Cəlil MƏMMƏDQULUZADƏ
Tarixi-İsəvinin min səkkiz yüz doxsan dördüncü ilində piyada gedən Reynqarten Rusiya tərəfindən gəlmişdi ki, Qafqazdan keçsin İrana, oradan Hindistana, Kitaya, Yaponiyadan dərya ilə gedəcək idi Amerikaya, Amerikadan gələcək idi İngiltərəyə, Firəngistana, Almaniyaya və beləliklə qərb tərəfindən daxil olacaq idi vətəni Riqa şəhərinə. Reynqarten xəyalında qoymuşdu həmin səfəri dörd ilin müddətində tamam etsin; amma elə yadımdadır ki, ancaq altı il ondan sonra Rusiya qəzetləri Reynqartenin Riqa şəhərinə qayıdıb gəlməyini xəbər verirdilər.
Naxçıvana Reynqarten yaz fəsli aprel ayının əvvəllərində gəlmişdi. Mən nədənsə bu cənabı dost tutanların içinə daxil oldum və hətta onlardan da qabağa keçdim; çünki mən də buna qoşulub Naxçıvandan bununla piyada düşdük yola və beş-altı saatın ərzində kəsə yol ilə gəldik çıxdıq Culfaya. Burada Reynqarten üçün artıq hörmət göstərildi, xüsusən qulluqçular tərəfindən.
Bir gün burada qalandan sonra Reynqarten paroma minib Araz çayından keçdi İran torpağına. Mən də camaat içində idim. Yaxşı yadımdadır ki, şiddətli yağış başladı və mənim həmin müvəqqəti və misli az tapılan dostum xurcunu dalında və əlində ağac piyada üz qoydu dumanlı Təbriz yoluna. Nə qədər təkid etdik ki, bəlkə ata ya arabaya minsin, söz yox, qəbul eləmədi; çünki onun da şan və şöhrəti elə həmin piyadaçılıqla idi.
Mən haman gecəni qaldım köhnə rəfiqim və həmşəhərlim Məşədi Qulamhüseynin mənzilində. Həmin Məşədi Qulamhüseyn neçə illər idi Rusiya Culfasında ticarət edirdi və komisyon işlərinə də baxırdı; yaxşı da güzəranı var idi. Əhlü-əyalı burada olmazdı. Ancaq Məşədi İmaməli adında bir iranlı bunun pişmişini pişirərdi və həmi də ticarət işlərinə kömək edərdi.
Məşədi Qulamhüseyn yaşlı adam idi və hərçənd saqqalını həmişə rəng ilə qaraldardı, amma yaşı əllidən əskik olmazdı. Doğrudur, zahirdə mömin və namaz qılana oxşayırdı, amma batində əhli-damağ idi. Bununla bərabər çox sədaqətli və xoşxasiyyət idi və hər necə olmuş olsa, mən ilə onun dostluğu həqiqi və köhnə idi. Hərçənd yaşımızda təfavüt çox idi, amma meyl-məzağımız bir-birinə çox uyardı. Və aramızda da o qədər zarafat var idi ki, səhərdən-axşamadək deyib gülərdik.
Gecəni yatdım və sabahısı istəyirdim ki, qayıdam Naxçıvana, Məşədi Qulamhüseyn qoymadı. Mən qalmazdım, amma dostum söz verdi ki, sabah mən ilə o da Naxçıvana bahəm gedək. Bu təklif mənə xoş gəldi və haman günü Culfada qaldım. Amma necə qaldım? Məşədi Qulamhüseyn məni axşama kimi güldürdü.
Yadımdadır ki, gecə yerimin içində Məşədi Qulamhüseyn gündüz söylədiyi sözləri bir-bir yadıma salıb gülürdüm. Xüsusən bir əhvalat olmuşdu ki, onu mən o vədə Məşədi Qulamhüseyndən eşidəndən sonra gəlib Naxçıvanda yazmışdım ki, yadigar olsun; amma haman dəftəri mən itirmişəm, yadıma düşən budur ki, indi yazıram. Söhbət haman rus qızı barəsindədir ki, onun hekayəsi bu balaca kitabçada rəvayət olunur.
