- Köşə

Quran-i Kərim haqqında əsas məlumatlar və zəruri qeydlər

Aida QASIMOVA
Professor, Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi
aidagasimova@bsu.edu.az

Quran-i Kərim insanların həyatında dərin iz buraxmış nadir kitablardandır. İslam dünyasında Quranın təsiri cəmiyyət həyatına total şəkildə nüfuz etmiş, siyasət, mədəniyyət, incəsənət, hüquq sistemi, məişət və həyatın digər sahələri birbaşa Quranla bağlanmışdır. Quran, demək olar ki, hər bir müsəlmanı dünyaya göz açdığı andan qəbir evinədək müşayiət edir: İnsanlar övlad arzusu ilə Quran ayələrindən kömək umur, bismillahla və Quran ayələri ilə dünyaya gələn körpənin adını da çox zaman Qurandan seçirlər. Onun beşiyinə Quran ayələri asılır, o, Quran öyrənə-öyrənə yazib-oxumağı öyrənir, Quran ayələri ilə yaşayır, onları bir tilsim kimi üzərində gəzdirir, binaların divarlarında, ev əşyalarının və parçaların üzərində Quran ayələrini görür. Onun hər gün minarələrdən, minbərlərdən eşitdiyi də Quran olur. Hər bir müsəlman gündəlik namazında Quran ayələrini təkrarlayır, sevinəndə sevincini, kədərlənəndə kədərini, qorxanda qorxusunu Quranla dilinə gətirir. Müsəlman can verərkən belə onun ruhunun fani dünyadan üzülüşməsini asanlaşdırmaq üçün başı üzərində oxunan Yasinin sədalarını eşidir. Onun cəsədi üzərində Fatihə səslənir, bəzən onun qəbir daşına da Quran ayələri həkk olunur.

Quranın özündən qaynaqlanan dini elmlərdən başqa İslam dünyasının dilçilik, ədəbiyyatşünaslıq, hüquq kimi elm sahələri, təhsil sistemi, məhkəmələr, əsas incəsənət növü sayılan xəttatlıq, hətta memarlıq belə ilk növbədə Quranla bağlı idi.

Əsas ideyasını tövhid təşkil edən Quran insanları Qiyamət gününə, axirət dünyasına inanmağa səsləyir, cənnət və cəhənnəmin təsvirini verir, amma axirətə inamı təbliğ etsə də insanların fani dünyadakı həyatını nizamlamaq missiyasını da həyata keçirir, bəşər tarixini peyğəmbərlər tarixi kimi təqdim edir, haqq yolunu tutmayan qövmlərin acı taleyini göstərir. Quran həm də müsəlmanın həyat tərzini, əxlaq normalarını müəyyənləşdirən bir kitabdır.

VII əsrdə Ərəbistan yarımadasında nazil olan bu kitab ərəblərin savaş tarixinə yeni ideoloji don geyindirdi; indiyədək bir-biri ilə su, otlaq davası edən ərəb qəbilələri bir ideya ətranda birləşib cihada – Allah yolunda müqəddəs müharibəyə yönəldilər. İnsanların yeni birliyi — eyni dinə tapınanların ümmət olaraq birləşməsi qəbilə təəssübkeşliyi olan əsəbiyyəyə qarşı qoyuldu.

Söz sənəti baxımından Quran müxtəlif surələrdə fərqli üslüb nümayış etdirir. Xronoloji baxımdan ilk surələrin – Məkkədə nazil olmuş surələrin qısa və emosional olduğunu görürük. Qafiyəli və bəzən hətta vəznli Quran ayələrini eşidən müşriklər onları kahin səcinə çox bənzədirdilər. İlk surələrdə dil gözəlliyinə, Quran nitqinin insanlara təsir gücünə xüsusi önəm verilir. Bununla belə, ayələr arasında məntiqi əlaqə gözlənilmir. Sanki Peyğəmbər şüurunda tək Allahın qüdrəti ilə bağlı yaranmış ideya və obrazlar axınını məntiqi ardıcıllığı gözləmədən insanlara çatdırır. Bu surələr Allahın qüdrəti və Qiyamət günü barədə nazil olan hökmlər qarşısında Peyğəmbərin hiss etdiyi çaşqınlıq və xofu, həyəcan, inamsızlıq və acıları, insanları öz dininə yönəltməyin ümidsizliyini və inamsızlığı əks etdirir. Məkkə dövrünün sonrakı surələrində və Mədinə surələrində bir qədər fərqli üslub nəzərə çarpır; burada uzun-uzadı, monoton ruh hakimdir. Quran-i Kərimdə dialoqlar, bədii təsvir və ifadə vasitələri, xüsusilə məcaz və təkrirlər mühüm yer tutur.

Bir ədəbi abidə, söz sənəti nümunəsi kimi, Quran-i Kərim öz ideya və məzmunu, yüksək bədii üslubu və fəsahəti ilə ərəb ədəbiyyatının sonrakı inkişafında dərin iz buraxmışdır. Quran-i Kərimin dil və ədəbiyyata təsiri ilk növbədə onun ərəbləri tamamilə Qureyş ləhcəsinə yönəltməsi idi. Cahiliyyət dövründə bu ləhcə Ərəbistan yarımadasının şimal regionlarındakı ərəblər qəbilələri arasında poeziya dili kimi geniş yayılsa da, hər bir qəbilə öz ləhcəsində danışırdı. Quran-i Kərim hətta cənub ərəblərinin əsas ləhcəsi sayılan himyər dilini də sıxışdırıb aradan çıxardı. Qureyş ləhcəsi əsasında yaranmış ərəb ədəbi dili Orta Asiyadan tutmuş Atlantik okeanı sahillərinədək böyük bir ərazidə yayıldı.

Quran-i Kərimin adları

Quranın bir sıra adları var. Təfsir kitablarından hər bir adın özünəxas cəhətlərə malik olub öz aralarında fərqləndikləri anlaşılır. Müfəssirlər bəzən Quranın bir sıra xüsusiyyətlərini bildirən məcid, kərim, əziz və sair sifətlərini də adlar cərgəsinə qoşaraq onun doxsan doqquz adı olmasını bildirirlər. Bu adlar içərisində ən geniş yayılmışları Quranla yanaşı Mushəf, Furqan, Lövh-i məhfuz (Lauhun mahfuzun), Zikr, Tənzil, Nur, Kitab və Hudadır.

Quran adı “qaraə” sözündən alınmışdır. Bu sözün iki mənası vardır: oxumaq və bir yerə toplamaq. Quran-i Kərimin ilk ayələri – əl-Alaq surəsinin ilk beş ayəsi ıqra (oxu!) sözü ilə başlayır. Ancaq Quran sözünün mənası ilə bağlı başqa fikirlər də vardır. Məsələn, əşərilərin fikrincə Quran qaranə (birləşdirmək, bir-birinə bağlamaq) sözündəndir. İmam Şafii isə Quranı heç bir kökə bağlanmayan xüsusi ad kimi həmzəsiz oxumuşdu. “Quran”sözünün siryani dilidəki “keryanə” (kitab oxuma) sözündən alınması barədə də fikirlər səslənir, amma ən düzgün olanı sözün qaraə (oxumaq) kökündən alınmasıdır.

Mushəfdə kitabın özü, səhifələri, tərtib olunmuş bir nüsxəsi nəzərdə tutulur. Quranda Mushəf sözünə deyil, ona yaxın suhuf sözünə rast gəlinir (Taha,133; əl-Ə‘lə, 18 və s.). Əgər Quran deyərkən, Kəlamullah – Allahın sözü anlaşılır, ilk öncə onun qiraəti, yadda saxlanılması düşünülürsə, Mushəf deyərkən vərəqləri, yazısı, üz qabığı və s. olan konkret bir kitab nəzərimizdə canlanır. Quran daha ümumi, daha abstrakt, daha səmavi olub Lövh-i məhfuza və metafizik anlamlara daha yaxındır. Quran adı daha səmavi olmaqla, Mütləq Ağıla, Ruha, Loqosa bənzər bir məfhumdur. Beləliklə, Quran daha mücərrəd və səmavi bir anlamdır. Mushəf isə daha maddi, daha konkret bir kitabdır. Bu səbəbdən Füzuli deyirdi:

Müshəf demək xətadır ol səfheyi-cəmalə,

Bu, bir kitab sözdür, fəhm edən əhli-halə.

Bəzən alimlər Quranın xristianlıq dinindəki qarşılığının Hz. İsa olduğunu söyləyirlər. Hər ikisi – Quran da, hz. İsa da Allahın kəlamıdır və hər ikisi bakirə bir zəmində yarandı: Hz. İsanı bakirə Məryəm ana dünyaya gətirdi. Quran isə ümmi peyğəmbər Məhəmmədə nazil oldu.

Arami kökündən olan Furqan (əl-Baqara,185; əl-Furqan,1 və s.) sözünün mənası “fərqləndirib ayırmaq” deməkdir. O, haqqı batildən ayıran kitab olaraq dəyərləndirilir. Bəzən Furqanı Quranla yanaşı müqəddəs kitabın ən mühüm adlarından sayırlar. Quran-i Kərimdə bu söz yalnız Quranın adı kimi deyil, həm də Tövratın adı (əl-Baqara, 53; əl-Ənbiya, 48) kimi işlənir. İnsanlara haqqı batildən ayırmağı öyrədən Furqanın aydın, hökmü bəlli ayələrə aid işləndiyini zənn edənlər də var. Ayrıca olaraq, sufilər bu ada önəm verirdilər. Onların fikrincə, Quran elmləri bütöv, cəm halında ehtiva edir, Furqan isə onları bir-birindən ayırıb fərqləndirir.

