- Ədəbiyyat

Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq

Molla Pənah VAQİF

Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq,
Artar bizə yüz mərtəbə odlanna yanmaq.
Mən aşiqəm, ey gül, sənə, olmaz bunu danmaq,
Ölən günədək eyləməzəm səndən usanmaq,
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!

Allaha şükür, lalə yanağında eyib yox,
Dişində, dəhanində, dodağmda eyib yox…
Bir zərrecə zülfündə, buxağında eyib yox,
Qaşında, gözündə, qabağında eyib yox,
Dəxi ne yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!

Mən ha sənin ol məh üzünü görmüşəm yüz yol,
Ox kirpiyini, şux gözünü görmüşəm yüz yol,
Həm yoldaşını, həm özünü görmüşəm yüz yol,
Şəkkər kimi şirin sözünü görmüşəm yüz yol,
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!

Mən xud deyilən bədnəzər, ey gözləri şəhla,
Məndən üzünü yaşınsan sən elə bica.
Qoysan, eləyim üzünə doyunca tamaşa,
Öldürdün axır, məndə ki can qalmadı əsla,
Dəxi nə yaşınmaq, nə burünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!

Qeyridən əgər ki, edəsən sən bu hicabı,
Billəm ki, sözündür vəli məqbulu hesabı,
Yoxsa, məni görcək, üzünə çəkmə niqabı,
Gəl, tanrı üçün, Vaqifə çox vermə əzabı,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!