- Köşə

Qəzalı evdən qeydlər

 

Mən bu qeydlərimi Schiedamda Parallelstraat və Emmastraat küçələrinin kəsişməsində yerləşən taunhaus mənzillərin birində yazıram. Mənzil qəzalı vəziyyətdədir, bir tərəfi çöküb. Bunu adi gözlə də görmək mümkündür. Yumurta qoysan otağın bu başından o başına diyirlənər. Burası belə. Mənzlin sahibi Valter olduqca səmimi, gənc bir hollanddır. Qəzalı mənzili kimlərəsə kirayə veribmiş. Kirayənişinlərin mərəkeşlilər olduğunu evdə qalan sürücülük vəsiqəsindən öyrənirəm. Qurddanquşluq buna deyirlər də, mənə deyən gərək ki, bir işi də bilməsən dünyamı dağılacaq. Kirayənişinlər də əlləm-qallam işlərlə məşğul imişlər. Polis də bir neçə həftə əvvəl evdə əməliyyat keçirərək, evin altını üstünə çeviribmiş. İndi biz atım-atım edilmiş evdə öz ağlımızla bu hadisədən sonra meydana çıxan qırıq-söküyə əl gəzdirməli, kosmetik əməliyyat aparmalıyıq.

Polisin nəyə görə əməliyyat keçirməsi barədə ev sahibinin verdiyi bilgiləri bir kənara qoyuram. Nədən ki, təfərrüatlara varsam uzun çəkər, üstəgəl də, mövzunu yaralamış olaram və ora-burası çiy qalar, məni də peşəkar olmamaqda qınayarlar və yaza bilmirsən, get özünə başqa sənət tap da deyə bilərlər. Ondan sonra gəl bu dinazdan qurtar, görüm necə qurtarırsan.
Üçmərtəbəli evin girişindən başlayan dik pilləkənlər səni ikinci qata çıxarır.
Sola dönüncə səni üçüncü mərtəbəyə qaldıracaq daha bir pilləkən qarşına çıxır. Elə bu pilləkənə paralel qapıdan eyvan, mətbəx, qonaq otağı və bir yataq otağından ibarət ikinci mərtəbəyə daxil olursan.
Eyvandan baxınca paralel evlərin yaratdığı düzbucaq biçimli arxa həyəti görürsən. Ümumi evin hər bir mənzilinin damı bərabərtərəfli üçbucağı andırır. Mən arxa həyəti iş fasilələrimdə müşahidə edirəm. Fasilə də birdimi, beşdimi? Adama bu yerdə kinayə dolu: “Çox işləyibsən, ayıb olar, dincini al” – desələr inanın ki, yeri var. Nə isə mən günəğarşılanara-günəğarşılana həyəti bürüyən yaz yaşılının seyrinə dalıram. Çiçəkləmiş alma ağacı, ondan o tərəfdə salxım çiçəkləri göyə baxan indiyədək rastlaşmadığım enliyarpaq böyük ağac, sol tərəfdə çətiri az qala həyətin yarısını tutan bir-birinə qovuşmuş iynəyarpaqlılar, yarpaqları zoğal yarpaqlarına bənzəsə də, zoğal olmadığı bəlli olan ağaclıq diqqətimi öz üzərlərinə çəkmək üçün gözəlliyinin qədrini bilənlər misalı təşəbbüs belə göstərmir. Elə baxışlarımın özü onlara ilişib qalır. Harda aş, orda baş saxsağan salxım çiçəkli ağacda yuva qurmaq üçün dimdiyində çör-çöp daşıyır. Xalq inamlarımızda saxsağanın qapıda-bacada görünməsinin xeyrə yozulduğunu, onun xeyir xəbərin muştuluqçusu sayıldığını da yadıma salıram və bunun mövzuya bir damcı aidiyyətinin olmadığını da bilməmiş deyiləm.
Üçüncü qata, əslində buna üçüncü qat yox, evin damı deməliyəm, qalxınca kiçik dəhliz, dəhlizin başında hamam, biri nisbətən böyük, digəri iki siçan dalaşsa biri tavaya düşən olduqca darısqal otaq səni qarşılayır. Təsvir etdiyim bu mənzilin ümumi yaşayış sahəsi, sizi inandırım, özünü öldürsə 70-80 kvadrat metrdən artıq olmaz.
Üçüncü mərtəbədə də eyvan var. Sərinləmək istəyəndə otur, sözün gəlişi, çayını iç, ya da dəli sözü, yalandan-gerçəkdən bir bəhanə tap, feministlərin gözündən iraq, arvadla ağızlaş, çıx eyvana, göyüzünün mavisinə, ağacların yaşılına baxa-baxa, ayağını bir-birinin üzərinə aşıraraq, tanrının-bəndənin acığına özün üçün təkliyin ləzzətini çıxar.
Belə mənzilləri iki-üç nəfər də kirayə edə bilər, cibinə gənəşib bir nəfər də. Yadıma düşmüşkən, Niderlandda mənzillərin kirayəsi qonşu Almaniyaya, Belçikaya baxanda çox bahadır. Bizimkilərlə müqayisə etməyə isə heç dəyməz. Təxminən 350-400 min avro dəyəri olan belə mənzillərin aylıq kirayəsi 1200-1500 avro civarındadır. Ağzımızda Avropa deyirik, başqa nə cür olmasını istəyirsiniz ki?
Orasını da deyim ki, burada mənzillər mətbəx avadanlığını çıxmaqla digər əşyalar olmadan kirayəyə verilir. Lüt dörd divar. Qalanı kirayənişinin boynundadır. Kirayənişin evi kirayəyə götürdükdən sonra zövqünə və büdcəsinə uyğun mənzili döşəmək, doldurmaq qayğısına qalır. Büdcəsi imkan verdikdə yeni əşyalar alır. Məsələn, “İKEA” kimi bir mağazadan. Büdcəsi zəifdirsə internetdən araşdırıb, ikinci əl, işlənmiş ucuz əşyalar tapır. Yox, cibi boşdursa, əlxızandırsa küçələrin canına düşür, istifadəyə yararlı avadanıqla kirayə mənzilini bir-iki günün içində iynədən sapa döşəyib, insan yaşayan vəziyyətə salır, pulu da qalır cibində. Elə pal-paltar məsələsini də bu yöntəmlərlə həll etmək mümkündür. Bunları da yazdım ki, buralara yönünüz düşsə, sizi hansı sürprizlərin qarşılayacağını bəri başdan biləsiniz.
Bilirəm sizin də çox danışanlıqdan, uzunçuluqdan xoşunuz gəlmir. O üzdən də qısa kəsirəm.
De, salamat qalın, özünüzü qoruyun…

Afiq MUXTAROĞLU

Niderland Krallığı

22 aprel 2021-ci il