- Köşə

Pulsuzların bayramı

Yaxud niyə kosa və keçəl bayrama pul gətirmir?

Gülnarə Rəfiq

Bu köşənin mövzusu balaca oğlumdan gəldi. İllər uzunu xımır-xımır uşağa başa salırıq ki, il əslində Novruz bayramında dəyişir, təqvim bitəndə yox. Bayırda əsən yaz küləyini, tumurcuqlayan ağacı, dəyişən temperaturu göstərib fikrimizi təsdiqləmiş sayırıq. Uşaq şəkərbura-paxlavanı da sevəndi, amma hər yeni il gecəsi hədiyyə gətirən Şaxta babanı daha çox istəyir. Bu ilki Novruz hazırlığımızı görüb soruşdu: «Əgər il əslində martda dəyişirsə deməli bayramda səhər durub çarpayımın yanında hədiyyə görəcəyəm?». «Yox» deyib uşağın qəlbini qəfil sındırmaq istəməsək də onu aldatmaq da düzgün olmazdı. «Yazın gəlişi özü elə hədiyyədir», «Bir bax süfrəmizdə nə qədər nemətlər var, hamısı sən sevdiyindir», «Hələ nə qədər bayram gəzintisi, maraqlı hadisələr olacaq» deyib uşağın fikrini maddi məsələlərdən qaçırmağa çalışdıq. Ona necə başa salaq ki, bayramda xərcimiz çox çıxıb, yeni il bayramından da artıq. Axı təkcə öz süfrəmizi bəzəməli deyilik, üstəlik pay da göndərməliyik, bayramlaşmalıyıq…

İlin ən əziz bayramında uşağa desən ki, pul ən vacib məqam deyil, bu böyük riyakarlıq olardı. Hər şey pulun üstündə qurulub. Bayram sevincləri də, gündəlik qayğılar da, əhval-ruhiyyə də. Amerika yazıçısı Leonard Luis Levinson pulu bütün növ depressiyaları bir anda sağalda bilən ən yaxşı trakvilizator adlandırıb. Pul hər yerdədir, amma həmişə də qıtlıqdır. Heç kim ona «nə qədər olar eee, bəsdir də!» deməyib. Pul mal mübadilə vasitəsidir və onun üzünə bütün qapılar açılır. Pulun başına nə oyunlar gətirmirlər?.. Casuslar qəpiyi tutuşdurub bir-birini tanıyır, puldan qədəh düzəldib kokteyl içirlər, onları tabuta qoyub torpağa basdırırlar. Uşaq nə başa düşür ki, pul əl çirkidir. Uşaqlar əllərinin çirkini yumağı sevməz.

Bank işçiləri deyir ki, qalaqla gəlib gedən əskinazlara çirkli kağız kimi baxa bilməsən pulla işləyə bilməzsən və nəfsin səni rahat buraxmaz. Kim ki, sözün əsil mənasında çirkli pullarla işləyir onlar əldən ələ gəzən bu kağızlardan iyrənir də. Xüsusilə də artıq nimdaşlaşmış əskinazlardan. Pullar dövriyyədən çıxarılanda isə böyük bir problemə çevrilir. Məsələn, Almaniyada köhnə pullardan gübrə alan yeni texnologiya tapıblar. Qoy onlar bir qədər də insanları sevindirsin. Rusiyada isə köhnə pullardan damları örtən ruberoid növü hazırlayırlar. Mütəxəssislər deyir ki, onlar daha davamlıdır. Olar da, əldən-ələ gəzmiş və hələ də salamat qalmış pul davamlı olmaz ki?

Pulu üzündən tanımaq lazımdı, lap gözünün içinə baxmaq, alınsa «niyə cibdə durmursan» deyib utandırmaq da. Pul dəyişən zamanlarda fırıldaqçıların kefi olur. Bir ara Moskvada Bolşoy Teatrın qarşısında şəhərin qonaqlarına 100 rubllıq əskinazı teatra bilet kimi birini 50 dollardan satırdılar. Axı pulun üstündə teatrın şəkli vardı. Ara qarışıq olan vaxtlarda moskvalılar qəribə telefon zəngləri alırdı. Balaca oğlanlar min manatlıq əskinazları 5000 manata almağı təklif edirdi. Burda fırıldaqçılıq yox idi, sadəcə «yeni ruslar» öz telefon nömrələriylə üst-üstə düşən pulları dəyərindən dəfələrlə artıq qiymətə alırdı.

