İngilis yazıçısı Corc Oruellə aid edilən məşhur bir ifadə var – “Yalanın tüğyan etdiyi zamanlarda həqiqəti demək ekstremizmdir”. Əslində, məşhur antiutopikin, “Heyvanıstan” və “1984” romanlarının müəllifinin gəldiyi qənaətdən çox-çox əvvəl azərbaycanlılar üçün bu, postulat, sübuta ehtiyacı olmayan aksioma idi və Atalar sözlərimizdə təsbitini tapmışdı: “Doğru danışanı 9 kənddən qovarlar”.
Qovublarsa, demək, adamı ekstremist sayıblar. Sonra belə qənaətə gəliblər ki, “Doğru danışanın papağı yırtıq olar”. Əlbəttə, kim istəyər papağı yırtılsın…
Ekstremist çöllərdə veyilləndikdən sonra qayıdır kəndə, “Dilim-dilim olasan, dilim!”-deyir. Kəndin ağsaqqalları tarixdən qədim sitatlar gətirərək bədəməlin başına ağıl qoyurlar: “Dilini dinc saxlayanın başı salamat olar”.
Amma adamın zatı belədir ki, dilini yenə dinc qoymur. İddia edir ki, Atalar “Gah nala döyür, gah mıxa” – axı onlar həm də deyiblər: “Doğru söz dəmiri dələr”, “Doğruya zaval yoxdur, çəksələr min divana”, “Doğru sözdən xəta gəlməz”, “Doğru yalanı qovar”, “Düz sözə boynum qıldan nazikdir”, “Sözün doğrusun de, min atını çap”.
Ağsaqqallar qədim Atalar sözü olan “Danışığını yeyəsən” ifadəsi ilə ekstremisti məzəmmət edərək deyirlər: “ Atalar hər nə deyiblərsə, düz deyiblər, amma “Doğru söz acı olar”, balansı tapmaq lazımdır ki, “Nə şiş yansın, nə kabab”…”
Bu zaman kəndxuda irəli dürtülərək iddia edir: “ Bu adamı kəndə buraxa bilmərəm, bu, köhnənin at oğrusudur, yenə at çapmaqdan danışır”.
Adam opponentini ən qədim və ən modern mental “Ayıbına kor olmaq”da suçlayır, kənxudanın gəncliyində məsciddən ayaqqabı çırpışdırdığını deyir: “Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır. Qırqovul kimi başını kola soxub, elə bilir görünmür… ”
Kəndin mollası ortaya atılır: “ Buna bax, cındırından cin hürkür. Bir ac qudurar, bir yalavac. Diriyə hay verməz, ölüyə pay. Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar. Başından böyük danışma ..”
Adam mollanı cavabsız qoymur: “Bir qəpiklik qutab kimi özünü ortaya soxma. Dini yeyib, imanı dalına atıbsan. Mollası çox olan ölü o dünyaya kəfənsiz gedər…”
Naxırçı söhbətə qoşulur: “ Buna bax, köhnə kəndə təzə nırx qoyur”.
Adam: “Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq…”
Naxırçı: “Az aşım, ağrımaz başım…”
Adam: “Səhər gedər naxıra, axşam gələr axıra. Adın it dəftərində də yoxdur…”
Kəndxuda artıq təhdid edir: “ Mərdiməzarı axtarmaqla deyil, özü səni tapır. Səni çayaşağı axıdar, çayyuxarı axtararam…”
Ağsaqqallar aranı sakitləşdirir, qədim el məsəlini yada salırlar: “Palaza bürün, elnən sürün”.
Adam tərslik edir: “İgidin başı qalda gərək. At ölər nalı qalar, İgid ölər namı qalar… El gözü tərəzidir…”
Ağsaqqallar: “ El adamı igid deyə candan edər, cоmərd deyə maldan. El üçün ağlayanın gözü kor olar…”
Adam asta qaçan namərddir deyir, tüpürür dabanına və bu dəfə kənddən özü qaçır. Koroğlu demişkən, igidlik ondur, doqquzu qaçmaq, biri də gözə görünməmək…