- Dil, Köşə, Manşet

Aygün ƏZİZ. Monitorinq Mərkəzində ad-soyad müzakirəsinə sözardı

Yanvarın 12-də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Türk ad və soyadlarının transliterasiyası” mövzusunda dəyirmi masa keçirildi. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin üzvü kimi tədbirə biz də dəvət almışdıq. Tədbirdə mövzu ilə bağlı fikirlərimin bir hissəsini səsləndirsəm də, hamısını izhar etməyə vaxt və imkan olmadı. Buna görə onları dəyərli oxucularla bölüşməyi qərara aldım.

Birbaşa mətləbə keçib demək istəyirəm ki, əcnəbi şəxs adlarının fərqli yaşılışı ilə bağlı problemlər çoxdandır ki, mövcuddur. Bəlkə, iyirmi il əvvəl Çinin Azərbaycandakı səfiri, ondan bir xeyli sonra isə ABŞ-ın ölkəmizdəki səfiri xanım Enn Dörsinin ad və soyadının fərlqi yazılması səfirlərin özlərinin də açıqlama verməsi ilə nəticələnmişdi. Təəssüf ki, deyilən problem elə indi də var.
Türkiyədə işlənən şəxs adlarının həm mənbə dildə olduğu kimi, həm də Azərbaycandakı qarşılığı kimi işlənməsi xüsusilə diqqəti cəlb edir. Məsələn, Nobel mükafatı laureatı Əziz Səncərin adı-soyadı ən populyar saytlarda “bütün mümkün variantlarda” yazılır: Əziz Səncər (president.az), Əziz Sancar (AzərTAc), Aziz Sancar (APA).

Türkiyənin Vitse-prezidenti Fuat Oktayın ad-soyadının yazılışında saytlar arasında “konsensus” var – Türkiyədəki kimi yazılır. Hər iki ad Azərbaycanda şəxs adı kimi işlənildiyi halda, onların Türkiyə orfoqrafiyası ilə yazılması təəccüblüdür. Bəzən eyni adın eyni saytda iki cür yazılması hallarına da rast gəlirik: “Sentyabrın 14-də Bakıda Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi, professor Fəxrəddin Altunun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimat mərasimi keçirilib (AzərTAc, 14 sentyabr 2022 ), “Türkiyənin səhiyyə naziri Fahrettin Koca…” (AzərTAc, 14 oktyabr 2022).

Məlumdur ki, şəxs adları obyekti başqalarından fərqləndirməyə xidmət edən və identikləşdirən sözlərə deyilir. Başqa sözlə, şəxs adları fərdiləşdirici nominasiya funksiyasını yerinə yetirir. Ona görə də bəzi ümumi isimlərdən fərqli olaraq, onların bir neçə variantda yazılması doğru deyil. Xüsusən ölkənin yuxarıda sadalanan mötəbər resurslarındakı eyni adın və soyadın fərqli şəkildə yazılması çaşqınlıq yaratmaqla yanaşı ictimai məyusluq doğurur.

Nə etməli? Əcnəbi şəxs adlarının yazılışı ilə bağlı iki ifrat yanaşma ola bilər.
1. Bütün şəxs adları mənbə dildəki kimi yazılsın. Bunu iddianı irəli sürənlərin arqumenti bu ola bilər ki, ad və soyad şəxsiyyəti təsdiq edən sənəddəki kimi yazılmalıdır. Ölkə daxilində bu qaydaya əməl edilir: Usubov – Yusifov, Əbülfəz – Əbülfəs və s.
Amma bu, mümkün deyil. Çünki neçə onilliklərdir, bizdə formalaşan yazı ənənəmizə, daha sonra isə orfoqrafiya qaydalarına uyğun olaraq, adətən, əcnəbi adları dilimizə uyğunlaşıdırıb, bir növ azərbaycanlılaşdırıb yazırıq. Çox uzağa getməyək, mətbuatımız fəaliyyətə başlayandan Abdulaziz yox, Əbdüləziz, Abdulhemit yox, Əbdülhəmid, Kemal yox, Kamal, Reşat yox, Rəşad, Ahmet yox Əhməd və s. yazmışıq. Digər tərəfdən, bu qayda ilə – mənbə dilə sədaqətlə yazsaq, onda gərək bunu digər dillərdən olan şəxs adlarına da tətbiq edək. Bu halda Qorki yox, Qorkiy, Gennadi yox, Qennadiy və s. yazmalı olacağıq ki, bu da mümkün deyil.

2. Bütün şəxs adları dilimizə uyğunlaşdırılsın. Bu halda Cozef Baydeni Yusif Bayden, Ciftçi-ni Cütçü, AkarAxar yazmalıyıq ki, bunu da qəbul etmək olmaz.  Fikrimizcə, indiyədək olduğu kimi, Türkiyədə işlənən şəxs adlarını dilimizdəki qarşılığı kimi yazmalıyıq. Amma Türkiyədə şəxs adı olan həmin sözlər bizdə şəxs adı kimi işlənmirsə, onda konkret sözü mənbə dildəki kimi saxlamağın məqsədəuyğun olub-olmaması barədə ayrıca qərar verilməlidir. Amma yuxarıda gördüyümüz kimi, mötəbər hökumət və dövlət resurslarında Fuad, Oqtay, Fəxrəddin kimi adların mənbə dildəki kimi verilməsinin şahidi oluruq (Fuat, Oktay, Fahrettin). Deyilən şəxs adlarının belə yazılması doğru deyil və bu səhv təshih edilməldir.

Qardaş Türkiyədə, düşünürəm ki, bu məsələni biz deyən kimi həll ediblər. Onlar Azərbaycan ad-soyadlarını özlərindəki qarşılığı kimi verirlər:

Məsələn, Tofiq – Tevfik, Heydər – Haydar, Murad – Murat, Xədicə – Hatice kimi yazılır və deyilir. Başqa bir istinadlı misal: “Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, eşi Mihriban Aliyeva ile Nevruz ateşini yaktıktan sonra ulusa seslendi” (cumhuriyet.com.tr).
Bu praktika Azərbaycan şəxs adlarının rusca yazılışında da özünü göstərir. Bu adlardakı səsləri ifadə etmək üçün müvafiq hərflər olsa da, rus dilində Qasım yox, Kasum, Qulu yox, Kuli, Mirze və ya Mirza yox, Mirzo yazılır və s. Ona görə də bir daha bildirmək istəyirəm ki, fikrimizcə, indiyədək olduğu kimi, Türkiyədə işlənən şəxs adlarını dilimizdəki qarşılığı kimi yazmaq daha doğrudur.

Daha bir xüsusa dair fikirlərimi də bildirmək istərdim. Məlumdur ki, Türkiyə əlifbasında bəzi fonemlərin ifadəsi üçün ayrıca hərflər yoxdur. Ona görə bizdə şəxs adı olmayan türk adlarını yazanda bunu nəzərə almaq olar. Məsələn, Edirnə toponimini Ədirnə yazırıq, analoji şəxs adlarını yazanda da bu qayda tətbiq edilə bilər. Məsələn, Elvan. Türkcədə bu söz əlvan kimi tələffüz edilsə də, fonemin ifadəsi üçün müvafiq hərf olmadığından “Elvan” yazılır.

P.S.
Korkmaz, Yıldırım, Tayyip kimi adların şəxs adları siyahımızda qarşılığı olsa da, türkcə olduğu kimi yazılır. Fikrimcə, türk ad və soyadlarının transliterasiya lüğəti hazırlanarkən bu iradım nəzərə alınmalıdır.