Lövh-i məhfuz bütün müqəddəs kitabların əsasında dayanan meta-kitab, arxetipdir. Əl-Buruc surəsinin 21-22-ci ayələrində Quran barədə deyilir:

O, Lövh-i məhfuzda (Qorunan lövhədə) saxlanan şanlı Qurandır. 

Bir çox sami dillərində işlənən lauh-lövh sözü “yazı taxtası”nı, “lövhə”ni bildirir. “Lövh” sözünün ərəb dilindəki məna qatlarında həm bədən, həm də hava, səma, göylərlə bağlı çalarlara rast gəlinir. Quranda bəzən “lövh” sözü ilə arxetipik kitab deyil, peyğəmbərlərə nazil olan konkret kitab başa düşülür (əl-Əraf, 145). Əl-Qamər surəsində (ayə 13) sözün fərqli bir mənası ilə rastlaşırıq: burada Nuhun gəmisinin lövhələrdən hazırlandığı bildirilir.

Quran-i Kərimdə kitab arxetipi yalnız Lövh-i məhfuzla məhdudlaşmır. Əl-Vaqiə surəsinin 78-ci ayəsində Quran-i Kərimin gizli saxlanılan kitabda (kitəb məknun) hifz olunduğu göstərilir və müqəddəs kitabımızın əbədi və əzəli bir kitabın bir növ surəti olduğuna işarələr edilir. Bəzən “umm əl-kitəb” (Kitabın anası) da əbədi və əzəli bir kitab mənasında işlənir (məsələn, Əl İmran, 7).Əl-Hadid surəsinin 22-ci ayəsində deyilir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o bir kitabda (lövh-i məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır.

Umm əl-kitəb kitab arxetipi olmaqla bərabər, həm də Fatihə surəsini bildirir.

Tənzil isə Quranın nazil olmasını, özü də bir dəfəyə deyil, hissə-hissə nazil olmasını bildirir (əş-Şuara, 192; əl-Kəhf, 106).

Həm də surələrin birinin adı olan Nur müqəddəs kəlamın nurla, işıqla əlaqələndirilməsindən doğur.

Ümumiyyətlə, Huda, Nur, Bəyan Quranın funksiyası, insanları Haqq yoluna çıxarması ilə bağlı adlardır. Ayrıca olaraq Kitəb (əl-Baqara, 213; Əl İmran, 81) isə yazmaq (kətəbə) ilə bağlı olub Quranın yazılı abidə olmasını vurğulayır, bununla da, şifahi oxu ilə yazılı qeydləri fərqləndirir.

Vəhy

Quranın mahiyyətini anlamaq üçün ilk növbədə vəhy anlamını başa düşməliyik. Çünki Quran-i Kərim Allahın Məhəmməd peyğəmbərə vəhylə göndərdiyi bir kitabdır. İslamın zühurundan sonra bu dinə qarşı düşmən mövqedə olan müşriklər vəhylə nazil olan Quranı kahin səci və şeir hesab etmiş, Avropanın bir sıra ateist alimləri isə, Məhəmməd peyğəmbərin yaşadığı vəhy prosesini bir ruhi patologiya, xəstəlik kimi təqdim etmişlər. Ancaq XX əsrdə bir çox alimlər bu prosesi sağlam bir insan olan peyğəmbərimizin şüurunun intensivləşməsi, dəyişmiş forması kimi təqdim edir (Bu barədə Y. Rezvanın “Quran və onun dünyası” kitabında ətraflı məlumat var).

Vəhyin ağır bir proses olması Quranın özündə də əks olunub:

Əgər biz bu Quranı bir dağa nazil etsəydik, sən dağın (Allahın) qorxusundan kiçildiyini, parça-parça olduğunu görərdin (əl-Həşr, 21).

Vəhyin növləri çoxdur. Peyğəmbərimizə vəhy çox vaxt mələk vasitəsilə nazil olub. Vəhy mələyi bəzən insan görkəmində görünür. Peyğəmbər demişdir: “Bəzən mələk mənim yanıma insan surətində gəlib mənimlə danışır, mən də onun söylədiklərini öyrənirəm. Bu mənim üçün vəhyin ən asan gəlişidir”. Bəzən də vəhyin gəlişi zamanı peyğəmbəri titrəmə tutar, o, ağır bir vəziyyətə düşərdi. Onun qulaqlarında uğultu eşidilər, o, başını aşağı endirər, alnından tər axar, nəfəsi təngiyərdi. Vəhy daha çox gecəyarısı, səhərin açılmasına yaxın nazil olurdu.

Vəhyin başqa bir növü gerçək yuxudur. 23 illik vəhy prosesinin altı ayında Peyğəmbərimiz vəhyi gerçək yuxu şəklində qəbul edib. Buna görə də yuxu peyğəmbərliyin qırx altıda bir hissəsi sayılır. Bir sıra hədislərdə peyğəmbərlərin yalnız gözlərinin yatdığını, qəlblərinin isə oyaq qaldığı bildirilmişdir. Peyğəmbərlərin röyaları da əslində bir vəhydir. Belə ki, İbrahim əleyhissəlama oğlu İsmailin (ə.) qurban kəsilməsi barəsində göstəriş ona yuxusunda agah olmuşdur. Eləcə də Yusif peyğəmbər öz gələcək taleyini yuxuda görmüşdür. Bir hədisdə deyilir: “Mənə: “Ey Məhəmməd, gözlərin uyusun, qulaqların eşitsin, qəlbin əzbərləsin” – deyilib.

Peyğəmbərimizin iki dəfə arada vəhy mələyi olmadan Allah Təala ilə ünsiyyətdə olması göstərilir. Buna ən-Nəcm surəsində (ayə 9) işarə edilib. Burada Peyğəmbəin Allah Təaladan (və yaxud vəhy mələyi Cəbraildən) iki yay uzunluğunda məsafədə olması bildirilir (qabə-qövseyn). Mütləq varlığa yaxınlığı bildirən qabə-qövseyn klassik ədəbiyyatda tez-tez rast gəlinən məcazi ifadələrdən birinə çevrilib. Əl-Baqara surəsinin son iki ayəsinin birbaşa vəhylə nazil olması bildirilir.

Vəhy əksər vaxt eşitmə hissi ilə reallaşırdı, amma bəzən görüntülü də olurdu. Bəzən Allah Təala ilə birbaşa əlaqənin yuxuda da baş verdiyi söylənilir. Məhəmməd peyğəmbərdən söylənilən bir hədisdə deyilir: “Mən yuxuda ikən Rəbbimi ən gözəl surətində ikən gördüm”. Ümumiyyətlə, Peyğəmbərin Allah Təalanı görməsi barədə müxtəlif hədislər mövcuddur. Bir hədisdə deyilir:“ Ey Rəsulullah, Rəbbini görmüsənmi? Peyğəmbər dedi: mən bir nur görmüşəm”. Başqa bir hədisdə isə deyilir ki, Peyğəmbər Allahı gözləri ilə deyil, qəlbi ilə iki dəfə gördüyünü söyləmişdir. Peyğəmbərin Allahı merac zamanı insan – yeniyetmə oğlan şəklində görməsi ilə bağlı deyim də klassik ədəbiyyatda, xüsusilə sufi ədəbiyyatında tez-tez rast gəlinən motivlərdəndir. Hadis-i ruyə adlanan bu deyim, mötəbər hədis toplularında yer almır. Bununla belə, ibn Hənbəldən söylənilən bəzi xəbərlər həmin hədisin mövcudluğu və ibn Abbasa istinadən söylənilməsi barədə deyimlərə rəvac vermişdir.

Quran-i Kərimdə başqa peyğəmbərlərin vəhyi qəbul etməsi də əks olunub. Allah Musa peyğəmbərlə yanar ağac arxasından danışıb. İsaya gəlincə, Allah onun dili ilə insanlara müraciət edib. Ona görə də İsa “kəlimətullah” (Allahın kəlamı) adlanıb (Əl İmran, 45).

Quranın quruluşu

Quran-i Kərim peyğəmbərimizə 23 il müddətində nazil olmuşdur. Onun ilk ayələri əl-Alaq surəsinin ilk beş ayəsidir. Quranın ən son ayəsi isə əl-Məidə surəsinin 3-cü ayəsi sayılır ki, Vida həcci zamanı nazil olub.

Quran 30 cüz, 60 hizb, 114 surə, təxminən 6236 ayədən ibarətdir. Quranda tərtib baxımından ilk olaraq yeddi ayədən ibarət əl-Fatihə surəsi gəlir. Namaz zamanı təkrarlandığından buna “təkrarlanan yeddi” (səb əl-məsəni) deyilir. Fatihədən sonra surələr həcm etibarilə bəzi istisnalarla böyükdən-kiçiyə doğru düzülür.

Qurandakı hökmlər 3 qrupa bölünür: hamının anladığı hökmlər; ancaq Peyğəmbərin anladığı hökmlər; sirri ancaq Allaha aid olan hökmlər.

Ayə sözünün hərfi mənası “gizli işarə”, “möcüzə” anlamlarına gəlir. Bu sözün etimologiyasını müəyyənləşdirməlk çətindir. Ərəb dilində müvafiq kök olmadığı kimi, digər sami dillərində də eyni şəkildə olan müvafiq söz nəzərə çarpmır. Quranın özündə bu söz təxminən 400 dəfə işlənir. Quranın bəzi ayələri – ayət əl-kürsi (əl-Baqara, 255), ayət ən-nur (ən-Nur, 35) xüsusilə uca tutulur və dua kimi işlənir. Eləcə də əl-Baqara surəsinin son iki ayəsinin insanlara xoşbəxtlik gətirəcəyinə inam var.