Dahi sənətkarlardan kimsə deyib ki, insanlar ödədikləri qədərdən daha artıq böyük pulları xatırladan əsərləri xüsusi məmnuniyyətlə alırlar. Pul əskinazları bəzən sənət əsərlərinin əsasını təşkil edir. Məsələn, Anatoli Orlov adında bir rəssam əsərlərini müxtəlif növ, müxtəlif xalqların pullarından yaradır. O, qəlp pullardan istifadə etmir, onda tamaşaçı onun yaradıcılığına dəyər verə bilməz axı. Pullar ilkin mənasını itirsə də tamaşaçıda şok effekti yaradır. Bəziləri saatlarla lövhələrdən gözünü çəkə bilməyərək sanki yerə mıxlanmış kimi qarşısında dayanır. Bu rəssam pulu texniki vasitə kimi işlətmək ideyasına qəfil gəlib. 90-cı illərin pul reformalarını xatırlamış olarsız. Hamı əlində qalmış köhnə pulları isterik şəkildə dəyişdirmək üçün ora-bura qaçırdı. Həmin vaxt bu rəssam köhnə pulları yeniləriylə dəyişmək aksiyası keçirərək çoxlarını müflisləşmədən qurtarır. Məsəl var, pul pulu çəkər. Sonra o, həmin əskinazlardan yaratdığı əsərləri onlarla bahasına satıb varlandı. Puldu da, başqa sənət əsərləri kimi günəş işığından qorxmur, xüsusi saxlama temperaturu tələb eləmir. Bir Amerika rəssamı da var ki, dollar rəsmləri çəkməkdən ləzzət alır. Soruşanda deyir ki, «Burda nə var, hərə sevdiyini çəkər də».

Pulu çox olanlar bilər, məncə pullar şax olanda ləzzətli olur. Ona görə də üstü yazılı pulları adamın gözü götürmür elə bil. Amma bu adət Çində dəyərli sayılmır. Orda öz yarını axtaran gənclər özü barədə məlumatları və axtardığı adamda görmək istədiyi keyfiyyətləri pulun üzərinə yazıb bazarlıq edərlər. Belə orijinal evlilik təklifləri ölkəni başdan başa gəzər. Əgər pul vasitəsilə kimsə bir-birini tapıbsa həmin ailələrdə bu əskinaz xüsusi çərçivəyə salınıb qorunar. Adamın inanmağı gəlmir, yəni qarışqa kimi qaynaşan Çin əhalisinin də adam tapa bilməmək kimi problemi varmış?

Pul adamın üzünü ağarda da, onu biabır edə də bilər. Bir dəfə futbol yarışından sonra uduzmuş komandanın sahibi tiflisliləri təhqir etmək məqsədilə o vaxtın məşhur futbolçusu David Kipianiyə yaxınlaşıb nümayişkaranə şəkildə əlini cibinə atıb pul çıxarır və ona uzadır. Kipiani eynini pozmadan pulu götürür, üstünə avtoqraf atıb onu yenidən qaytarır. Pul adamın kimliyini açan ən gözəl vasitələrdən biridir. Bunu Belçika kralları da yaxşı bilir. Bir dəfə polis kral maşınını sürət həddini aşdığı üçün saxlayıb sürücülük vəsiqəsini istəyir. Sürücü polisə pul uzadır və ümidlə gözləyir ki, polis onun şəklini tanıyıb geri çəkiləcək. Polis eynini pozmadan sükan arxasında oturmuş kralın adına cərimə yazıb pulu sahibinə qaytarır. Həmin polisin təmkininə həsəd aparmaq olardı, çünki adamlar pulu görəndə bir anlıq olsa özlərini itirirlər. Sonra kimisi özünü yığışdıra bilir, kimisi isə yox. Bunu bilən reklam agentləri pulla bağlı aksiyaları keçirirlər. Dayanacaqda, qırılmayan şüşə arxasında bir milyon dollar yerləşdirmiş aksiyanı yəqin ki, hamı görmüş olar. Daha bir reklamı isə Amerikada iri super market keçirmişdi. Şəhərdən çox kənarda yerləşdiyndən alıcı cəlb etmək lazım idi və reklam kompaniyasına 25 min dollar dəyərində qiymət qoyulmuşdu. Bu market xərcini 8 min dollara qədər sala bildi. Həmin məbləği topun içinə qoyub atəş açmaqla pulları ətrafa səpələdilər. Havaya atılmış pulları yerdən yığan adamlar həm də onun reklam işini gördülər. Bir atəşə onlar məşhur olub ciddi və layiqli ticarət mərkəzlərindən birinə çevrildilər.

