Uzun illər bir yerdə ömür sürən ər-arvadın ətrafdakıların nəzərində yaratdıqları “silah ailə” (möhkəm təməlli) heç də göründüyü kimi olmur. Tanıyanlar onları adət etdiyimiz minlərlə azərbaycanlı ailəsi kimi yaxşı ailə sanırlar. Çünki ev qurub, övlad böyüdüb, təhsil veriblər. Nəvə-nəticə sahibi olublarsa, deməli, xoşbəxt ailədirlər. Onları nümunəvi ailə kimi göstərirlər. Heç kəs onların bu vaxta necə gəlib çatdıqlarının fərqində olmur. Nəylərinə gərəkdir, həmin ər-arvad savaşıb, bir-birinə təhqir yağdırıb, günlərlə küsülü qalıblar. Nəylərinə gərəkdir, uşaqları döyüb-söyüb böyüdüblər, əyləncələrini təmin etməyiblər.
Ər arvadını incitdikcə, ananın hirsini uşağa tökməyi heç kəsə maraqlı deyil. Əksər ailələr belədir. Ailənin “möhkəm olması üçün” bu cür şeylər bizdə adi hal kimi qəbul olunur.
Bizdə ər istənilən məqamda arvadın üstünə qışqıra bilir. Bu onun evdə sözükeçən olduğunu göstərir. Buna görə hətta hörmət qazanır. Ata-anasının gözündə qeyrətli oğul olur. Elə ki, qadına xoş söz deyib ədəblə buyurdu hamının gözündən düşür, bu dəfə “arvadağız” “titulu” qazanır. Cəmiyyət onu pis tanıyır. Savaşan ər-arvadın işinə qarışan olmaz, bir-birinə mehribanlıqla yanaşan ər-arvadı isə hamı qınayar.
Bir gün bir ailə dağılanda müzakirə edənlərin siyahısını tutmaq çətin olur. Ağıl öyrədənlərin də həmçinin. “Yaxşı dolanırdılar birdən birə nə oldu?” deyə hamı sual verir.
Ay insanlar, heç nə birdən-birə olmur. İllərlə ürəyə yığılan əzab axırda sahibini dilə gətirir. Adam illərlə dözdüyü təhqirə axırda cavab qaytarmağa məcbur olur. İllərlə susduğu haqsızlığa bir gün üsyan edir. İllərlə yığılıb qalan dərdlərdən bir gün xilas olmaq istəyir. Siz yalnız onda dil açır, onda qarışırsınız başqasının işinə. Bu gün polis əməkdaşının arvadını qətlə yetirdiyini müzakirə etdiyiniz kimi. İndi hamı ağıllı fikirlər söyləyir, hamı ailə normalarını bilən çıxıb.
Gəlin, əminliklə danışmayaq. Gerçəyi bilmirik.
Qadını qınayırsınız ki, ərindən polisə şikayət etməyə gəlib. Bəs qadını buna məcbur edən səbəblər də ağlınıza gəlirmi? “Su meymunun boğazına çıxanda balasını ayağının altına alır” məsəli bizim deyilmi?
Qadın tanıyıram, illərdir əri ona hər cür işgəncə verir, məhz sizin qınağınıza tuş gəlməsin deyə şikayət etmir. Amma artıq xəsarət aldığı orqanları sıradan çıxır. Kim deyə bilər ki, bir gün o qadın növbəti zərbə zamanı ölməyəcək?
Düşünürəm ki, tanıdığım o qadın arvadını qətlə yetirən həmin polisin yanına şikayətə gəlsəydi o hansı tədbiri görərdi? Özü qadına qarşı cinayət törədən polisin ailə haqqındakı təsəvvürü, görəsən, necə imiş?
Hadisənin bizə məlum olmayan tərəfləri çoxdur. “Bəlkə, elə qadın onu usandırıb bu həddə çatdırıb” demək olmur, çünki heç bir halda insan öldürməyə haqq qazandırmaq olmaz.
Peşəsinə görə də polisin belə cinayət törətməsi bağışlanılmazdır. Amma o hər şeydən əvvəl insandır, polis ailəsində də dava ola bilər. O ailə də azərbaycanlı təfəkkürü ilə idarə olunur. Bütün vəzifə sahibləri hər şeydən əvvəl insandır. İnsanların da çatışmayan min cəhəti var. Peşəsinə layiq olmayan müəllim, həkim görməmisinizmi? Polis də onlardan biri.
Ər-arvad olmaq doğmalaşmaq, uzun illər birgə yaşamaq da ailə olmaq demək deyil. Bütün ailələrin hansı problemlərdən keçib “nəvə- nəticəli” olduğunu hamımız bilirik. Toyda xeyir- dua verməyə çağırdığınız nənə-baba guya mehriban yaşayıblar? O kişi o qadına fiziki işgəncə verməyib? Üstündən illər keçib, bu cinayət xoşbəxt ər-arvad “düzəldib”.
Bir əsəbi oğlan var, anası əlindən bezib deyir, evləndirim rədd olsun məndən uzaq yaşasın. Hansısa bir qızı bədbəxt edəcəkləri vecinə deyil. Bir kişi də vardı bir neçə dəfə evlənmişdi. Qadınlara işgəncə verdiyi üçün hamısı boşanmışdı. Beşinci dəfə evləndiyi qadın öldürdü onu. Anası oğlunun necə zalım olduğunu bilə-bilə gəlinə ölüm hökmü istədi. Oğlunun imam kimi olduğunu deyirdi.
Hər şeyin kökündə obyektivsizlik və ədalətsizlik durur. Əgər ədalət hissimizi əsəbi anlarda itirməsək yanlış qərarlar vermərik.
Analar özləri ərlərinə acıqlananda uşaqları vururlar. Uşağın günahsız olduğunu, dünyaya gətirdiyi üçün ona borclu olduğunu həmin an düşünə bilmir. Hamı ağrı-acısını başqasına tökməyə çalışır.
Azərbaycan ailələrindəki vəziyyəti bilə-bilə ağıllı-ağıllı danışırsınız.