Bəzi Quran ayələrinin hökmü yeni bir ayə ilə əvəz olunur (əl-Baqara 106; ən-Nəhl, 101). Bu cür ayələr mənsux ayələr adlanır. Onları əvəz edən ayələrə isə nəsix ayə deyilir. Mənsux ayələr üç qrupa bölünür.

Hökmü ləğv edilib mətni qalan ayələr. Buna misal olaraq, şərab barədə bəzi ayələri (əl-Baqara, 219; ən-Nisə, 43; əl-Məidə, 90) göstərə bilərik. Əl-Baqara surəsində şərabda həm ziyan, həm də xeyir olduğu bildirilir, ən-Nisədəki ayə sərxoş halda namaz qılmağı qadağan edir, əl-Məidə surəsi isə şərabı şeytan əməli sayır. Əl-Məidə surəsindəki hökm şərabda həm də mənfəət olması barədəki hökmü (əl-Baqara, 219) ləğv edir.

Hökmü saxlanılıb ləfzi pozulan ayələr. Adətən, buna rəcmlə, yəni zinakarlıq yapanların daşqalaq edilməsi ilə bağlı ayəni aid edirlər. Quranda zina barədə deyilir ki, zinakarları yüz qamçı zərbəsi ilə cəzalandırmaq lazımdır (ən-Nur, 2). Hz. Ömər bu ayədə ləfzi-mənsux olduğunu iddia edib. Yəni, zinakarları daş-qalaq etmək barədə hökm qalıb, ancaq onun ləfzi pozulub. Bu məsələdə müxtəlif məzhəblər və hüquq sistemləri arasında fərq var. Amma bir məsələ nəzərə alınmalıdır ki, Ömər kimi bir nüfuz sahibi belə bu ayəni Quranda yazdıra bilməyib. Bu, Quranın ilkin nüsxəsinin nə dərəcədə mükəmməl və təhriflərsiz olmasına dəlalət edir.

Həm ləfzi, həm də hökmü mənsux ayələr. Buna misal olaraq, aşağıdakı mətn göstərilir və onun guya ayə olması bildirilir:

İnsan övladının iki vadi sərvəti olsa, o üçüncüsünü də istəyər. Onun qarnını ancaq torpaqla doyuzdurmaq olar.

Qeyd etmək lazımdır ki, yuxarıdakı mətn mənbələrdə ibn Abbasdan söylənilən hədis kimi yer alır.

Nəsix-mənsux məsələsi İslamda həmişə mübahisə obyekti olub. Mübahisəyə mənsux ayələrin tilavəti, Quran ayəsinin hədisi, hədislərin isə ayəni nəsx etməsi və s. məsələlər də daxildir. Bu məsələdə çoxsaylı məzhəb və təriqətlərin öz yolu olub. Məsələn, sufilərin çox sevdiyi və Allahla bağlı sufiyanə mülahizələrə geniş meydan açan aşağıdakı ayə bəzi mühafizəkar üləma tərəfindən mənsux sayılır: Şərq də, Qərb də Allahındır. Hansi tərəfə yönəlsəniz (üz tutsaniz), Allah oradadır (əl-Baqara, 115). Bu ayənin müsəlmanlara üzlərini Kəbə məscidinə çevirmək buyurulan ayə ilə əvəz edildiyi bildirilir (əl-Baqara, 144).

Quran ayələrinin başqa bir təsnifatı onların nə dərəcədə anlaşıqlı olması ilə bağlıdır. Hökmü bəlli ayələr muhkəmət adlanır. Hökmü qaranlıq olub bir çox şərhlərə yol açan ayələr mutəşəbihət adlanır. Ən-Nur surəsinin 35-ci ayəsi buna misal ola bilər:

Quran-i Kərimin 29 surəsinin önündə huruf muqattaa (ayrılmış hərflər) adlanan hərflər vardır. Bu bir (nun  qaf), iki (ya sin, ta ha), üç (əlif, ləm, mim və s.) və daha çox ola bilər. Tilavət zamanı bunlar hərflərin adı ilə oxunur. Bəzi surələr (Yasin, Taha, Qaf, Nun, Sad) bu hərflərin adı ilə adlanır. Qeyd edək ki, bu hərf qruplarından ən çox işlənəni əlif, ləm, mim (əl-Baqara, Əl İmran, əl-Ənkəbut, ər-Rum, Loğman, əs-Səcdə surələri) və ha mimdir (əl-Ğafir, Fussilət, əş-Şura, əz-Zuxruf, əd-Duxən, əl-Cəsiyə, əl-Əhqaf surələri). Şiə ədəbiyyatında ha mimlə başlayan surələrin şiə imamları ilə bağlılığına inam var.

“İşıq hərfləri” adlanan huruf muqattaanın mənası müxtəlif cür izah edilir. Bəzən hər hərfin bir söz bildirdiyi, xüsusilə Allahın gözəl adlarını ifadə etdiyi söylənilir. Bu fikir, xüsusilə, sufilər arasında geniş yayılıb. Bəzən də bu hərflərin Quran yazıya alınarkən xəttatların qeydləri olmasını və bu qeydlərdə bu və ya diğər surəni hafizəsində saxlayan səhabənin adının nəzərdə tutulması zənn edilir. Həmin hərflərin surələrin digər adlarının baş hərflərini bildirməsini söyləyənlər də var.

Surələr

Surə sözü Quranda on dəfə işlənir. Siryani mənşəli  “surta” sözündən alınıb, “müqəddəs yazı”, “qiraət” anlamına gəlir. Quran-i Kərimdə 114 surə var. Ən böyük surə əl-Baqara, ən kiçik surə isə əl-Kausər surələridir.

Quran-i Kərimin ilk nüsxələrində surələrin adları olmayıb, mətnlər bir-birindən müəyyən işarələrlə ayrılıb. Çünki sırf Allah kəlamı olan müqəddəs bir kitaba insan övladına xas əlavələr olaraq surə adlarını qeyd etmək məqbul bilinmirdi. Surə adları Qurana sonradan əlavə edilmişdir. Bu adlar əsasən surədə keçən bir ada, məfhuma müvafiq müəyyənləşirdi. Bəzən bir surənin bir neçə adının olması (məsələn, əl-İnsan surəsi həm də əd-Dəhr adlanır. Əl-İxlas surəsinə çox vaxt Qul Huva Allah deyilir) da surə adlarının katib və qarelər tərəfindən seçilməsinə dəlalət edir.

Bəzi surələr yüksək üslubu və bədiiliyi ilə seçilir. Məsələn, ər-Rəhman surəsində “fə bi-eyyi ələi rəbbikumə tukəzzibəni” ifadəsinin surə boyunca dəfələrlə təkrarlanması və qafiyə sisteminin mükəmməlliyi bu surəyə xüsusi harmoniya və axıcılıq verir. Yusif, əl-Fatihə və bəzi kiçik surələr istisna olmaqla, surələrdə vahid süjet xətti gözlənilmir və bir surə bəzən mənaca uyğun gəlməyən, müxtəlif tərzdə söylənilən bir neçə əlaqəsiz hissəni birləşdirir. Yusif surəsi süjetli hekayət təsiri bağışlayır.

Xronologiya baxımından surələr, Məkkə və Mədinə surələri olmaqla, iki qismə bölünür. Bəzi surələrdə həm Məkkə, həm də Mədinədə nazil olan ayələr cəmlənib. Məkkə dövrü 90 surədən ibarətdir. Bu surələr özü üç mərhələni əks etdirir:

I Məkkə dövrü. Bura 48 surə aiddir. Bu surələrdə Allahın təkliyi ideyası dönə-dönə bildirilir, insanlara Qiyamət günü və axirət dünyası barədə xəbərdarlıq edilir, cənnət və cəhənnəmin təsviri verilir. Bu surələrdə səc üslubu (qafiyəli, vəznli nəsr) daha bariz görsənir, qafiyə ilə yanaşı ritmikaya da fikir verilir. Teodor Nöldeke aşağıdakı surələri bu dövrə aid edir. Alim surələri endirilmə xronologiyasına görə düzüb:

96, 74, 111, 106, 108, 104, 107, 102, 105, 92, 90, 94, 93, 97, 86, 91, 80, 68, 87, 95, 103, 85, 73, 101, 99, 82, 81, 53, 84, 100, 79, 77, 78, 88, 89, 75, 83, 69, 51, 52, 56, 70, 55, 112, 109, 113, 114.

II Məkkə dövrü 21 surəni əhatə edir. Bu surələrdə birinci qrupa daxil olan surələrdəki yüksək pafosun yerini sakit mülahizələr tutur. Peyğəmbərlərin qissəsinə, xüsusilə Musa peyğəmbərin hekayətinə yer ayrılır. Bu surələrdə dalğınlıq, fikir və düşüncə hakimdir. Allahın varlığını iddia edən hökmlərdə möcüzə və ilahi ayətlərdən bəhs edilir. Bu surələrdə Allaha “Ər-Rəhman” deyə müraciət edildiyindən, onlar Rəhman surələri adlanır. Teodor Nöldeke aşağıdakı surələri bu qrupa aid edir:

54, 37, 71, 76, 44, 50, 20, 26, 15, 19, 38, 39, 43, 72, 67, 23, 21, 25, 17, 27, 18.