Pula aid cildlərlə kitablar yazılıb. Pulu necə əldə etməli, pullu məşhurların həyatı, kasıbçılıqdan çıxmış adamların varlanma hekayətləri. Qəribəsi odur ki, deyilənə görə milyarderlər, pulu zibil kimi olarlar pula qətiyyən dəyər vermir. Bir hadisə bu faktı təsdiqləyər. Baron Rotşild heç də kasıb olmayan bir markizlə qumar oynayırmış. Markiz təsadüfən bir luidoru əlindən salır və o, masanın altına diyirlənir. O, oyunu saxlayıb pulunu axtarmağa başlayır. Rotşild axtarışı tezləşdirmək üçün bir iri məbləğdə kağız pulu yandırıb masanın altını işıqlandırır. Bu jestdən sonra oyunda kimin qalib gələcəyini bilməmək, anlamamaq mümkün deyil.

Bayram ərəfəsi puldan yox, pulsuzluqdan yazsaydım yəqin ki, oxucusu artıq olardı. Çünki hamı bilir ki, mart ayı xərclərin əjdahaya dönüb adamın nəfəsini kəsən vaxtıdı. İl boyu başını birtəhər girləyən adam Novruzda əlacsızlığının, imkansızlığının hər üzünü görür. Əlbəttə, Novruz həm də paylaşma bayramıdır. Kasıblara, imkansızlara bayram payı göndərməklə tənha və əlacsız olmadıqlarını göstərmək imkanı qazanırıq. Kosa da, keçəl də elə cındırından cin hürkən təbəqənin simvoludur. Bir qanunauyğunluq da var, Novruzda bayramlaşanlar da, bölüşənlər də elə kasıblardı. Çünki varlılar paylaşsaydı pulun daha bir keyfiyyəti işə düşərdi. Pul toxum kimidir, münbit torpağa düşsə cücərib bar verər.

Bir fermer vardı, hər il yetişdirdiyi qarğıdalı toxumunun keyfiyyətinə görə müsabiqələri udardı. Onun sirri ilə maraqlanın reportyor qəribə bir hadisə ilə rastlaşır. Fermer deyir ki, hər il toxumlarından aldığı cücərtilərin ən yaxşılarını qonşularına paylayır. Çünki sənin-mənim tanımayan külək qarğıdalıları tozlandırarkən pis tozcuqları fermerin ərazisinə gətirib yaxşılarla qonşunun sahəsini tozlandıra bilər. Qonşunun əkdiyi qarğıdalı sortu pis olsa həmin fermerin aldığı məhsul əla keyfiyyətdə ola bilməzdi. Reportyor soruşur ki, bəs niyə onlar müsabiqədə yer tuta bilmir? Fermer deyir ki, bu artıq öz sahəsinə qulluqdan asılıdır. Həyatda da belədir. Uğurlu olmaq istəyənlər ətrafına paylaşmalıdır. Amma bu hekayətdən sonra kasıblar hardan əmələ gəlir sualını verməyim gəlmir…