- Dil, Köşə

Pərvanə BAYRAMQIZI. Bicari haqlıdırmı?

Birinci mətni oxuyanlar məlumatlıdırlar. Həsən Bicarinin “İnqilab və mədəniyyət” jurnalının 1950-ci il buraxılışında dərc edilən “Ana dili haqqında bəzi qeydlər” adlı məqaləsindən dilimiz haqqında ən gözəl fikirlərini mətnə köçürmüşdüm. Bildirmişdim ki, müəllifin əsas məqsədini ikinci yazıda göstərəcəm. H.Bicari Azərbaycan dilini mənsub olduğu türk dilləri ailəsindən ayırıb, rus dili ilə yaxınlaşdırır. Məqsəd bundan ibarətdir. Mövzunun müzakirə edilməyini istəyirəm. Dilimizin problemlərinə laqeyd qalmayan ziyalılar fikir bildirsələr, yaxşı olar.

“Xalqımızın qəddar düşmənləri milli dilimizi və xalqımızı inkar edərək müasir azərbaycan dilinin gah moğol, gah səlcuqların zorakı assimilyasiyası nəticəsində meydana gəldiyini: gah türk, gah da fars dilinin “qolu-qanadı sınıq bir dialekti” olduğunu iddia edirlər. Sovet elmi və sovet tarixşünaslığı xalqımızın və deməli insanlığın düşmənləri olan bu nadanların əsl cəhalətpərəst ruhunu, milləti simalarını ifşa edir. İctimai hadisələri tədqiq etmək üçün əlimizdə olan marksizm-leninizm kimi qüdrətli nəzəriyyə  bu boş müddəaların daşını daş üstə qoymur. Xüsusilə Stalin yoldaş bu məsələlərin həlli üçün öz dahiyanə fikirlərilə bizə sınanmış, dialektiki bir açar verir. Stalin yoldaş ictimai hadisə olan dilin stadnal şəkildə, partlayış yolu ilə deyil, təkamül yolu ilə inkişaf etməsini göstərir.

Dilimizn Azərbaycanda Azərbaycan xalqı tərəfindən yaranmış olduğunu isbat edən tarixi sənədlər vardır. Bunlar bizim nağıllar, xalq ədəbiyyatı və yazılı ədəbiyyatımızın nümunələridir.

Tarix və elmin sübutu bir tərəfə qalsın, xalqın açıq kitabı olan atalar sözü və xalq dastanlarımız Azərbaycan dilinin moğol dili əsasında yarandığı kimi sərsəmləmələrə çox gözəl cavab verir.

Apardı tatar məni,
Qul edib satar məni,
Vəfalı yarım olsa,
Axtarıb tapar məni.

Stalin yoldaş yazır:

“… habelə İran və türkiyə assimilyatorları yüz illər uzunu erməni və gürcü millətlərini əzib parçalayır və qırırdılar, lakin onlar nəinki bu millətləri məhv etməyə nail olmadılar, əksinə yenə özləri təslim olmaq məcburiyyətində qaldılar.

Azərbaycan dilinin fars dilinin qol-qanadı sınmış dialekti olması “müddəasına” gəldikdə isə bunun nə qədər nadan və əsassız bir iddia olduğu hamıya məlumdur. “Ana” ilə “madər”, “su ilə “ab”, “çörək” ilə “nan” kimi sözlərin bir-biri ilə nə əlaqəsi var?

Havaxt, harda bir təbrizli bir bakılı ilə, yaxud bir zəncanlı bir urmılı ilə, yaxud bir sərablı bir şuşalı ilə danışanda dilmanca möhtac olmuşdur? Bunun əksinə, havaxt və harada xüsusi təhsil görməmiş azərbaycanlı bir farsla danışanda tərcüməçiyə möhtac olmamışdır?

Heç vaxt, heç yerdə!

Yeri gəlmişkən milli dil və ədəbiyyatımızın inkişaf tarixində XIX əsrin tutduğu xüsusi mövqeyin əhəmiyyətini qeyd etmək lazımdır. Bu xüsusiyyət hər şeydən əvvəldən, Azərbaycanın Rusiya ilə birləşməsi, Azərbaycanın ictimai fikrinin tərəqqisinə kömək edən, əsrin ictimai inkişafının tələbatına cavab verə bilən demokratik ruhlu ədəbiyyat və incəsənətin yaranmasına möhkəm bir təkan oldu. Böyük rus xalqı ilə Azərbaycan xalqı arasında tarixi qardaşlıq, mənəvi yaxınlıq daha geniş miqyas kəsb edərək XIX əsrin qabaqcıl rus mədəniyyətinin təsiri altında – Puşkin, Lermontov, Belinski, Çernışevskilər mədəniyyətinin qardaşlıq köməyi nəticəsində milli dil, milli mədəniyyət və ədəbiyyatımızın  bərpa və inkişafı sahəsində müvəffəqiyyətli addımlar atıldı. Yeni ictimai şərait ilə, kapitalist əlaqələrinin inkişafı ilə əlaqədar olaraq, elm, ədəbiyyat və incəsənətin tələb etdiyi yeni söz və istilahlar, Zakir, M.F.Axundov və sairə ədib, alim və mütəfəkkirlərimiz tərəfindən şüurlu surətdə rus mədəniyyət xəzinəsindən alınır, milli dilimizin lüğət tərkibini zənginləşdirir və mədəniyyətimizi yüksəldirdi. Qabaqcıl rus mədəniyyətinin təsiri nəticəsində rus dilindən alınmış elmi, ədəbi və ictimai terminlər ədəbiyyatı, yeni ictimai inkişafımızı əks etdirə biləcək yüksək bir ədəbiyyat səviyyəsinə qaldırmaqda böyük və əhəmiyyətə malik rol oynamışdır. Böyük Oktyabr inqilabı xalqımızın dil və mədəniyyətinin inkişafı yolundakı bütün maneələri aradan qaldırıb, hərtərəfli sərbəst inkişafımıza həqiqi yol açdı.”

Bicari haqlıdırmı?