III Məkkə dövrü 21 surəni əhatə edir. Bu surələrdə qısas əl-ənbiyaya əsas yer verilir. Bu qrup surələr həcmcə daha böyükdür və bu surələrdə “eyyuhə n-nəs” (Ey insanlar!) müraciəti daim təkrarlanır. 32, 41, 45, 16, 30, 11, 14, 12, 40, 28, 39, 29, 31, 42, 10, 34, 35, 7, 46, 6 və 13-cü surələr bu qrupa daxildir.

Mədinə dövrü surələri iyirmi dörddür. Bu dövrdə müraciət edilən auditoriya dəyişdiyindən və müsəlman icmasının özəyi yarandığından, nazil olan surələr də fərqli xarakter daşıyır. Dini öhdəliklər, hüquqi məsələlər, ailə, məişət, vərəslik, əxlaq problemləri, başqa icmalara, xüsusilə kitab əhlinə münasibət bu surələrdə əks olunub. Burada poetik ifadə tərzi o qədər də güclü deyil.

Bir sıra surələr müsəlmanın inanc sistemində xüsusi şəfaverici ilahi mərhəmət və yardımla əlaqələndirilir (əl-Fatihə, əl-Vaqiə, əl-İxlas, əl-Falaq, ən-Nəs və s). İslam dünyasında əl-Falaq, ən-Nəs surələrinin tilsimdən və bəd duadan qorumasına, əl-Vaqiə surəsinin isə ruzi gətirməsinə dərin inam var.

Quran-i Kərim yüksək bəlağət və fəsahət nümunəsidir. O, insanların onu yadda saxlaması üçün münasib bir şəkildə nazil olmuşdur. Əl-Qamər surəsinin 17-ci ayəsində deyilir: Biz Quranı zikr üçün asan etdik.

Quran-i Kərimin yazıya alınması

Quran nazil ola-ola (610-632) səhabə onu əzbərləmiş, vəhy katibləri Quranı yazıya almışlar. İlk vaxtlar Quran ayələri perqament, papirus, xurma ağacı yarpaqları, heyvanların kürək sümükləri üzərində yazılırdı. İlk nümunələr kufi, bəzən də hicazi xətti ilə yazılıb.

Xəlifə Əbu Bəkrin dövründə (632-634) Quran Zeyd ibn Səbitin başçılığı ilə katiblər tərəfindən vahid bir kitab halında yazılıb tərtib olunur. Bu zaman həm qarelərin yaddaşında hifz olunan Qurandan, həm də əldə olan yazılardan istifadə edilir. Rəvayət olunur ki, Quranı yaddaşında hifz edən bəzi səhabənin Yəməmə döyüşündə şəhid olması Quranın taleyi ilə bağlı Ömər ibn əl-Xəttabı narahat etmiş, o, xəlifə Əbu Bəkrə Quranın kitab halına salınmasını məsləhət bilmişdir. İlk əvvəl Əbu Bəkr və Zeyd ibn Səbit “Biz peyğəmbərin özünün etmədiyi işi necə edək?” – deyib tərəddüdlərini büruzə vermişlər. Ömər onları Quranı vahid kitabda toplamağın zərurətinə inandırdıqdan sonra bu işi görüb səhabənin yaddaşında, perqament, xurma yarpaqları, kətan parça və sümüklər üzərində olan pərakəndə yazıları ardıcıl tərtibli suhuf (səhifələr) halına salmışlar. Həmin nüsxə Əbu Bəkrin vəfatından sonra Ömərdə qalmış, Ömər dünyasını dəyişərkən onu saxlamağı Peyğəmbərin dul qadını, öz qızı Hafsəyə tapşırmışdır.

Quranın müxtəlif qiraət formaları uzun müddət cəmiyyətdə çaşqınlıq yaradırdı. Azərbaycana olan yürüşlərin birində yarısı Abdulla ibn Məsudun, yarısı Ubeyy ibn Kə‘bin qiraətini üstün tutan əsgərlər arasında çaxnaşma düşür, nəticədə onlarla əsgər tələf olur. Ümmət arasında fikir ayrılığına son qoymaq üçün Quranın vahid bir nüsxəsini yaratmaq zərurəti meydana çıxır. Bu nüsxənin əsasında Əbu Bəkrin vaxtilə Yəməmə döyüşündən sonra tərtib etdirdiyi, Ömərin qızı Hafsədəki nüsxə dayanırdı. Osman müshəfi adlanan bu nüsxə indi əlimizdə olan müqəddəs kitabımızdır. Onun üzü köçürülür, nüsxələri Kufəyə, Bəsrəyə, Dəməşqə və Məkkəyə göndərilir. Bəzən əlyazma nüsxələrinin daha çox hazırlanıb Misir və Orta Asiyaya da göndərilməsi bildirilir. İki nüsxə isə Mədinədə saxlanılır: bunlardan biri Peyğəmbər məscidində hifz olunur, digəri isə xəlifənin şəxsi istifadəsinə verilir.

Görünür, Quranın Osman tərəfindən vahid nüsxədə tərtibi zamanı səhabədə müqəddəs kitabın səhifələr toplusu deyil, kitab (mushəf) olaraq bir çox nüsxələri olmuşdur. Rəvayətə görə, Osman nüsxəsi tərtib edilməzdən əvvəl peyğəmbərin zövcələrindən Aişə, Hafsə və Umm Salamada, eləcə də Əbu Bəkr, Ömər, Osman və Əlidə, müsəlman təfsir elminin banisi sayılan Abdulla ibn Abbasda, bəzi qarelərdə Quran nüsxələri var idi. Vahid nüsxə tərtib olunduqdan sonra bu nüsxələr Osmana verilmiş və onlar yandırılmışdır. Yalnız məşhur Quran qaresi, sonradan şiəliyə rəğbəti ilə tanınan Abdulla ibn Məsud öz nüsxəsini verməkdən imtina etmiş, “ağzından süd iyi gələn” Zeyd ibn Səbitin başçılığı ilə yeni nüsxə tərtib olunmasını bəyənməmişdir.

Deyilənə görə, ibn Məsudun nüsxəsində əl-Fatihə surəsi və muavvızatən adlanan əl-Fəlaq və ən-Nəs surələri olmayıb, çünki Abdulla ibn Məsud bu surələri dua hesab edib. Kanonik nüsxədən fərqli olaraq, Abdulla ibn Məsudun nüsxəsində doqquzuncu surə də bəsmələ ilə başlayır. Ubeyy ibn Kəbin nüsxəsində isə iki əlavə kiçik surə olub. Sonradan yaranmış xarici (xəvaric) təriqəti nümayəndələri isə Yusif surəsini bəyənməyib Qurandan çıxarmışlar.

Quran mushəf olaraq ilk vaxtlar perqament üzərində yazılmışdır. Adətən, üst-üstə beş iri dəri qoyulur, ortadan bərkidilir, on səhifəli iri bir Quran alınırdı. Sonra papirus üzərində ilk dəfə hicazi xətlə şaquli şəkildə yazılıb. Daha sonra isə kufi xətlə üfüqi istiqamətdə yazılmağa başlanıb.

Quran-i Kərim bir çox elmlərin inkişafına təkan verdi. Quranın yazıya alınması ilə ilk öncə ərəb orfoqrafiyası təkamül etdi. Əvvəllər ərəb yazısında nöqtə və hərəkələr yox idi. Bu bir sözün bir neçə oxunuşunu yaradır və Quranın düzgün qiraətini çətinləşdirirdi. Əbu l-Əsvad əd-Duali (v. 688) hərəkələri qırmızı mürəkkəblə nöqtələr şəklində təsvir edir. Fəthəni hərfin üzərində, kəsrəni hərfin altında, dammanı hərfin yanındakı qırmızı nöqtə bildirirdi. Deyilənə görə, ona bu dəyişiklikləri etməyi Əli ibn Əbi Talib (v. 661), başqa bir versiyaya görə Ziyad ibn Əbihi (v. 673) tapşırmışdır. Kufi əlifbası ilə iri hərflərlə yazılan qədim Quran nüsxələrində əd-Dualinin yazı sistemi müşahidə edilir. Ərəb orfoqrafiyasında ikinci böyük dəyişiklik hərflərin nöqtələrlə fərqləndirilməsi oldu. İlk nöqtələrin də əd-Duali tərəfindən tətbiqi göstərilir, amma indiki işlətdiyimiz şəkildə nöqtələmə sisteminin əməvi valisi Həccac ibn Yusifin göstərişi ilə Nasr ibn Asimin ( v.708) tərtib etməsi bildirilir. Üçüncü dəyişiklik Xəlil ibn Əhməd əl-Fərahidi ( v. 791) tərəfindən edildi. O, Əbu l-Əsvad əd-Dualinin nöqtələri əvəzinə indi işlətdiyimiz hərəkələri – fəthə, kəsrə, damma, sukun, şəddə və məddəni, həmçinin həmzəni yaratdı.

Quranın əzəli olub-olmaması barədə İslam dünyasında mübahisələr baş verib. Mötəzililər onu məxluq saymış, yəni onun Allah Təala tərəfindən xəlq edildiyini iddia etmiş, ortodoks sünni üləması isə Quranı Tanrı kəlamı olaraq əbədi bilmişlər. Xəlifə əl-Məmunun dövründə mötəzililik rəsmi ideologiya olduğundan “mihnət xalq əl-Quran” (Quranın xəlq olunması sınağı) adlanan repressiya dalğası başlayır və Quranın Tanrı kəlamı kimi əbədi olmasını bildirən alimlər təqib olunur. Bu hal əl-Mutəvəkkilin hakimiyyətə gəlməsinədək (hak. 847-861) davam edir.

İslam dünyasında Quran Həzrəti Məhəmmədin ən böyük möcüzəsi sayılır. Quranı yamsılamaq, Qurana bənzər kitab yazmaq küfr olsa da, İslam dünyasında, görünür, bu sahədə uğursuz cəhdlər olmuşdur.

