- Ədəbiyyat

Rəşidə ALLAHVERDİYEVA. Yeni şeirlər

Bax yenə soyuyub hava.
Qoy bir söz deyim,üşümə.
Cismim əyninə dar gələr.
Ruhumu geyin,üşümə..

Yayda küsdür,qışda sına.
Alış çoxun yoxluğuna.
İstəyirsən,danla,qına,
Qarama deyin,üşümə.

Həyat ocaq,bizik kömür.
Yavaş-yavaş od da sönür.
Çözələnib gedir ömür,
Al,vur bir düyün,üşümə.

Üşüsən,yaz gülər sənə.
Payız köynək hörər sənə.
Yaydan məktub gələr sənə:
“Öldü sevdiyin”.. ÜŞÜMƏ..

DƏLİDAĞA…

Məni SƏN itirdin,mən səndən itdim.
Gəlim necə gəzim özümü SƏNdə?!
Yerinə köz basdım xatirələrin.
Qıymaram çəkəsən bu zülmü SƏN də..

Sərt qadağaydımı,qatı dumanmı?
Sənə gələn yolda azdım eləcə..
Seçə bilmədim ki,DAĞsan,ya ADAM..
Adımı adına yazdım eləcə….

Şəklini asmağa divar olmadı.
Alıb gözlərimin kökündən asdım..
Səni misra-misra sıxdım gözümdən.
Sonra şeir-şeir bağrıma basdım..

Mən sənin nəyinəm,kiməm,nə fərqi?!
Mənə özün boyda dərd oldun,DƏLİM..
Bunca sevənini həsrət qovurdu,
Kimə Vətən oldun,Yurd oldun,DƏLİM..?!

Əlim ətəyinə çatmadı deyəm:
Gümanım zirvəndə ölməyə qaldı.
Nə SƏNlə,nə SƏNsiz yaşamaq olur.
Əlac yaddaşımı silməyə qaldı..
…………………………………………………….
Kimə VƏTƏN oldun,YURD oldun,DƏLİM..?!!!