İyunun 14-dən 28-dək paytaxtda IV Bakı Piano Festivalı keçiriləcək. Festival çərçivəsində Avstriya, Braziliya, Gürcüstan, Hollandiya, Türkiyə, Fransa və digər ölkələrin tanınmış musiqiçiləri konsert verəcəklər.
AZƏRTAC xəbər verir ki, iki həftə ərzində paytaxt sakinlərini və qonaqlarını müxtəlif janrlı musiqilərdən ibarət geniş konsert proqramı gözləyir. 2025-ci il Bakı Piano Festivalı çərçivəsində bədii tədbirlər, sərgilər, teatr tamaşası, ədəbi müsabiqə və cem seansları da nəzərdə tutulub. Festivalın xüsusi qüruru gənc istedadların “We Are the Future” (“Biz Gələcəyik”) konsertidir.
Festivalın direktoru, tanınmış caz pianoçusu və bəstəkarı, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli AZƏRTAC-ın müxbirinə müsahibəsində Bakı Piano Festivalı ərəfəsində keçirdiyi hissləri ifadə edib.
O deyib: “Çox şadam ki, 2025-ci ildə biz artıq dördüncü festivalı keçiririk. Dörd il əvvəl bu musiqi bayramına partnyorların və sponsorların dəstəyi ilə başlaya bildik, buna görə onlara çox minnətdarıq. Bu dəfə on ölkədən qonaqlarımız olacaq. Onlar mükəmməl çoxjanrlı musiqi təqdim edəcək möhtəşəm qruplardır. Açıq havada çoxlu konsert keçiriləcək, bu da festivala xüsusi ab-hava bəxş edəcək. Hər kəsi festivalımıza dəvət edirik”.