Quran bütün zamanların kitabıdır. İslam dünyasında onun təhriflərdən, ixtisar və əlavələrdən uzaq olması birmənalı şəkildə qəbul olunur.

Tilavət

Quran-i Kərimin düzgün qiraətinə həmişə xüsusi önəm verilib. Adətən, Quran qiraəti tilavət sözü ilə ifadə edilir. Xüsusi ahənglə oxunuş təcvid adlanır. Quranda qiraətin aramla oxunması nəzərdə tutulur:  Quranı aramla (ritmlə) oxu! (əl-Muzzəmmil, 4). Ayədə işlənən tərtil Quranın hissələrə bölünüb oxunmasıdır. Təcvid isə, Quran qiraətinə xüsusi gözəllik, musiqi ahəngi verilməsidir. Hədislərdə Peyğəmbərin Quranı fasilə verərək qiraət etməsi, hər ayəni ayrılıqda aydın şəkildə oxuması, qiraət zamanı bəzi sözləri uzatması bildirilir.

Ümumi qəbul olunmuş mülahzə belədir ki, Quran tələsik oxunarsa, insan ayələrin mahiyyətinə varmaz, onun mənasını dərk etməz. Xüsusilə, axirət əzabı barədə xəbərdarlıqla bağlı ayələrdən sonra dayanılmalı, Allahın mərhəmətinə sığınılmalıdır. Qiraət zamanı pauzalara, səsin ucalıb enməsinə xüsusi əhəmiyyət verilir. Tilavət zamanı dil, ürək və beyin vəhdətdə olmalıdır, dildə səslənən hökmlər ağılla dərk edilib qəlblə duyulmalıdır. Qiraət zamanı insan oxuduğu kəlamların ilahi mahiyyətinə varmalıdır. Quran oxuyan kəs ruhən və cismən təmiz olmalı, libaslarının paklığına, oturduğu yerin təmizliyinə diqqət yetirməlidir. Quran oxunarkən üzün qibləyə tutulması məsləhət bilinir.

Quran qiraətini və xətmini asanlaşdırmaq üçün onun ümumi mətni otuz cüzə və altmış hizbə bölünüb. Bundan əlavə, Quranın yeddi və dörd kimi hissələrə də bölünməsi məlumdur.

Quran qiraəti zamanı bəzi ayələrdən sonra səcdə edilir. Bu ayələr aşağıdakılardır:

Əl-Əraf, 206; ər-Rəd, 15; ən-Nəhl, 50; əl-İsra, 109; Məryəm, 58; əl-Həcc, 18; əl-Həcc,77; əl-Furqan, 60; ən-Nəml, 26; əs-Səcdə, 15; Sad, 24; Fussilət, 38; ən-Nəcm, 62; əl-İnşiqaq, 21; əl-Alaq, 19

Təcvid və tilavət ilk növbədə Quranı səhvlərsiz oxumaqdır. Bu səbəbdən İslam dünyasında Quran qiraəti ayrıca bir dərs kimi tədris edilir. Qiraət zamanı Quranın müəyyən musiqi ahəngi ilə oxunması da geniş yayılıb. Bu zaman Quran oxuyanın səsinin gözəlliyinə xüsusi önəm verilir. Səhabədən Əbu Musa əl-Əş‘ərinin ( v. təx. 662) gözəl səsinin olduğu və Peyğəmbərin onun təcvidini çox bəyənməsi məlumdur.

Təfsirlər

Quran-i Kərim nazil olduğu gündən onun şərhinə, təfsirinə ehtiyac duyulub. “Qələmin birinci vəzifəsi xəttatlıqdırsa, ikinci vəzifəsi təfsirdir” – deyilirdi. Təfsirlərdə, adətən, bu və ya diğər ayənin və ya surənin nazil olma səbəbləri, tarixi göstərilıir, arxaik sözlər izah edilir, nəsix-mənsux ayələr barədə məlumat verilir, qısa bir işarə ilə kifayətlənilən əhvalatlar (məsələn, İsra və Merac) geniş şərh edilir, şəriətlə bağlı bir sıra ayələr izah edilirdi. Təfsirlərdə həmçinin qissələrə geniş yer verilirdi. Bəzi təfsirlər qrammatika və leksikoqrafiya məsələlərinə, bəziləri rəvayət və əhvalatlara geniş yer ayırırdı.

Quranın ilk müfəssiri Peyğəmbər özü idi. Quranda (ən-Nəhl, 44) deyilir:

Sənə Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!

Onun bu və ya digər ayə ilə bağlı verdiyi izahlar sonradan sünnə və təfsir ədəbiyyatının əsasında dayandı. Görünür, Quran-i Kərimin bir dəfəyə deyil, hissə-hissə nazil olması onun izahı, təfsiri üçün lazım idi. Peyğəmbərdən sonra onun səhabəsinin Quranın təfsirində böyük rolu olub.

Ümumiyyətlə, müsəlmən eqzegetikasının banisi Peyğəmbərin əmisi oğlu Abdulla ibn Abbas (v. 687) sayılır. Hicrətdən üç il öncə dünyaya gəlmiş Abdulla hələ gənc yaşlarından Quranın bilicisi idi. O bu və ya digər ayənin şərhində ərəb şeirinə müraciət edir, çətin sözləri beytlərlə izah edirdi. Onun bu üsulu sonradan təfsir ədəbiyyatında xüsusi bir ənənənin – şeirlə təfsirin əsasını qoydu və qədim poeziyaya olan marağı artırıb onun toplanmasını zəruri etdi. İbn Abbasın adına bir sıra təfsirlər aid edilsə də, onun orijinal əsəri zəmanəmizədək gəlib çıxmayıb, amma sonrakı təfsirlərdə ona dönə-dönə istinad edilib.

Təfsirlərlə bağlı xəlifə Ömərin orijinal mövqeyi olub. O, ayrı-ayrı məzhəblərin təfsir vasitəsi ilə Quranı istədikləri kimi yozacağından ehtiyatlanaraq təfsirin əleyhinə çıxıb. Bununla belə, mənbələrdən görünür ki, Ömər Quranın leksik səviyyədə şərhini, yəni ancaq arxaik sözlərin mənasının açılmasını bəyənib və bu məqsədlə ərəb şeirinə müraciət etməyi lazım bilib.

Quran təfsirləri İslamda məzhəbçiliklə sıx bağlı olub. İlk təfsirlərin sünni və şiə məzhəbi ilə bağlı olub, iki qismə bölünməsi müşahidə olunur. Bunlar sünni məzhəbli əl-Məkkinin ( v.722) və şiə əl-Cufinin (v.746) təfsirləri idi. Mərkəzi Kufə olan şiə təfsir ədəbiyyatı batiniliyə meyili, sünni şərhlərində yer almayan rəmzi mənalara diqqət yetirilməsi ilə fərqlənirdi. Nəticədə Quranı hərfi mənada qəbul edən zahiri və ayələrdə gizli mənalar axtaran batini təfsir hərəkatları yarandı. Bunlarla yanaşı, təfsir elminə mötəzililər də öz üsulllarını, şəxsi rəyə əsaslanan rasional təfsir metodunu gətirirlər. Bu təfsirlərin ən məşhuru Cərullah əz-Zəməxşərinin (v.1144) digər məzhəblər tərəfindən də qəbul olunan “Kəşşəf” (Kəşşəf an haqaiq ğavamid ət-tənzil – Tənzilin qaranlıq yerlərinin həqiqətlərinin açılması) təfsiri idi.

Quran-i Kərimin məşhur müfəssirlərindən biri Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəridir (v.923). Onun təfsiri Cəmi əl-bəyən fi təfsir əl-Quran (Quranın təfsirində əhatəli izahat) adlanır. Bu təfsirin əhəmiyyəti onunla müəyyən edilir ki, ət-Təbəri bu və ya digər ayəni şərh edərkən, geniş təfsilata varır, hadisələri incəliklərinədək təsvir edir, şərhdə müraciət etdiyi hədis və xəbərlərin müxtəlif istinadlara əsaslanan bir çox variantlarını verir. Bu variantlar, əsasən, bir-birini təkrar etsə də, bəzən kiçicik bir fərq belə mühüm məna daşıyır.

Əbu l-Fida İsmail ibn Kəsir əd-Dəməşqinin (v.1372) Təfsir əl-Quran əl-Azim (Əzəmətli Quranın təfsiri) əsərinin də xüsusi əhəmiyyəti vardır. Bu əsər öz mükəmməlliyi, əhatəliliyi ilə bəzən İbn Cərir ət-Təbərinin təfsiri ilə yanaşı tutulur. Öz əsərində əsas mənbə kimi Təbəri təfsirinə əsaslanan ibn Kəsir, yeri gəldikcə, başqa mənbələrə də istinad edir. İbn Kəsir, öz təfsirinə böyük bir müqəddimə ilə başlamış, burada Quran-i Kərim və onun təfsiri ilə bağlı mülahizələrini söyləmişdir.

Bundan əlavə, Abdulla ibn Ömər əl-Baydavinin (v.1286) Ənvar ət-tənzil va əsrar ət-təvil (Quranın nuru və onun izah edilməsi sirləri), Əbu l-Qasim Mahmud ibn Ömər əz-Zəməxşərinin (1074-1144) yuxarıda adı çəkilən təfsirlərini də bu sahədə mükəmməl əsərlər kimi qeyd edə bilərik. Qeyd edək ki, əl-Baydavi öz təfsirində əz-Zəməxşəridən faydalanmışdır.

