- Cəmiyyət

Ziyadan doğan sükut…

Ziyalılıq! Bilmirəm, kim necə düşünür, mənə görə pafos və məsafənin assosiasiyası sayılan elmi titullar, kitab rəflərində cərgələnən cild-cild müəllif kitabları ziyalılığın mütləq göstəricisi deyil. Əsla… O, bütün bunların fövqündə dayanan,  yolsuzluq, çarəsizlik məngənəsində vurnuxana nicat, həyatın nahamar yollarında yıxılana, büdrəyənə uzanan əl, hər kəs üçün əlçatan sevgi, nəvaziş, qayğı, qaranlıq zülmətlərə doğan günəş kimidir. Ən yüksək insani keyfiyyətlərin məcmusudur ziyalılıq. Sadəlikdir, səmimilikdir ziyalılıq. Göründüyü kimi olub, olduğu kimi görünmək bacarığıdır ziyalılıq. Böyük düşünmək, işıqlı düşünmək, bütün mənafelərdən uzaq, aydın təfəkkür tərzinə sahib olmaqdır  ziyalılıq. “Müdriklik həyat elminin mənimsənilməsidir”, – deyib filosoflardan biri. Əbu Turxan isə: “Zirvəyə gedən yol insan qəlbinin dərin­liyindən keçir” – deyimi ilə zirvəyə sahiblənmənin formulunu açır. Həyat elminə vaqif olan müdrikdir, insan qəlbinin dərinliklərini fəth edən zirvədə qərarlaşıb. Zirvəyə yüksələn müdrik ziyalıdır. Elə mənim qəhrəmanım kimi…

Ağır, ləngərli yerişi sanbalına sanbal qatırdı. Yadımdadır, başı önünə əyik, dərin düşüncələrə qərq, institutun o qədər də enli olmayan dəhlizlərində ağır-ağır addım­layar, ətrafdan ötüb keçənlərin fərqinə varmazdı bir o qədər də. Necə deyərlər, öz aləmində idi. Hərdən öz-özümə düşünürdüm ki, onu bu dərin düşüncələr aləmindən ayırıb real aləmə qaytarmaq, yəqin ki, ən namümkün işlərdən biridir. İndi yadımda deyil, hansısa bir məsələ ilə bağlı sualım yaranmışdı. Həyat təcrübəsi, elmi sahədəki bilik və bacarığı qeyri-ixtiyari yadıma Vilayət Abbasqulu oğlu Cəfərovu saldı. Vaxt itirmədən otaqdan çıxdım, rəhbərlik etdiyi ərəb filologiyası şöbəsinə yan aldım. Otağında idi, daha dəqiq desək, dərin düşüncələrinin məngənəsində. Yaxınlaşdım, salamlaşdım. Sualımı verdim. Vilayət müəllim hər şeyi o qədər sadə, anlaşıqlı, əhatəli və ən əsası da enerjili izah etdi ki, sanki o dərin düşüncələrinin prioritet mövzusu da elə məni narahat edən bu sual imiş. Sanki günlərdir, fikir trayektoriyasının episentrində yer alan məhz mənim bu sualım imiş. Sualım cavabını tapmış, mən də yeni, fərqli bir Vilayət müəllimi kəşf etmişdim. Təəccüb qarışıq sevinc hissi ilə otağından çıxdım, illərin rəfiqəsi sayılan şöbədəki qızlarla fikirlərimi bölüşdüm. Mənim təəccübümə rəğmən, onlar bunu adi bir hal kimi qarşıladılar. Onun  kimliyindən, elmi titulundan, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər kəsin ən kiçik məsələsinə çox böyük həssaslıqla yanaşdığını və bunun onun insani məziyyətlərinin içində kiçik bir göstərici olduğunu qeyd etdilər…

İllər keçəcək və mən bütün bunların canlı şahidi olacaqdım. İllər onu mənə öz sahəsində söz sahibi olan savadlı şərqşünas alim, filologiya elmləri doktoru, professor, təcrübəli mütəxəssis, tərcüməçi  kimi tanıtmaqla yanaşı, həm də sözün həqiqi mənasında əsl İNSAN kimi sevdirəcəkdi. Onun simasında böhrana sürüklənən insanlığın hələ tam ölmədiyinin, “həyat hər şeyə rəğmən, yaşamağa dəyər” – kimi şablon ifadələrin həqiqət fonunda səmimiyyət donuna bürüdüyünün şahidi olacaqdım. Bu gün isə onun cismani yoxluğunda böyük ruhu qarşısında mənəvi borc olaraq onu xatirələrdə canlandırmaq, sözə çevirmək reallığı ilə üz-üzəyəm.

