- Köşə, Manşet

Pərvanə BAYRAMQIZI. Vəziyyət ingiliscədir

“Vətən hardan başlayır?” sualı soruşulur. Bir də “ayağı yer tutmaq” ifadəsi varımızdır. Bir-birinə bağlı sözlərdir. Ayağın tutduğu yerdən başlanır Vətən. Həmin addımlarla da uğrunda ölməyə gedib özün də torpaq olursan.

Şəhid Vətəndir.

Hündürmərtəbəli binada ona görə yaşaya bilmərəm ki, yerlə əlaqəmi kəsməyə cürət edəmmirəm. Mənə elə gəlir ki, Heraklın ayağını torpaqdan üzdüyü Antey kimi torpaqdan ayağımı üzsəm, hər şeyimi itirəcəm. Göydələndə yaşayıb göyü dəlməyi bacarmaram, amma torpaqdan güc ala bilirəm.

Azər Qismətin statusu diqqətimi çəkdi.

“Allah torpaq paylayır. Dünya xalqları növbəyə durub torpaqlarını alırlar. Azərbaycanlı yatır. Oğuz elinin başına nə gəlirsə, yatmaqdan gəlir axı. Bir xalqın nümayəndəsi onu dümsükləyir ki, “a kişi, torpaq qurtardı”. Azərbaycanlı başına-gözünə döyə-döyə Allahın yanına qaçır. Yalvarır, yazıq-yazıq baxır. Allah onun biçarə görkəminə baxıb deyir: “Özüm üçün bir az yer saxlamışdım, day neyləyək, onu da sizə verirəm.

Hərdən düşünürəm ki, sanki bu torpaq bizə məxsus olmalı deyildi. Ağaclar kəsilir, hansısa fermerin məsuliyyətsizliyi ucbatından min hektarlarla torpaq şoranlaşır və s.”

Rəy yazdım: İcazə verin, başqa bir süjet də mən qurum:

Allah torpaq paylayanda birinci azərbaycanlılara verir. Bol vaxtına düşür deyə ərazisini geniş, iqlimini əlverişli, sərvətini çox edir. Bir müddətdən sonra görür, sahibləri torpağına laqeyd yanaşır, erməninin canına tamah salıb göndərir üstümüzə. Deyir, o nankorların zəhləsini tök, ağılları başlarına gəlsin. Bəlkə, torpağın, yaşıllığın qədrini bilələr.

Vəziyyət ruscanı ötüb, indi hər şey ingiliscədir.

Yox olmur başından duman, Təbrizim.

Əvvəlcə Azərbaycanı “Gülüstan” – “Türkmənçay” müqavilələri ilə ikiyə böldülər. İran payını götürüb getdi azərbaycanlıları mənən öldürməyə. Rusiya payını götürsə də doymadı, gözü İrana düşən hissədə qaldı. Başladı burdakıları Cənub mövzusuyla alovlandırmağa. Siyasi şəkildə aparılan təbliğatı ədəbiyyata gətirdilər. Hamı Təbrizdən yazdı. Bu Rusiyanın bizə can yandırmağı deyildi. Elə olsaydı əvvəldən insanların sinələrinə dağ çəkməzdi. Bir-birindən ayrı düşən soydaşların naləsinə qulaqlarını yummazdı. Hər dövrdə ölkəmizin üstündə alış-veriş edib, millətimizə toy tutublar. (Yeri gəlmişkən deyim: “Toy tutmaq” pis şeydir. Buraxın cavanları, istədikləri kimi ailə qursunlar, onlara “toy tutmayın”.) Tutulan toylardan sonra Azərbaycan heç vaxt xoşbəxt olmayıb. Ona görə ki, “masabəyi” qeyri-millətlərdən olub, “toyu” öz ölkəsinin havasına kökləyib.

Təbliğat formasında səngiyən Cənub mövzusunu yenə qurdalayırlar. Bu bizim yaramızdır, ağrısını özümüz çəkirik, yaralayıb qaçansa ürəyində: “betər olsun” deyib, üzdə” niyə yurdunuzu əsarətdən qurtarmırsınız?” şəklində “məlhəm” olmağa “çalışırlar”. Əslində isə dərin yaraya duz səpir, üstündən də ayaqlarını basırlar.

Millət, döz görüm, dözə bilirsən?

Yadellilər kimləri ayırmadılar?

Hər dövrün “Türkmənçay”a, “Gülüstan”a dönən dərdi oldu.

Tarixlərin hərəsini bir dərdlə yad edirik. İyirmi noyabrı isə damı darmadağın Ağdamla, taleyi qara gələn Qarakəndlə xatırlayırıq. “Bir deyil, iki deyil” ifadəsinin asan səsləndiyinə baxmayın…

“Qoynunda şimaldan gələn qonaq” qərar verdi, yurdun övladlarına zülüm elədi.

Gözəllik çox vaxt sevinc gətirmir, hamısı Azərbaycanın coğrafi, iqtisadi “gözəlliyinin” ucbatındandır. Ana bədbəxt olarsa, çətin ki, balası xoşbəxt olsun…

İtkilərdə bərkidik, tarixdən dərs aldıq, bundan sonra qoruyaq özümüzü, sevənlərimiz qovuşsunlar deyə. O dünyada yox, elə burda, gözlərimizin qarşısında.

Şəhid olmasınlar, xoşbəxt olsunlar.

Yeddi oğul istəyirlər analardan. Daha analar yeddi oğul böyüdə bilmirlər. İkisini zülüm-zillətlə ərsəyə gətirirlər. Onu da özləri gözüdolusu görmürlər: “Vətən sağ olsun” deyib qurban verirlər. “Öncə Vətən!” deyən anaların qarşılarında baş əyirik.

“Anamın anasısan, Azərbaycan!”

Yenicə böyüyürdük… Kamil Cəlilovun qaboyunun səsiylə cərgə-cərgə ekrandan ötən qara mərmərlər gördük. Elə bildik böyüklərin doğum şəhadətnaməsi bu cürdür, onların şəhadətnamələrinə öldükləri tarix də qeyd olunur. Bəs 1990-cı ilin yanvar ayının 20-də öləcəklərini hardan bilmişdilər? Niyə hamısı eyni vaxtda? Bu qərarı kim vermişdi? – İnsan qanı tökmək qərarını! Millətin qanını su əvəzinə içib sərinlənib “oxxay” deyən “susuz” vəhşilər harda öyrəniblər qan içməyi? Bəs buna yaradan niyə “nuş olsun” deyir?

Qərar sözünü ilk dəfə Elmira Qafarovadan eşitmişdim. Tez-tez  “Qərar qəbul edildi!” deyirdi. Mənasını anlamırdım, amma bu məlumatdan qorxurdum. İllər ötüb, hələ də uzaqlardan qərarlar qəbul edilir, oğullar da burda can verir.

Gözə görünən, görünməyən müharibə ssenaristləri əməllərinə görə kim tərəfindən, nə vaxt cəzalanacağını bilmirik. Biz yurdumuzu qoruyuruq. Kini bizdə “həm suçlu, həm güclü” olanlar zorla yaradırlar. Haqlı mübarizəmizi pisləyənlər haqsız qan tökən erməniyə həmişə dəstək olublar. “Yenə də axırda bizə qalan biz olduq”. Bir-birimizin əvəzinə ölə bilməsək də, ruhən birik. Bütöv, azad Azərbaycan eşqilə, millət olmaq arzusuyla ömrünü könüllü yarıda saxlayanların ruhları şad olsun. Sayələrində hərəmiz öz işlərimizin arxasınca gedirik. Halallıqlarını haqq etməyə çalışaq!

Mövqesizliyin göstəricisi kimi bizdə “ingilis bayrağı”, “Bakı küləyi” ifadələri işlədilir.

Biz frənglərə kin bəsləmədən illərdir “Səfillər”i oxuyuruq. Mərhəməti, insanlığı sevmək, sevdirmək üçün bu əsəri təbliğ edirik. Amma “Səfillər”in öz ölkəsində ədalətdən əsər-əlamət yoxdur. Əcaba, Hüqo bu əsərləri bizim üçünmü yazıb? Biz Qavroşa yox, insanlığa, Kozettaya, yox qız uşaqlarına acıyırıq. Makronsa məhz azərbaycanlı olduğumuz üçün bizə qarşı qərəzlidir.

Otumuzu, çiçəyimizi yığııb ölkəsinə daşıyan Müsyö Jordan axırda Şahbazımızı da aparmaq fikrinə düşdü. Qələminə qurban, Mirzə Fətəli, nə bir partlatdın Frəngstanı. İndi qələmlə yazmırıq, klaviatura da bizə oralardan gəlib bununla Parisi partladacaq yazı ərsəyə gətirəmmirik.

“Süleymana qalmayan dünyada” Saakaşviliyə vəzifəmi qalacaqdı? Siyasətə etibarmı var? Bu sahədə həqiqət olan təkcə məqsəddir, qalan nə baş versə, hamısı siyasətdir, yəni yalandır.

