- Köşə

Pərvanə Bayramqızı. Düşünülmüş pislikləri “zərərsizləşdirək”

Efiri, aparıcılığı gözdən salmaq üçün yaxşı aparıcılar, müğənnilər var. Di gəl ki, xalq onları sevir, alqışlayır, özlərini bu peşələrin sahiblərinə oxşatmağa çalışırlar. Onların həyat tərzini təqdir edirlər.

Ha çalış, yaxşı nəsə ötürəsən, ha çalış kitab təbliğiylə məşğul ol, ha çalış ədəbi-mədəni mövzulara sövq edəsən, axırda səndə müğənnilərin rəftarını görməyib irad tutalar. Evinin onlarınkı kimi olduğunu təsəvvürlər edələr. “Qapalıdır, zövqsüzdür” deyib geyimini bəyənməyələr. Adamlar yazıçıyla, ziyalıyla, sənətkarla studiyada cır səsini “formaya saldırıb” yazdıranları, reklam üçün işləyənləri qarışıq salırlar. Hətta onları daha üstün sayırlar.

Ömrünü yollarımızı işıqlandırmağa sərf edənlərin ruhları şad olsun. Böyük maarifçilər necə zülüm çəkiblərmiş. Hələ ötən əsrdəki vaxtımızdan xeyli inkişaf etmişik. Yeni “iməklədiyimiz” vaxtları təsəvvür edəndə o dövrdəki ziyalıların dəli olmadıqlarına təəccüb etməyə bilmirəm. Yaradan bağırları çatlasın deyə hər qaranlıq mühitə beş-on işıqlı insan bəxş edir. Axırda özləri işığa həsrət qalırlar.

Hazırda yaşayan ziyalılarımızı Azərbaycanın sərvəti sanıram. Əqidəsi bəlli olan, nümunə göstərən savadlı, istedadlı insanları qorumalıyıq. Nə üçün bu cür tanınanlar üçün ayrıca veriliş hazırlamırlar? Niyə tamaşaçılara yaxşı şeylər ötürə biləcək ziyalıları tez-tez  diskusiyalara dəvət etmirlər?

Nədənsə televiziya rəhbərlərinə elə gəlir ki, efirə buraxdıqları nadanlar hamının ürəyincədir. Aqressiyası, həyasızlığı səs tonundan, jestlərindən bəlli olan aparıcıdan bezənlər də var.

Əslində, onların təbliğinə daha çox başqaları şərait yaradır. (Özünüz məndən yaxşı bilirsiniz.)

Uşaqlara canım yanır. Düşünürəm, onları hansı cəmiyyətə ötürəcəyik? Rüşvəti, ədalətsizliyi, yaltaqlığı, qorxaqlığı bol olan mühitdə uşaqlar necə böyüyəcəklər? Bu qədər problemi bəxşiş kimi rahatca onlara verməyə adam xəcalət çəkir. Uşaqlardan nə tələb edə bilərik? –

Yaltaq olma? Deyər, özün niyə yaltaqlanırsan? Qorxaq olmamağı tapşırsaq, soruşar, hansı cəsarətinlə öyünürsən?

– Rüşvət alma! Ədalətli ol! – deyəndə – Özün niyə əməl etmirsən? – ittihamı eşitmərik?

Övladdan tələb etdiyimiz davranışlara birinci özümüz sahib olmalıyıq.

Böyük böyüklüyündə qalsa, özü kiçilməz, kiçikləri də BÖYÜDƏR.

Gələcək nəsillərin yanında üzüqara olacağımız əməllərdən uzaqlaşıb onları xilas edək.

Öz adımdan deyim ki, gücüm təbliğat işinə çatır. Bir də yaxşı nümunə göstərməyə. Hər ikisini etməyə çalışıram. Məndən böyüklərdən öyrənir, kiçiklərə ötürürəm.

Beş-on nəfər kitabxananın yolunu tanıqdıqlarım, üç-dörd nəfər dünyagörüşünün dəyişməsində rolum olduğunu etiraf edənlər, bir-iki nəfər yamsılamağa çalışanlar olmasaydı, səylərimə Sizif əməyi deyərdim.

Sağ olmuşların bir qismi də ideyalarımı həyata keçirməklə məşğuldurlar. Bu da pis deyil. Müəllif hüquqlarını tapdasalar da, əsas odur, arabir yaxşı işlər görülür. Hər kəs öz sahəsində, öz növbəsində pisliyə qarşı çıxsa, cəmiyyətə faydalı olar.

“Qoymurlar” dediniz?

Bəs mübarizə, əqidə, mövqe, prinsip adlanan məfhumlar boşuna işlədilir?

Ümumi işin xeyrinə hər kəs öz prinsipinə sadiq qalsa…

Sözümü kəsib nələr deyəcəyinizi bilirəm.

Deməyin. Bircə şeyi düşünək – bu milləti məhv etmək üçün düşünülmüş pislikləri “zərərsizləşdirək”.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova