Xəzər dənizinin cənub-qərbində yerləşən, unikal ekosistemi ilə fərqlənən Qızılağac Milli Parkının yaradılması günü ilə əlaqədar sentyabrın 26-da milli parkda “Açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.
“Lənkəran, Masallı və Neftçala rayonlarını əhatə edən, zəngin təbii landşafta, özünəməxsus ekosistemə malik olan və ölkənin ən böyük ornitoloji məkanı kimi tanınan Qızılağac Milli Parkının zəngin biomüxtəlifliyini görmək istəyən hər kəsi milli parka dəvət edirik.
Qızılağac Milli Parkı ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə yaradılıb”, – deyə A.Səmədova qeyd edib. (AZƏRTAC)