Fevralın 21-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Qarabağ – tarixi-mədəni irsimizdən” adlı kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “İçərişəhər” Qoruq İdarəsinin Aparat rəhbəri Read Qasımov kitabın gözəl diyarımız olan Qarabağın dünya miqyasında tanınmasında xüsusi rol oynayacağını deyib: “Kitabda Azərbaycanın və ümumiyyətlə, bəşəriyyətin ən qədim və zəngin tarixə malik olan ilk insan məskənlərindən biri olan Qarabağın tarixini, numizmatikası, epiqrafik abidələri, xalçaçılıq, dulusçuluq, milli geyimləri, bədii metal və zinət əşyaları haqqında ətraflı və dərin məlumatlar yer alıb. Qarabağın tarixi zəngin mənbələr əsasında tədqiq olunduqca “Qarabağ” sözünün etimologiyası, qədim dövrlərdən bəri bölgənin tarixinə dair maraqlı məlumatlar üzə çıxıb. Kitabda toplanan materiallar Qarabağın xristian və İslam dövrü epiqrafik abidələrinin Azərbaycan xalqının mədəni irsi olduğunu bir daha təsdiqləyir. Əminəm ki, bu kitab alim, tarixçi və xüsusilə, gənc nəslin maarifləndirilməsində əhəmiyyətli yer tutacaq”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov çıxış edərək qeyd edib ki, nəfis şəkildə Azərbaycan və ingilis dillərində nəşr olunan bu kitabla Azərbaycan Qarabağşünaslığı daha da zənginləşəcək. Bildirilib ki, kitabda Qarabağın xristian və islam dövrü epiqrafik abidələri ətraflı tədqiq edilib. Qarabağda mövcud olan xristian məbədlərinin Azərbaycan xalqının mədəni irsi olduğu bir daha epiqrafik abidələr əsasında təsdiqlənib. İslam dövrü abidələri üzərində olan epiqrafik yazılara əsasən Qarabağda yaşayıb fəaliyyət göstərən alim, memar, nəqqaş, xəttat, sufi şeyxləri, Qarabağ memarlıq məktəbinin banilərinin adları tarixə salınıb.