- Manşet, Maraqlı

Real dünyanın rəqəmsal əkizi – Metavers

Natəvan ABDULLA

2021-ci ilin son günlərini yaşadığımız bir zamanda sosial media hegemonu olan Mark Zukemberq virtual dünya ilə bağlı yeni bir addım atdı. Ötən aylarda feysbuk şirkəti yeni bir kollektiv virtual məkan “Metaverse” dünyası yaradacağını açıqladı. Həmin virtual dünya üçün 5 il ərzində Avropa Birliyi ölkələrində 10 min nəfərin işlə təmin ediləcəyi bildirildi.

Bu planın bir parçası olaraq feysbuk şirkətinin də adı dəyişdirilərək Meta olub. Beləcə, şirkət təkcə sosial media platforması kimi yox, artıq virtual reallıq və oyun sahəsində də sıçrayış etməyə hazırlaşdığını rəsmi olaraq dünyaya bəyan etdi.

Artıq “Meta Platform” adını daşıyan şirkət öz nəznində feysbuk, instaqram və votsap platformalarını eyni ad altında birləşdirib. Şirkətin qurucusu Mark Zukemberq insanların “Metaverse”də təsəvvürlərinə gətirə biləcəkləri hər şeyi edə biləcəyini deyir. Onun sözlərinə görə, gələcəkdə insanlar özlərini hər yerə sürətli bir şəkildə holoqram kimi teleportasiya edə biləcəklər.

Metavers və ya Meta-univers nədir? 

Metavers, Meta-univers, yəni Meta-kainat ifadəsinin abreviaturası olaraq istifadə edilir. Onu real və virtual dünyanın elmi fantastika ilə birləşmiş rəqəmsal variantı olaraq qəbul edə bilərik. Belə bir dünyada insanlar kompüterə qoşulmadan müxtəlif elektron cihazlara keçə və virtual mühitdə ünsiyyət qura biləcəklər.

Uzun müddətdir haqqında danışılan artırılmış virtual reallıq məhsulları və xidmətləri adlı sektorun ən populyar, ilk məhsulu olan Metavers dünyasına maraq sürətlə artmaqdadır.

Bu sahəyə sərmayə qoyan feysbuk şirkətinin rəhbərliyi düşünür ki, hər kəs üçün Metavers yaradıcı, sosial və iqtisadi imkanlara çatmağı mümkün edəcək potensiala malikdir. Zukemberq bu platformanı yeni nəsil internet adlandırır. Onun teleportasiyaya bənzətdiyi bu quruluşda ekranlar, holoqramlar, artırılmış reallıq eynəkləri zamanla virtual kainatda qarşılaşaraq bir növ “hərəkətlilik axını”nı mümkün edəcək.

Metavers ideyası necə ortaya çıxıb?

Metavers yunan mənşəli söz olan “meta”(digər) və ingilis dilindəki “universe” (kainat) sözlərindən yaranıb. Bu sözdən ilk dəfə 1992-ci ildə bir kitabda istifadə olunub. Neal Stefensonun (Neal Stephenson) elmi fantastika janrında yazdığı “Snow Crash” romanında istifadə olunan “metavers” sözü feysbuk şirkətinin ilham mənbəyi, çıxış nöqtəsi olub.

Bu romanda internet, gələcəkdə metavers adlanan üç ölçülü virtual dünyaya çevrilir. İnsanların sahib olduğu avatarlar proqram təminatı ilə idarə olunan digər avatarlarla birlikdə bu dünyada yaşayır.

Gələcəyin interneti adlandırılan Metavers sayəsində rəqəmsal platformalar arasında hərəkət etmək, bu mühitlərdə digər insanlarla ünsiyyət qurmaq, öyrənmək, əylənmək və araşdırmaq kimi fəaliyyətlər hər zamankından daha əlçatan olacaq.

Bəzi oyun şirkətləri artıq Metavers virtual sistemini öz proqramlarında qismən tətbiq etməyə nail olublar. Hələ 2000-ci illərin əvvəllərində “Second Life” oyunu ilə populyarlaşan Metavers xüsusilə son bir ildə baş verən yeniliklərlə texnologiya dünyasının gündəminə çevrilib.

Metavers sistemi ilə idarə olunan oyunlardan biri də “Roblox”dur. Bu platforma uşaqlar və yeniyetmələr tərəfindən hazırlanmış çoxsaylı oyunlardan ibarətdir. “Fortnite” platformasında 350 milyon insanın oynadığı sağ qalmaq hədəfi üzərinə qurulmuş oyunu da Metavers ilə əlaqələndirilə bilər.
Həmçinin, 2021-ci ilin aprelində virtual konsertlər verən reper Trevis Skott bu konsertlərdə avatar kimi görünüb və onu 12 milyon insan izləyib.

Dünya Metavers sistemini qurmaq üçün yarışır

Hazırda böyük şirkətlərdən hökumətlərə qədər hər kəs metavers dünyasını tətbiq etmək üçün yarışır.