Səhər yuxudan bir az gec oyandım. Məşədi Qulamhüseynin samavarı qabaq otaqda oxuyurdu. Dostum özü evdə gözümə sataşmırdı; amma Məşədi İmaməli samavarın yanında səliqə salmaqda idi. Durdum geyindim, çay içdim. Dostum getmişdi tamojnaya. Çıxdım həyətə və yarım saata qədər orada gəzdim və Məşədi Qulamhüseyn də gəldi. Əlində kağız-kuğuz var idi, yerbəyer elədi. Məşədi İmaməliyə nahardan yana nə isə tapşırdı və mənə təklif etdi ki, çıxaq Culfanı gəzək. Araz qırağı ilə başı aşağı başladıq yavaş-yavaş getməyə.
Bir qədər gedib qayıtdıq. Hava çox xoş idi; amma bir azca yel var idi. Plan ilə təzə tikilmiş evlərin qabağında tək-tük rus əhalisi görsənirdi. Bunlar tamojna qulluqçularının əhlü-əyalı ola bilərdi. Bir dükana girdik, papiros aldıq və genə çıxdıq, başladıq gəzməyə. Burada dostum Qulamhüseyn bilmədim uzaqdan nə isə görüb qayıtdı girdi dükana və mənə dedi:
– Mən dükanda olacağam. Amma sən bu gələn qıza diqqət ilə bax.
Mən durdum küçənin ortasında və gördüm ki, gələn on altı-on yeddi yaşında bir rus qızıdı. Qızın zahiri çox sadə və bəlkə də kasıb nəzərə gəlirdi. Bir qədər diqqət edib gördüm ki, qız vaqeən çox qəribə qızdı: ucaboy, kağız kimi ağ, xeyli lətif və çox gözəldi. Qız keçib uzaqlaşandan sonra Məşədi Qulamhüseyn gəldi yapışdı qolumdan və bir qədər dinmədi, sonra dayandı baxdı üzümə və soruşdu:
– Necə, gördün? – Mən cavab verdim ki:
– Gözəl qızdı.
Dostum deyəsən bir şey fikirləşirdi və məni çəkə-çəkə apardı, bir az kənarda bir daşın üstünə oturtdu və özü əyləşdi. Sonra başladı: – Əzizim, sən bilirsənmi ki, mən səni nə qədər istiyirəm və bunu da bilirsən ki, mən səndən heç bir sirri gizlətmərəm. İndi mən sənə bir söz deyəcəyəm, amma qorxuram inanmıyasan. And olsun bizim dostluğumuza, and olsun o əzizlərimizin canına ki, həmin bu rus qızı ilə iki həftə bundan qabaq mən elə bir şirin-şirin öpüşmüşəm, necə ki, aşiq ilə məşuq çox illər ayrı düşəndən sonra görüşüb öpüşərlər.
Doğrudan mən istədim şəkk edəm, amma bir tərəfdən dostumun andı, o biri tərəfdən də mənim barəmdə hər xüsusda onun sədaqəti gözümün qabağında durub məni bir halətə gətirdi ki, öz-özümə quruyub mat qaldım.
Bunu gərək qabaqca ərz edəm ki, Məşədi Qulamhüseyn qoca olduğu halda çox da çirkin idi: qabaq dişlərinin çoxu düşmüşdü, qalanları da qaralıb uzanmışdı; bilmək olmurdu onların hansı üst dişləridi; hansı alt dişlərdi. Mən güman edirəm ki, nəinki on altı yaşında gözəl rus qızı, bəlkə altmış altı yaşında çirkin müsəlman arvadı da bundan iyrənib qaça bilərdi.
Mən dostum Qulamhüseynə belə cavab verdim:
– Yəqin ki, qız sənnən öpüşən vaxt kefli imiş.
– Yox, and olsun sənin əziz canına, lap ayıq idi; çünki o qız heç vaxt kefli olmaz və heç vaxt içki içməz. – Dedim:
– Bəlkə qız yuxuda olan vaxt sən gedib onu öpmüsən ki, xəbəri olmuyub. – Dedi:
– Əziz canın üçün lap ayıq vaxtda olub. – Dedim:
– Elədə o öpüşü çox baha qiymətə almısan. – Dedi:
– And olsun sədaqətə, bir qəpiyə də almamışam. – Dedim:
– Əzizim , dəxi mən bir şey anlamadım.
Rəfiqim düşdü qabağa və yavaş-yavaş gəlirdik mənzilə tərəf. Nahar vaxtı deyildi. Mənzilə çatdıq və gördük ki, çay dəmdədi. Məşədi İmaməli çay gətirdi, yaxşı İran qurabiyəsi gətirdi, yaxşı püstə-badam gətirdi qoydu qabağımıza. Nədənsə rus qızının söhbəti yadımdan çıxmadı. Əgər mən Məşədi Qulamhüseyni yaxşı tanımamış olsa idim, xəyalıma gələrdi ki, şayəd yalan deyir; amma bilirdim ki, rəfiqim mənə yalan deməz. O biri tərəfdən də inana bilmirdim ki, bayaq gördüyüm gözəl rus qızı belə çirkin qoca kişiyə müftə yerə rəğbət edə.
İkinci stəkana qənd salıb başladım qarışdırmağa və istədim qız söhbətini təzələyəm, amma Məşədi İmaməlinin girib-çıxmağı mane olurdu.
Çay içib qurtardıq və Məşədi Qulamhüseyn İmaməlini göndərdi tamojnaya ki, Məşədi Əbdüləli dostunu nahara qonaq çağırsın. Mən fürsət tapıb üzümü tutdum Qulamhüseynə və dedim:
– Mən müntəzirəm. – Dedi:
– Niyə? – Dedim:
– Rus qızının söhbətinin axırına.
Məşədi Qulamhüseyn gülümsündü, amma dinmədi. Papirosunu yandırıb başladı sümürməyə və bir qədər fikrə gedəndən sonra dedi:
– Qulaq as. – Dedim:
– Asıram.
Dostum genə bir qədər fikrə gedib dedi:
– Qoy bu söhbəti bilmərrə qoyaq kənara. – Dedim:
– Yox, Məşədi Qulamhüseyn, əgər sən bayaq nağıl elədiyin keyfiyyəti məhz zarafat üçün düzəldib nağıl eləyirdin ki, ancaq bir qədər gülək, günümüz xoş keçsin, söz yox, daxı bu barədə heç danışmayaq, keçək bir ayrı söhbətə; amma əgər rus qızı xüsusunda rəvayət elədiyin söhbət səhihsə, onda mən səndən acizanə, dostluğumun naminə rica edirəm ki, bu sirri açıb mənə bəyan edəsən. – Dostum dedi:
– Di elədə yaxşı qulaq as. – Dedim:
– Hazıram.
