- Cəmiyyət

Polşada cüdoçularımız ikisi qızıl olmaqla dörd medal qazanıb

Polşanın paytaxtı Varşava şəhərində keçirilən “Açıq Avropa” turnirinin birinci günündə cüdoçularımız 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

“Report” xəbər verir ki, -60 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Əhməd Yusifov final görüşündə Avstraliya təmsilçisi Coşua Katza qalib gələrək himnimizi səsləndirməyə nail olub.

Həmin çəkidə mübarizə aparan digər cüdoçumuz Rövşən Əliyev isə bürünc medal uğrunda həmyerlisi Nazir Talıbovla qarşılaşıb. Görüşün sonunda Rövşən Əliyev bürünc medal qazanıb.

-66 kq. çəki dərəcəsinin final görüşündə də iki Azərbaycan cüdoçusu İsmayıl İbrahimov və İbrahim Əliyev üz-üzə gəlib. Nəticədə İbrahim Əliyev qızıl, İsmayıl İbrahimov isə gümüş medalları bölüşdürüblər.

Xatırladaq ki, Azərbaycan yarışın ikinci günündə oğlanlar arasında -81 kq. , -90 kq. və +100 kq. çəki dərəcələrində ümumilikdə 5 idmançı ilə təmsil olunacaq.