, şagirdlərdə, ziyalılarda lüğət olmur. Orfoqrafiya lüğəti hər kəsin stolüstü kitabı olmalıdır. Bu da dilimizin imkanlarını üzə çıxarmaqda,   Azərbaycan dilini qorumaqda böyük bir mənbəyə çevriləcək.

–  “Son illər ölkəmizdə özəl müəssisələrin sayı artır. Çox qəribədir ki, hərə öz müəssisəsinin önünə nə istəyirsə, onu da yazır. Buna bir nəzarət lazımdır. Axı o müəssisə sənin olsa da, onun qarşısında yazılan millət üçündür, bunlardan azərbaycanlılar istifadə edir. Bəs nə üçün ana dilindən istifadə edilmir, buna da milli qeyrət lazımdır?!” Bu sözlər mərhum akademik Ağamusa Axundovun 2010-cu ildə verdiyi müsahibədəndir. Sanki əvvəlki nəsil dilçilər  ana dilinə qarşı daha həssas idilər. Bu gün vəziyyət necədir? Müasir dilçi alimlərin dil məsələsinə münasibəti haqda nə deyə bilərsiniz? 

– Özəl müəssisələrin yaranmağı o demək deyil ki, o özəl müəssisənin üstündəki reklamlar əcnəbi dildə olmalıdır, bu, yolverilməzdir.

Azərbaycan dili ilə bağlı 2004-cü ildə qanun qəbul olunub. O qanunda aydın şəkildə  göstərilir ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir, bütün adlar, plakatlar Azərbaycan dilində yazılmalıdır və sonra, tutaq ki, bir şirkət, ingilis və ya fransız şirkətidirsə, o dildə də yazıla bilər, amma Azərbaycan dilindən sonra. Buna əməl eləmək lazımdır. Bu məsələyə ciddi nəzarət lazımdır. Şirkətlər, özəl müəssisələr hansı rayonlarda yerləşirsə, o rayonda yerli icra strukturlarının nəzdində bir Dil Komissiyası olmalıdır. Mən bunu dəfələrlə demişəm. Dil Komissiyası müntəzəm olaraq toplaşmalıdır. Mövcud müəssisələr, şirkətlər, özəl müəssisələr hansı rayona mənsubdursa, o rayonda hansı dil xətaları varsa, onu müzakirə etməlidir və qaydasına qoymalıdır. Çox təəssüflə qeyd edirəm ki, Bakı şəhəri və regionlarımızda özəl müəssələrdə dil qaydalarının işlənməsində çoxlu qüsurlar var. Bunun nəzarət mexanizmi yoxdur. İcra strukturlarında nəzarət mexanizmi yaradılmalıdır. Hər hansı bir müəssisəni açan insan bir iş adamı olar. Amma o, dil mütəxəssisi  deyil. Bir daha qeyd edirəm, yerli icra strukturlarında  komissiya yaradılmalı və dilçi mütəxəssislər mövcud ərazilərdəki müəssələrin adında olan dil qüsurlarını təhlil edib, rəhbərliyin nəzərinə çatdırımalıdırlar və səhvlər islah olunmalıdır.

Bu nəzarət mexanizmi yaradılmasa, mümkün olmayacaq.Yəni, hansısa alimin məqaləsi ilə, televiziya çıxışı ilə, müsahibəsi ilə bu məsələ həll oluna bilməz. Bu iş inzibati qaydada həyata keçirilməlidir.

– Bütün reklamları, ticarət və müəssisə adları əcnəbicə yazılmış Bakı küçələrindən keçərkən bir dilçi alim kimi özünüzü necə hiss edirsiniz? 

– Çox mənalı və məzmunlu sualdır. Mən bir dəfə də demişəm. Bir əcnəbi Bakıya gecə, lap elə gündüz vaxtı düşsə, o, elə təsəvvvür edər ki, bu xarici bir ölkədir və bu ölkədə  qarışıq dillər var. Burada hansı dildən istifadə olunması haqda özündə təsəvvür yarada bilməyəcək.