M.Saakaşvilinin hazırkı vəziyyəti, folklorsayağı desək, adama öz dərdini unutdurur. Əlbəttə, sadə insanlar arasında da yaraşıqlı, gümrah olub, birdən-birə “əriyib” bir qucaqlıq qalanlar olur. Keçmiş prezidentin halında isə adama təsir edən onun mübarizəsinin acınacaqlı sonudur. Sizif əməyi! Üstəlik sağlamlığına da “qəsdən ağır zərbə”. İdeyasının puç olması, xalqından gözlədiyinin gözündə qalması, böyük siyasi ideyalarla yaşadığı vaxtda əl-qolunun bağlanıb otaq küncünə atılması adamın ruhunu öldürür. Saakaşvilinin siyasi həyatı siyasətçiləri dərindən düşündürməlidir. Göydəki yollara da etibar yoxdur, “Göynən getdiyin yerdə” “yamaya düşüb” Yerə dəymək var. Bilmirəm, onun da hansısa ədalətsiz işlərdə əli olub ya yox, haqq etdiyi cəzadır, yoxsa bu zülmə layiq deyil, hər necədirsə, bir insanı bu hala salanlarda yırtıcı xisləti olduğu göz qabağındadır. Belələrinin cəzasının nə vaxt hansı formada veriləcəyini də bilmirəm. Siz də bilmirsiz. Bəlkə, onlar ÖLÜMSÜZLƏRDİR. Bəlkə, ilk inqilablar başlayandan bəri müharibələrin, qarşıdurmaların ssenarisini yazanların siyasi varisləridirlər. Hər kimlərdirsə, bəşəriyyətin qanını, göz yaşlarını tökənlərin cəzasını ilahi ədalət versin.

Yazmışdım: xoşbəxtliklə bədbəxtlik yanaşı otaq kimidir, birindən digərinə keçmək asandır. Vəzifədən bekarçılığa yuvarlanmaq da göz qırpımı çəkir. Belə hadisələr qoğalın başına gələnlər kimidir: pəncərənin qabağında rahat oturmaq onu darıxdırır, ətrafda baş verənlər diqqətini çəkir, “uzun bir yola” çıxır. Bu yol onu tülkünün burnunun üstünə aparır. Yoğurub-yapıb qoğal düzəldənin əməyi ovcunda qalır. Yağlı kökə tülkünün qismətidir. Bu həmişə belədir.

Hatəmxan ağasayağı müqayisə.

Bizimkilərin ağzına çullu “dooşan” sığmır, onlarınkına da adamlar. Bizim ağzımızın suyu axır, onların ağızlarından adam tökülür. Biz cavab qaytarırıq, onlarsa adam qaytarırlar. Bizim dilimizdən söz çıxır, onlarınkından adamlar. Bizim dilimiz qabar, onlarınkı adam olur. Onlar adamyeyəndirlər.

Dövlətimizə qərəzli mövqedə olan, millətimizə açıq-aşkar antipatiya hissi bəsləyən güclü dövlətlərə xoş gəlmək üçün özünü tolerant, kosmopolit göstərməkdən ötrü hər cür haqsız fikir söyləyən özümüzünkülərin hücumundan qorxub “erməni ilə birgə sülh şəraitində yaşayaq” təklifi edənlərə  yazılan qalaq-qalaq, cild-cild kitabları yox, bircə dənə Məmməd Səid Ordubadinin “Qanlı illər”ni (Yeni nəşrdə “Qanlı sənələr”) oxumağı tövsiyə edirəm. Təkcə mündəricatına baxsanız görərsiniz ki, ermənilərin qətllər törətmədiyi bölgəmiz olmayıb. Bədii kitab deyil, müəllif Azərbaycanlılara qarşı törədilən soyqırımın şahidi olan insanlardan aldığı məktubları ərsəyə gətirib. Yazmaq səbəbini də insani hisslərə izah edib. Bildirib ki, məktubları hansısa milləti pisləmək, yaxud tərifləmək üçün toplamayıb. Ədibin işi sadəcə real mənzərəyə güzgü tutmaq olub. Güzgünün nəyə yaradığını ki bilirsiniz.

İnanmağım gəlmir ki, bu faktları oxuyandan sonra onlara etibar edib, inanıb yenə dör başa çəkmək fikrində qalasınız. Fikriniz dəyişməsə, deməli, sizdə zərrə qədər də təəssübkeşlik yoxdur. İnsan ölmünə qıymırsınızsa, niyə öz xalqınızın faciəsini asanlıqla unutmağa çalışırsınız?

Ermənilərlə sülh bağlamaq təklifində çoxu səmimi deyil. Onların davası yorğan davasıdır, “cənnətə” düşmək istəyirlər.. Bilirsiniz də, bizimkilərin bəzilərinin bir cənnəti var – Avropa!

Elə qorxuram ki, yenə “sülh və əmin-amanlıq” olar, “erməni qardaşlarımız” deyib, sayıqlığımızı itirərik, birdən də 1905-1906, 1918, 1988, 1991-92-93-cü illərdəki kimi “qardaşlarımız” biz onlarla doğmalaşıb qızları ilə evlənmək üçün əsərlər yazıb təbliğat apardığımız vaxtda başlayarlar o rayonda üç, bu rayonda beş nəfər azərbaycanlını öldürməyə. Allah eləməmiş yenə yurdumuzdan yurdumuza qaçqınlar axışar. Təzədən yenə millətin balaları müharibəyə atılarlar. “Çomağı əlimizdən yerə qoymağımıza” ürək eləmirəm.

