Özümdən danışacam. Özümlə danışacam.
Özüm, bilirsən ki, həyatda səndən əziz, səndən doğma sandığım bir neçə nəfər var. Bundan incimədiyin üçün təşəkkür edirəm. Amma o əzizlərdən, doğmalardan çox məni sən anlayırsan. Sevincimi başqalarıyla, kədərimi isə sənlə böldüyümü üzümə vurmursan, buna görə səni dost kimi sevirəm. Xəstə insanlara can yandırıb səni xəstələndirdiyimi də görməzdən gəlirsən. Boynumda haqqın çoxdur. Borcundan çıxmağa çalışmaq əvəzinə, gündən-günə özümdən çıxıram. Ona da mane olmursan, hara getsəm, arxamca gəlirsən. Özüm kimi sevdiklərim nankor çıxdıqca, mən də özümə zülüm verirəm. Adam səhvini də özündən gizlədə bilmir. Vicdanlılar yol verdikləri yanlışa görə birinci özlərindən utanırlar. Məni kim bağışlasa da özüm heç vaxt bağışlamayacam. Özümə etdiyim pisliyin zərrə qədərini yada etməmişəm, özümə yalan danışıb inandırmağa çalışdığım kimi bir uşağa da olmayan şey haqqında söhbət açmamışam. Özümün itirdiklərimi başqalarında tapanda sevinmişəm. Məni ovudan insanların xoşbəxtliyindən məmnun olmağımdır. Məndən zərər yoxdur, təki hər şey millətimizin ürəyincə olsun. Mənimçün əhatəmdə olanların üzlərindəki təbəssüm həyat eşqidir. Ən böyük arzum həmvətənlərimizin günlərinin daima xoş keçməsidir. Çəkdikləri müsibətlər bitsin daha.
Yaradandan həmişə Eldar Baxışın təbirincə bir istək diləmişəm:
– İlahi, nə etsən, sən mənə elə,
İlahi, bu xalqla işin olmasın!
Sevdiyim, bayıldığım bir sahə var – ədəbiyyat.
Siyasətdən zəhləm gedir.
O yerdə ki, ssenari yazılır, hər şey planlaşdırılır, nəyisə qazanmaq üçün kimisə qurban verməli olursan, ürəyin rolu olmur, hər şeyi beyin tənzimləyir, ruh ölür, robotlaşma gedir orda səmimi, təbii hisslər ölü vəziyyətində olur. Ya da heç olmur. Belə bir sahə mənimçün cazibədar ola bilməz.
Bir partiyam var – Azərbaycan! Vətənin köhnəsi, yenisi olmaz. Adı keçən kiçik təşkilatın da layiqli olmasını istəyirəm.
Nə iqtidarım var, nə müxalifətim. İkisi də mənimçün eyni ananın yola getməyən övladlarıdır. Bədbəxtlik ananı tapır.
Azərbaycanı sevən, onu qoruyan, azadlığına çalışan kim olsa, rəhbərimdir.
Erməni kimi qəbul etdiklərim millətinin beynini zəhərləyən, yanlış istiqamətə yönəldənlərdir.
Cəzasına çatmaqlarını istədiklərim xalqın haqqını tapdayanlardır.
Nə sadə insanların təziminə həvəskaram, nə də səlahiyyətlilərin mükafatına.
Maddi durumuna həsəd aparmayıb qarşısında dik dayandığımın gözləri önündə saf niyyətli insana baş endirərəm.
Mənə köməyi dəyməyən yaxşı adama pis, köməyi dəyən pis adama da yaxşı demərəm.
Heç nəyə şirnikib təslim olmaram, təkcə sevgi məğlub edər məni.
Vətənin tikanlı çöllərini də, cahilini də sevməliyik ki, özümüzə təslim olub, yadlar üçün qürurumuzu qoruyaq.
Bilirsiniz, bunları niyə yazdım?
Bildirmək istədim ki, heç bir partiyadan, təşkilatdan, qurumdan bir istəyim, kiməsə nifrət hissi ilə yaşamağım yoxdur, ona görə də yazacağım fikrin arxasında nəsə axtarmayın, sadəcə, bildirmək istəyirəm ki, Əli İnsanovun siyasi əqidəsini anlamağa çətinlik çəkirəm. Pis də olsa, yaxşı da olsa, siyasətçinin mövqeyi bəlli olmalıdır. İnsan (ov) neçə əqidəyə sahib ola bilər? Konkret sayı var?
Ola bilsin, siyasətdən anlayışım yoxdur.
Arxivi, kitabxananı xəzinə sandığımı, işdən çıxıb, məişət işlərini buraxıb ancaq yazmaq istədiyimi, dərdimin təkcə vaxt olduğunu ifadə edən status paylaşmışdım. İradə Tuncay rəy yazdı ki, xoşgünlü birini tapdım. Bundan sonra da yeni yazısının linkini paylaşıb qeyd edib ki, xoşgünlü bəxtəvərlər üçün deyil. Məntiqlə yazını mən oxumamalı idim.