Çünki Bakını tanımayan, Bakıda yaşamayan insan Bakıya düşərkən, onun küçələrində gəzərkən əcnəbi dillərdə saysız-hesabsız reklamlarla rastlaşacaq. Bu, bizim milliyiyimizi əlimizdən alır, milli ruhumuza kölgə salır. Dilin dəyər olduğunu kölgədə saxlayır. Ona görə mən bir dilçi kimi o əcnəbi reklamları görərkən çox narahat oluram. “Oğuznamə”də. belə bir misal var. Deyir: “Söz eşdikcə örər”. Yəni, söz işlədikcə yüksələr, böyüyər, qədir-qiymətin artırar. Mən bunu dilə də aid edirəm. Elə o dövrün dili ilə deyirəm: “Dil eşdikcə örər”. Yəni, dil işləndikcə yüksələr, qədir-qiymətə, dəyərə minər.  Küçə-bazarlarda əcnəbi dillərdə reklamları asanlar Azərbaycan dilini işlətməməklə dilimizi hörmətdən salırlar. Axı dili işlətməlisən ki, o, hörmətə minsin.  Açıq demək lazımdır, onsuz da dilimiz arzuolunan səviyyədə işlənmədiyi  üçün  zəifləyir. Məsələn, biz dədə -babalarımızın, heç ali təhsili olmayan nənələrimizin lüğət tərkibində olan sözləri mənimsəyə bilməmişik, ona görə dil zəifləyir. İnsanlar keçmiş dövlərlərə aid, hətta 19-cu əsrə, 20-ci əsrin əvvəllərinə aid əsərləri gec mənimsəyirlər. Nəyə görə? Çünki o sözlərin mənasını bilmirlər. Çünki o sözləri işlətməyiblər.  Ona görə o sözləri işlətmək lazımdır. Əcnəbi sözləri işlətməklə Azərbaycan dilinin imkanlarını azaldırıq. Buna yol vermək olmaz, əlbəttə, bu, məni narahat edir və bundan məyus oluram.

Sizin verdiyiniz suallardan əlavə mənim bəzi təkliflərim var. Üzümü cəmiyyətə  tutub demək istəyirəm. Vaxtilə Azərbaycan cəmiyyətində  insanlar kitabxanalardan kitab alıb oxuyardılar. O kitablar onların lüğət tərkibini zənginləşdirərdi. Sonra o dövr gəldi ki, insanlar öz evlərində özləri üçün kitabxana yaratdılar. O kitabxanalardan  istifadə etməklə dilin lüğət tərkibini zənginləşdirdilər. Çox təəssüflər olsun ki, indi ailələrdə insanların böyük əksəriyyəti nə kitab alıb oxuyur, nə də evdə özlərinə kitabxana yaradırlar. İndi ailələrdə heç kitabxàna yoxdur, evinə kitab yığanlar çox azdır. Ailə üzvləri kitab oxumurlar. Bu, Azərbaycan dilinin imkanlarına, nüfuzuna xələl gətirir.  Oxumadan doğma ana dilində mükəmməl danışmaq olmaz, oxumadan Azərbaycan dilini sevmək və sevdirmək olmaz. Mənim arzum bundan ibarətdir ki, insanlar oxusunlar. Oxuduqca bədii əsərlər vasitəsilə dillərinin lüğət tərkibini inkişaf elətdirəcəklər, doğma ana dilində danışmaqla qürur duyacaq və doğma ana dilini ətrafdakı insanlara da sevdirəcəklər.  Doğma ana dilni qorumaq təkcə dilçilərin, mütəxəssislərin işi deyil. Hər bir kəsin işidir. Hər kəsin müqəddəs borcu ondan ibarətdir ki, doğma ana dilində mükəmməl danışmağı, yazmağı bacarsın. Bu yolda mən hər bir azərbaycanlıya vətəndaşlıq, vətənàpərvərlik, təəssübkeşlik arzulayıram. Diqqətinizə görə sağ olun.

Gülyaz Əliyeva