Onun səmimiyyəti, sadəliyi sözə sığmayacaq, sözə enməyəcək yüksəklikdə idi. Amma deyəcəklərim o qədər çoxdur ki… Həyatın amansız sınaqlarından şərəflə, alnıaçıq, üzüağ çıxmış qəhrəmanımın günümüz üçün xarakterik olmayan, çətin tapılan sədaqət, vəfa kimi dəyərlərin sadiq daşıyıcısı, çətin günün dostu olmasındanmı söz açsam, onun məhsuldar, yorulmaz, prinsipial elmi fəaliyyətinimi (“Ağ günlərin sorağında” (Ərəb ədəbiyyatından tərcümələr),“Cəmil Sidqi əz-Zəhavi”, “İraqda neoklassik poeziya”, “Əliqılınclı zülfüqar”, “Qürbətdə yaranan dostluq”) işıqlandırsam, insanların ürəyində məskən salan əbədi sevgisinimi, çarəsiz  məqamlarda son ümid istinadgahı kimi həlledici mövqe sərgiləyən el ağsaqqallığınımı dilə gətirsəm? Yox, yalnız elmi müstəvidə deyil, həyat adlı akademiyanın da elmlər doktoru, professoru adına sahiblənmiş birinin insani keyfiyyətlərinin yığcam, tezis formatlı xülasəsi belə, bu yazıya sığmaz. Təsadüf elə gətirib ki, mənim anam Bakı Dövlət Universitetinin müəllimi Əsmətxanım Məmmədova Vilayət müəllimlə 1960-1965-ci illərdə o zamankı Azərbaycan Dövlət Universitetinin  Şərqşünaslıq fakültəsində birlikdə təhsil alıb, tələbə yoldaşı olub. O zamanlar anamın onun haqqında səsləndirdiyi olduqca mədəni, əxlaqlı, tərbiyəli, savadlı, mütaliəli, yüksək elmi potensiallı kadr kimi tə­yin­lər hələ ki, təqdimat xarakteri daşıyırdı. İllər keçəcək, mən AMEA Z.M.Bünya­dov adına Şərqşünaslıq İnstitutunda bu böyük şəxsiyyətlə birlikdə işləyəcəyəm və anamın illər öncə dediklərinin hər gün real həyatda təsdiqini tapmasının şahidi olacağam.

Söhbət Vilayət müəllimdən gedirsə, onun ömür kitabı vərəqlənirsə, xüsusi vurğulanmalı bir məqam daha var. Qəhrəmanımın ailə kontekstindəki yeri, mövqeyi. Bütün elmi nailiyyətləri, övladı qədər sevdiyi elmi yetişdirmələri, gələcək nəsillərə miras qalan elmi-bədii irsi ilə yanaşı, hər şeydən öncə o, qayğıkeş ata, mehriban həyat yoldaşı idi. Beləcə, illər uzunu onun rəhbərlik etdiyi şöbə əməkdaşlarına ata nəvazişi, qardaş qayğısı ilə yanaşmasını gördükcə ona olan hörmətim daha da dərinləşəcək, beynimdə əsil ziyalı standartlarının konturları daha da dəqiqləşəcək. Daha sonra zərurətlərdən doğan təsadüflərimiz məni onun qızı (“ot kökü üstə bitər” – prinsipinin növbəti özünütəsdiqi kimi) son dərəcə mədəni, tərbiyəli, savadlı, təvazökar Günay xanımla bir şöbədə işləməyə istiqamətləndirəcək. Daha, daha sonra mən bu ailənin dayaqlarından, sütunlarından digəri, Vilayət müəllimin yarı, ömür-gün yoldaşı Nüşabə xanımla tanış olacağam, onun analıq, qadınlıq, xanımlıq və insanlıq duyğuları qarşısında əriyəcəyəm,  enerji, bacarığından güc alacağam. Azərbaycan adına belə bir el anasının varlığına sevinəcək, qürurlanacağam. Bu dəfə də əsrlərin məhək daşı, “su axar, çuxurunu tapar”- ata sözü başqa formatda özünü doğruldacaq.  Bu milli, ümumbəşəri ideyaların çulğadığı, mental dəyərlərin, adət-ənənələrin hakim hökmran olduğu sağlam mühitdə böyüyən, boya-başa çatan ailənin oğul övladını şəxsən tanımasam da, onunla bir ailə, nəslin deyil, bir xalqın, Vətənin fəxr etdiyi haqda məlumatlıyam. Əslində, bu ailənin hər bir fərdi haqqında qısa da olsa, təfərrüata varmağımın tək bir səbəbi var. Fikirləri bu sağlam genetik kod daşıyıcılarının başlanğıc mənbəsinə fokuslamaq. Bir qədər dəqiqləşdirsək, Vilayət müəllim kimi şəxsiyyətin övladlarının başqa cür olması qeyri-mümkündür. Yəni, ot bütün hallarda kökünün üstündə bitir.

Artıq 1 ildir ki, Vilayət müəllimin cismani yoxluğu ilə baş-başayıq. İnstitutun dar dəhlizlərində sanballı, ləng addım səsləri eşidilmir, şöbələrində ata nəvazişi, qardaş qayğısı əskikdir, hər dəqiqə çətinliklə üzləşənlərin üz tutmağa ünvanları məhdudlaşıb, sual verənlərin ətraflı, geniş, əhatəli cavabları. İnstitutun Elmi Şurasında boş qalan yeri açıq-aydın sezilməkdədir. Yarımçıq qalan elmi məqalələrinin, kitablarının gözü yoldadır, elə Günayın özü kimi…

Mən onun yalnız cismani yoxluğundan danışdım və fikir verdinizsə, xatirələrim daha çox gələcək zamanda qərarlaşdı. Çünki cismani yoxluğu ilə bizi tərk edənin ruhani varlığı ilə hər daim yanımızda olmasına inanıram. Müdriklərdən də birinin dediyi kimi: Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur. İşıqlı xatirən qəlblərimizdə əbədi yaşayacaq, gözəl İNSAN, Vilayət müəllim!

Fidan Nəsirova, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı

publika.az