Beləliklə, hər bir təfsirin ümumi məzmunu müfəssirin dini məzhəb və baxışı ilə bağlı idi. Sufilər və şiələr daha çox gizli mənaların açılmasına, batini şərhə meyilli idi. Batiniliyə meyilli təfsirlər təvil adlanır. Əl İmran surəsinin 7-ci ayəsində Quran ayələrinin muhkəmət (hökmü bəlli) və mütəşəbihət (hökmü qaranlıq) olduğu, bu cür qaranlıq ayələrin ancaq elmdə möhkəm biliyi olanlara (rasixun) aydın olması göstərilir. Şiələr burada gizli elmlərdən xəbərdar olan imamların nəzərdə tutulduğunu iddia edirlər. Onların nəzərində Quranın hamı üçün məlum zahiri tərəfi ilə yanaşı gizli elm sahibləri üçün batini tərəfi də var. Batinin dərki varlığın ilkin sirlərinin dərkindən (təvil – əvvələ qayıtma) keçir.

Şiə və sufi təfsirlərində alleqorik izahlar, rəmzi mənalar geniş yer tutur. Hürufilik, sufizm, ismaililik və s. təriqətlər Quranın batini şərhini üstün tutur, onu öz fəlsəfi düşüncələrinə uyğun tərzdə təfsir edirlər. Məsələn, Tur surəsində müqəddəs kitabın aşılanmış dəri üzərində yazılması bildirilir: “Aşılanmış dəri üzərində yazılmış kitaba and olsun ki,” – deyilir. (ət-Tur, 2-3). Hürufilər bu ayəni öz təlimlərinə müvafiq bir tərzdə yozub burada aşılanmış dəri ilə üzərində ilahi hikmətlər yazılmış insan simasının nəzərdə tutulduğunu bildirirlər. Ən-Nur surəsi (ən-Nur, 35) də batini təriqətlərdə çoxsaylı yozumlara yol açıb.

Təfsir elmi daim inkişaf edən, zamana müvafiq yeni istiqamətlər doğuran bir elmdir. XX əsrdə İslam dünyasında yaranan maarifçilik və reformasiya hərəkatının təsiri ilə Məhəmməd Abduh və Rəşid Rizanın əl-Manar kimi yeni təfsiri meydana çıxdı. Hal-hazırda İslam dünyasında Misirdə “Müsəlman qardaşlar” təşkilatının və bir çox ekstremist qrupların ideoloqu sayılan Seyyid Qutubun (v. 1966) Fi zılal əl-Quran (Quranın kölgəsində) təfsiri maraqla qarşılanır.

Qissələr

Quran-i Kərimin ədəbiyyatşünaslıq baxımından ən çox maraq doğuran hissəsi qissələrdir. Hərfi mənası a) bir kəsin izi ilə getmək, b) bir xəbəri söyləmək, hekayət etmək v) kəsib qısaltmaq (məsələn, saçı) olan “qassa” feilindən yaranmış qissə sözü müəyyən bir hadisəni, baş vermiş olayı, xəbəri bildirməklə yanaşı, həm də bir ədəbiyyatşünaslıq termini kimi hekayə anlamına gəlib ya xəyali, ya da gerçək hadisələri nəql edən bir ədəbi növdür. Quran-i Kərimdə keçmişə aid olaylar “qissə” sözü ilə yanaşı ona sinonim kimi işlənən “nəbə”, “xəbər”, “məsəl” sözləri ilə də bildirilir (əl-Ənam 24, əl-Məidə 27, Hud 49, əl-Əraf 101, əl-Ənkəbut 43 və s.).

Heç də bütün qissələr Quranda əks olunduğu şəkildə ədəbi növ hesab edilə bilməz. Quranda yalnız Yusif peyğəmbərin qissəsi hadisələrin ardıcıllıqla nəql edildiyi, müəyyən süjet və kompozisiyaya malik dolğun hekayət təsiri bağışlayır. “Əzm və səbat sahibi olan” peyğəmbərlərdən Adəm (ə), Nuh (ə), İbrahim (ə), Musa (ə) və İsanın (ə) qissələri Quranda nisbətən geniş olsa da, onlar ayrı-ayrı surələrdə epizodlar şəklində əks olunmuşlar. Bu epizodlar içərisində bəzən təkrarlara rast gəlinir, bəzən də müəyyən epizod yalnız bir dəfə xatırlanır. Məsələn, Musanın hekayəti təkrarlanan epizodlar halında əl-Əraf (103-172), Taha (9-101) əl-Qasas (3-43) və b. surələrində əks olunur. Onun Xızrla olan əhvalatına yalnız əl-Kəhf surəsində (60-82), “İnfilaq əl-bəhr” (dənizin yarılması) epizoduna isə əş-Şuara (63) surəsində rast gəlinir.

Bəzi peyğəmbərlərin Quran-i Kərimdə yalnız adı çəkilir (İdris, Əl-Yəsə, Zu l-Kifl), bəzisinin isə adı belə çəkilmir. Bəzən peyğəmbər, bəzən də övliyaların öndəri sayılan Xızrın Quranda adı çəkilməsə də, Kəhf surəsindəki “ilmun min lədun“dan (dərgahımızdan olan elmdən) xəbərdar olan Allah bəndəsinin Xızr olduğu zənn edilir.

Bəzi qissələrə Quran-i Kərimdə qısaca bir işarə edilmişdir. Məsələn, təfsirlərdə geniş yer alan Harut-Marut hekayətinə əl-Baqara surəsinin 102-ci ayəsində, Şərq poeziyasında rəngarəng obrazlar doğurmuş Süleyman üzüyü və div hekayətinə Sad surəsinin 34-cü ayəsində, Əyyubun hekayətinə əl-Ənam (84), əl-Ənbiya (83-84), Sad (41-44) surələrində qısa bir işarə edilib.

“Qissə” deyərkən, biz ancaq Quran-i Kərimdəki epizod və işarələri deyil, zaman-zaman xəyali əhvalatlarla zənginləşmiş və təfsir ədəbiyyatında geniş yer almış bitkin hekayətləri başa düşürük. Əsas qayəsini Allah Təalanın təkliyinə inam (tövhid), peyğəmbərlərə inam (nubuvvət) təşkil edən, insanları mömin, xeyirxah, səbrli, təvazökar olmağa səsləyən, nəfsə uymağı, təkəbbürü, səbrsizliyi, əxlaqsızlığı pisləyən qissələr bir örnək, öyüd-nəsihət, ibrət olaraq nazil olmuşlar. Buna görə də Quran-i Kərimdə peyğəmbərlərin “hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır” – deyilir (Yusif, 111).

Quran qissələrini mövzu dairəsinə görə aşağıdakı şəkildə qruplaşdırmaq olar:

– qısas əl-ənbiya – peyğəmbərlərin qissələri;

– ərəblərin İslamaqədərki tarixi ilə bağlı qissələr;

– bəzi müdrik adamlar və qəhrəmanlarla bağlı qissələr;

– ayrı-ayrı ibrətamiz qissələr;

– Məhəmməd peyğəmbərin həyatı ilə bağlı qissələr.

Qısas əl-ənbiya Quran rəvayətlərinin böyük bir hissəsini təşkil edir. Hədislərdə yüz iyirmi dörd min peyğəmbər olduğu göstərilsə də, Quran-i Kərimdə aşağıdakı peyğəmbərin adı çəkilmişdir: Adəm (ə), Nuh (ə), İdris (ə), Hud (ə), Saleh (ə), Şüeyb (ə), Ibrahim (ə), İsmail (ə), Ishaq (ə), Lut (ə), Yaqub (ə), Yusif (ə), Əyyub (ə), Yunus (ə), Musa (ə), Harun (ə), əl-Yəsə (ə), Zu l-Kifl (ə), Davud (ə), Süleyman (ə), İlyas (ə), Yəhya (ə), Zəkəriyyə (ə), İsa (ə), Məhəmməd (ə).

Quran qissələrinin böyük bir qismini əhatə edən qısas əl-ənbiyada tövhid və nübuvvətlə bağlı məsələlərə xüsusi diqqət yetirilmiş, peyğəmbərlərin məsumluğu və möcüzələrlə çıxış etmək qabiliyyəti, bir çox ümmətlərin öz peyğəmbərinə inanmayıb onu inkar etməsi kimi məsələlər əks olunmuşdur.

Ərəblərin İslamaqədərki tarixinin əks olunması baxımından Quran-i Kərimdə Səba dövləti, Ərim seli ilə bağlı rəvayətlər maraq doğurur (Səba, 15-17). Eləcə də əl-Buruc surəsinin 4-9-cu ayələrində xatırlanan Ashab əl-uxdud (xəndək sahibləri) və əl-Fil surəsində əks olunmuş Ashab əl-fil (Fil sahibləri) rəvayətləri də İslamaqədərki ərəb tarixi ilə bağlı bəzi hadisələrə toxunduğundan diqqətəlayiqdir.

Quran-i Kərimdə müdrik adamlar və qəhrəmanlarla bağlı hekayətlərə gəlincə, İskəndər Zu l-Qarneyn və Loğmanın (Loğman) hekayətini, Həbib Nəccarla əlaqələndirilən Ashab əl-qaryə (Şəhər sakinləri) qissəsini göstərmək olar.

Bəzən Quran-i Kərimdə tarixi şəxsiyyətlər – peyğəmbərlər, padşahlar, müdrik adamlarla bağlı olmayan ayrı-ayrı ibrətamiz hekayətlər də verilir. Belə hekayətlərdən iki bağ sahibi ilə bağlı rəvayət maraqlıdır. Əl-Kəhf surəsinin 32-44-cü ayələrində əks olunmuş bu rəvayət dərin ibrətamiz mənaya malik olub insanları Tanrının bəxş etdiyi nemətlərlə öyünməməyə, allahsevərliyə və xeyirxahlığa səsləyir.