Məşədi Qulamhüseyn belə başladı rəvayət eləməyə:
– Bu rus qızı, necə ki, qabaqca da demişəm, tamojnada dasmotrşik İvanovun qızıdı. Atası bizim tamojnada dörd ildir qulluq edir və çox da yaxşı kişidir. Tamojna qulluğunda onun da mənə yaxşılığı keçər, mən də ona görüm-baxım edərəm. İşlərim yaxşı tutanda ona parçadan, xoşgəbardan sovqat göndərərəm. Özü kimi yaxşı bir arvadı da var, tez-tez məni qonaq da çağırırlar. Mənim, doğrusu, onlara getməyə çox xoşum olmazdı; çünki hər işləri öz qaydasınca yola vurmaq olar, ancaq kifir uşağı kifirlər donquz ətindən əl çəkmirlər. Gözəl qızdan savayı bunların genə iki balaca qızları var: biri yeddi-səkkiz, biri dəxi də ondan kiçik. Qabaqlarda mən onlara gedib gələndə xəyalıma bir şey gətirməzdim; amma axır vaxtlar haman qıza diqqət elədim gördüm ki, vaqeən xeyli gözəldir. Amma çifayda, yaşımın bu vaxtında o cür hurilər ilə dostluq qatmaq bizə, söz yox, qismət olmuyacaq.
Xülasə. İki-üç həftə bundan qabaq xaçpərəstlərin pasxa bayramı idi. Mən hər ilki kimi getdim rus və erməni aşnalarımın evinə bayram görüşünə. Qabaqca getdim tamojna nəçərnikinin evinə, ordan poçt nəçərnikigilə və müxtəsər belə-belə axırda gəldim həmin İvanovgilə. Evin içində oxumaq səsi gəlirdi. Girdim içəri, gördüm üç-dörd nəfər rus kişisi, ev sahibi özü, arvadı, qızları stolun başında oturub yeyib içməkdə və oxumaqdadırlar. Məni görcək məclis tamamən “urra” qışqırıb qalxdı ayağa, bir neçəsi qaçdı qabağıma, başladılar məni qucaqlamağa və öpməyə və hər birisi məni öpdükcə deyirdi: “Xristos voskres”, yəni İsa dirildi. Mən istədim mane olam, amma o dəmdə yadıma saldım ki, bu gün bir bayram günüdür ki, xaçpərəst içində öpüşməyi rədd etmək böyük ədəbsizlik və bəlkə də günah hesab olunur. Mən qorxdum ki, bu qanunu pozmaqla ev sahibini həmişəlik özümdən incidəm. Bu da mənim üçün məsləhət deyildi. Qabaqca mən ilə öpüşən İvanov ilə üç nəfər kişi idi ki, bunların ikisini tanıdım: birisi genə bizim tamojnada dasmotrşik Vasilyev idi, o birisi bir cavan oğlan idi. Bunlardan sonra İvanovun arvadı haman kişilər kimi özü yavıqlaşdı və onlar kimi mənim dodaqlarımdan müvafiq qaydada öpdü, çəkildi.
Sonra aha… gördüm haman gözəl qız… aha… yavıqlaşır… sənin əziz canın üçün, atamın qəbrinə and olsun, haman sən gördüyün gözəlçə rus qızı, o laləyə oxşayan dodaqlarını gətirib yapışdırdı mənim ağzıma və “Xristos voskres” deyib məni elə öpdü ki, huşum az qaldı başımdan dağıla və çünki mən bunu bilirəm ki, sən məni yaxşı tanıyırsan, bu səbəbə də artıq and içməyi lazım bilmirəm. Məşədi İmaməlinin başmağının səsi gəldi və söhbət burada qurtardı.
Məşədi İmaməli naharı hazırladı və çox səliqəli və çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi. Gecəni yatdıq ki, səhər duraq, Məşədi Qulamhüseynlə bahəm Naxçıvana gedək. Sübh tezdən durduq və çayımızı içib, ikiqatlı poçt arabasına mindik və yola düşdük. Atları sürən bir yekə papaq qoca kişi idi ki, yol uzunu mürgüləyirdi. Hava bərk soyuq idi; amma Əlincə çayında gün elə qızdı ki, daha buludlardan kölgə umurduq. Məşədi Qulamhüseyn az danışırdı. Mən bir qədər alçaqdan buna dedim:
– Məşədi Qulamhüseyn, sən bilirsən ki, dünyada sənin tək mənim heç iki nəfər də dostum yoxdur. İndi gərək bizim bu dostluğumuzun xatirəsinə sən mənə ən səmimi qəlbdən deyəsən görəm, haman rus qızı ki, küçədə bizim qabağımıza çıxdı və sən məni xəbərdar elədin ki, mən ona diqqətlə baxım, bəs səbəb nə oldu ki, sən gizləndin və istəmədin ki, qız səni görsün?
Burada Məşədi Qulamhüseyn bir baxdı üzümə, amma dinmədi, sonra qəh-qəh çəkib güldü; o qədər güldü ki, arabaçımız yuxudan oyanıb, əvvəl bizə tərəf döndü baxdı, sonra başladı atları haylamağa. Təkərlərin hay-küyü Məşədi Qulamhüseynin gülməyini basdı və dostum ovcunun içində papirosunu tüstüləyib ağzını tutdu qulağıma tərəf və dedi:
– Utanıram. – Və genə qəh-qəh çəkib güldü. Mən də başladım gülməyə və doğrusu budur ki, heç özüm də bilmirəm ki, niyə gülürəm.
Yarım saatdan sonra gəldik çıxdıq Çeşməbasar kəndinə. Arabaçı atları saxladı, düşdü yerə və başladı atların o qulağından-bu qulağından dartmağa. Sonra qamçısını arabanın içinə tullayıb getdi; haradansa bir bağ yonca gətirdi, saldı atların qabağına. Ağızlarından cilovun dəmirini aldı və getdi girdi çayçı dükanına. Biz də düşdük yerə və bir neçə qədəm kənara gedib bir dik yerdə əyləşdik. Məşədi Qulamhüseyn əlini qoydu dizinin üstünə və mənə dedi:
– İndi sən gərək cəmi əzizlərinin canına and içəsən ki, bu saat burada sənə hər nə nağıl eləsəm, onu nə qədər canın sağdır, bir yanda bir kəsə söyləməyəsən.
Mən and içdim. Məşədi Qulamhüseyn başladı.
– Uca olan Allah-taala cəmi günahkarların günahından keçsin, mən də onların içində. Ağama ərz olsun ki, bayram günü İvanovun evindən çıxdım, düz getdim mənzilə. Nahar vaxtı idi. Məşədi İmaməli çörəyi gətirdi qoydu ortalığa; amma gördüm ki, iştaham yoxdu. Axşam vaxtı bir stəkan çay içdim və güclə bir tikə çörək yedim, yatdım və sübh tezdən durub getdim Araz qırağına. Çayın lil suyu burula-burula, yavaş-yavaş axıb gedirdi və dünyada yaşıyan adamlar ilə işi də yox idi; çünki nə rusların pasxa bayramından xəbəri vardı, nə də rus qızları ilə öpüşməyin dadını anlamışdı. Çayın kənarından qayıdıb bir də gördüm ki, İvanovun evinə tərəf üz qoyub getməkdəyəm. Mərdi-mərdana girdim həyətə və İvanovun qapısını döydüm. Qapı açıldı, qapını açan haman kafirin qızı idi. Mənim indi yaxşı yadımda deyil ki, mən nə elədim, amma bunu bilirəm ki, “Xristos voskres” deyib qucağımı açdım qızın qabağına və istədim qızı qucaqlayıb öpəm.
Məşədi Qulamhüseynin söhbətinin burasında mən daha özümü saxlaşdıra bilmədim və bərk güldüm; amma Məşədi gülmədi və dedi:
– Amma bu zalımın qızı, bu mürüvvətsizin qızı, qoşa əllərini yuxarı qalxızıb tutdu gözümün qabağına və ancaq bunu dedi:
– Poşol k çortu!..
Məşədinin ağzından bu söz çıxan kimi mən elə bərk uğundum ki, arabaçı çayçı dükanından çıxıb başladı mənə tamaşa eləməyə…
Arabanı mindik və yarım saata gəldik çıxdıq Naxçıvana.