- Cəmiyyət, Manşet

Rusiya MN Kəlbəcərdəki məbədimizi Ermənistan monastırı kimi təqdim edib…

Azərbaycan Respublikasının Qarabağ torpaqlarının ermənilərin qaldığı hissəsində müvəqqəti (!) yerləşdirilmiş Rusiya “sülhməramlı” kontingentinin hərbçiləri Kəlbəcər rayonundakı qədim Xudavəng məbədini ziyarət ediblər.

Moderator.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin fevralın 8-i Bakı vaxtı ilə gecə saat 04:00-da öz rəsmi saytında yaydığı məlumatda bəhs edilir.

“Ekskursiya zamanı Dadivank monastır kompleksinin baş keşişi Ovanes Ovanesyan rus sülhməramlılarına monastırın XII-XIII əsrlərdən başlanan yaranma tarixindən danışıb.

“Bu gün, bu müqəddəs bazar günü Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları tarixi məkanı, Dadivank monastırını ziyarət ediblər. Biz əcdadlarımızın (!-S.L.) tarixi ilə təmasda olduq, insanların bu tarixi abidəni keçmişdə və bu gün necə qiymətləndirdiyini gördük. Və biz evlərimizə dönəndə mütləq uşaqlarımıza, nəvələrimizə və qohumlarımıza bu yer haqqında danışacağıq”, – Rusiya sülhməramlılarının nümayəndəsi Yuri Romanişin bildirib.

12-13-cü əsrlərə aid Dadivank monastırı orta əsr Ermənistanının (!-S.L.) ən böyük monastır komplekslərindən biridir. Memarlıq kompleksi dəniz səviyyəsindən 1100 m yüksəklikdə yerləşir. Monastıra “Dadivank” adı Ermənistanın qərb hissəsində xristianlığı təbliğ edən həvari Faddeyin şagirdi olan müqəddəs Dadinin şərəfinə verilmişdir. Rəvayətə görə, monastır Müqəddəs Dadinin tabutu üzərində tikilib” – Rusiya MN-in yaydığı məlumatda belə deyilir.

P.S. Rusiyanın rəsmən sülhməramlı adlanan kontingentinin əməlləri haqda gerçəkləri deyən biz yazarları, jurnalitsləri “Rusiya-Azərbaycan münasibətlərini korlamaqda” suçlayanlar cavab versinlər: kimdir əslində həmin münasibətləri korlayanlar?..

 


Sultan Laçın