Quran-i Kərimdə Məhəmməd peyğəmbərin həyatı ilə bağlı bir sıra hadisələr də öz əksini tapmışdır. Digər rəvayətlərdən fərqli olaraq, Məhəmməd peyğəmbərin (s.ə.s.) həyatı ilə bağlı əhvalatlar müqəddəs kitabda çox qısa və ötəri əks olunub. Yalnız təfsirlərdə bu qissələr hərtərəfli verilir. Peyğəmbərimizin həyatı ilə bağlı İsra və Merac (əlİsra,1), Şaqq əl-qamər (əl-Qamər,1), Əhl əl-ifk (böhtan əhli) hadisələri (ən-Nur,10-17) ilə bağlı rəvayətlər maraq doğurur.

Quran və poeziya

Bütün peyğəmbərlər kimi, Məhəmməd peyğəmbər də öz missiyasını yerinə yetirərkən müəyyən çətinliklərlə üzləşmişdir. Təkallahlılığı qəbul etmək istəməyən müşriklər peyğəmbərə və bu dini qəbul etmiş ilk müsəlmanlara qarşı açıq-aşkar düşmənçilik mövqeyinə keçirlər. Hətta bəzi müşrik valideynlər öz müsəlman övladlarını evdə zəncirləyib saxlayırdılar ki, onlar Məhəmməd peyğəmbərin çıxışlarını dinləməyə getməsinlər. Bütpərəsrt ərəblər onların əsrlər boyu ibadət etdiyi bütlərə qarşı çıxıb Vahid Allaha iman gətirməyə çağıran peyğəmbəri başa düşmür, onun ideyalarını qəbul etmək istəmirdilər. Müşriklər Məhəmməd peyğəmbərin gərgin vəhy prosesindən sonra qafiyəli nəsrlə – səclə söylədiyi çıxışlarını – Quran ayələrini şeirə bənzədir, peyğəmbərin özünü isə “şair” adlandırırdılar.

Hələ qədim zamanlardan ərəblər müəyyən ahəng və qafiyə ilə söylənilən çıxışların insana fövqəltəbii qüvvələr tərəfindən təlqin edilməsinə inanmışlar. Onların fikrincə, şeir insana cinlər vasitəsilə təlqin edilir. Buna görə də bütpərəst ərəblər Məhəmməd peyğəmbəri şairun məcnunun (cinli şair) adlandırırdılar:

(Onlar) “Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?” – deyirdilər (əs-Saffat, 36).

Bəzən bütpərəstlər Quran ayələrinin qarmaqarışıq yuxu nəticəsində meydana gələn bir sayıqlama olduğunu söyləyirdilər və yenə də Peyğəmbəri şairə bənzədirdilər. Çünki İslamdan öncə şairlər tərk edilmiş obaların xarabalıqlarında gecələyir, burada gördükləri yuxuların onlara fövqəltəbii qüvvələr tərəfindən təlqin olunmasına inanırdılar. Quranda deyilir:

Onlar deyirdilər: “(Bu Quran) qarmaqarışıq yuxulardır, onu özü uydurmuşdur. O, bir şairdir” (əl-Ənbiya, 5).

Ət-Tur surəsinin 30-cu ayəsindən müşriklərin Məhəmməd peyğəmbəri şair adlandırmaları aydınlaşır. Əlbəttə, kafirlərin bütün iddiaları Quran-i Kərimdə israrla rədd edilir. Quranda Allah-Təala şairləri avara, sərgərdan, sözləri ilə əməlləri bir-birinə uyğun gəlməyən adamlar kimi təsvir etmişdir. Əş-Şuara surəsində deyilir:

Şairlərə gəlincə, onlara yalnız azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib dolaşırlar. Və onlar etmədikləri şeyləri deyirlər (əş-Şuara. 224-226).

Qeyd edək ki, sonrakı ayədə mömin şairlərin bu deyilənlərdən uzaq olması bildirilir.

Bu ayələrin nazil olması ilk növbədə müşrik şairlərin – Abdulla ibn əz-Zibəra, Hubeyrə ibn Əbi Vahəb, və başqalarının İslam dinini və onun peyğəmbərini həcv etməsi ilə bağlı idi. Digər tərəfdən, ərəb şeirində heç də həmişə həyati həqiqətlər olduğu kimi əks olunmurdu. Şairlər bəzən mədhiyyələrində və fəxriyyələrində olduqca mübaliğəli müqayisələr aparır, həqiqətə uyğun gəlməyən hədsiz təriflər edirdilər. Bir kəsi həcv edərkən ona iftiralar yağdırır, hər cür pis xüsusiyyətləri həcv olunan adama aid edirdilər. Bütün bunlara görə, Quran-i Kərimdə dönə-dönə Məhəmməd peyğəmbərin şairlikdən uzaq olması söylənilir:

Biz ona (Məhəmməd əleyhissəlama) şeir öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və açıq-aşkar Qurandır (Yasin, 69).

Ibn Kəsir öz təfsirində peyğəmbərin şeir söyləyərkən xətalara yol verdiyini və səhabənin onun bu xətalarını düzəltdiyini bildirir. Rəvayətə görə, belə hallarda, Əbu Bəkr və Ömər Yasin surəsinin yuxarıda qeyd etdiyimiz 69-cu ayəsini xatırladarmışlar (İbn Kəsir, cild 3, 585). Rəvayət edilir ki, Peyğəmbər Tarafə ibn əl-Abdın muallaqasının qəzavü-qədərlə bağlı son beytini təkrarlamağı sevirdi. Poeziyaya neqativ münasibət hədislərə də yol açıb. Bir hədisdə deyilir:

Bir kəsin içərisinin şeirlə dolu olmasındansa, irinlə dolu olması daha yaxşıdır, çünki irin əvvəl-axır sağalır.

Başqa bir hədisdə Məhəmməd peyğəmbər İslama həcv yazan şairlər barədə deyir:

Kim İslam barədə pis bir həcv söyləsə, dili hədər gedər.

Beləliklə, ilk baxışda sanki İslam dini şeirə, poeziyaya zidd mövqe tutmuş kimi görünür. Zaman keçdikcə, filoloqlar bu mövqenin başqa tərəflərini araşdırmış, İslamın poeziyaya zidd olmasının digər səbəblərini göstərməyə çalışmışlar. Onlar müəyyən bir ölçüsü olan şeiri musiqiyə bənzədirdilər. Musiqi isə əyləncənin bir növüdür ki, Rəsulullah bunu bəyənməyib demişdir: “Biz əyləncəyə uyanlardan deyilik, əyləncəyə uyanlar da bizdən deyildir”.

Əlbəttə, zaman keçdikcə İslam dininin və onun peyğəmbərinin şairlərə olan münasibəti də dəyişir. Çünki artıq bəzi şairlər müsəlmanlığı qəbul edib yeni dini müdafiə etməyə başlayırlar. Mühacirlər, ənsarlar arasından görkəmli şairlər çıxır. Abdulla ibn Cəhş, Osman ibn Məzun, Abdulla ibn Haris, Abdulla ibn Huzafə, Kəb ibn Malik, Abdulla ibn Ravahə, eləcə də Hassən ibn Səbit, Kəb ibn Zuheyr, qardaşı Buceyr ibn Zuheyr kimi tanınmış şairlər yeni dinin keşikçisinə çevrilirlər. İslamı müdafiə edənlər arasında Hind bint Əsəsə, Safiyyə bint Abd əl-Muttəlib kimi qadın şairlər də var idi. Belə şairlərin yaradıcılığının əsas cəhəti müşrikləri həcv edib müsəlmanları onların tənələrindən qorumaq, yeni dini, onun peyğəmbərini və peyğəmbərin silahdaşlarını tərif etmək idi. Təsadüfi deyil ki, şairləri pisləyən məşhur Quran ayələrinin (əş-Şuara, 224-226) ardınca bu cür şairlər yad edilir; deyilən tənələrin onlara aid olmadığı göstərilir (əş-Şuara, 227).

Zaman keçdikcə yaxşı şeiri pis şeirdən ayıran hədislər söylənilir:

Şeir qoşulmuş kəlamdır. Ondan həqiqətə uyğun gələni yaxşıdır. Həqiqətə uyğun gəlməyənində isə heç bir xeyir yoxdur.

Bir hədisdə şeirdə böyük hikmət olduğu söylənilir. Bəzi hədislərdə şairlik sənətinin ərəblərin ruhuna, qanına işlədiyi, ərəbin mayasının şeirlə yoğrulduğu anlaşılır.

Dəvə doğma yerlərin həsrətindən əl çəkə bilmədiyi kimi ərəb də şeirdən əl çəkə bilməz.

Dəvə başqa heyvanlardan doğma yerlərə bağlılığı ilə fərqlənir. Əbu Osman əl-Cahiz (v. 868) özünün “Mənaqıb əl-ətrak” (Türklərin fəzilətləri) əsərində bu barədə yazır ki, dəvəni Ərəbistandakı obasından götürüb Bəsrəyə gətirsən, o, doğma yerlərə o qədər həsrət çəkər ki, doğma torpağın iyini duyaraq özü böyük bir məsafə keçib obasını tapa bilər. Beləliklə, şeirin ərəbin qəlbinə nə qədər doğma olduğunu bilən Peyğəmbər, bu böyük qüvvədən yeni dinin mənafeyi üçün istifadə etməyi lazım bilir.

