- Köşə

Pərvanə BAYRAMQIZI. Əkrəm Əylislini indi onu sevməyənlərdən də qabaq sevmirdim

Paytaxtda IV Milli Kitab Sərgisi keçirilir. Bir çoxumuz bundan məmnunuq. Sönük ya qələbəlik olması bir yana, həm kitab, mütaliə adına əla təşəbbüsdür, həm də pandemiyanın səssizliyindən sonra yaxşı gurultudur. Həmişə olsun. Onu da qeyd edim ki, bundan əvvəlki sərgidə iştirak etdiyim günlərdə daha çox insan, daha çox həvəs vardı. Deyəsən, bu karantin rejimindən qurtulmağın bayramı imiş. Budəfəki iştirakımda odəfəki canlanmanı görə bilmədim. Bəlkə də, mən iştirak etmədiyim günlər vəziyyət əla olub, onu deyə bilmərəm.

Qələm adamları ilə görüş keçirilməsi də təqdirəlayiqdir, bu həm də vacibdir. Nə üçün vacibdir, onu geniş izah etmək əlavə vaxt aparacaq.

Çoxumuz yazıçılarla, şairlərlə görüşmək, onlara beynimizə yük olan sualları verməyə maraqlıyıq. Mən özüm də sevdiyim imza sahiblərinin görüşünə sevə-sevə gedirəm. Təəssüf ki, çox vaxt iş saatıyla uyğun gəlmədiyindən bu istəyimi həyata keçirə bilmirəm.

Sərgidə dünən Əkrəm Əylisli ilə oxucuların görüşü keçirilib. Tükü tükdən yox, sözü sözdən, mövzunu mövzudan seçən, heç nədən gündəm yaradan, bəzən süni yaradılan gündəmi də alt-üst edən bizimkilər Əkrəm Əylisli ilə olan görüşə laqeyd qalardılar? Xəbəri carçılar bir anda yaydılar. Görüşü nə canlı izlədim, nə də sosial şəbəkələrdən. İmzasına marağım yoxdur. Səbəbi nə kimsəyə xoş görünməkdir, nə də yıxılana balta vurmaqdır. Mən Əkrəm Əylislini indi onu sevməyənlərdən də qabaq sevmirdim. Siz Allah müştəbehlik saymayın. Qaranlıq qalası bircə fikir də olmasın deyə aydın yazacam, xahiş edirəm diqqətlə oxuyun ki, (əlbəttə, yazılarıma marağı olanları nəzərdə tuturam) özümü uzaqgörən sandığımı düşünməyəsiniz. Nə də mən oxumamışam deyə Əkrəm Əylislinin oxucu itirdiyini zənn etmirəm. Onun imzasına, bir neçə ildir ətrafında baş verənlərə münasibətimi özüməməxsus şəkildə bildirəcəm.

Məktəbdə oxuyan vaxtlarımızda bacım Ə.Əylislinin əsərlərini oxuyanda ürəyimdən olmurdu. Özü oxuduqlarını mənim də oxumağımı istəyirdi, amma nədənsə heç cür bu yazıçını sevmirdim, bacımın da oxumağını istəmirdim. Di gəl ki, bunu nə ilə əlaqələndirəcəyimi bilmirdim. Əslində niyə istəmədiyim özümə məlum idi. Bunu arqument kimi göstərməyə cürətim çatmırdı. Əsassız hesab olunardı. Onu sevməməyimin səbəbi sizə qəribə görünə bilər; yazıçının gözlərindəki ifadə, üz cizgiləri həmişə məndə pis hisslər oyadıb. Baxışlarında qəribəlik var. (Hələ də bunu sezirəm) Dodağının ucuna süni təbəssüm, istehza qonub. Cizgilərindən həmişə narahat olmuşam. Heç cür ürəyimə yatmırdı. Yazıçının baxışlarında geniş təhlil etmək istəmədiyim mənalar duyurdum. Uşaq yaşlarımdan insanları üzlərindəki ifadədən tanımaq qabiliyyətim var. Heç kəsə qərəzlə, təmənna ilə yaxınlaşmıram deyə adamlar haqqında düzgün fikir söyləyə bilirəm. Ədalət hissim qəzəbimdən də, sevgimdən də güclüdür. Yazıçını nə hakim təbəqəyə münasibətinə, nə də “Daş yuxula”a görə dəyərləndirmirəm. Oxumamışam əsəri, bu barədə heç nə deyə bilmərəm. Mənim yazıçıya münasibətim yalnız hissiyyatla əlaqəli idi ta ki, Bakıya yeni köçdüyümüz illərdə haqqında eşitdiklərimədək. Qərəzsiz, qalmaqalsız bir ziyalı onunla bağlı bir neçə əhvalat danışanda ilk dəfə dilimə gətirdim ki, mimikasından onun məhz belə adam olduğunu hiss edirdim. Həmin ildə “Ürək yaman şeydir” hekayəsini oxudum. Yaxşı hekayədir, bəyəndim. Oxucunu qayğıkeşlik, dostluq, sevgi haqqında müsbət qənaətə gətirəcək məqamlar var orda, amma  yenə bağlana bilmədim yazıçıya. Çox illər sonra televiziyada sözügedən əsərin haqqındakı çıxışını izlədikdə yanılmadığıma əmin oldum. Onu qınadılar ki, əsərdə ermənilərin əməllərinə haqq qazandırmısınız. Dedi hər cümlənin altından imza ataram, yazdıqlarım həqiqətən baş verib, sizsə demək istəyirsiniz ki , lazım idimi bunu yazmaq. (Fikirlərini azca fərqli yaza bilərəm) Gördüm ki, adam özünü haqlı sayır, bu “haqlı” haqsızlığını da car çəkib millətinin erməniləri incitdiyini sübut etməyə çalışır. Məhz bundan sonra mən də ona qarşı münasibətimdə haqlı olduğumu bacıma sübut etməyə çalışdım.

Bununla bəsirət gözümün hər şeyi gördüyünü demək istəmirəm. Əkrəm müəllimi dahi hesab edəcək qədər ədəbiyyatdan xəbərsiz, kitablarını yandıracaq qədər də cahil deyiləm. Sadəcə, şagird vaxtlarımdan əmin idim ki, nə vaxtsa hamı mənim onda sezdiklərimi görəcək. Bu oldu.

İndi də “işıqlı adam” deyib başına toplaşdığınız bir tanınmış var, ha çalışıram onda işıq görə bilmirəm. Bir ziyalı ki, müəssisələrdəki düzgün olmayan işləri bilsin, özü də çalışdığı yerdə bu “qaydalara” “sədaqətlə” tabe olsun işıq onun harasından gələr bilmirəm.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova