Sənin aləmdə vəzifən, hissən, Nə böyük, həm nə gözəlmiş, bilsən?!
Şəhla Məcidova Filologiya üzrə fəlsəfə doktoru
Dahi Hüseyn Cavidin qadına xitabən söylədiyi bu iki misra qadının bütün ömrünü əks elətdirir, desəm, yanılmaram. Həyatının müxtəlif mərhələlərində daşıdığı vəzifələrdən asılı olaraq qadın ömrü bir neçə hissədən ibarətdir və məqamı da müxtəlifdir. Əvvəl atanın sevimli qızı, sonra bir igidin həyat yoldaşı (eyni zamanda bir ocağın gəlini), daha sonra həyatdakı ən böyük və müqəddəs missiyası ANA, nəhayət, dünyada ən əziz və şirin dövlətin (nəvənin) sahibi – nənə olmaq ta qədimdən Azərbaycan qadını üçün yaşam tərzi olmuşdur. Zaman-zaman qadının el-oba, camaat arasında tutduğu mövqeyi, qazandığı ehtiramı, etibarı ona ailədəki işləri ilə bərabər, ictimai vəzifələr də aparmasına zəmin yaratdı. Qadın təkcə ailəsində yox, dövlətin, ölkənin ictimai-siyasi həyatında da mühüm rol oynamağa başladı, taleyüklü məsələlərdə onun da səsi, sözü eşidilməyə başladı. Qadın müəllim, iqtisadçı, həkim, hakim, mühəndis, rəssam, və digər ölkə əhəmiyyətli vəzifələrdə, hətta millət vəkili seçilməyə qədər cəmiyyətdə yüksək mövqe tutdu. Azərbaycan tarixində həm evin, həm də elin həyatında mühüm rol oynamış belə qadınlarımız çox oldu və indi də var. Elə bu günün qəhrəmanı Əsmətxanım Məmmədova kimi.
Əsmətxanım Məmmədova da bir qadın ömrü yaşayıb. Həyatın sadaladığımız mərhələlərini adlayaraq övlad, həyat yoldaşı, ana və nənə adının haqqını verib. O, Bakının qədim Maştağa qəsəbəsində elin sayılıb-seçilən insanlarından Bəyəhməd Məmmədovun ailəsində dünyaya gəlib. Məktəbi və universiteti fərqlənmə ilə bitirərək elə universitetdə elmi-pedaqoji fəaliyyətə başlayıb. Yaxın qohumu Yaqub Məlikovla xoşbəxt bir ailə qurub, dörd ağıllı, savadlı, vətənpərvər övlad böyüdüb. Həm ailəsində, həm kollektivdə, həm də elində hamının hörmətini qazanıb. Elə buna görə də el-oba ona etimad göstərərək millət vəkili seçib. Bu, Əsmətxanım Məmmədovanın həyatının qısa xülasəsidir.
Ancaq onun həyatının, yaşının müxtəlif məqamlarına nəzər salanda, onun vəzifələrini göz önünə gətirəndə göründüyündən qat-qat artıq işlər, əməllər sahibi güclü bir qadınla qarşılaşır insan. Bu qadının ömrünün hissələrini əks etdirən belə möhtəşəm mənzərə canlanır:
Əsmətxanım müəllimə ürəyi yurd eşqi ilə döyünən Vətən övladıdır. Gəncliyindən öz sahəsində külüng çalıb vətənə xidmət etməyə çalışıb. Vətənin ağır, çətin günlərində əmrə müntəzir, hər qarışından ötrü vuruşan bir sıravi əsgər olmağa da hazır olub. İctimai-siyasi, elmi səfərlərlə bağlı getdiyi ölkələrə öz timsalında Vətənin bir parçasını aparıb layiqincə təmsil edib.
Əsmətxanım müəllimə bir anadır, təkcə övladlarının, tələbələrinin deyil, ona pənah gətirən, heç tanımadığı, bilmədiyi insanlara bir ANA şəfqəti, qayğısı ilə yanaşan əsl Azərbaycan anasıdır.
Əsmətxanım müəllimə gözəl həyat yoldaşıdır, yoldaşı ilə çiyin-çiyinə həyatın enişli-yoxuşlu yollarında bərabər addımlayaraq bütün çətinliklərə sinə gərən mübariz bir ev xanımıdır. Evinin sirrini, sözünü özündə saxlayan, ocağı daim qonaq-qaralı bir ev sahibəsidir.
Əsmətxanım müəllimə öz sənətini dərindən bilən, sevən, eyni zamanda, tələbəsi, şagirdi üçün əlindən gələndən də çox etməyi özü də hiss etmədən vərdişə çevirən bir müəllimdir. Bu illərdə kimlər olmayıb onun tələbəsi?! Hər birinin qəlbində dərin iz buraxıb.
Əsmətxanım müəllimə universitetin böyük zaman kəsiyini özündə yaşadan canlı tarixidir. Məbəd saydığı bu təhsil ocağının pillə-pillə qurulmasının, böyüməsinin şahidi olub.
Əsmətxanım müəllimə bir Nizami Gəncəvi sevdalısıdır. Nizami hikmətinə, söz xəzinəsinə sonsuz məhəbbəti onu dahi şairin yorulmaz tədqiqatçısına çevirib. Apardığı araşdırmalar Nizaminin milli mənsubluğunu təsdiq edən sanballı mənbələrdir və özündən sonrakı davamçılarına bu istiqamətdə cığır açıb.
Əsmətxanım müəllimə sözün əsl mənasında millətin vəkili olub. Seçiciləri ilə keçirdiyi görüşlər, onların iş, məişət qayğıları ilə yaxından maraqlanması, problemləri var qüvvəsi ilə həll etməyə çalışması, seçildiyi dairənin etimadını doğrultması bu sahədə də qazandığı uğurlardan xəbər verir. İllər sonra da millət vəkili kimi ən xoş sözlərlə xatırlanır,
Əsmətxanım müəllimə ailə və ictimai həyatda daşıdığı vəzifələrlə yanaşı, şəxsi keyfiyyətlərində də mükəmməlliyə sahibdir və bu keyfiyyətlər də o vəzifələrin icrasında əsaslı rol oynayıb. Hər şeydən əvvəl, o, gözəl sirdaşdır. Yaxınlarının, doğmalarının inandığı, sığındığı bir sirdaş olmaq üçün illərlə nə qədər etibar, inam qazanmaq lazımdır, bu, günümüzdə aşkar görünür. Həmdərd, sirdaş olduğu çox məqamlar olub. Ürəyinin dərin güşəsində nə qədər belə sirlər yatır. Onları müqəddəs bir nəsnə kimi saxlayır qəlbində.
Əsmətxanım müəllimə bir insanlıq nümunəsidir. O, humanizmi xüsusi bir keyfiyyət deyil, həyatının sadəcə tərkib hissəsi hesab edən el ağbirçəyidir. Hər cümləsindən, kəlməsindən insanlığı duyulan bu ananın gözlərində əks olunun səmimiyyətə heyran qalmamaq mümkün deyil. Təcrübəsinə, məsləhətinə, tövsiyəsinə indiki yaşımızda da ehtiyacımız var.
Əsmətxanım müəllimə ədəbi-ərkanı ilə bir Şərq müdrikidir. Özündə bu xalqın min illərlə topladığı, cilaladığı, müasir dünyanın heç cür toxuna bilmədiyi dəyərləri qoruyan hikmət dünyasıdır. Səlis, rəvan, mükəmməl nitqi, kübar davranışı, təmkini mənsub olduğu xalqın milli-mənəvi, fəlsəfi təfəkkürünü əks etdirir. Bəhs etdiyi elmi və ictimai mövzularda hər sözünün çəkisini bilən, onu zaman və məqamında işlədən bir Şərq müdrikliyi özünü aydın büruzə verir. Müsahiblərinin onunla həmsöhbət olmaq, təcrübəsindən yararlanmaq istəyi gəldiyi qənaətlərin sonralar özünü doğrultmasından irəli gəlir. Ondan bu gün də öyrəniləcək çox məsələlər var.
Və Əsmətxanım müəllimə bütün bu vəzifələri, keyfiyyətləri özündə ehtiva edən məktəbdir. O məktəb ki, oranın şagirdi, tələbəsi olmaq insan üçün şərəfdir. Nə yaxşı ki, mən də bu şərəfə nail olmuşam. Bu məktəbdə o mənim həm ustadım, həm də munisi-ruzigarım oldu.
Munisi-ruzigarım Əsmətxanım müəllimə! Bu gün Sizin gününüzdür, ad gününüzdür. Bu gündə Sizə arzularım bir övladın anasına olan ən gözəl arzularıdır. Sizə daşıdığınız ən müqəddəs və gözəl vəzifənizi – Azərbaycan qadını olmağın gözəlliyini, ucalığını möhkəm can sağlığı, gənclik həvəsi və bahar təravəti ilə davam etdirməyi səmimi-qəlbdən arzulayıram.