Yazdım, İradə xanım, bayaq paylaşımıma yazdığınız rəyə, (xoşgünlü birin tapdım) bir də statusunuza əsasən (xoşgünlü bəxtəvərlər üçün deyil) yazını oxumamalı idim, amma oxudum. O da: “təki olasan (xoşgünlü bəxtəvər) yazdı. Bə mən nə cavab versəm, yaxşıdır? – Adam Yaradandan çox şey istəməyəndə özünü xoşbəxt sanır. Gərək xoş günü özün özünə nədənsə yaradasan.
Başqasını yox, özümü aldatmağı bacarıram. Məsələn, deyirəm, nə qəmin var, ay bəxtəvər? Amma gələcək “planımı” açıb-ağartmadım. Demədim ki, özümə o qəddər ( “O” qəddər yox, “N” qədər) yalan danışmışam ki, bir gün tutacam yaxamdan hamısını üzümə çəkəcəm. Deyəcəm, utanmadın məni aldatmağa ki, “hər şey gözəldir həyatda?” Elə bircə kəlmə bunu desəm, xəcalət çəkməyə bəs edəcək.
“Deyirəmkin”, deyəsən, yaxşı kitabxanaçıyam.
Bunu Cess Şira təsdiqləyir. Bu barədə bir azdan! Saytı dəyişməyin, bizimlə qalın.
Hərdən adamın ürəyindən özünü tərifləmək keçir.
Hərdən yox ee, hərrrr dəfə (r-ların çoxluğu orfoqrafik xəta deyil, real vəziyyətin yüksək səviyyədə olduğunu göstərmək üçün çoxaltma dərəcəsi şəklində qəbul edin görəndə ki, əməllərin pakdır, onda dəli bir təriflənmək keçir könlündən. Biləndə ki, heş kim tərifləməyəjək, onda başlayırsan özün özünü tərifləməyə. “Mən!”, “Mən!” “Mən!”
Neynəyək, heç kəs “Sən!”, “Sən!”, “Sən!” demir.
Bax indi siz tərifləsəydiniz, mənim nəyimə lazım idi, məni tərifləmək. Məcbur etdiniz.
Utanın! Mən də utanıram, özümü tərifləyəndə. Amma Çingiz Abdullayev demiş, ölməyək utanmaqdan, gülək, eynimiz açılsın.
Kitabxanaşünaslar bilirlər, C.X.Şira yaxşı kitabxanaçının üç mühüm əlaməti olduğunu yazıb. Bildirib ki, kitabxanaçı hərtərəfli biliyə və düşüncəyə malik olmalı, ona aid olan materiallara sahib olmalı, onu bilməlidir. Bu bilikləri başqalarına elə üsullarla aşılamalıdır ki, onlar üçün mənalı və qiymətli olsun.
Şiranın kitabxanaçıda vurğuladığı üçüncü mühüm əlamət yumor hissidir.
N.Rubakin də insanlara bilik, zəka və əhval-ruhiyyə verməyi xüsusi qeyd edib.
İndi bildiniz arada niyə zarafat edirəm?
Özü də bunlar elə-belə zarafatlar deyil ha. Özünüz bilirsiniz nətəri zarafatlardır.
Gülmədiniz?
Yaxşı elədiniz, atalar deyif dana: “Güldürən yanında oturmayın, ağladan yanında oturun”.
Siz də “nerviləndirənlərin yanında oturuf deyinirsiniz”. Özünüz bilərsiniz.
Heç kəs mənə rəqib gözü ilə baxmasın, rəqabət aparılası adam deyiləm. Rəqibimin uduzduğunu görəndə təslim olan adamam.
İnsanlardan maddi umacağım yoxdur, heç kəs deyə bilməz ki, kimdənsə özüm üçün nəsə xahiş etmişəm. Umduğum, gözlədiyim yalnız saflıq, ədalət, mehribanlıqdır, onu da “şişin burnunda” verirlər. Yaltaqlanmıram deyə haqqımı tapdayır, xəbərçilik etmədiyim üçün sözümü eşitməzliyə vururlar. Adamların adət etdikləri ədalətsiz qaydalardan uzağam. Heç yerdə görünmürəm, yazdıqlarımı heç kəsə zorla oxutdurmur, haqqımda kimisə yazmağa məcbur etmirəm. Oxuyanlar da, yazanlar da öz istəkləri ilə ediblər. Pisliyi unutsam da, qarşılıq gözləmədən yaxşılıq edən insanları yaddan çıxarmaram. Mənə yalnız mənəvi keyfiyyətləri üstün bildiyindən hörmətlə yanaşanları həmişə əziz biləcəm.
Əsəbiləşəndə sakit vəziyyətimdəkindən də mədəni oluram. İki dəqiqəlik hirslə ömürlük xəcalət çəkmək istəmirəm. Bilirəm ki, dediyim hər hansı sözə görə hirsim soyuyandan sonra peşman olacam, odur ki, hövsələmi qoruyuram. Onu da boynuma alım ki, hirslənəndə kobud ifadələr yadımdan çıxır, çünki hirslənməyəndə də o cür sözlər bilmirəm.
Susmağım dəhşətli olur. Susmuşamsa, heç nəyə etiraz etmirəmsə, demək, nələrsə, kimlərsə əhəmiyyətini itirib.
Olmadığım kimi olmağa məcbur edənlərə heç vaxt təşəkkür etməyəcəm. Varlığıyla cəmiyyətimizi gözəlləşdirənlərə isə özümü həmişə borclu sanıram. Sağlığınızı istəyirəm.