Bədbəxt sözünü eşitmək adamda pis hisslər oyadır, bədbəxt olmaqsa təsvir olunası deyil.

Adamın öz Vətəninə bədbəxt deməyə dili gəlmir, istəyirsən, qürurla, məmnunluqla “Yurdum xoşbəxtdir!” deyəsən, amma həqiqət həmişə özünü hardansa göstərməyi bacarır, o yalançı pafosa bulaşmır.

Yurdumuz gözəl qadın kimi yaradılıb; Yaradan hər gözəlliyi verib, xoş bəxti əsirgəyib.  Gözələ tamah salan çox olar, onu hərə bir tərəfə çəkməyə çalışar, hamı istəyər, o gözəl onun olsun.  Əli çatan istifadə edib atar, qədrini bilməz, çatmayan da qara yaxar. Başına çox şey gələr. Azərbaycanın başına nələr gəldiyini, kimlər diddiyini, kimlərin parçaladığını, sərvətini yediyini bilirsiniz. Bu qədər bədbəxtliyin qabağında bu yurd bu gün mövcuddur. Ona görə ki, yüzlərlə qədirbilməzin, minlərlə yağının qarşısına çıxan oğullar olub. Canını döyüş meydanlarında qoyan sərkərdələrin, əsgərlərin Vətəndən didərgin salınan ziyalılarının sayəsində Azərbaycan Azərbaycan kimi qalıb. Tarix  yurdu yurd eləmək üçün mütləq igidlər yetişdirir.

Qədim tariximiz də qanlı döyüşlərlə doludur, yaxın keçmişimiz də. Ölənlərimiz öldülər ki, dünyaya yeni-yeni azərbaycanlılar gəlsin.

Minlərlə vətəndaşın içində az qismi özünü millətə borclu bilmək məsuliyyəti ilə yaşayır. Məhz onlardır xalqı xalq, yurdu yurd edənlər. On səkkiz oktyabr tarixini Müstəqilliyin Bərpası Günü kimi adlandırmaq daha dəqiqdir. İfadə adamın diqqətini tarixə yönəldir. Əgər bərpa işi varsa, demək burda əvvəlcə nəsə olub. O “nəsə”yə nə olub ki, təzədən bərpa edilir? Bu sual Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, süqutunu araşdırmağa, oxumağa sövq etdikcə, sonrakı tarixlər öz-özünə çözülüb gəlib 1991-ci ilə çatır. Ordan bərini hamımız bilirik. Bərpa. Bəli, məhz Bərpa!

Müstəqilliyimizə təkrar qovuşduğumuza şükür edərək, Bərpa Günümüz mübarək olsun deyək.   Firavan Azərbaycan görmək ümidilə yaşayaraq bu ümidi gerçəyə çevirməyə çalışaq.

Elə oğul istəyir, Vətən, Azərbaycan deyiləndə ayağa dursun.

Elə oğul istəyir, Vətən “off Bakı, bu ayrılıq mənə ölümdən betər” deyib göynəyən vətəndaşı olmasın.

Elə oğul istəyir, Vətən haqqı olsun öyünməyə Azərbaycan deyəndə.

Elə oğul istəyir, Vətən can istəsə, can versin, qan istəsə qan versin.

Elə oğul istəyir, Vətən torpağını geyinsin əyninə, mümkünə döndərsin çox namümkünü.

Elə oğullarımız var. Azərbaycan deyiləndə ayağa durdular, can verdilər, qan verdilər, torpağını əyinlərinə geyindilər, çox namümkünü mümkünə döndərdilər, üçrəngli bayrağı qanlarıyla Vətən göylərinə çəkib öyünməyə haqq qazandılar.

Durdu ayağa, azad olacaq, tamam yanmaz Azərbaycan!

Çünki bu gün ölənlərin əvəzinə qalanımız Vətən deyir.

Canavarlar önündə ağlamaq olmaz!

Ata millət, Ana millət, ağlamağın yeri deyil, ağlama!

Milli Qürur Günümüzdə  misralarını təhrif etdiyim Almas İldırımı, Məmməd Arazı, Balaş Azəroğlunu, M.Şəhriyarı, Cabir Novruzu, Tofiq Bayramı, B.Vahabzadəni, Xəlil Rza Ulutürkü ehtiramla xatırlayır, Kəmalə Abıyevaya can sağlığı arzu edirəm. Onların şeirlərinin vətənpərvərlik ruhunda tərbiyəyə böyük təsiri olub.