Uşaq iki yaşı olanda danışmağa başlayır. Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi isə iki yaşı tamam olmamış dil-dil ötürdü. Söz çatdırmaq olmur, nə görürsə, olduğu kimi danışır. Bəs necə. Deməyiblər ki, sözün düzünü uşaqdan xəbər al? Uşaqlar analarının dilində danışır, qonşu xalaların sözlərini isə yadda saxlayırlar. Bizdə isə qonşu dövlətlərin dilində danışır, anamızın dediklərini də unudurlar. Ötən əsrin mətbu nəşrlərini vərəqləyəndə öyrənirik ki, ana dili problemi hər dövrdə olub. Bir əsr əvvəl də, indi də bizdə yad dillərə meyil, sevgi güclü olub. Elə təəssübkeşlər də hər dövrdə tapılıb, etiraz səslərini ucaldıblar. Bir zamanlar Ə.Haqverdiyev, Ö.F.Nemanzadə, A.Şaiq, C.Məmmədquluzadə və s. ziyalılarımız bu problemdən dönə-dönə bəhs edirdilər, çağdaş zamanımızda da Vasif Sadıqlı gecəsini gündüzə qatıb Bakını küçə-küçə dolaşıb darı kimi hər yana səpələnən əcnəbi sözləri bircə-bircə “yığır”, Azərbaycan dilində yazılması üçün məsul olan şəxslərə müraciət edir.
İki il az görünsə də, içindəki aylara tarixdə qalacaq yaxşı işlər sığışdırmaq olur. Azərbaycan Xalq Cümhuriyyəti iki ildən bir ay əskik müddətdə var oldu, amma azadlığı daddırdı. FADMM də iyirmi dörd ay ərzində çox işlər görüb. Mərkəzin nələr etdiyini keçənilki ad günündə ölkənin tanınmış ziyalıları sadalamışdılar. Görülən işlərin sırasında bizi ən çox qürurlandıran ana dilinə təmənnasız xidmətimizdir. Ərsəyə gətirdiyimiz işlər üçün umduğumuz yalnız dilin qorunması məqsədilə irəli sürülən təkliflərə ciddi yanaşılması, ana dilini sevənlərin, onu qoruyanların sayının çox olmasıdır.
Mərkəzin bugünkü fəaliyyətini gələcəkdə ana dilini sevənlərin yüksək dəyərləndirəcəyinə inanıram. Bu, mütləq olacaq. Qonorarsız, tapşırıqsız, yalnız Azərbaycan dilinin var olması üçün çalışan bir Mərkəzin təsis edilməsinə hamı laqeyd qalmaz ki. Əvvəl-axır mütləq bir vətəndaş qabağa çıxıb araşdıracaq, oxuyacaq, yazılarında: “ana dilinin korlanmasına biganə yanaşmayan Vasif Sadıqlı adlı təəssübkeş yoxdan bir Mərkəz təsis etdi, ətrafında ana dili sevdalıları toplaşdı. Ona qoşulan könüllülər dilin kobud şəkildə korlandığını dönə-dönə vurğulayır, qorunması üçün təkliflər irəli sürür, sevgi aşılayan məqalələrini saytlarda yayır, ana dilinin təbliği ilə məşğul olurdular” cümlələrini xüsusilə qeyd edəcək.
Arzu edirik ki, əlaqədar qurumlar xaricdə yaşayan soydaşlarımızdan alınan müsahibələri oxuyub, onların qaldırdıqları problemlərlə tanış olsun, “xariciləşən” Bakının dərdinə əlac eləsinlər.
Bizi – FADMM-i uşaqyaşlı hesab etməyin, ağıl yaşda deyil, başdadır. “Qafiyə açmıram, reallığı nəzərə çatdırıram”. Fəaliyyətimizlə tanış olandan sonra deyəcəksiniz: uşaqdakı fərasətə bax.
Baxın da.