Çox zaman yaşlı adama hörmət əlaməti olaraq “Siz” deyə müraciət olunur. 2-ci şəxsin cəmini bildirən “siz” dən fərqli olaraq bu söz böyük hərflə yazılır.
Deyilənə görə, bu müraciət forması Qədim Romada yaranıb. Roma dövlətini eyni zamanda iki konsul idarə edirdi. Konsullar məsləhətləşib bir yerdə qərar qəbul edirdilər. Romanın ali məclisi olan senat qarşısında çıxış edərkən hər bir konsul özü haqqında “mən” yox, “biz” deyirdi. Bununla da o, qərarın hər iki konsul tərəfindən qəbul edildiyini bildirirdi. Senat üzvləri və şəhər sakinləri də konsula “Siz” deyə müraciət edirdilər.
Məşhur Roma imperatoru Qay Yuli Sezar 41 yaşında ikən Romanın konsulu seçildi. Onunla yanaşı ikinci konsul da var idi. Lakin öz qətiyyəti ilə seçilən Sezar digər konsulu elə qorxutdu ki, o, Sezarın işlərinə qarışmağa cəsarət etmədi. Artıq Qay Yuli qərarları təkbaşına qəbul edirdi. Buna baxmayaraq o da ənənəyə sadiq qalaraq özü haqqında “biz” deyirdi. Maraqlıdır ki, qədim türklərdə də yaşca böyük, hörmətli adama ehtiram əlaməti olaraq “Siz” deyə müraciət edilib.
XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğarlı türk xalqlarının tarixində ilk lüğət hesab edilən məşhur əsərində bu sözün izahını belə verib: “Siz – böyük və sayılan adamlara sən əvəzinə işlədilən söz”.