Bütün bu deyilənlərə yekun olaraq qeyd etmək istərdik ki, İslamın nə poeziyanı dəstəkləməsi, nə də onun əleyhinə olması iddiası ilə çıxış etmək düzgündür. İslam ilk növbədə cəmiyyətdə müəyyən bir toplumun siyasətini ifadə edirdi. Nə qədər ki, poeziya güclü bir qüvvə kimi bu topluma qarşı idi, şairlər gözdən salınırdı. Əks tərəf zəiflədikcə poeziyanın gücündən İslamın öz mənafeyi üçün istifadə olunması zərurəti meydana çıxır. Əgər Peyğəmbər İmru ul-Qeysi şairlərin cəhənnəmə gedən yolda öndəri sayırdısa, Zuheyrin simasında şeytan əlaməti görürdüsə, bu heç də onun şeir kimi güclü bir silaha biganə qalacağını ifadə etmirdi. Mənbələrdə onun şairə əl-Xənsənin, Əntəra ibn Şəddədin poeziyasını bəyənməsi, yorulmadan Uməyyə ibn Əbi s-Saltın şeirlərini dinləməsi barədə xəbərlər vardır. Çox keçmir ki, o, şairləri İslamı müdafiəyə səsləyir. Onun fikrincə, əldə qılınc İslamın müdafiəsinə qalxanlar öz şeirləri ilə də dini müdafiə edə bilərlər:

Rəsulullaha öz silahı ilə kömək edənlərə onu öz şeirləri ilə də müdafiə etməyə nə mane olur?

Çox keçmir ki, həqiqətən də İslamı həm qılıncı, həm də şeiri ilə müdafiə edən şairlər ordusu meydana çıxır.

Quran, sufizm və xalq inancları

Quran-i Kərimin Sufi təliminə, onun nəzəri və təcrübi tərəflərinə böyük təsiri olub. Sufizm asketik cərəyan olub yarandığı ilk gündən başlayaraq vəhdəti-vücud kimi mükəmməl bir zirvə təliminədək daim Qurandan bəhrələnib. Allahla insan arasında yaxınlığın sübutlarını Quranda axtaran sufilər bir sıra ayələri öz təlimlərinin əsasında tuturdular: “Biz ona şah damarından da yaxınıq!” (Qaf, 16) kimi ayələr ilahi varlıqla təmasa can atan sufilərin ilham mənbəyi idi.

Allahın təcəllisini bütün varlıqlarda görən Sufi təlimi “Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır” (Baqara, 115) ayəsindən bəhrələnirdilər,

Ayrıca olaraq, Allah-insan münasibətlərini Allah qorxusu olan təqva deyil, məhəbbət əsasında qurduqlarından sufilər “Allah elə bir qövm gətirəcək ki, (Allah) onları, onlar da (Allahı) sevəcəklər” (əl-Maidə , 54) ayəsində məhz özlərinə işarə edildiyini bildirirdilər. Sufilər Quran ayələrində öz mistik təcrübələrinə haqq qazandıran mənalar axtarır, diqqəti müqəddəs kitabın metafizik səmtinə yönəldirdilər. Onlar Allah-insan münasibətlərini kosmoqonik mistikaya bağlayır, insan övladı ilə Uca Tanrı arasında əbədi və əzəli bir əhdnamənin mövcudluğu iddiası ilə çıxış edir, buna işarəni də Quranda axtarırdılar(əl-Əraf, 172).

Şiələr kimi sufilər də Quranın batini təfsirinə meyilli idilər. Sufi şərhlərinin ilk nümunəsi nişapurlu sufi mütəfəkkiri Abd ər-Rəhman əs-Suləmi (v. 1021) tərəfindən toplanıb. Bu şərhlər İslam mistisizmində və asketizmində xüsusi yerləri olan Həsən əl-Bəsriyə (v. 728), Cəfər əs-Sadiqə (v. 765) və Sufyən əs-Sauriyə (v. 778) istinad edir. Əs-Sulami təfsirində Cəfər əs-Sadiqə istinadən Quran mətninin dörd qatdan ibarət olması iddia edilir. Hər bir qatın özünəxas müraciət obyekti var: Adi insanlara, ruhanilərə, övliyalara, peyğəmbərlərə müraciət edilən qatlar.

Sufi təcrübəsində Quran qiraəti xüsusi yer tuturdu. Xüsusilə Ramazan ayında sufilər Qurani təkrar-təkrar oxuyur, ayrıca olaraq gecə qiraətlərinə, ibadətdə keçirilən yuxusuz gecələrə xüsusi önəm verirdilər. Cəfər əs-Sadiq deyirdi ki, mən Quranı təkrar-təkrar o qədər oxudum ki, axırda onları Tanrının öz dilindən eşitdim. Quranı 7-8 yaşında əzbərləyən Səhl ət-Tustəri (v. 896) bütün həyatı boyu onun qiraətini davam etdirir. Quran tilavəti Malik ibn Dinarın (v. 748) zövq aldığı yeganə iş idi. Bəzən sufilər ayrı-ayrı Quran ayələrini və surələri təkrar-təkrar qiraət edirdilər. Səhl ət-Tustərinin Quran qiraəti zamanı ekstaz halı yaşadığı qeyd olunur. Allah kəlamını təkrar-təkrar oxuyan sufilər ilahi kəlam vasitəsilə Haqqa qovuşmağa can atırdılar.

Sufilər Qurana tarixi və hüquqi bir mətn olmaqdan daha çox mistik mənbə kimi baxırdılar. Onların nəzərində cihad insanın öz nəfsi ilə mübarizəsi idi. Onlar bəzi surələrin önündəki huruf muqattaaya xüsusi əhəmiyyət verib onların sirrini açmağa çalışırdılar. Sufilər Fatihəİxlas surələrinin və Ayət əl-kürsinin mistik mahiyyətinə xüsusi əhəmiyyət verirdilər.

Sufizm həm də İslamın xalq kütlələri arasında geniş yayılmış bir istiqaməti idi. Sufi şeyxlərinin adına kəramətlər söylənilir, binəsib kütlələr onlardan yardım umurdular. Bu mənada Sufizm həm də magiya və okkult elmlərlə bağlı bir cərəyan idi. Bu sahədə onların əsas mənbəyi yenə də Quran-i Kərim idi. Quran ayələrindən insanların arzu və diləklərini, ehtiyaclarını ödəmək üçün sehrli bir qüvvə, tilsim kimi istifadə olunması geniş yayılmış hal idi.

Quran mətni döyüşçülərin köynəyi və silahları üzərinə həkk olunurdu. Ayələrdən kömək umulur, insanlar mühüm problemlərini onları üzərlərində gəzdirməklə çözmək ümidinə düşürdülər.

Bəsmələ özü ayrılıqda bütün xəstəliklərə qarşı, pisliklərdən qorunmaq, zalımdan özünü qorumaq üçün mühüm dua sayılır. İslam dünyasında bütün işlərə bəsmələ ilə başlamaq adəti geniş yayılıb. Bundan əlavə Quranın bir sıra surələrinin əvvəlində işlənən muqattaa hərflərin də sehrli gücünə inanılıb. Bu hərflər bütün xəstəliklərə qarşı tilsim kimi işlənib. Zalımın zülmündən qorunmaq, ruzi, uğur və rifah, eləcə də qarımış qızları ərə vermək üçün də bu hərflərdən istifadə edilib.

İslam dünyasında həm Quran ayələrindən, xüsusilə Ayət əl-Kürsüdən, həm də ayrı-ayrı əsərlərdən (məsələn, əl-Busirinin “Burdə” qəsidəsi) şəfa məqsədilə geniş istifadə olunub. Bəd nəzərdən qorunmaq üçün əl-Qələm surəsinin 51-52-ci ayələrindən bütün müsəlman dünyasında geniş istifadə olunur.

Əl-Vaqiə surəsi bütünlükdə ruzi duası kimi işlənir. Düşmənlərin şərindən qorunmaq üçün əl-Adiyət oxumaq məsləhət bilinir. Səbrli olmaq üçün əl-Baqara surəsinin 250-ci, Cəhənnəm odundan qorunmaq üçün həmin surənin 201-ci, bağışlanmaq üçün 286-cı, hidayət yolundan dönməmək üçün Əl İmran surəsinin 8-ci, günahlardan təmizlənmək üçün həmin surənin 193-cü, Allahın mərhəmətini qazanmaq üçün əl-Kəhf surəsinin 10-cu ayələrindən dua kimi istifadə olunur. Ümumiyyətlə, İslam şərqində duaya böyük önəm verilib. Əl-Ğafir surəsində “Mənə dua edin, sizə cavab verim,” – deyilir:

İslam dünyasında dua edən şəxsin hər iki əlini açıb Allaha müraciət etməsi geniş yayılıb. Tirmizidən söylənilən hədisə görə, Allah ona doğru açılan əlləri boş qaytarmaq istəmədiyindən bu cür səslənən dualar müstəcəb olar. Quranın özündə Yunus peyğəmbərin və Zəkəriyyənin duaları müstəcəb dualara misaldır. Musa peyğəmbərin duası isə elm arzusunda olan insanlar üçün münasib görsənir. Bu, alimlərin sevdiyi bir duadır.

İslam dünyasında həm şiələr, həm də sünnilər arasında dördüncü şiə imamı Zeynəlabidinə aid edilən “əl-Cauşən əl-kəbir” (Böyük qalxan) duası geniş yayılıb. Müsəlmanlar Allahın gözəl adlarını ehtiva edən bu duanın təsir gücünə inanırlar.

Bu qədər…