Virtual reallıq üzərində araşdırma və inkişafa yönəlmiş feysbuk şirkətinin yaxın vaxtlarda “metaverse” inkişaf etdirmək iddiasını açıqlamasından sonra bu proses daha da sürətləndi. Xüsusilə marketoloqlar Metavers ilə yaxından maraqlanırlar. Çünki bu sistem sayəsində yeni və nəzəri olaraq sonsuz sayda reklam kanalları yaranacaq.

“Microsoft” da karma reallıq proqramı olan “Mesh”i “HoloLens 2” eynəkləri ilə Metavers-ə çevirəcəyini vəd etdib.

Cənubi Koreya hökuməti artıq virtual və artırılmış reallıq platformalarını birləşdirməyə yönəlmiş milli “Metavers alyansı” yaradıb. Beləliklə də, gələcəyin sosial mediası olan və virtual reallığa əsaslanan Metavers dünyasına ilk addımı atacaq ölkə Cənubi Koreya olacaq.

Artıq ölkənin paytaxtı Seul Metavers dünyasına addım atacağını elan edən ilk şəhər kimi tarixə düşüb. Seul yerli hökumətinin açıqladığı plan çərçivəsində şəhərdə yaşayanlar virtual reallıq eynəklərini taxaraq muzey turlarından tutmuş bələdiyyə rəhbərliyi ilə əlaqə saxlamağa qədər bir çox fəaliyyəti icra edə biləcəklər.

Bu işin 3,3 milyon dollara başa gəlməsi gözlənilir. Məqsəd isə Seul administrasiyası ilə şəhər sakinləri arasında əlaqəni gücləndirmək və bu üsulla şəhərin qlobal rəqabət qabiliyyətini artırmaqdır.

Seul şəhər meriyasının quracağı Metavers platformasının 2022-ci ilin sonuna qədər fəaliyyətə başlaması hədəflənib. 2026-cı ildə isə platformanın tam şəkildə fəaliyyət göstərəcəyi deyilir.

Bütün bunlar onu deməyə imkan verir ki, önümüzdəki illərdə texnologiya ailəmində böyük dəyişikliklər və sıçrayışlar gözlənilir. Artıq alışdığımız həyatın başqa bir varinatı formalaşır və biz bu virtual dünyada yeni və sahib olduğumuzdan fərqli bir həyat qura biləcəyik.

Metavers-in nə olduğunu anlaya bilirsinizmi?

Bəzilərinə görə, yaxın gələcəkdə interneti əvəz edəcək Metavers demokratik virtual cəmiyyətin qurulacağı mühitdir. Bəzilərinə görə, bu, virtual və fiziki reallığın qovuşacağı daimi yer, bəzilərinə görə isə dünyamızın rəqəmsal əkizidir.

Amma bir çoxları üçün bu yeni rəqəmsal dünya hələ də qaranlıq və aydın olmayan bir məfhumdur. Xüsusilə Avropa ölkələri və dünyanın hər yerindəki texnoblogerlər tərəfindən böyük maraqla izlənilən Metavers-in nə olduğunu tam anlamaq üçün bəzi şirkətlərin keçirdikləri sorğuların cavablarına nəzər yetirmək olar.

Onlardan biri Nyu-Yorkda yerləşən beynəlxalq marketinq kommunikasiyaları şirkəti “Wunderman Thompson”dur.  Ötən günlərdə şirkətin araşdırma qurupu tərəfindən dərc olunan bir hesabatda ekspertlərə “Metavers nədir?” sualı verilib. Cavablar belədir:

– Metavers istifadəçilərin özlərinin müəyyən edə biləcəyi daimi görüş nöqtəsidir. Davamlı olmaq və istifadəçi tərəfindən yaradılmış məzmuna əsaslanmaq bunun böyük bir hissəsidir. Metavers dünyasındakı gələcək sosial vəziyyətlərə sürətli reaksiya tələb edəcək.

– İstehlakçıların müxtəlif virtual təcrübələr arasında keçid edə biləcəyi daimi virtual dünyanın yaradılması Metavers adlanır. Metavers insanlara həm fiziki, həm də virtual ünsiyyət imkanı verəcək. Bu məkan real dünya iqtisadiyyatlarında gördüyümüz kimi maliyyə mexanizmləri və iş imkanları olan virtual iqtisadiyyatla təchiz ediləcək. Məsələn, virtual avatarınızla “Disney” mağazasına gedib həmin avatar üçün paltar ala bilərsiniz, sonra “Nike” mağazasına gedə və bəyəndiyiniz ayaqqabını fiziki dünyada ünvanınıza çatdırılmasını istəyə biləcəksiniz. “Spotify” və ya “Roblox” virtual konsertinə öz avatarınızla qoşula, konserti dinləyərkən eyni zamanda real dünyada dostlarınızla birlikdə gəzintiyə çıxa biləcəksiniz. Yəni bir mənada zaman məhfumu sizin Metavers ilə bağlı qaldığınız yerdir.

Ümumilikdə, belə anlaşılır ki, Metavers fiziki reallıq ilə artırılmış virtual reallığı birləşdirən “kiber dünya” deməkdir.

525.az

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova